Məhkəmə qərarları › İş №e-2(006)-5227/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-5227/2024

09.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-5227/2024 09.12.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul tələbi”nə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli C9790089/22 nömrəli nisyə satış müqaviləsinə əsasən 3284 manat dəyərində, 500 manat ilkin ödəniş olmaqla, İphone 13Pro məhsulu 12 ay müddətinə, hər ay 232 manat ödənilməklə nisyə satılmışdır. Həmin müqavilənin şərtlərinə borclu tərəfindən əməl edilməmiş, öhdəliyi vaxtında və lazımi qaydada icra etməmiş, nəticədə onun kreditor qarşısında öhdəliyi yaranmışdır. Hazırda xx.xx.2022-ci il tarixli C9790089/22 nömrəli müqavilə üzrə ödənilməmiş borc 1748 manat təşkil edir.Sözügedən müqavilənin 2.4.4-cü bəndinə əsasən, alıcı razılaşdırılmış dəyərini razılaşdırılmış müddətdə ödəmədikdə ödənilməyən məbləğə gündəlik 1%(bir faiz) cərimə ödəyəcəyini öz üzərinə götürmüşdür. Müqavilə üzrə hesablanan cərimə məbləği gecikdirilmiş günlərə görə yüksək olmasına baxmayaraq, İddiaçı ağlabatan məbləği müəyyən etmişdir. Hazırda, Cavabdeh2 müqavilə üzrə ödənilməmiş borca (1748 AZN) görə 174(bir yüz yetmiş dörd) manat cərimə məbləği tələb olunur. Eyni zamanda xx.xx.2022-ci il tarixli C9790089/22 nömrəli nisyə satış müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı olaraq xx.xx.2022-ci il tarixdə Cavabdeh1 ilə zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqavilənin şərtlərinə borclu tərəfindən əməl olunmamış, öhdəliyi vaxtında və lazımi qaydada icra etməmiş, nəticədə onun kreditor qarşısında öhdəliyi yaranmışdır. Borclu dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilməsinə baxmayaraq öhdəliyi yerinə yetirməmişdir. Göstərilənlərə əsasən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 xx.xx.2022-ci il tarixli, C9790089/22 nömrəli müqavilə üzrə ödənilməmiş borc 1748 (bir min yeddi yüz qırx səkkiz) manat və 174 (yüz yetmiş dörd) manat cərimə məbləği olmaqla, cəmi 1922 (min doqquz yüz iyirmi iki) manat, habelə ödənilmiş dövlət rüsumu əvəzi olaraq 39.62 (otuz doqquz manat altmış iki qəpik) manat məbləğin tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iddia tələbinin qiyməti beş min manatdan az olduğuna görə iddia ərizəsinə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinin tələblərinə görə, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, C9790089/22 nömrəli nisyə satış müqaviləsindən görünür ki, İddiaçı 1 ədəd “İphone 13Pro” markalı mobil telefonu Cavabdeh2 satmış, cavabdeh alınmış əşyanın əvəzində bu müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini ilkin ödəniş 500 AZN olmaqla, qalan pul məbləğini 12 ay müddətində hər ay 232 AZN olmaqla ödəməyi öhdəsinə götürmüşdür. Mülki işin materiallarında olan İddiaçı ilə Cavabdeh1 arasında bağlanan 09 may 2022-ci il tarixli, C9790089/22 nömrəli zaminlik müqaviləsinə əsasən zamin satıcı ilə borclu Cavabdeh2 arasında bağlanmış 09 may 2022-ci il tarixli C9790089/22 nömrəli nisyə satış müqaviləsi ilə əmələ gəlmiş öhdəliyin icra edilməsi üçün tam həcmdə və birgə məsuliyyəti istisnasız və qeyd-şərtsiz öz üzərinə götürmüşdür. Mülki işin materiallarında olan İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh2 İddiaçı xx.xx.2022-ci il tarixli müqavilə üzrə 1748 manat ödənilməmiş hissə, 174 manat cərimə borcu olmaqla ümumilikdə 1922 manat məbləğində borcu vardır. Mülki işin materiallarında olan İddiaçı Hacıoğlu tərəfindən borclu Cavabdeh2 və zamin Cavabdeh1 ünvanlanmış öhdəliklərin icra edilməsi barədə xəbərdarlıqdan görünür ki, cavabdehlərə müqavilə üzrə yaranmış borcun ödənilməsi ilə bağlı xəbərdarlıq edilmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, Mirzəyev X1 Cehun Hacıoğlu ilə xx.xx.2022-ci il tarixli, C9790089/22 saylı müqaviləyə əsasən “İphone 13Pro” markalı mobil telefon almış, eyni zamanda həmin müqavilənin təminatı kimi İddiaçı Hacıoğlu ilə digər Cavabdeh1 arasında həmin tarixdə zaminlik müqaviləsi bağlanmış, lakin cavabdehlər tərəfindən öhdəlik yerinə yetirilmədiyinə görə borc yaranmışdır. Bugünədək cavabdehlərə edilmiş müraciətlər bir nəticə verməmiş, müqavilələrin şərtləri pozulmuş və nəticədə həmin müqavilə üzrə 1748 manat ödənilməmiş hissə, 174 manat cərimə borcu olmaqla ümumilikdə 1922 manat məbləğində borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 601.2-ci maddəsində göstərilmişdir ki, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə həmin Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Eyni Mülki Məcəllənin 600.2-ci maddəsinə əsasən əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Göstərilən Məcəllənin 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Eyni Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Eyni Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 462.3-cü maddəsinə əsasən müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. xx.xx.2022-ci il tarixli müqavilənin 2.4.4-cü bəndinə əsasən ödəniş cədvəlindəki gecikmələrə görə borclu hər gecikdirilən gün üçün aylıq ödənişinin 1%-i həcmində əlavə cərimə ödəyir. Bundan başqa, Mülki Məcəllənin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.(maddə 472.2). Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar(maddə 472.3). Beləliklə, məhkəmə mülki qanunvericiliyin yuxarıda qeyd edilən normalarını nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 xx.xx.2022-ci il tarixli, C9790089/22 saylı müqavilə üzrə 1748 manat ödənilməmiş hissə, 174 manat cərimə borcu olmaqla ümumilikdə 1922 manat məbləğində borc müştərək qaydada tutularaq İddiaçı verilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddia tələbi tam təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş cəmi 39.62 AZN məhkəmə xərci cavabdehə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsində qeyd edilir ki, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220 və 284-5.3-cü maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada xx.xx.2022-ci il tarixli, C9790089/22 saylı müqavilə üzrə 1748 AZN (min yeddi yüz qırx səkkiz manat) ödənilməmiş hissə, 174 AZN (yüz yetmiş dörd manat) cərimə borcu olmaqla ümumilikdə 1922 AZN (min doqquz yüz iyirmi iki manat) məbləğində borc və 39.62 AZN (otuz doqquz manat, altmış iki qəpik) ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar