Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-5242/2022 14.12.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızı, İddiaçı MMC-nin Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı MMC məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh İddiaçı MMCnin xeyrinə 1074 manat məbləğində əsas borc, 10 manat məbləğində cərimə, 30,84 manat məbləğində dövlət rüsumu, cəmi 1114,84 manat məbləğində pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" MMC ilə Cavabdehar asında bağlanmış R0019412 nömrəli, xx.xx.2021-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən satıcı alıcıya 12 ay müddətinə 3349 manat dəyərində olan “Samsung G998 256 DS, Şərikli ekran 2501-3000” markalı əşyanı satmışdır. Cavabdeh aldığı əşyaya görə 200 manat ilkin ödəniş etmiş və borclu olduğu qalıq 3149 manat məbləğində pulu müqaviləyə əlavə edilən ödəniş cədvəlinə əsasən kreditora hissə-hissə ödəməyi öhdəsinə götürsə də, alğı-satqı müqaviləsində nəzərə tutulmuş öhdəlikləri qismən yerinə yetirmiş və 2075 manat ödəniş etmişdir. Borcun ödənilməsi ilə əlaqədar olaraq cavabdehə dəfələrlə şifahi, xx.xx.2022-ci il tarixdə isə yazılı xəbərdarlıq edilmişdir. Lakin cavabdeh yenə də borc öhdəliyinin icrasına dair heç bir addım atmamışdır. "xxxx" MMC ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli tələbin güzəşti haqqında müqavilənin 1.3-cü bəndinə əsasən tələb hüquqlarını güzəşt edən - "xxxx" MMC borclular və digər şəxslər ilə aralarında bağlanmış olan bütün müqavilələrdən irəli gələn tələb hüquqlarını tələb hüquqlarını əldə edən - İddiaçı MMC-yə ötürməyi öhdəsinə götürür. Məhkəmə ərizəyə dair mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş və mülki-prosessual qanunvericiliyin tələblərinə əsasən cavabdehə bu barədə rəsmi qaydada bildiriş göndərilmişdir. Müvafiq bildiriş cavabdehə göndərilsə də, o, iddiaya qarşı əsaslandırılmış etirazını məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. MPM-nin 284-5.2-ci maddəsinin tələblərinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Əsaslandırıcı hissə: İddia təmin edilməlidir. İşin məhkəmə tərəfindən müəyyən edilən hallarından görünür ki, tərəflər arasında hissə-hissə ödəmə şərti ilə malın alqı-satqısı müqaviləsinin bağlanmasından irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Müqavilə isə öhdəliyin əmələ gəlmə əsaslarından biridir. Belə ki, "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixdə ümumilikdə dəyəri 3.349 manat təşkil edən “Samsung G998 256 DS, şərikli ekran 2501-3000” markalı əşyanın nisyə alqı-satqısına dair müqavilə bağlanılmışdır. Tərəflər arasında bağlanmış müqaviləyə əsasən ödəniş 30 gündən başlayaraq gecikdirildikdə “satıcı” tərəfindən AR Mülki Məcəlləsinin 449-cu maddəsində nəzərdə tutulmuş qaydada hər gün üçün gecikdirilmiş borc məbləğinin 0,3 %-i həcmində cərimə (dəbbə pulu) ödənilməsi tələb edilə bilər. İddiaçının cərimə borcu üzrə tələb etdiyi məbləğ 10 manat təşkil edir. "xxxx" MMC ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 00-000 saylı “Tələbin güzəşti haqqında” müqaviləyə əsasən, tərəflər Azərbaycan Respublikası mülki Məcəlləsinin 194.1-ci maddəsi ilə müəyyən olunan hüquqlardan irəli gələn “tələb hüquqlarını güzəşt edən” ilə borclular və digər şəxslər arasında bağlanmış bütün müqavilələr (əşyanın nisyə alqı-satqısı, zaminlik, girov və s.) üzrə bu müqabiləyə əlavə edilən təhvil-təslim aktı əsasında tələb hüquqlarının “tələb hüquqlarını əldə edən”ə ötürülməsi barədə razılığa gəlirlər. Tələbin güzəşti haqqında xx.xx.2021-ci il tarixli müqaviləyə əlavə edilmiş təhviltəslim aktına əsasən Cavabdeh tərəf olduğu R0019412 saylı alqı-satqı müqaviləsi tələb hüquq İddiaçı MMC-yə təhvil verilmişdir. İddiaçı MMC-nin xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2021-ci il tarixli, R0019412 saylı alqı-satqı müqaviləsi üzrə borclu Cavabdeh 1074 manat əsas, 10 manat cərimə borcu vardır. xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh borcunu ödəmədiyi təqdirdə borcun tələb edilməsi hüququ ötürülmüş İddiaçı MMC tərəfindən məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar edilmişdir. Ödəniş qəbzindən (№**********) görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 30,84 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlar əsasında müəyyən edilmişdir ki, "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixdə hissə-hissə ödəmə şərtilə dəyəri 3.349 manat olan malın alqı-satqısına dair müqavilə bağlanılmışdır. "xxxx" MMC ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 00-000 saylı “Tələbin güzəşti haqqında” müqavilə və ona əlavə olunmuş təhvil-təslim aktına əsasən Cavabdeh borcun tələb edilməsi hüququ "xxxx" MMC tərəfindən İddiaçı MMC-yə güzəşt edilmişdir. Göründüyü kimi, "xxxx" MMC ilə Cavabdeh arasında bağanmış nisyə alqı-satqı müqaviləsi üzrə cavabdehin xx.xx.2022-ci il tarixə əsas borc üzrə 1.074 manat, cərimə borcu üzrə 10 manat, cəmi 1.084 manat məbləğində borcu yaranmışdır. Mülki Məcəllənin (bundan sonra - MM) 567, 568.1 və 597.1-ci maddələrinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə, alıcı isə əşyanı alqı-satqı müqaviləsində nəzərdə tutulmuş qiymətlə ödəməyə borcludur. MM-nin 601.1-ci və 600.4-cü maddələrinə görə əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 655.1 və 655.2-ci maddələrinə əsasən faktorinq pul tələbinin güzəşt edilməsi müqabilində maliyyələşdirmədir. Faktorinq müqaviləsinə görə bir tərəf (faktor) üçüncü şəxs (borclu) barəsində müştərinin (kreditorun) üçüncü şəxsə mal verməsindən, işlər görməsindən və ya xidmətlər göstərməsindən irəli gələn pul tələbinin hesabına digər tərəfə (müştəriyə) pul vəsaiti verir və ya verməyi öhdəsinə götürür, müştəri isə bu pul tələbini faktora güzəşt edir və ya güzəşt etməyi öhdəsinə götürür. Pul tələblərinin güzəşti barəsində borcluya bildiriş verilməlidir. Bu Məcəllənin 657.4-cü maddəsinin tələblərinə görə əgər borclu müştəridən və ya müştərinin vəkaləti ilə faktordan güzəşt barəsində yazılı bildiriş almışdırsa, ödənişi faktora həyata keçirməlidir. Bildiriş yalnız o halda etibarlıdır ki, güzəşt edilmiş tələbləri və borclunun ödənişi həyata keçirdiyi və ya hesabına həyata keçirdiyi faktoru kifayət qədər dəqiq göstərsin və bildirişin verildiyi an və ya daha əvvəl bağlanmış müqavilədən irəli gələn tələblərə aid olsun. Beləliklə cavabdeh müəyyən olunmuş qrafik əsasında ödənişləri vaxtında həyata keçirməməklə, MM-nin 425.1-ci maddəsinin tələblərini pozaraq, müqavilə üzrə öhdəliyini lazımınca icra etməmişdir. Yəni vicdanlılığın tələb etdiyi tərzdə - şərtləşdirilmiş vaxtda lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməyərək, öhdəliyi vaxtında icra etməmişdir (MM, maddə 442). Halbuki tərəflər müəyyən nəticələrə nail olmaq üçün öhdəlik hüquq münasibətlərinə daxil olurlar və öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (MM, maddə 385.1). Məhkəmə qeyd edilən müqavilə üzrə cavabdehdən əşyanın ödənilməsini tələb etmək üzrə subyektiv hüququn iddiaçıya güzəşt edildiyini və bu barədə cavabdehin məlumatlı olduğunu nəzərə alaraq hesab edir ki, İddiaçı MMC hazırki tələblə məhkəməyə müraciət etməkdə haqlıdır. Cavabdeh isə tərəf olduğu müqavilə üzrə üzərinə düşən öhdəliyi icra etməməklə, iddiaçının etibarlı müqavilə üzrə yaranmış bu hüququnu pozmuşdur. Cavabdeh öz müqavilə öhdəliyini icra etmədiyindən, MPM-nin 4.1-ci maddəsinə əsasən iddiaçının, qanunla qorunan hüququnun və marağının təmin edilməsi üçün məhkəmə müdafiəsindən istifadə etmək hüququ yaranmışdır. MM-nin 462.1, 462.3 və 467-ci maddələrinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə hesab edir ki, iddiaçı dəbbə pulunun ödənilməsini tələb etmək hüququna malikdir və əsas borc və dəbbə pulunun nisbəti nəzərə alınmaqla, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 10 manat məbləğində dəbbə pulunun tutulması daha ağlabatan və ədalətlidir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh əsas borc üzrə 1.074 manat, cərimə borcu üzrə 10 manat və dövlət rüsumu kimi ödənilmiş 30,84 manat olmaqla, cəmi 1.114,84 manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Mülki Prosessual Məcəllənin (bundan sonra - MPM) 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. MPM-nin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Nəticə hissəsi: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220 və 284-5.3-cü maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia təmin edilsin. Əsas borc üzrə 1.074 manat, cərimə borcu üzrə 10 manat və dövlət rüsumu kimi ödənilmiş 30,84 manat, cəmi 1.114,84 (bir min bir yüz on dörd manat, səksən dörd qəpik) manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cəmilə Musayeva
Məhkəmə qərarları › İş №e-2(006)-5242/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-5242/2022
14.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver