Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-536/2023 28.03.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X7 oğlunun katibliyi, Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndələri X2 və Nümayəndə, Azərbaycan Respublikasının Energetika Nazirliyi X1 Agentliyinin mütəxəssisi X3 iştirakları ilə, İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “cavabdehin hərəkətinin qanunsuz hesab edilməsi və s.” tələblərinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “cavabdehin hərəkətinin qanunsuz hesab edilməsi və s.” tələblərinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC-nin xəbərdarlıq etmədən mənzilə elektrik enerjisinin verilməsinin dayandırılması hərəkətinin qanunsuz hesab edilməsi, 344372 saylı, xx.xx.2022-ci il tarixli “Enerjitəhcizatı müəssisəsi ilə məişət abonenti (əhali) arasında elektrik enerjisinin alqı-satqısının birtipli” Müqaviləsi üzrə yaranmış hüquqdan sui-istifadə etmə hallarına və müqavilə öhdəliklərinin yerinə yetirilməməsinə son qoyulması, həmin müqavilə üzrə mənzilə elektrik enerjisinin verilməsinin bərpa olunması və mənzildən istifadə etmə qaydalarına edilən müdaxilələrin aradan qaldırılması, 750 manat dəyərində maddi və 750 manat mənəvi zərərin ödənilməsi barədə qətnamə qəbul edilməsini, cavabdehin bu işlə bağlı elektrik enerjisinin verilməsinin dayandırılmasına bilavasitə göstəriş verən vəzifəli şəxslərinin əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308-ci maddəsində nəzərdə tutulmuş hərəkətlərə yol verildiyinə əsaslı şübhələr olduğu üçün onlar barəsində xüsusi qərardad çıxararılmasını və araşdırılması üçün Azərbaycan Respublikası Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ünvan 1 ünvanında yerləşən 1 saylı mənzili alqı-satqı müqaviləsi əsasında almış və ona Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidməti Publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən 16 may 2021-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış təqdim olunmuşdur (abonent kodu-**********00001). Həmin mənzil İddiaçı tərəfindən təyinat üzrə istifadə olunur və cavabdeh "xxxx" ASC-nin tabeçiliyində fəaliyyət göstərən əməkdaşları tərəfindən təqdim olunan qəbzlər əsasında, istifadə olunan elektrik enerjisinə görə mütəmadi olaraq ödənişlər aparılır. İddiaçı tərəfindən ödənişlər vaxtlı-vaxtında artıqlaması ilə ödənilmiş və cavabdeh tərəfindən iddiaçıya hər hansı bir irad tutulmamışdır. Lakin xx.xx.2022-ci il tarixdə təxminən saat 10:00 radələrində qəflətən elektrik enerjisinin dayandırıldığının şahidi olmuşdur. İddiaçı əvvəlcə fikirləşmişdir ki, elektrik enerjisinin dayandırılmasının səbəbi borcdan yarana bilər. Odur ki, həmin an 10 manat pul vəsaitini elektron qaydada hesaba köçürmüş və sayğacın göstəricisinə baxanda balansda -20,79 manat pul vəsaitinin olduğunun şahidi olmuşdur. Sonradan iddiaçı telefon əlaqəsi saxlayaraq elektrik enerjisinin verilməsinin dayandırılmasının səbəbini öyrənəndə ona bildirilmişdir ki, mənzilin yeni mülkiyyətçisi ilə müqavilə bağlanmadığıdan elektrik enerjisinin verilməsi dayandırılmışdır. İddiaçıya hər hansı bir formada və qaydada bildiriş təqdim olunmadan elektrik enerjisinin verilməsi dayandırılmışdır. Cavabdeh tərəfindən yazılı bildiriş göndərilmədən elektrik enerjisinin verilməsinin qəflətən dayandırılması qanunsuz olmuş və maddi hüququn imperativ normasının tələbini pozmuşdur. İddiaçı ilə cavabdeh arasında 344372 saylı, xx.xx.2022-ci il tarixli “Enerjitəhcizat müəssisəsi ilə məişət abonenti (əhali) arasında elektrik enerjisinin alqı-satqısının birtipli” Müqaviləsi imzalanmışdır. Həmin Müqavilənin 6.1-ci bəndində də qeyd edilir ki, cavabdeh "xxxx" ASC üzərinə öhdəlik götürmüşdür ki, elektrik xətlərinin qanunsuz olaraq kəsilməsi, o cümlədən yazılı bildiriş göndərilmədən elektrik və istilik enerjisi verilməsinin dayandırılması qadağandır. Cavabdeh tərəfindən bilə-bilə qanunsuz hərəkətə yol verilmiş, elektrik enerjisi verilməsini bərpa etməməklə, ona verilmiş hüquqdan açıq-aşkar sui-istifadə etmiş, elektrik enerjisinin satılmasını dayandırmaqla müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi icra etməmişdir. Digər tərəfdən, iddiaçı cavabdeh tərəfindən ona qarşı törədilmiş bu cür bilə-bilə qanunsuz hərəkətləri nəticəsində mənzil hüquqlarını öz istəyinə uyğun istifadə edə bilmir. Cari ilin noyabr ayının 16-sı tarixində hava şəraiti kəskin dəyişmiş, güclü və davamlı olaraq yağış yağaraq, havanın temperaturu təxminən 6-7 C dərəcədə olmuş, yəni bir sözlə, hava soyuq olmuş və mənzildə yerləşdirilmiş bütün qızdırıcı cihazlar elektrik xəttinə qoşulmaqla işlədiyindən, həmin cihazlar qeyriişlək vəziyyətə düşmüşdür. Deməli, cavabdehin iddiaçıya qarşı törətdiyi bilə-bilə qanunsuz hərəkətinə görə, mənzildə soyuq və qaranlıq şərait yaranmışdır ki, bu da həmin mənzildən istifadəni mümkünsüz etmişdir. Cavabdehin iddiaçıya qarşı törədilən bilə-bilə qanunsuz hərəkətləri, mülkiyyətində olan mənzil hüquqlarının həyata keçirilməsini açıq-aşkar mümkünsüz etmişdir. Cavabdehin iddiaçıya qarşı törədilən bilə-bilə qanunsuz hərəkətləri nəticəsində onun əmlakına 750 manat dəyərində maddi zərər dəymişdir. Belə ki, iddiaçıya məxsus mənzildə yerləşən soyuducunun işləməməsi nəticəsində, soyuducuda yerləşdirilmiş və əsasən aşağı temperaturda saxlanılması nəzərdə tutulan, toplam dəyəri təxminən 350 manat olan dəniz məhsulları və digər tez xarab olan qida məhsulları yararsız vəziyyətə düşmüşdür. Eyni zamanda, elektrik enerjisi verilməsinin qəflətən dayandırılması nəticəsində, iddiaçıya məxsus mənzilin bütün otaqlarına istilik paylayan “Kombi” cihazının təxminən 400 manat dəyərində olan detalı nasaz vəziyyətə düşmüşdür. İddiaçı ilə cavabdeh arasında yaranmış hüquq münasibətlərinə, iş materiallarında olan sənəd və sübutların müqayisəli təhlilindən irəli gələn tələblərə müvafiq dəyərləndirmə aparılmalıdır. İşin hallarından göründüyü kimi, cavabdehin bəzi vəzifəli şəxsləri tərəfindən iddiaçının hüquqlarına qarşı bilə-bilə qannusuz hərəkətlərə yol verilmiş və bununla yanaşı, həmin şəxslər hüquqdan açıq-aşkar suiistifadə etməklə iddiaçıya həm maddi, həm də mənəvi ziyan vurmuşlar. Cavabdehin bu işə məsul olan vəzifəli şəxsləri bir qrup halında birləşməklə, iddiaçıya qarşı törədilmiş hərəkətlərində cinayət əməlinin olmasına iddiaçıda əsaslı və inandırıcı şübhələr yaranmışdır. Bu işdə maraqlı və cavabdeh olan şəxslər arasında vahid cinayətkar niyyətin mövcud olması istisna olunmadığından və həmin vəzifəli şəxslərin hərəkətlərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308-ci maddəsində nəzərdə tutulmuş cinayət əlamətlərinin olmasına əsaslı və inandırıcı şübhələr yaranmışdır. Belə ki, bu cinayətin subyekti vəzifəli şəxsdir, subyektiv tərəfi qəsdlə törədilən qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etmə, motivi - üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmə, ictimai təhlükəli nəticə isə dövlətin qanunla qorunan mənafelərinə mühüm ziyan vurmadır. Göstərilənlərə əsasən, tələblərin təmin edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, İddiaçı məhkəməyə gəlməmiş, “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsi ilə ərizə təqdim edərək qeyd etmişdir ki, iddia tələbini müdafiə edir, 5 dəfə məhkəmənin hazırlıq iclası keçirilmiş və 2-ci dəfə, yəni xx.xx.2022-ci il tarixli hazırlıq iclasında dəymiş ziyanın müəyyən olunması ilə bağlı ekspertizanın təyin olunmasına dair vəsatət təmin edilməmişdir. Bundan sonra, 3 iclas keçirilmiş və hər iclasda məhkəmə baxışının təyin olunması xahiş edilsə də, cavabdehin nümayəndəsinin lüzumsuz və əsassız vəsatətləri məhkəmə tərəfindən təmin olunmuşdur. Hətta, cavabdehin tabe olduğu quruma sorğu göndərilmişdir. Məhkəmə iclaslarının lüzumsuz olaraq uzadılmasını, qanunla müəyyən edilmiş 4 aylıq müddətin ötürülməsini və 5 dəfə keçirilmiş hazırlıq iclaslarında kifayət qədər araşdırma aparılmasını nəzərə alaraq, iddia ərizəsində göstərilənləri izahatının əsası kimi qəbul edilməsini və onun iştirakı olmadan məhkəmənin baxış iclasının keçirilməsini və iddianın təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə ərizəni nəzərdən keçirib, İddiaçı iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X4 iddianı qəbul etməyib, iddia ərizəsinə etiraz edərək, mütəxəssisin rəyini qəbul etdiklərini bildirdi və iddianın əsassız olduğundan təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə iddianı qəbul etməyib, iddia ərizəsinə etiraz edərək və əvvəlki iclaslarda verdikləri izahatlara uyğun izahat verərək, iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən məhkəmə iclasında nümayəndəsinin iştirakı təmin edilməmiş, səbəbləri barədə məlumat verilməmişdir. Məhkəmə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikasının Energetika Nazirliyi X1 Agentliyinin mütəxəssisi X5 yazılı rəyini məhkəməyə təqdim edərək izahatında bildirdi ki, Nəsimi Rayon Məhkəməsi tərəfindən təqdim edilmiş MP106E tipli, P**********3 zavod nömrəli elektrik sayğacına dair kompüter məlumat bazasından çıxarışdan sözügedən ünvanın elektrik enerjisi verilişinin xx.xx.2022-ci il saat 10:21:24-də dayandığı və xx.xx.2022-ci il saat 10:49:36-da isə bərpa edildiyi, həmçinin xx.xx.2022-ci il saat 10:50:42-də yenidən dayandığı və xx.xx.2022-ci il saat 14:14:30-da bərpa edildiyi məlum olmuşdur. Elektrik enerjisinin keyfiyyət göstəriciləri standartların tələblərinə uyğun olduğu halda, elektrik enerjisi verilişinin dayandırılması kombi cihazının hansısa hissəsinin zədələnməsinə səbəb ola bilməz. Enerji təchizatı müəssisəsi istehlakçıya elektrik enerjisi verilməsini yalnız Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 9.13-cü bəndinin tələbinə uyğun olaraq dayandıra bilər. Hazırki mülki iş üzrə Nəsimi Rayon Məhkəməsindən Agentliyə bundan əvvəl daxil olmuş müraciətlə əlaqədar İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən 1 saylı mənzilə (abunə kodu -**********00001) xx.xx.2022-ci il tarixdə elektrik enerjisi verilişinin "xxxx" ASC tərəfindən dayandırılıb-dayandırılmaması barədə məlumatın (əgər dayandırılıbsa müvafiq sənədlər təqdim edilməklə) Agentliyin Bakı filialına təqdim edilməsi üçün göndərilmiş xx.xx.2023-cü il tarixli 3-15-2-1/2-325/2023 nömrəli məktuba cavab olaraq, "xxxx" ASC-nin Nəsimi Rayon Enerji Təchizatı və Satışı İdarəsinin xx.xx.2023-cü il tarixli 045 nömrəli məktubunda (qeyd edilən məktub xx.xx.2023-cü il tarixdə keçirilmiş məhkəmə iclasında Nəsimi Rayon Məhkəməsinə təqdim edilmişdir) sözügedən mənzilin Nəsimi RETSİ tərəfindən dayandırılmadığı və hazırda elektrik enerjisi ilə təmin edildiyi bildirilmişdir. Nəsimi Rayon Məhkəməsi tərəfindən təqdim edilmiş kompüter məlumat bazasından çıxarışdan elektrik enerjisi verilişinin hansı səbəbdən dayandırılmasını aydınlaşdırmaq mümkün olmamışdır. Məhkəmə iş materiallarını araşdırıb, cavabdehin nümayəndələrinin, mütəxəssisin izahatını dinləyib, iddia ərizəsini və iddiaçının ərizəsini, mütəxəssis rəyini nəzərdən keçirib, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, ünvan 2, mənzil 1 (reyestr nömrəsi: **********45-05101-093002, qeydiyyat nömrəsi: **********) xx.xx.2021-ci il tarixdə tam mülkiyyət hüququ üzrə İddiaçı adına qeydiyyata alınmışdır. Mülki işin materiallarında olan xx.xx.2022-ci il tarixli (qəbz nömrəsi: 9********) qəbzdən görünür ki, **********00001 abunə kodu üzrə "xxxx" ASC-nin hesabına 30 manat məbləğində pul ödənilmişdir. Mülki işin materiallarında olan xx.xx.2022-ci il tarixli (qəbz nömrəsi: 2********) qəbzdən görünür ki, saat 10:39-da **********00001 abunə kodu üzrə "xxxx" ASC-nin hesabına 10 manat məbləğində pul ödənilmişdir. Mülki işin materiallarında olan xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, İddiaçı "xxxx" ASCyə və X1 Agentliyinə müraciət edərək, yaranmış problem barədə məlumat vermiş və qanun pozuntusunu törədən əməkdaş barədə tədbirlər görülməsini və s. xahiş etmişdir. Mülki işin materiallarında olan "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış 344372 saylı, xx.xx.2022-ci il tarixli “Enerjitəhcizatı müəssisəsi ilə məişət abonenti (əhali) arasında elektrik enerjisinin alqı-satqısının birtipli” Müqaviləsinin 3-cü bəndində qeyd edilmişdir ki, məişət abonenti ilə elektrik enerjisinə görə hesablaşma quraşdırıldığı yerdən asılı olmayaraq, hesablaşma yalnız elektrik sayğacının göstərişinə əsasən aparılır. Məişət abonenti ilə elektrik enerjisinə görə hesablaşmada elektrik enerjisi itkiləri (texnoloji sərfiyyat) nəzərə alınmır və ona görə ödəniş tutulmur. Həmin Müqavilənin 6.1-ci bəndində yazılmışdır ki, elektrik xətlərinin qanunsuz kəsilməsi və istehlakçıya “Elektrik enerjisindən istifadə Qaydaları”nın 9.13-cü bəndində nəzərdə tutulmuş hallarda (9.13.3-cü və 9.3.16-cı yarımbəndlərində nəzərdə tutulan hallar istisna olmaqla) yazılı bildiriş göndərilmədən elektrik və istilik enerjisi verilməsinin dayandırılması qadağandır. Mülki işin materiallarında olan abonentin hərəkət cədvəlindən və abunə haqqında sənəddən görünür ki, İddiaçı məxsus ünvan 1 ünvanda yerləşən 1 saylı mənzilin (**********00001) "xxxx" ASC-yə 2022-ci il üzrə 28.19 manat məbləğində borcu yaranmışdır. Mülki işin materiallarında olan Nəsimi RETSİ-nin Azərbaycan Respublikasının Energetika Nazirliyi X1 Agentliyinin Bakı filialına ünvanladığı xx.xx.2023-cü il tarixli 045 nömrəli məktubundan görünür ki, vətəndaş İddiaçı məxsus ünvan 1 ünvanda yerləşən 1 saylı mənzilin (**********00001) xx.xx.2022-ci il tarixində elektrik enerjisi "xxxx" ASC-nin Nəsimi RETSİ tərəfindən dayandırılmamışdır. Hal-hazırda sözügedən mənzil normal elektrik enerjisi ilə təmin edilir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmiş mübahisəsiz hallar ondan ibarət olmuşdur ki, ünvan 2 ünvanında yerləşən 1 saylı mənzil tam mülkiyyət hüququ üzrə xx.xx.2021-ci il tarixdən İddiaçı adına qeydiyyata alınmışdır. Tərəflər arasında müqavilə bağlanmazdan əvvəl, xx.xx.2022-ci il tarixdə saat 10:21:24-də həmin mənzilə elektrik enerjisinin verilməsi dayandırılmış, saat 10:39-da abunə koduna 10 manat məbləğində ödəniş edilmiş, 10:49:36-da elektrik enerjisinin verilməsi bərpa edilmişdir. Bundan sonra yenidən xx.xx.2022-ci il tarixdə saat 10:50:42-də mənzilə elektrik enerjisinin verilməsi dayandırılmışdır. xx.xx.2022-ci il tarixdə iddiaçı ilə cavabdeh "xxxx" ASC arasında “Enerjitəhcizatı müəssisəsi ilə məişət abonenti (əhali) arasında elektrik enerjisinin alqısatqısının birtipli” Müqaviləsi bağlanmış və xx.xx.2022-ci il tarixdə saat 14:14:30-da iddiaçıya məxsus mənzilə elektrik enerjisinin verilməsi bərpa edilmişdir. İddiaçı elektrik enerjisinin verilməsi ilə bağlı yaranmış problemi aidiyyəti orqanlara yazdığı ərizədə bildirmiş, bundan sonra məhkəməyə müraciət etmişdir. Hazırda iddiaçı müvafiq iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin xəbərdarlıq etmədən mənzilə elektrik enerjisinin verilməsinin dayandırılması hərəkətinin qanunsuz hesab edilməsi, 344372 saylı, xx.xx.2022-ci il tarixli “Enerjitəhcizatı müəssisəsi ilə məişət abonenti (əhali) arasında elektrik enerjisinin alqı-satqısının birtipli” Müqaviləsi üzrə yaranmış hüquqdan suiistifadə etmə hallarına və müqavilə öhdəliklərinin yerinə yetirilməməsinə son qoyulması, həmin müqavilə üzrə mənzilə elektrik enerjisinin verilməsinin bərpa olunması və mənzildən istifadə etmə qaydalarına edilən müdaxilələrin aradan qaldırılması, 750 manat dəyərində maddi və 750 manat mənəvi zərərin ödənilməsi barədə qətnamə qəbul edilməsini, cavabdehin bu işlə bağlı elektrik enerjisinin verilməsinin dayandırılmasına bilavasitə göstəriş verən vəzifəli şəxslərinin əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308-ci maddəsində nəzərdə tutulmuş hərəkətlərə yol verildiyinə əsaslı şübhələr olduğu üçün onlar barəsində xüsusi qərardad çıxararılmasını və araşdırılması üçün Azərbaycan Respublikası Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərilməsini xahiş edir. Cavabdeh tərəf isə aralarında müqavilə olmadığından elektrik enerjisinin verilməsinin dayandırılmasının qanuni olduğunu, iddiaçıya dəyən zərəri təsdiq edən sübutların məhkəməyə təqdim edilmədiyini bildirərək, iddiaya etiraz edir və iddianın təmin edilməməsini məhkəmədən xahiş edir. Məhkəmə iddia tələbinin “cavabdehin xəbərdarlıq etmədən mənzilə elektrik enerjisinin verilməsinin dayandırılması hərəkətinin qanunsuz hesab edilməsi” hissəsində qeyd etməyi zəruri hesab edir ki, tələb bu hissədə əsaslıdır. Belə ki, iddiaçıya məxsus mənzilə elektrik enerjisinin verilməsinin dayandırılması tərəflərin izahatları və işdə olan materiallar əsasında mütəxəssisin verdiyi rəylə təsdiqləndiyindən işin mübahisəsiz halını təşkil edir. Cavabdeh tərəfin izahatlarından məlum olur ki, elektrik enerjisinin verilməsinin dayandırılması tərəflər arasında müqavilə olmadığına görə olmuşdur. Halbuki, müvafiq qanunvericilik aktında elektrik enerjisinin verilməsinin xəbərdarlıq edilmədən dayandırılmasına əsas verən halların dairəsində belə bir hal nəzərdə tutulmamışdır. Buna görə də məhkəmə belə nəticəyə gəlmişdir ki, tələbin bu hissəsi təmin edilməli, İddiaçı məxsus ünvan 2 ünvanında yerləşən 1 saylı mənzilə elektrik enerjisinin verilməsinin cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən xəbərdarlıq edilmədən dayandırılması hərəkəti qanunsuz hesab edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı Qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın (bundan sonra – Qaydaların) 9.13-cü bəndinə görə, enerji təchizatı müəssisəsi istehlakçıya elektrik enerjisinin verilməsini aşağıdakı hallarda dayandıra bilər: 9.13.1. istehlakçının müvafiq yazılı müraciəti (elektrik enerjisinin verilməsinin dayandırılmasının səbəbi və müddəti göstərilməklə) olduqda; 9.13.2. enerji təchizatı müəssisəsinin istehlakçıya verdiyi elektrik enerjisinin sayğacla müəyyənləşən hesabı istehlakçıya enerji təchizatı müəssisəsi tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam məbləğdə ödənilmədikdə; 9.13.3. təmir-profilaktika və qəza işləri görüldükdə, o cümlədən baş verən yanğının və ya qaz sızmasının qarşısı alındıqda; 9.13.4. enerji təchizatı müəssisəsi ilə müvafiq müqavilə bağlanmadıqda; 9.13.5. məhkəmənin qərarı ilə; 9.13.6. dini ekstremizm əleyhinə xüsusi əməliyyat aparıldıqda, dini ekstremizm əleyhinə xüsusi əməliyyatlar aparan orqanların - Daxili İşlər Nazirliyinin və Dövlət Təhlükəsizliyi Xidmətinin göstərişləri əsasında. İstehlakçıya elektrik enerjisinin verilməsinin dayandırılması (dini ekstremizm əleyhinə xüsusi əməliyyatın aparılması ilə əlaqədar dayandırma halı istisna olmaqla) yalnız fərdi qaydada həyata keçirilir. Elektrik enerjisinin dəyərini vaxtında ödəməyən istehlakçıya elektrik enerjisinin verilməsinin dayandırılması, elektrik enerjisinin dəyərini vaxtında ödəyən digər istehlakçıların hüquqlarının pozulması ilə nəticələnməməlidir. “Qaydalar”ın 9.13-1-9.13.-3-cü bəndlərində qeyd edilmişdir ki, elektrik xətlərinin qanunsuz olaraq kəsilməsi və ya istehlakçıya bu Qaydaların 9.13-cü bəndində nəzərdə tutulmuş hallarda (9.13.3-cü (yalnız qəza işləri görüldükdə, o cümlədən baş verən yanğının və ya qaz sızmasının qarşısı alındığı hallarda) və 9.13.6-cı yarımbəndlərində nəzərdə tutulan hallar istisna olmaqla) yazılı bildiriş göndərilmədən elektrik və istilik enerjisi verilməsinin dayandırılması qadağandır. Elektrik enerjisinin verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra bir gün müddətində enerji təchizatı müəssisəsi tərəfindən elektrik enerjisinin verilməsi bərpa edilməlidir. Elektrik enerjisinin verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 9.13.3-cü (yalnız qəza işləri görüldükdə, o cümlədən baş verən yanğının və ya qaz sızmasının qarşısı alındığı hallarda) və 9.13.6-cı yarımbəndləri istisna olmaqla) enerji təchizatı müəssisəsi tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Məhkəmə iddia tələbinin “344372 saylı, xx.xx.2022-ci il tarixli “Enerjitəhcizatı müəssisəsi ilə məişət abonenti (əhali) arasında elektrik enerjisinin alqı-satqısının birtipli” Müqaviləsi üzrə yaranmış hüquqdan sui-istifadə etmə hallarına və müqavilə öhdəliklərinin yerinə yetirilməməsinə son qoyulması, həmin müqavilə üzrə mənzilə elektrik enerjisinin verilməsinin bərpa olunması və mənzildən istifadə etmə qaydalarına edilən müdaxilələrin aradan qaldırılması” hissələrinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, tələb bu hissədə əsassızdır. Belə ki, cavabdeh tərəfin müqavilə üzrə yaranmış hüquqdan sui-istifadə etmə halları, müqavilə öhdəliklərini yerinə yetirməməsi, mənzildən istifadə etmə qaydalarına müdaxilələr etməsi işdə olan materiallar, tərəflərin izahatları ilə öz təsdiqini tapmır. İddiaçı müvafiq tələblə məhkəməyə müraciət etsə də, tələbini əsaslandıran mötəbər sübutları məhkəməyə təqdim etməmiş, yəni tələbinin bu hissəsini müvafiq qaydada sübuta yetirə bilməmişdir. Tələbin “müqavilə üzrə mənzilə elektrik enerjisinin verilməsinin bərpa olunması” hissəsinə münasibətdə qeyd edilməlidir ki, mənzilin hazırda elektrik enerjisi ilə təchiz edildiyi müəyyən edilmişdir. Göstərilənlərə əsasən, tələb bu hissədə əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə iddia tələbinin “750 manat dəyərində maddi zərərin ödənilməsi” hissəsinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, tələb bu hissədə də əsassızdır. Belə ki, iddiaçı mənzilinə elektrik enerjisinin verilməsinin dayandırılması səbəbindən ona 750 manat məbləğində maddi ziyan dəydiyini bildirsə də, bu iddiasını əsaslandıracaq sübutları məhkəməyə təqdim etməmişdir. İşə cəlb edilmiş mütəxəssis də verdiyi izahatında bildirmişdir ki, elektrik enerjisinin verilməsinin dayandırılması nəticəsində kombi cihazının hər hansı detalı yararsız vəziyyətə düşə bilməzdi. Göstərilənlərə əsasən, tələb bu hissədə əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllənin) 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-nin 89.3-cü maddəsi). Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz. Sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin, təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübutetmə hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Mülki prosessual qanunvericiliyinə əsasən, iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyrimüəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Məhkəmə iddia tələbinin “750 manat mənəvi zərərin ödənilməsi” hissəsinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, tələb bu hissədə qismən təmin edilməlidir. Belə ki, cavabdehin qanunsuz hərəkətləri nəticəsində iddiaçının əsəb, stress hisləri keçirməsi, yəni ona mənəvi zərər dəyməsi halı açıq-aşkardır. Lakin tələbin bu hissədə iddia edilən 750 manat məbləğində təmin edilməsi ağlabatan və məqsədəmüvafiq deyil. Göstərilənlərə əsasən, iddia bu hissədə qismən təmin edilməli, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən mənəvi zərərin əvəzi olaraq 200 (iki yüz) manat məbləğində pul alınaraq İddiaçı ödənilməlidir. Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Mülki Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunun bu normasının tətbiqi üçün mülki hüquq məsuliyyətinin 4 zəruri şərti mövcud olmalıdır. Birincisi, törədilmiş əməl hüquqazidd olmalıdır; ikincisi, törədilmiş əməl nəticəsində başqa şəxsə birbaşa zərər yetirilməlidir; üçüncüsü, mülki hüquq pozuntusu ilə zərər arasında səbəbli əlaqə mövcud olmalıdır; dördüncüsü isə hüquqpozan şəxsin təqsiri olmalıdır. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyrimaddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarında göstərilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Məhkəmə iddia tələbinin “cavabdehin bu işlə bağlı elektrik enerjisinin verilməsinin dayandırılmasına bilavasitə göstəriş verən vəzifəli şəxslərinin əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308-ci maddəsində nəzərdə tutulmuş hərəkətlərə yol verildiyinə əsaslı şübhələr olduğu üçün onlar barəsində xüsusi qərardad çıxararılması və araşdırılması üçün Azərbaycan Respublikası Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərilməsi” hissəsinə münasibətdə qeyd edilməlidir ki, tələb bu hissədə əsassızdır. Belə ki, bu tələb hüquqi mahiyyət etibarilə prosessual vəsatətdir, işdə iştirak edən şəxslərin vəsatəti və ya işə baxan məhkəmənin öz təşəbbüsü ilə çıxarıla bilər, yəni məhkəmə bu məsələdə tərəflərin vəsatətindən asılı deyil və işə baxarkən tərəflərin və ya digər şəxslərin hərəkətlərində cinayətin əlamətlərini aşkara çıxardığı təqdirdə öz təşəbbüsü ilə müşavirə otağında müstəqil akt şəklində tərtib olunmaqla xüsusi qərardad çıxara bilər. Lakin hazırki iş üzrə məhkəmə araşdırmalarının nəticələrinə əsaslanıb belə qənaətə gəlmək olur ki, cavabdehin bu işlə bağlı elektrik enerjisinin verilməsinin dayandırılmasına bilavasitə göstəriş verən vəzifəli şəxslərinin əməlində cinayət qanunvericiliyində nəzərdə tutulmuş hərəkətlərə yol verildiyinə dair əsaslı şübhələr və sübutlar olmadığından, hazırki mülki iş üzrə xüsusi qərardad qəbul edilməməlidir. Belə ki, məhkəmə həmin hərəkətləri delikt kimi qiymətləndirmiş və delikt nəticəsində iddiaçıya mənəvi zərər vurulduğunu müəyyən etmişdir. Göstərilənlərə əsasən, tələb bu hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 265.4-cü maddəsinə əsasən, məhkəmə işə baxarkən, proses iştirakçılarının və ya digər şəxslərin əməllərində cinayətin əlamətlərini aşkara çıxararsa, o, bu barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verir. Beləliklə, yuxarıda qeyd olunanlara görə məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, İddiaçı məxsus ünvan 2 ünvanında yerləşən 1 saylı mənzilə elektrik enerjisinin verilməsinin cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən xəbərdarlıq edilmədən dayandırılması hərəkəti qanunsuz hesab edilməli, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən mənəvi zərərin əvəzi olaraq 200 (iki yüz) manat məbləğində pul alınaraq İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı məxsus ünvan 2 ünvanında yerləşən 1 saylı mənzilə elektrik enerjisinin verilməsinin cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən xəbərdarlıq edilmədən dayandırılması hərəkəti qanunsuz hesab edilsin. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən mənəvi zərərin əvəzi olaraq 200 (iki yüz) manat məbləğində pul alınaraq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Günay Abidova
Məhkəmə qərarları › İş №e-2(006)-536/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-536/2023
28.03.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver