Məhkəmə qərarları › İş №e-2(006)-5135/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-5135/2025

27.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-5135/2025 27.10.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Abidova Günay Çingiz qızı, İddiaçı MMCnin Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı MMC Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh iddiaçı ilə aralarında bağlanmış xx.xx.2025-ci il, xx.xx.2024-ci il tarixli müqavilələrə əsasən, paltaryuyan Toshiba, Paket XL Xidməti, X2 8 Pro qol saatı, İMEİ kodu **********06235 Oppo Reno 12F markalı telefon almış və nəticədə 1562,81 (bir min beş yüz altmış iki manat səksən bir qəpik) manat borc yaranmışdır. Cavabdeh müqavilələrin şərtlərini pozmuş və nəticədə xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, alğı-satqı qiyməti 927 (doqquz yüz iyirmi yeddi) manat (18 ay x 51.50 manat + 0 manat ilkin ödəniş) olan paltaryuyan Toshiba üçün ümumilikdə, 798.53 (yeddi yüz doxsan səkkiz manat əlli üç qəpik) manat olmaqla ondan, 725.94 (yeddi yüz iyirmi beş manat doxsan dörd qəpik) manat ödənilməmiş hissə, güzəşt olunaraq 72.59 (yetmiş iki manat əlli doqquz qəpik) manat cərimə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alğı-satqı qiyməti 739,44 (yeddi yüz otuz doqquz manat qırx dörd qəpik) manat (18 ay x 41,08 manat + 0 manat ilkin ödəniş) olan Paket XL Xidməti, X2 8 Pro qol saatı, İMEİ kodu **********06235 Oppo Reno 12F markalı telefon üçün ümumilikdə, 764,27 (yeddi yüz altmış dörd manat iyirmi yeddi qəpik) manat olmaqla ondan, 673,34 (altı yüz yetmiş üç manat otuz dörd qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən rüsum 23.60 (iyirmi üç manat altmış qəpik) manat, müştəriyə güzəşt olunaraq 67,33 (altmış yeddi manat otuz üç qəpik) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 267,16 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə iddiaçı arasında bağlanılmış xx.xx.2025-ci il, xx.xx.2024-ci il tarixli müqavilələrin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərilən xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirilsə də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. İddia tələbinin əsaslığı və əmlakın dəyərini sübut edən sənədlər tərəflər arasında bağlanılmış müqavilədən, onun əlavəsindən, bildirişdən, əşyaların təhvil-təslim aktından və ödəniş cədvəlindən ibarətdir. Müştəri “Müqavilə”nin şərt(lər)ini pozduğu, pul öhdəliyini lazımı qaydada icra etmədiyi hal(lar)da iddiaçı “mal”ın istifadəsini mümkünsüz edə, o cümlədən cihazın İMEİ kodunun deaktiv olunması üsulu ilə əşyanın Azərbaycan Respublikasının rabitə şəbəkələrində istifadəsinə məhdudiyyəti tədbiq edə, məhdudiyyətin aradan qaldırılması üçün müqavilənin 3.5-ci bəndinə əsasən İnnovativ Layihələr Mərkəzinə ödənilən rüsumu tələb edə bilər. “Müştəri”nin adının riskli müştəri siyahısına salınmasını təmin edə, habelə adının riskli müştəri siyahısında olduğuna dair digər satıcılara məlumat ötürə bilər. Göstərilənlərə əsasən, xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, paltaryuyan Toshiba üçün 725.94 (yeddi yüz iyirmi beş manat doxsan dörd qəpik) manat ödənilməmiş hissə, 72.59 (yetmiş iki manat əlli doqquz qəpik) manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, Paket XL Xidməti, X2 8 Pro qol saatı, İMEİ kodu **********06235 Oppo Reno 12F markalı telefon üçün 673,34 (altı yüz yetmiş üç manat otuz dörd qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən rüsum 23.60 (iyirmi üç manat altmış qəpik) manat rüsum, 67,33 (altmış yeddi manat otuz üç qəpik) manat cərimə olmaqla, ümumilikdə 1562,81 manat borc, 35,63 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq iddiaçıya ödənməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir.

3. Məhkəmə iddia ərizəsinə dair mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfindən mülki prosessual qanunvericiliyə əsasən, iddia ərizəsi və bildiriş Cavabdeh poçt vasitəsi ilə xx.xx.2025-ci il tarixində rəsmi qaydada çatdırılsa da, cavabdeh iddiaya qarşı əsaslandırılmış etirazını məhkəməyə göndərməmişdir.

4. Mülki Prosessual Məcəllənin: 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.2-ci maddəsinin tələblərinə görə, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 135.5-ci maddəsinə müvafiq olaraq, bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. 135.6-cı maddəsinə əsasən, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır.

5. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir.

Əsaslandırıcı hissə: a) Mülki işin materialları:

6. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2025-ci il və xx.xx.2024-ci il tarixli 106572 müqavilələrdən və ona əlavələrdən (faktura nömrələri: 096725889, ********) görünür ki, İddiaçı paltaryuyan Toshiba TW-BL70A2UZ(SS) (gümüşü) adlı məhsulu, həmçinin Oppo Reni 12F, 8/256GB Orange, reklam bloklayıcı Awax 12 ay, X1 1P/1Y, OpenTube 3 ay, Kontakt TV 3 ay, X2 8 Pro light gray BHR8007GL, Paket XL, akkaunt yaradılması, mobil tətbiqin yüklənməsi, antivirusun quraşdırılması, kontaktların köçürülməsi, trade-in əlavə dəyərlənidrmə adlı məhsulları (xidmətləri) Cavabdeh satmış, Cavabdeh alınmış əşyaların (xidmətlərin) əvəzində müvafiq olaraq, 927 manat və 739,52 manat pul məbləğini hissə-hissə, 18 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür.

7. xx.xx.2025-ci il və xx.xx.2024-ci il tarixli əşyaların təhvil-təslim aktlarından görünür ki, Cavabdeh 106572 nömrəli müqavilə üzrə məhsulları (xidmətləri) tam qüsursuz halda təhvil almışdır.

8. İddiaçı MMC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2025-ci il tarixli xəbərdarlıqdan görünür ki, ona müqavilə üzrə yaranmış borcun ödənilməsi ilə bağlı xəbərdarlıq edilmişdir.

9. "xxxx" QSC ilə İddiaçı MMC tərəfindən imzalanmış xx.xx.2025-ci il tarixli təhvil-təslim aktından görünür ki, MMC-nin alış – kreditə verilən İMEİ-lər və açıq-bağlı əməliyyatlara görə xx.xx.2025-ci il tarixinə QSC-yə olan borcunun məbləği 116457,74 AZN təşkil edir.

10. xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, iddiaçı tərəfindən cavabdehə satılmış İmei kodu **********06235 “Oppo Reno 12F markalı telefon” markalı telefonun açılıb-bağlanılması xidmətinə görə İnnovatov Layihələr Mərkəzinə 23.60 manat pul ödənilmişdir.

11. xx.xx.2025-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh İddiaçı MMC-yə xx.xx.2025-ci il tarixli müqavilə üzrə 725,94 manat ödənilməmiş əsas, 72,59 manat cərimə borcu olmaqla, cəmi 798,53 manat; xx.xx.2024-ci il tarixli müqavilə üzrə 673,34 manat ödənilməmiş əsas, İnnovatov Layihələr Mərkəzinə ödənilən rüsum borcu 23,60 manat, 67,33 manat cərimə borcu olmaqla, cəmi 764,27 manat, ümumilikdə müqavilələr üzrə 1562,81 manat borcu vardır.

12. xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, iddia ərizəsinin məhkəməyə verilməsinə görə 35,63 manat dövlət rüsumu ödənilmişdir. b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

13. Beləliklə, məhkəmə müəyyən etdi ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2025-cü il və xx.xx.2024-ci il tarixli 106572 nömrəli müqavilələrə və onlara əlavələrə əsasən, iddiaçı müxtəlif markalı məhsulları və xidmətləri cavabdehə satmış, cavabdeh alınmış əşyaların (xidmətlərin) əvəzi olan pul məbləğlərini hissə-hissə ödəməyi öhdəsinə götürmüş, lakin edilən xəbərdarlığa baxmayaraq, cavabdeh tərəfindən müqavilə üzrə öhdəliklər tam icra edilməmiş və nəticədə onun iddiaçıya borcu yaranmışdır. İddiaçı müqavilədə nəzərdə tutulmuş hüququndan istifadə edərək, cavabdehə satılmış məhsulun istifadəsini məhdudlaşdırmaq məqsədilə telefonların İMEİ kodunu deaktiv etmək üçün "xxxx" QSC-nin ödənişli xidmətindən istifadə etmişdir.

c) Məhkəmənin mövqeyi:

14. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında nisyə alğı-satqı müqaviləsindən irəli gələn öhdəlik münasibətləri mövcud olmuşdur.

15. İddiaçı müqavilə ilə öz üzərinə götürdüyü öhdəliyi icra etmiş, cavabdeh isə öz öhdəliyini tam icra etməmişdir. Mülki qanunvericiliyin normaları baxımından cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilir.

16. Məhkəmə hesab edir ki, İddiaçı MMC-nin tələbi müqavilə üzrə əsas borca münasibətdə təmin edilməli, cərimə borcuna gəldikdə isə qismən təmin edilməlidir. Belə ki, iddia tələbinin “cərimənin ödənilməsi” hissəsi ilə əlaqədar qeyd edilməlidir ki, müqavilə üzrə tələb edilən cərimələrin miqdarı tənasübsüz surətdə yüksək kimi qiymətləndirilir. Buna görə də məhkəmə hesab edir ki, xx.xx.2025-ci il müqavilə (faktura nömrəsi: 0********) üzrə tələb edilən 72,59 manat cərimənin məbləği 37 manat məbləğinədək, xx.xx.2024-ci il tarixli müqavilə (faktura nömrəsi: ********) üzrə tələb edilən 67,33 manat cərimənin məbləği 34 manat məbləğinədək azaldılmalıdır.

17. İddia tələbinin «"xxxx"nə ödənilən rüsumun cavabdehdən tutulması» hissəsi ilə bağlı məhkəmə hesab edir ki, cavabdehin öhdəliyini icra etməməsi nəticəsində iddiaçıya dəymiş ziyanın əvəzi kimi bu pul məbləğinin cavabdehdən tutulması tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə uyğun olmaqla, qanunvericiliyin tələblərinə zidd deyildir. Buna görə də tələb bu hissədə təmin edilməlidir.

d) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

18. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 21-ci maddə. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 385.1-ci maddə. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddə. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-443.2-ci maddə. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. 443.7-ci maddə. Əgər öhdəlikdə ayrı qayda nəzərdə tutulmayıbsa və ondan ayrı qayda irəli gəlmirsə, borclunun üzərinə yalnız qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində dəymiş zərərin əvəzini ödəmək vəzifəsi qoyulur. 448.1-448.2-ci maddə. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 462.1-ci maddə. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 465.2-ci maddə. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 467-ci maddə. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. 601.1-ci maddə. Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 601.2-ci maddə. Hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə həmin Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. 600.2-ci maddə. Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. 600.1-ci maddə. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddə. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

19. Mülki Prosessual Məcəllə: 14.2-ci maddə. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-76.2-ci maddə. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddə. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddə. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3-cü maddə. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddə. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

20. Beləliklə, məhkəmə mülki qanunvericiliyin yuxarıda qeyd edilən normalarını nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh: - xx.xx.2025-ci il tarixli 106572 nömrəli müqavilə (faktura nömrəsi: 0********) üzrə 725,94 manat ödənilməmiş məbləğ, 37 manat cərimə; - xx.xx.2024-cü il tarixli 106572 nömrəli müqavilə üzrə (faktura nömrəsi: ********) 673,34 manat ödənilməmiş məbləğ, 23,60 manat İMEİ kodunun bağlanması üçün ödənilmiş rüsum (müqavilədə nəzərdə tutulmuş xərclər), 34 manat cərimə borcu olmaqla, cəmi 1.493,88 manat məbləğində pul alınaraq İddiaçı MMC-yə verilməli, iddia qalan hissədə təmin edilməməlidir.

21. Məhkəmə xərcləri ilə bağlı məhkəmə belə qənaətə gəlir ki, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş dövlət rüsumunun 34 manat hissəsi cavabdehdən alınaraq iddiaçıya ödənilməli, qalan hissəsi isə iddiaçıya aid edilməlidir.

Nəticə:

22. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2025-ci il tarixli 106572 nömrəli müqavilə üzrə 725,94 (yeddi yüz iyirmi beş manat doxsan dörd qəpik) manat ödənilməmiş məbləğ, 37 (otuz yeddi) manat cərimə; xx.xx.2024-cü il tarixli 106572 nömrəli müqavilə üzrə 673,34 (altı yüz yetmiş üç manat otuz dörd qəpik) manat ödənilməmiş məbləğ, 23,60 (iyirmi üç manat altmış qəpik) manat İMEİ kodunun bağlanması üçün ödənilmiş rüsum (müqavilədə nəzərdə tutulmuş xərclər), 34 (otuz dörd) manat cərimə borcu olmaqla, cəmi 1.493,88 (bir min dörd yüz doxsan üç manat səksən səkkiz qəpik) manat məbləğində pul alınaraq İddiaçı MMC-yə verilsin. İş üzrə ödənilmiş dövlət rüsumunun 34 (otuz dörd) manat hissəsi Cavabdeh alınaraq İddiaçı MMC-yə verilsin, qalan hissəsi İddiaçı MMC-yə aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar