Məhkəmə qərarları › İş №e-2(006)-5120/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-5120/2025

23.01.2026 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-5120/2025 23.01.2026 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Vüsalə Vahid qızının sədrliyi, Adgözəlova Nərgiz Elçin qızının katibliyi, iddiaçının nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, İddiaçı cavabdeh 14 saylı Notariat ofisinə qarşı X6, X4, X7, X13, X8 və X16 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə mirasın qəbul edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi: İddiaçı cavabdeh 14 saylı Notariat ofisinə qarşı "mirasın qəbul edilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı xx.xx.2019-cu ildə ölmüş məhrum əri X5 qalmış mirasın qəbul edilməsi üçün qanunla müəyyənləşdirilmiş müddətin uzadılması və vərəsəlik paylarının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçının mərhum həyat yoldaşı X17 19 noyabr 2019-cu il tarixdə vəfat etmişdir. Onun ölümü ilə əlaqədar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin tələbinə əsasən qanun üzrə vərəsəlik açılmışdır. Həyat yoldaşı kimi iddiaçı birinci növbəli vərəsələr sırasına daxildir və miras əmlakda pay hüququna malikdir. Mirasın açıldığı yer üzrə Bakı şəhəri 14 saylı Notariat Ofisində xx.xx.2025-ci il tarixində 8V-73 reyestr nömrəsi ilə vərəsəlik işi açılmışdır. Lakin notariat orqanı müəyyən etmişdir ki, iddiaçı mirasın qəbul edilməsi üçün nəzərdə tutulmuş müddət ərzində müraciət etməmiş, faktiki olaraq da miras əmlaka yiyələnməmişdir. Bu səbəbdən notariat tərəfindən xx.xx.2025-ci il tarixli qərarla iddiaçının adına vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən 3 ay ərzində mirası qəbul edə bilər. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilən hərəkətlər, vərəsəlik açılan gündən üç ay müddətində edilməlidir. Yalnız başqa vərəsələr olmadığı və ya onlar mirası qəbul etmədiyi hallarda, vərəsəlik hüququ əmələ gəlmiş vətəndaşlar mirası qəbul etmək üçün qalan müddət ərzində, onu qəbul etmək barədə öz razılıqlarını bildirə bilərlər, bu müddət üç aydan az olduqda isə həmin müddət üç aya qədər uzadılır. Qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunur. Həmin Məcələnin 1248-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyən edilən müddətin keçməsi səbəbləri üzrlü hesab edildikdə, məhkəmə tərəfindən həmin müddət uzadıla bilər. İddiaçının mirasın qəbul edilməsi müddətini buraxmasının üzrlü səbəbləri vardır: Əvvəla, iddiaçı həyat yoldaşının vəfatından sonra psixoloji sarsıntı keçirmiş, uzun müddət özünü toparlaya bilməmişdir. Onun maddi və sosial vəziyyəti çətin olmuş, hüquqi savadı kifayət etmədiyi üçün qanuni müddətlər barədə məlumatlı olmamışdır. İddiaçının artıq 66 yaşı vardır, yaşlı olması səbəbindən müxtəlif prosedurları vaxtında icra etmək imkanları məhdud olmuşdur. İddiaçı faktiki olaraq ərinin mirasından imtina etmək niyyətində olmamış, sadəcə müddəti qaçırmışdır. Göstərilən hallar təsdiq edir ki, mirasın qəbul edilməsi müddətinin buraxılması üzrlü səbəbdən baş vermişdir. Bu səbəbdən də həmin müddətin məhkəmə tərəfindən uzadılması zəruridir. Hesab edir ki, iddiaçı tərəfindən mirasın qəbul edilməsi müddəti üzrlü səbəbdən buraxıldığından mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin gecikdirilməsinin səbəbi üzürlü sayılmalı və müddət uzadılmalıdır. İddiaçı xx.xx.2019-cu ildə ölmüş məhrum əri X5 qalmış mirasın qəbul edilməsi üçün qanunla müəyyənləşdirilmiş müddətin uzadılması barədə qətnamə qəbul edilməlidir. İddiaçının nümayəndəsi (vəkili) Vəkil Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək İddiaçı xx.xx.2019-cu ildə vəfat etmiş mərhum əri X5 qalmış mirasın qəbul edilməsi üçün qanunla müəyyənləşdirilmiş müddətin uzadılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə tərəfindən hazırkı mülki iş üzrə X6, X4, X7, X13, X8 və X16 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişlər. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak etmiş ərizəçi İddiaçı izahatında bildirmişdir ki, həmin torpaq sahəsi onların daim istifadəsində olmuşdur. Lakin ahıl yaşlarında olması ilə əlaqədar vaxtında notariat orqanına müraciət etməmişdir. Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş X6, X4, X7, X13 və X16 mübahisənin həllini məhkəmənin mülahizəsinə həvalə etmişlər. Cavabdeh 14 saylı Notariat ofisinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə cavabdeh 14 saylı Notariat ofisinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materialları: Şamaxı rayon VVAQ şöbəsi tərəfindən 29 iyun 1977-ci il tarixdə verilmiş nikah haqqında şəhadətnamədən görünür ki, X17 ilə X22 arasında xx.xx.1977-ci il tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında 65 nömrə ilə qeyd edilməklə nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra arvada “Axundova” soyadı verilmişdir. 3 saylı Bakı “Asan Xidmət” mərkəzində Qeydiyyat şöbəsi tərəfindən 25 noyabr 2019-cu il tarixdə verilmiş AZ-İİ seriyalı 057256 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X17 xx.xx.2019-cu il tarixdə vəfat etmiş və bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2019cu il tarixdə 1978 nömrə ilə qeyd edilmişdir. Bakı şəhəri 14 saylı notariat ofisi tərəfindən tərtib edilmiş notariat hərəkətini aparmaqdan imtina haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, X5 miras qalmış daşınmaz əmlaka dair İddiaçı, X8, X6, X13, X4, X7, X9 adına, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edilmiş və qərardan şikayət verilməsi qaydaları İddiaçı, X8, X6, X13, X4, X7, X14 izah edilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti publik hüquqi şəxsi tərəfindən təqdim edilmiş sənədlərdən görünür ki, ünvan 1 ünvanında abonent kodu İrzəxan Axundovun adına rəsmiləşdirilmişdir, 2022-2025-ci il tarixləri üzrə sərifyyata dair çıxarış əlavə edilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq “Azəriqaz” İB tərəfindən təqdim edilmiş sənədlərdən görünür ki, **********13590 saylı abonent kodu X10 adına rəsmiləşdirilmiş, xx.xx.2019-cu il tarixdən xx.xx.2025-ci il tarixə qədər həmin ünvanda qaz sərfiyyatına dair çıxarış əlavə edilmişdir. ünvan 2-da yaşayan X15 fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi ayrılması barədə Müşfiqabad Bələdiyyəsinin 09 saylı 25 sentyabr 2007-ci il tarixli protokolundan çıxarışdan görünür ki, ünvan 2-da qeydiyyatda olan X11 Müşfiqabad bələdiyyəsinə müraciəti qənaətbəxş hesab edilmiş və ona "X1 Haqqında" Azərbaycan Respublikasının Qanununa, "X2 X12 və X3" Əsasnaməyə uyğun olaraq Müşfiqabad qəsəbəsi ərazisində istifadəsində olan -200- (iki yüz) m² torpaq sahəsi fərdi yaşayış evin tikintisi üçün onun adına sənədləşdirilmişdir. Torpaqların alqı-satqısına dair aktdan görünür ki, X15 -200- (iki yüz) m² torpaq sahəsi ayrılması ilə bağlı Müşfiqabad Bələdiyyəsinin tərəfindən 25 sentyar 2007-ci il tarixli 09 saylı qərar qəbul edilmişdir. Təqdim edilmiş qəbzlərin surətindən görünür ki, ünvan 2 ünvanında quraşdırılmış sayğaclar üzrə 2024-2025-ci illərdə kommunal ödənişlər edilmişdir. xx.xx.2025-ci il tarixli, **********46 nömrəli mədaxil qəbzindən müəyyən olunur ki, İddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi ilə müraciət edilməsi üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 15.2-ci maddəsinə görə, fiziki və hüquqi şəxslərin özlərinə mənsub mülki hüquqlardan istifadə etməməsi, qanunvericilikdə nəzərdə tutulan hallar istisna olmaqla, bu hüquqlara xitam verilməsinə səbəb olmur. 19-cu maddəsinə görə, dövlət hakimiyyəti orqanının və ya yerli özünüidarə orqanının aktının etibarsız sayılması dövlət hakimiyyəti orqanının və ya yerli özünüidarə orqanının mülki qanunvericiliyə uyğun gəlməyən, fiziki və ya hüquqi şəxsin mülki hüquqlarını və qanunla qorunan mənafelərini pozan qeyri-normativ xarakterli aktı məhkəmə tərəfindən etibarsız sayıla bilər. 1133.1-ci maddəsinə görə, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. 1151.1-ci maddəsinə görə, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə, habelə bu Məcəllənin 1256-cı maddəsində müəyyən olunmuş müddət ərzində mirasın qəbulundan imtina etmədikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. (Azərbaycan Respublikasının Torpaq Məcəlləsində, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının Mülki Məcəlləsində, “Notariat haqqında” və “İcra haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə xx.xx.2025-ci il tarixli Qanununun 3.5-ci bəndinə əsasən 1247-ci və 1248-ci maddələr ləğv edilmişdir.) 1256-cı maddəsinə görə vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Konstitusiya Məhkəməsi Plenumunun M.Bağırovun şikayəti üzrə 2008-ci il 30 iyul tarixli Qərarında ifadə etdiyi hüquqi mövqeyinə əsasən, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2023-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmiş, mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmənin mövqeyi: İşin qeyd edilən faktiki hallarından da göründüyü kimi, iddiaçı mirasın qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müddəti ötürmüşdür. Lakin məhkəmə hesab edir ki, iddiaçının iddia ərizəsində göstərdiyi dəlillər və iş materiallarında olan sübutlar əsasında həmin müddət üzrlü sayılaraq uzadılmalıdır. Belə ki, iş materialları ilə müəyyən edilir ki, iddiaçının əri X17 xx.xx.2019-cu il tarixdə vəfat etmişdir. İddiaçı isə notariat ofisinə mirasın qəbulu ilə bağlı ərizəylə xx.xx.2025-ci il tarixdə müraciət etmişdir. Bununla da o, mirasın qəbulu üçün qanunvericiliklə müəyyən edilmiş müddəti ötürmüşdür. Məhkəmə araşdırması zamanı iddiaçının nümayəndəsi bildirmişdir ki, iddiaçı həyat yoldaşının vəfatından sonra psixoloji sarsıntı keçirmiş, uzun müddət özünü toparlaya bilməmişdir. Onun maddi və sosial vəziyyəti çətin olmuş, hüquqi savadı kifayət etmədiyi üçün qanuni müddətlər barədə məlumatlı olmamışdır. İddiaçının yaşlı olması səbəbindən müxtəlif prosedurları vaxtında icra etmək imkanları məhdud olmuşdur. Məhkəmə qeyd edir ki, hazırda vərəsəliyin qəbulu ilə bağlı müddətlər qüvvədən düşdüyündən hər bir halda vərəsənin mirası qəbul etməsi halı yolveriləndir, lakin mirasın açıldığı vaxt qüvvədə olan qanunvericilik müddətlərlə şərtləndirildiyindən mirasın açıldığı vaxt qüvvədə olan qanunvericiliyə uyğun olaraq iddia tələbi qiymətləndirilməlidir. Qeyd edilən müddəalara və işin şərh edilən hallarına əsasən məhkəmə hesab edir ki, iddiaçının mirasın qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müddəti ötürməsi üzrlü hesab edilməli və həmin müddət uzadılmalıdır. Həmçinin iş üzrə digər vərəsələr arasında da məsələ ilə bağlı hər hansı mübahisə mövcud deyildir. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia təmin edilməli, İddiaçı xx.xx.2019-cu ildə vəfat etmiş mərhum əri X5 qalmış mirasın qəbul edilməsi üçün qanunla müəyyənləşdirilmiş müddət uzadılmalıdır. Tələb etməməsi nəzərə alınaraq ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. İddiaçı xx.xx.2019-cu ildə vəfat etmiş mərhum əri X5 qalmış mirasın qəbul edilməsi üçün qanunla müəyyənləşdirilmiş müddət uzadılsın. Ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə («Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüsalə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar