Məhkəmə qərarları › İş №e-2(006)-5300/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-5300/2022

21.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-5300/2022 21.12.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızı, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı MMC məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh 2.533,35 manat əsas borcun və 55,73 manat dövlət rüsumunun tutularaq İddiaçı xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə İddiaçı arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 595 saylı inşaat materiallarının alqı-satqısı müqaviləsinin 1.1-ci bəndinə əsasən, müqaviləyə 1 saylı Əlavə olan “qiymət cədvəli”ndə adları qeyd olunan malları “Satıcı” satmağı, “Alıcı” isə onu qəbul edib, razılaşdırılmış qiymətdə və razılaşdırılmış müddətdə dəyərini ödəməyi öz öhdəsinə götürmüşdür. Müqavilənin 9.1-ci bəndinə əsasən, bu Müqavilə bağlandığı andan qüvvəyə minir və bir il müddətinə qüvvədədir. Müqavilənin qüvvədə olma müddəti başa çatdıqdan sonra ona xitam vermək barədə tərəflərdən birinin digərinə yazılı müraciəti olmadıqda bu müqavilə eyni müddət üçün və eyni şərtlərlə uzadılmış hesab edilir. Alqı-satqı münasibətləri yekunlaşdıqdan sonra müştərinin qalıq debitor borcunun müəyyənləşdirilməsi məqsədilə tərəflərin iştirakı ilə “üzləşdirmə aktı” tərtib edilmişdir. xx.xx.2022-ci il tarixli “üzləşdirmə aktı”na əsasən Cavabdeh İddiaçı MMC-yə 2.533,35 (iki min beş yüz otuz üç) manat (otuz beş) qəpik məbləğində qalıq borcunun olduğu müəyyən edilib və tərəflərin imzası ilə təsdiqlənmişdir. Lakin müqavilə ilə müəyyən edilən müddət keçməsinə baxmayaraq cavadeh bu günə kimi heç bir ödəniş etməmişdir. Məhkəmə ərizəyə dair mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş və mülki-prosessual qanunvericiliyin tələblərinə əsasən cavabdehə bu barədə rəsmi qaydada bildiriş göndərilmişdir. Müvafiq bildiriş cavabdehə göndərilsə də, o, iddiaya qarşı əsaslandırılmış etirazını məhkəməyə təqdim etməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. MPM-nin 284-5.2-ci maddəsinin tələblərinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Əsaslandırıcı hissə: İddia qismən təmin edilməlidir. İşin məhkəmə tərəfindən müəyyən edilən hallarından görünür ki, tərəflər arasında hissə-hissə ödəmə şərti ilə malın alqı-satqısı müqaviləsinin bağlanmasından irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Müqavilə isə öhdəliyin əmələ gəlmə əsaslarından biridir. Belə ki, iddiaçı ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2018-ci il tarixli “alqı-satqı müqavilə”sinə əsasən “Fortis Group" MMC müqavilənin ayrılmaz tərkib hissəsi sayılan 1 saylı əlavədə adları göstərilən inşaat materialları Cavabdeh verməyi, sonuncu isə həmin malları qəbul edib dəyərini ödəməyi öhdəsinə götürmüşdür. “Fortis Group" MMC-nin satış təmsilçisi, audit şöbəsinin əməkdaşı və alıcı Cavabdeh tərəfindən öz imzaları ilə təsdiq edilərək tərtib edilmiş xx.xx.2022-ci il tarixli “üzləşmə aktı”ndan görünür ki, aktın tərtib edildiyi tarixə üzləşmə aparılmış və üzləşmə aparılan tarixə Cavabdeh "Fortis Group” MMC-nin xəzinəsinə 2.533,35 manat borcunun olduğu müəyyən edilmişdir. Cavabdeh “Fortis Group" MMC-nin xəzinəsinə 2.533,35 manat borcu olduğunu qəbul etmişdir. İddiaçı MMC-nin Cavabdeh ünvanladığı xx.xx.2022-ci il tarixli borcun qaytarılması barədə xəbərdarlıq bildirişindən görünür ki, Cavabdeh borcunun olması barədə xəbərdar edilmişdir. Ödəniş qəbzindən (№**********) görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 55,73 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə yuxarıda qeyd edilən malın alqı-satqısına dair müqaviləyə əsasən tərəflər müqavilədən irəli gələn öhdəlik hüquq münasibətlərinə girmişlər. Belə ki, Cavabdeh İddiaçı MMC-yə 2.533,35 manat məbləğində borclu olduğunu etiraf etmiş, bu pulu qaytaracağını imza ilə təsdiq etmişdir. Mülki işin materiallarında cavabdeh tərəfindən borcun ödənilməsini təsdiq edən heç bir sübut olmadığından və qeyd edilən halın sübut edilməsi yükünü cavabdeh daşıdığından məhkəmə iddianın təmin edilməsi qənaətinə gəlir. Mülki Məcəllənin (bundan sonra - MM) 567, 568.1 və 597.1-ci maddələrinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə, alıcı isə əşyanı alqı-satqı müqaviləsində nəzərdə tutulmuş qiymətlə ödəməyə borcludur. MM-nin 601.1 və 600.4-cü maddələrinə görə əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Cavabdeh müəyyən olunmuş qaydada ödənişləri vaxtında həyata keçirməməklə, MM-nin 425.1-ci maddəsinin tələblərini pozaraq, müqavilə üzrə öhdəliyini lazımınca icra etməmişdir. Yəni vicdanlılığın tələb etdiyi tərzdə - şərtləşdirilmiş vaxtda lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməyərək, öhdəliyi vaxtında icra etməmişdir (MM, maddə 442). Halbuki tərəflər müəyyən nəticələrə nail olmaq üçün öhdəlik hüquq münasibətlərinə daxil olurlar və öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (MM, maddə 385.1). Beləliklə, qeyd edilən müqavilə üzrə iddiaçı cavabdehdən əşyanın ödənilməsini tələb etmək üzrə subyektiv hüquqa malikdir. Cavabdeh isə müqavilə üzrə üzərinə düşən öhdəliyi icra etməməklə, iddiaçının bu hüququnu pozmuşdur. Belə ki, alqı-satqı müqaviləsi müəyyən qiymət müqabilində əmlakın əvəzli özgəninkiləşdirilməsini nəzərdə tutur və satıcı tərəfindən əmlakın verilməsi, alıcı tərəfindən qarşılıqlı olaraq müqavilə qiymətinin ödənilməsini şərtləndirir. Cavabdeh öz müqavilə öhdəliyini icra etmədiyindən, MPM-nin 4.1-ci maddəsinə əsasən iddiaçının, qanunla qorunan hüququnun və marağının təmin edilməsi üçün məhkəmə müdafiəsindən istifadə etmək hüququ yaranmışdır. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 2.533,35 manat məbləğində borc və dövlət rüsumu kimi ödənilmiş 55,73 manatın 45,33 manatı, cəmi 2.578,68 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 114.1.1-ci maddəsinin tələblərinə görə qüvvədə olan qanunvericilik üzrə tələb edilən miqdardan artıq dövlət rüsumu ödənilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Qanunun 8.1.2.-ci maddəsinə uyğun olaraq iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda ödənilməli olan dövlət rüsumu 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində təşkil edir. Dövlət rüsumunun ödənilməsi barədə qəbz əsasında müəyyən edilmişdir ki, iddiaçı iddia ərizəsinin verilməsinə görə 55,73 manat məbləğində pul ödəmişdir. Məhkəməyə müraciət edilən zaman iddianın qiyməti 2.533,35 manat təşkil etdiyindən, iddia cavabdehə münasibətdə tam təmin edildiyindən, məhkəmə hesab edir ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən ödənilməli olan 45,33 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməlidir. İddiaçı MMC-yə tərəfindən artıq ödənilmiş 10,4 manat məbləğində dövlət rüsumu isə onun özünə geri qaytarılmalıdır. MPM-nin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Nəticə hissəsi: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220 və 284-5.3-cü maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia qismən təmin edilsin. Borc olaraq 2.533,35 manat məbləğində borc və dövlət rüsumu kimi ödənilmiş 55,73 manatın 45,33 manatı, cəmi 2.578,68 (iki min beş yüz yetmiş səkkiz manat, altmış səkkiz qəpik) manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia digər hissədə təmin edilməsin. İddiaçı MMC tərəfindən artıq ödənilmiş 10,4 manat dövlət rüsumu onun özünə qaytarılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cəmilə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar