Məhkəmə qərarları › İş №e-2(006)-5165/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-5165/2025

23.01.2026 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-5165/2025 23.01.2026 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Vüsalə Vahid qızının sədrliyi, Adgözəlova Nərgiz Elçin qızının katibliyi, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun silinməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı «borcun silinməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı Rafikovnaya məxsus ünvan 1 ünvanında yerləşən sayğaca qanunsuz hesablanmış 550 manat məbləğində borcun cavabdeh "xxxx" ASC tərəfindən 0301016TM2700000 saylı abunə hesabından silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, ünvan 1 xx.xx.2023-cü il tarixdən İddiaçı Rafikovnanın xüsusi mülkiyyətindədir. Fərdi yaşayış evi alınan gündən elektrik enerjisi qanunvericiliyin tələblərinə uyğun olaraq istifadə edilmiş və ödənişlər həyata keçirilmişdir. 2025-ci ilin iyun ayında evin işıq sayğacında nasazlıq olduğu üçün "xxxx" ASC-nin qaynar xəttinə müraciət edilmişdir. "xxxx" ASC-nin işçiləri sayğacı dəyişib yenisi ilə əvəz etmişdilər. xx.xx.2025-ci il tarixli bildirişdən görünür ki, əvvəlki göstərici ‘0’ olmuş, sərfiyyat 1232 kvts olmuşdur. Həmin vaxt iddiaçı tərəfindən etiraz edilmiş, lakin 2 aylıq ödəniş olduğu bildirilmişdir, buna əsasən 166 manat ödənilmişdir. xx.xx.2025-ci il tarixli bildirişdən görünür ki, əvvəlki göstərici ‘1232’ olmuş, sərfiyyat 1021 kvts olmuşdur. Məbləğ 134.95 manat göstərilmiş, lakin əlavə olaraq da qalıq borc olaraq 279.13 manat göstərilmişdir. Toplam olaraq 414.08 manat ödəniləcək məbləğ göstərilmişdir. Bu məbləğlərlə razılaşmağı mümkün deyildir. Hansı əsaslarla məbləğlər yazılmışdır qeyri-müəyyəndir. Ona cavabdeh tərəfindən əsaslı bir səbəb bildirilməmişdir. Əvvəlki ay etdikləri qanunsuzluğu təkrarən eyni qaydada davam etdirmişdirlər. Ona görə də son 2 ay ərzində yazılmış ödənişləri qəbul etmir. Evin işıqları kəsilməsin deyə məcbur edib qismən ödənişlər etmişdir. İddiaçının yaşadığı ünvanda istehlakçı tərəfindən sayğaca hər hansı bir müdaxilə edilməsi və ya hansısa qanun pozuntusunun mövcudluğu, olduğu təqdirdə isə bu pozuntunun məhz istehlakçının təqsiri üzündən yaranması, tələb edilən borcun hansı səbəbdən yarandığına dair ona sübut təqdim edilməmişdir. Həmçinin işin hallarından da müəyyən edilmişdir ki, sayğac çöldə quraşdırılmışdır ki, belə olan vəziyyətdə də abonent sayğacın çıxarılmasına və ya onda müəyyən olunmuş qüsurlara görə məsuliyyət daşımamalıdır. 2 ildən artıq müddətdir ki, fərdi yaşayış evi iddiaçının mülkiyyətində olmaqla, ilin demək olar ki, bütün aylarında yaşayış olmuşdur. Əvvəlki aylara baxıldıqda evin elektrik enerji sərfiyyatı ortadadır. Evə baxış keçirilərsə, müəyyən olunar ki, evdə sadəcə 1 ədəd kondisioner mövcuddur. Yaşlı anası olduğu üçün yay fəslində kondisioner belə gün ərzində toplamda 6-7 saat işlədilmişdir. Tərəflərin iştirakı və izahatları: İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək ailə vəziyyəti ilə bağlı məhkəmə iclasında iştirak edə bilmədiyini bildirmiş, bütün məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi X3 məhkəmə iclasında iddia tələbini qəbul etmədi və məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İş materialları: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət kimi İddiaçı adına xx.xx.2023-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində ********** nömrə ilə qeydiyyata alınmışdır. 08 iyul 2025-ci il tarixli 395487 saylı aktın surətindən görünür ki, sayğaca baxış keçirilərkən məlum olmuşdur ki, abonentə məxsus elektrik sayğacının giriş faz xəttinin qrif ərimişdir. Sayğac yenisi ilə əvəz edilməlidir. Bakı şəhəri Xəzər RETSİ tərəfindən tərtib edilmiş Əhali istehlakçılar qrupuna aid olan abonentlərin uçot komplektlərinə dair satış sahələri üzrə və Texniki sahələr üzrə icra vərəqindən görünür ki, abonent Kamil Türk,ünvan ünvan 2=1232kvts:22 günx40 gün-217 kvts=2023 kvts. 267x0,084, 134x0,10, 1622x0,15. Abonentin saldosundan görünür ki, İddiaçı adına olan 0301016TM270000 abonent koduna tərtib edilmiş Enerjidən istifadə qaydalarının pozulmasına dair xx.xx.2025-ci il tarixli akt əsasında ümumilikdə 279.13 manat cərimə məbləği yazılmışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın: 7.4-cü bəndinə əsasən hesablaşma elektrik sayğacının zədələnməsinin laboratoriya şəraitində araşdırılması tələb olunduqda, dövlət elektroenergetika müəssisəsinin, enerjitəchizatı müəssisəsinin və X1 Agentliyinin iştirakı ilə araşdırma aparılır və aktla sənədləşdirilir. 7.6-cı bəndinə əsasən enerji təchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri — cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. 7.11-ci maddəsinə əsasən yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerjitəchizatı müəssisəsi yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur. 8.17-2-ci bəndinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) tərəfindən bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərində nəzərdə tutulan hallara yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini istehlakçıya təqdim etməlidir. Enerji təchizatı müəssisəsinin nümayəndəsi tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalıdır. İstehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. 9.4-cü bəndinə əsasən istehlakçı hesablaşma elektrik sayğaclarındakı bütün nasazlıqlar və onun qoşulma sxeminin pozulması, həmçinin tikililərində və ya ərazisində yerləşən enerjitəchizatı müəssisəsinə məxsus elektrik qurğularında və avadanlıqlardakı nasazlıqlar haqqında enerjitəchizatı müəssisəsinə məlumat verməlidir. “Elektroenergetika” haqqında Azərbaycan Respublikasının Qanunu: 19.16-cı maddəsinə əsasən, Qanunsuz qoşulma halları aşkar edildikdə, ötürücü və ya paylayıcı sistem operatoru qanunsuz xətti dərhal elektrik şəbəkəsindən ayırmaqla, elektrik enerjisinin verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə ötürücü və ya paylayıcı sistem operatoru bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) və tənzimləyiciyə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının elektrik enerjisinin talanmasında təqsirli olması həmin orqanların (qurumların) və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə ötürücü və ya paylayıcı sistem operatoru vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində ötürücü və ya paylayıcı sistem operatoruna vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər pərakəndə satış bazarı qaydaları ilə tənzimlənir. «İstehlakçıların müdafiəsi haqqında» 19 sentyabr 1995-ci il tarixli Azərbaycan Respublikası Qanun: 13-cü maddəsinin 8-ci bəndinin tələbinə əsasən dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır. 17-ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu: 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Konstitusiya Məhkəməsi Plenumunun M.Bağırovun şikayəti üzrə 2008-ci il 30 iyul tarixli Qərarında ifadə etdiyi hüquqi mövqeyinə əsasən, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını təqdim edilmiş sübutlarla və tərəflərin istinadları ilə müqayisəli tədqiq edərək belə qənaətə gəlir ki, iddiaçı iddiasında qismən haqlıdır. Belə ki, elektrik enerjisi sərfiyyatını ölçən sayğacda yaranmış nasazlıqla əlaqədar iddiaçı barəsində akt tərtib edilmiş və onun istifadəsində olan abonent koduna borc hesablanmışdır. Məhkəmə belə qənaətə gəlir ki, sayğacın yararsız hala düşməsində iddiaçının təqsiri müəyyən edilməmişdir. Həmçinin, sayğacda yaranmış hər hansı nasazlığa görə istehlakçı məsuliyyət daşımadığından iddiaçıya yazılmış borc da qanunsuzdur. Lakin məhkəmə iddiaçının iddia ərizəsində qeyd etdiyi məbləğə münasibətdə qeyd edir ki, iddiaçının abonent koduna 550 manat məbləğində borcun hesablanması məhkəmə araşdırmasında sübuta yetirilməmişdir. Tədqiq edilmiş abonent saldosundan müəyyən edilmişdir ki, enerjidən istifadə qaydalarının pozulmasına dair tərtib edilmiş akt əsasında İddiaçı hesabına 279,13 manat cərimə hesablanmışdır. Odur ki, məhkəmə iddianı məhz həmin məbləğə münasibətdə əsaslı sayır. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi üzrə "xxxx" ASC-nin əməkdaşları tərəfindən 0301016TM270000 saylı abonent koduna İddiaçı adına (hesabına) yazılmış 279,13 manat məbləğində borc silinməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi üzrə "xxxx" ASC tərəfindən 0301016TM270000 saylı abonent koduna İddiaçı adına (hesabına) yazılmış 279,13 (iki yüz yetmiş doqquz manat, on üç qəpik) manat məbləğində borc silinsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə («Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüsalə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar