Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-540/2023 06.06.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Natavan Tağı qızının sədrliyi, Quluzadə Sevil Zakir qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə və cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “sığorta ödənişinin tutulması” tələbi barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “sığorta ödənişinin tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı "xxxx" ASC ilə xx.xx.2022-ci il tarixdə sığorta müqaviləsi bağlayaraq, özünə məxsus olan **-CF-*** dövlət qeydiyyat nişanlı Mercedes Benz ML350 markalı avtomobili tam sığorta elətdirib, “kasko” növlü tam sığorta təminatı almış və bu haqda ona sığortaçı tərəfindən İ-MİC-1438/22 nömrəli “Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığorta şəhadətnaməsi” verilmişdir. Sığortaçının müəyyən etdiyi sığorta haqqını təqdim olunmuş qrafikə uyğun olaraq ödəmişdir. xx.xx.2022-ci il tarixdə, saat 16:45-də Bakı şəhəri, A.Sultanova və Ə.Ələkbərov küçələrinin kəsişməsində X7 idarə etdiyi X13 markalı, **-HJ-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş yol nəqliyyat hadisəsini törətməsi (hadisə ilə bağlı İXP4856480 nömrəli protokol tərtib olunmuş və T.Ə.Kərimov inzibati məsuliyyətə cəlb olunaraq 40 manat məbləğində cərimə olunmuşdur) nəticəsində iddiaçıya məxsus olan avtomobil (sığorta predmeti) əzilərək zədələnmiş, yəni sığorta hadisəsi baş vermişdir. Sığorta hadisəsi nəticəsində avtomobilə dəymiş ziyanın hesablanması məqsədi ilə xx.xx.2022-ci il tarixdə sığortaçının seçimi ilə “Toyota Əhmədli” şirkətində avtomobil müayinə olunmuş, ondan 15 gün sonra cavabdeh ona “Zərər dəymiş avtonəqliyyat vsitəsinin qiymətləndilməsinə dair Hesabat” (qiymətləndirmə tarixi xx.xx.2022, iş No-159136) təqdim edilmişdir. Məlum olmuşdur ki, zədələnməsi aşkar edilmiş bir çox detallar hesabatda öz əksini tapmamış və nəticədə dəymiş ziyanın dəyəri süni surətdə azaldılmışdır. Belə ki, həmin hesabatda avtomobilin cəmi 5.960,00 manat dəyərində 8 adda detalının zədələndiyi qeyd olunmuş, görüləcək işlərin dəyəri isə 830,00 manat məbləğində qiymətləndirilməklə sığorta ödənişinin ümumilikdə dəyəri 6.790,00 manat məbləğində qiymətləndirilmişdir. İddiaçı dərhal rəsmi ərizələrlə (xx.xx.2022 və xx.xx.2022-ci il) cavabdehə müraciət edərək, etirazını bildirdi və qiymətləndirilmənin müstəqil ekspert, X3 tərəfindən aparılmasını tələb etdi. Bundan sonra, yenə də sığortaçının seçimi ilə müstəqil ekspert qismində Əhməd Talıblı tərəfindən qiymətləndirilmə aparılmış və dəymiş zərərə görə görüləcək işlərin (ehtiyat hissələri, təmir və rəngləmə işləri) guya, əvvəlki hesabatda göstəriləndən 440 manat çox, yəni 7.230,00 manat məbləğində olduğu müəyyən olunmuşdur. Belə ki, Əhməd Talıblının tərtib etdiyi xx.xx.2022-ci il tarixli, PS091001FM No-li Müstəqil ekspert rəyində cəmi 6230 manat dəyərində ehtiyat hissələrinin dəyişilməli olduğu, işçilik xərcinin isə 1000 manat təşkil etdiyi göstərilmişdir. Həmin rəyin də reallığı əks elətdirmədiyini qeyd etməklə yanaşı bildirir ki, cavabdehin özünün seçimi ilə aparılmış müayinə və qiymətləndirmə hesabatlarını (rəylərini) müqayisəli şəkildə təhlil edərkən, istər qiymətlər, istərsə də avtomobilin zədələnmiş detallarının sayı baxımından “Toyota Əhmədli” şirkətinin verdiyi hesabatın doğru olmadığı açıq-aşkar görünür. Belə ki, yuxarıda qeyd olunduğu kimi birinci hesabatda cəmi 8 adda ehtiyat hissəsinin zədələndiyi, ikinci rəydə isə bunun 11 adda olduğu göstərilmişdir. Deməli, sığortaçının seçdiyi mütəxəssis bilavasitə ona bağlı olduğu üçün onun maraqlarından çıxış etmişdir. Bildirir ki, cavabdeh ona ünvanladığı xx.xx.2022-ci il tarixli, 6734/1 N-li məktubunda müstəqil ekspert və ya X1 deyil, öz seçdiyi Əhməd Talıblının müəyyənləşdirdiyi qiymət barədə məlumat verməklə yanaşı, onun öz seçimi ilə qiymətləndirmə üçün müstəqil ekspertə müraciət etmək hüququnun olduğunu, lakin həmin qiymətləndirmənin nəticəsinin sığortaçı üçün məcburi olmadığını qeyd etmişdir. Cavabdehin bu cür davranışı bütün məsələlərdə sığortaçı olaraq özünün üstün mövqedən çıxış etməklə, diktə edən rolda çıxış etməsini, yekun söz sahibinin özü olduğunu və bunula da hüquqdan açıq-aşkar sui-istifadə etdiyini təsdiq edir. Bu isə qanunvericiliklə qadağandır. Müstəqil ekspert Əhməd Talıblının verdiyi rəyi də qeyriobyektiv hesab edərək, avtomobilin markasının “Mercedes Benz” olduğu üçün tərəfindən rəsmi diler kimi Azərbaycan Respublikasında fəaliyyət göstərən, “Mercedes Benz” markalı avtomobillər üzrə ixtisalaşmış "xxxx" MMC-yə müraciət etdi və orada müayinə aparılaraq, dəymiş zərərin 16.800,00 manat təşkil etdiyi (detalların ümumi dəyəri- 14.660,00 manat, təmir xərci- 2.140,00 manat) və bunun son rəqəm olmadığı, yəni təmir prosesində əlavə xərclərin yarana bilməsi müəyyən edildi və müayinənin nəticəsinə dair xx.xx.2022-ci il tarixli, A210/00554 No-li Akt tərtib olundu. Həmin Aktda zədələndiyinə görə dəyişdirilməli olan detalların- ehtiyat hissələrinin sayının 25 olduğu aşkar olundu. Qeyd edir ki, müayinə haqqı olaraq, xx.xx.2022-ci il tarixli, 4039 No-li qəbzlə tərəfindən 232,22 manat məbləğində pul ödənilmişdir. Göründüyü kimi cavabdehin seçdiyi qiymətləndiricilərin verdiyi rəylər həqiqəti əks elətdirmir. Qeyd olunan müayinədən əvvəl və sonra həm cavabdehə, həm də Azərbaycan Respublikası Mərkəzi Bankına (13 və xx.xx.2022-ci il tarixli) rəsmi ərizələrlə müraciət etsə də, heç bir müsbət nəticə əldə olunmadı. Cavabdeh Mərkəzi Banka və ona ünvanladığı xx.xx.2022-ci il tarixli, 6918/1 N-li məktubu ilə əvvəlcədən bəlli olduğu kimi “Mercedes Benz” rəsmi servisinin zərər aktına əsasən sığorta ödənişi olunmasından imtina etmişdir. İmtinanın əsası kimi göstərmişdir ki, onunla bağlanılmış sığorta müqaviləsində rəsmi servis təminatı nəzərdə tutulmamışdır. Hesab edir ki, cavabdehin həmin imtinası qanunsuz və əsassızdır. Belə ki, “Mercedes Benz” rəsmi servisinin zərər aktı servis təminatı sayılmır, bu, sadəcə zərərin müəyyən olunmasıdır. Cavabdehlə aralarında olan müqavilədə də belə bir qadağa yoxdur, əksinə avtomobili sığortalının, yəni onun öz seçdiyi avtoservisdə təmir etdirmək hüququ təsbit olunmuşdur. Beləliklə, şərh olunanlardan görünür ki, cavabdeh sığorta müqaviləsinə uyğun olaraq üzərinə düşən öhdəlikləri pozmuş, sığorta hadisəsi nəticəsində avtomobilə dəymiş zərərə görə 16.800,00 manat məbləğində sığorta ödənişini etməkdən qanunsuz və əsassız olaraq imtina etmişdir. Odur ki, 16.800,00 manat məbləğində sığorta ödənişi, habelə qiymətləndirmə üçün tərəfindən ödənilmiş 232,00 manat məbləğində müayinə haqqı, iddia qaldırmaq üçün nümayəndəyə ödənilmiş 500 manat məbləğində qonorar və 142,59 manat dövlət rüsumu, cəmi 17.674,81 manat məbləğində pul cavabdehdən alınıb ona verilməlidir. Qeyd edilənləri nəzərə alaraq, cavabdeh "xxxx" ASC-dən 16.800,00 manat məbləğində sığorta ödənişi, qiymətləndirmə üçün tərəfindən ödənilmiş 232,22 manat məbləğində müayinə haqqı, iddia qaldırmaq üçün nümayəndəyə ödənilmiş 500 manat məbləğində qonorar və 142,59 manat dövlət rüsumu olmaqla, cəmi 17.674,81 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməsi xahiş edilmişdir. Sonradan İddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (Bundan sonra – Mülki Prosessual Məcəllə) 53-cü maddəsinə əsasən iddianın həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC-dən 16.800,00 manat məbləğində sığorta ödənişi, qiymətləndirmə üçün tərəfindən ödənilmiş 232,22 manat məbləğində müayinə haqqı, iddia qaldırmaq üçün nümayəndəyə ödənilmiş 500 manat məbləğində qonorar və 142,59 manat dövlət rüsumu olmaqla, cəmi 17.674,81 manat məbləğində pulun və qətnamənin icra olunduğu gün həmin məbləğdə əlavə olaraq əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmaqla 8,25% həcmində faiz məbləğinin cavabdehdən alınıb ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, cavabdeh baş vermiş sığorta hadisəsi nəticəsində avtomobilə dəymiş real zərərə görə sığorta ödənişini vaxtında ödəməkdən imtina etdiyindən, avtomobil öz vəsaiti hesabına təmir olunmuşdur. Bu baxımdan hesab edilir ki, məhkəmə tərəfindən müəyyən olunacaq sığorta ödənişinin (pul öhdəliyinin) ödənilməsi qeyri-müəyyən vaxtadək uzanacaqdır. Ona görə də cavabdeh pul öhdəliyini gecikdirdiyinə görə əlavə faiz ödəməlidir. Azərbaycan Respublikası Mərkəzi Bankın rəsmi internet səhifəsinə əsasən bank uçot dərəcəsi 8,25% müəyyən olunmuşdur. Odur ki, ödəniləcək sığorta ödənişinə əlavə olaraq əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmaqla 8,25% həcmində faiz məbləği də cavabdehdən alınıb ona verilməlidir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X8 iddia tələbinə etiraz etmiş və etirazını onunla əsaslandırmışdır ki, İddiaçı məxsus **-CF-*** dövlət qeydiyyat nişanlı Mercedes Benz ML350 markalı avtonəqliyyat vasitəsi "xxxx" ASC tərəfindən “Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası” üzrə xx.xx.2022 – xx.xx.2023 tarixləri aralığına sığortalanmışdır. xx.xx.2022-ci il tarixində yol-nəqliyyat hadisəsi nəticəsində **-CF-*** dövlət qeydiyyat nişanlı Mercedes Benz ML350 markalı avtonəqliyyat vasitəsinə zərər dəyməsi ilə bağlı Cəmiyyətə müraciət daxil olmuşdur. Qanunvericiliyin tələblərinə müvafiq olaraq müraciət dərhal qeydiyyata alınmış, hadisənin araşdırılmasına və sözügedən avtonəqliyyat vasitəsinə dəymiş zərərin qiymətləndirilməsinə başlanılmışdır. Avtonəqliyyat vasitəsi “Toyota Əhmədli” servisə yönləndirilmiş, ona dəymiş zərər 6.790,00 (altı min yeddi yüz doxsan) manat məbləğində qiymətləndirilmişdir. Lakin, İddiaçı bu məbləğ ilə razılaşmamış, nəticə etibarı ilə onun seçimi əsasında müstəqil ekspert Əhməd Talıblı cəlb olunmuş, zərər 7.230,00 (yeddi min iki yüz otuz) manat məbləğində qiymətləndirilmişdir. "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2022-ci il tarixli İ-MİC-1438/22 saylı sığorta müqaviləsinə əsasən: “Sığorta hadisəsi zamanı avtonəqliyyat vasitəsi Sığortaçının təklif etdiyi avtoservisdə təmir olunacaqdır. Əgər Sığortalı Sığortaçının təklif etdiyi avtoservislərin heç biri ilə razı olmazsa, zərər məbləği Sığortaçının təyin etdiyi avtoservisdə müəyyən olunmaqla avtonəqliyyat vasitəsi Sığortalının özünün seçdiyi avtoservisdə təmir oluna bilər.” Yəni, müqavilə üzrə tərəflər qiymətləndirmənin məhz "xxxx" ASC-nin müəyyən etdiyi avtoservisdə həyata keçiriləcəyi ilə bağlı razılığa gəlmişlər. İddiaçı isə nəinki "xxxx" ASCnin yönləndirdiyi servisin qiymətləndirməsi ilə razı olmamış, hətta özünün seçdiyi müstəqil ekspertin rəyi ilə də razılaşmamışdır. İddiaçı tərəflərin sərbəst iradələri ilə razılaşdırdığı müqavilə şərtlərinə əməl etməkdən boyun qaçırmışdır. Prosesin davamında İddiaçı Azərbaycan Respublikasının Mərkəzi Bankına müraciət etmiş, Mərkəzi Bank tərəfindən müvafiq araşdırma aparılmış və İddiaçı verilmiş cavab məktubundan da göründüyü kimi Mərkəzi Bank "xxxx" ASC-nin qanunvericilik və müqavilə üzrə bütün öhdəliklərini tam formada icra etdiyini təsdiq etmişdir. İddiaçı məhkəməyə Mercedes markalı avtonəqliyyat vasitələrinin rəsmi servisi hesab olunan "xxxx" MMC tərəfindən tərtib olunmuş akt təqdim etmişdir ki, bu, yuxarıda qeyd olunduğu kimi sığorta müqaviləsinin şərtlərinə tamamilə ziddir. Eyni zamanda nəzərə almaq lazımdır ki, sığorta müqaviləsi ilə “rəsmi servis təminatı” verilməmişdir. Belə ki, rəsmi servis təminatı verildiyi təqdirdə sığorta haqqının məbləği çox daha yüksək olur. Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli Qərardadı ilə iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin olunmuş, xx.xx.2023-cü il tarixli 9/867 nömrəli ekspert rəyi təqdim olunmuşdur. Sözügedən ekspert rəyi ilə detallı tanış olduqda görmək mümkündür ki, ekspert yalnız rəsmi servis hesab olunan "xxxx" MMC tərəfindən tərtib olunmuş akta əsaslanmışdır. Bir daha qeyd edilir ki, sığorta müqaviləsi üzrə rəsmi servis təminatı verilmədiyinə görə ekspertin sözügedən akta əsaslanması tamamilə əsassız və qanunsuzdur. Bütün bunlarla yanaşı iddiaçı Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 449.1-ci maddəsinə istinad etməklə müvafiq faiz məbləğinin də cavabdehdən tutulmasını xahiş edir. Mülki Məcəllənin 449.1-ci maddəsinə (Pul öhdəliyinin icra edilməməsi üçün məsuliyyət) əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Sözügedən normanın məzmununu detallı təhlil etdikdə normanın icraatda olan iş üzrə heç bir aidiyyətinin olmadığı açıq-aşkardır. Belə ki, "xxxx" ASC müqavilə üzrə razılaşdırılmış şərtlər çərçivəsində ödəniş təklif etmiş, lakin İddiaçı müqavilə şərtlərinə zidd olaraq və heç bir əsas olmadan təklif ilə razılaşmamışdır. Göründüyü kimi, "xxxx" ASC qanunvericiliklə və müqavilə ilə öhdəliklərini düzgün və tam icra etmişdir. Bu səbəbdən məhkəmədən iddianın rədd olunmasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Mülki işin materiallarında olan Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, **-CF-*** qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi İddiaçıdur. Mülki işin materiallarında olan Fiziki Şəxslərə təqdim edilən avtomobil nəqliyyat vasitələrinin tam sığorta şəhadətnaməsindən görünür ki, “Mercedes Benz ML350” markalı, **-CF-*** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" ASC tərəfindən sığortalanmış və ümumi sığorta haqqı 1268.36 manat təşkil etmişdir. Mülki işin materiallarında olan xx.xx.2022-ci il tarixli, İXP ******* X10 Protokoldan və TP ******* X11 X6 görünür ki, X9 tərəfindən xx.xx.2022-ci il tarixdə “X13” markalı, **-OJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən AR İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Mülki işin materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli Zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabatdan görünür ki, “Mercedes Benz ML350” markalı, **-CF-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş zərərin məbləği 6.790 manat məbləğində müəyyən edilmişdir. Mülki işin materiallarında olan xx.xx.2022-ci il tarixli, PSO91001FM№-li müstəqil ekspert rəyindən görünür ki, xx.xx.2022-ci il tarixində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində İddiaçı mülkiyyətində olan **-CF-*** dövlət nömrə nişanlı avtomobilə zərbə ön hissədən dəymişdir, zərbə nəticəsində avtomobilin ban hissəsi zədələnmişdir. Avtomobilin tam sökülüb, yığılmasına, təmir və rənglənməsinə sərf olunan işlərin dəyəri 7.230 manat məbləğində müəyyən edilmişdir. Mülki işin materiallarında olan xx.xx.2022-ci il tarixli Mercedes-Benz tərəfindən verilən sənəddən görünür ki, İddiaçı məxsus **-CF-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər 6.510 manat məbləğində müəyyən edilmişdir. Mülki işin materiallarında olan "xxxx" ASC tərəfindən AR Mərkəzi Bankına ünvanlanmış 26 oktyabr 2022-ci il tarixli məktubdan görünür ki, "xxxx" ASC və İddiaçı arasında xx.xx.2022-ci il tarixli, İ-MİC-1438/22 saylı bağlanılmış müqaviləyə əsasən rəsmi servis təminatı mövcud olmadığı üçün “Mercedes Benz” rəsmi servisin zərər aktına əsasən sığorta ödənişi edilə bilməz. Mülki işin materiallarında olan "xxxx" MMC tərəfindən verilən N4039 nömrəli satış çekindən görünür ki, İddiaçı tərəfindən 232,22 manat məbləğində müayinə haqqı ödənilmişdir. Mülki işin materiallarında olan 10 fevral 2023-cü il tarixli, 8/403 nömrəli ekspert rəyindən görünür ki, foto görüntülər nəqliyyat vasitəsinin xarici səthində bəzi hissələrin üzərində əzilmənin formasını, xarakterini dəqiq təyin etməyə imkan vermədiyindən, həmin hissələrin dəyişilməli və yaxud təmirə ehtiyac olması haqqında ekspert tərəfindən konkret nəticəyə gəlmək mümkün olmur. Belə ki, nəqliyyat vasitəsinin foto görüntülərindən kənarda olan sahələrində də zədələr ola bilər. Foto görüntülərindən kənarda olan sahələrdə, yəni nəqliyyat vasitəsinin salonunda, mühərrik bölməsində, transmissiyasında, gediş hissəsində, aqreqat və mexanizmlərində, həmçinin görünməsi digər hissələrlə məhdudlaşan yerlərdə zədələrin olub-olmamasını isə ümumiyyətlə aşkar etmək mümkün deyildir. Göstərilən səbəblərə görə foto görüntülərə əsasən nəqliyyat vasitəsinin zədələnmiş hissələrinin dəyişilməli, yaxud təmirə ehtiyacı olmasını konkret müəyyən etmək mümkün olmur və belə vəziyyətdə foto görüntülərə əsasən müəyyən edilmiş maddi ziyan faktiki maddi ziyandan kəskin fərqlənə bilər. Odur ki, qeyd olunan sual üzrə yolnəqliyyat hadisələri ekspertizaları tədqiqatı aparılmır. Tədqiqatın dəyəri 50 (əlli) manat təşkil etmişdir. Mülki işin materiallarında olan iş üzrə təyin edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 14 aprel 2023-cü il tarixli, 9/867 nömrəli məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, iş materiallarında olan qüsur aktlarındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2011-ci il buraxılışlı “Mercedes Benz ML350”markalı, **-CF-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 13.037,0 manat müəyyən edilir. Tədqiqatın dəyəri 100 (yüz) manat təşkil etmişdir. Mülki işin materiallarında olan xx.xx.2022-ci il tarixli, 14241 nömrəli qəbzin surətindən görünür ki, İddiaçı tərəfindən X5 məxsus hesaba vəkil qonorarı olaraq 500 (beş yüz) manat məbləğində pul vəsaiti köçürülmüşdür. Mülki işin materiallarında olan ********** nömrəli qəbzdən görünür ki, iddia qaldırılması üçün iddiaçı tərəfindən 142,81 (yüz qırx iki manat, səksən bir qəpik) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur; 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir; 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər; 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur; 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanunun 25.1, 25.1.3-cü maddələrinə əsasən sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ - icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Məhkəmə tərəfindən təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyində göstərilmişdir ki, 2011-ci il buraxılışlı “Mercedes Benz ML350”markalı, **-CF-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 13.037,0 manat müəyyən edilmişdir. Eyni zamanda, iş materiallarından göründüyü kimi İddiaçı tərəfindən 232,22 manat məbləğində müayinə haqqı ödənilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, xx.xx.2022-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində İddiaçı mülkiyyətində olan «Mercedes Benz ML350» markalı, **-CF-*** dövlət qeydiyyat nişanlı avtomobilə ziyan dəymişdir. İddiaçı baş vermiş hadisə ilə bağlı sığorta ödənişinin alınması üçün cavabdehə müraciət etmiş, lakin sığorta şirkəti dəymiş ziyanı 6790 manat məbləğində qiymətləndirilmişdir. Müstəqil ekspert rəyi əsasında avtomobilə dəymiş ziyan 7230 manat məbləğində qiymətləndirilmişdir. İş üzrə keçirilmiş 14 aprel 2023-cü il tarixli məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyi ilə müəyyən edilmişdir ki, 2011-ci il buraxılışlı «Mercedes Benz ML350» markalı, **-CF-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın məbləği 13037 manat təşkil etmişdir. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, hesablanan ziyan məbləğləri ilə razı deyil. Bu səbəbdən iddiaçı cavabdehdən vurulmuş ziyanın əvəzi kimi 16.800 manat məbləğində sığorta ödənişinin tutulmasını xahiş etmişdir. Məhkəmə ilk növbədə iddia tələbinə münasibətdə qeyd edir ki, baş vermiş yolnəqliyyat hadisəsi sığorta hadisəsi hesab olunması ilə bağlı tərəflər arasında hər hansı mübahisə yoxdur və yaranmış mübahisə göründüyü kimi vurulmuş ziyan məbləği ilə əlaqədar olmuşdur. Məhkəmə hesab edir ki, iddia tələbi maddi ziyanın ödənilməsi hissəsində qismən təmin edilməli və cavabdehdən dəymiş ziyan kimi iddiaçının xeyrinə 13.037 manat məbləğində sığorta ödənişi və 232,22 manat məbləğində müayinə haqqı tutulmalıdır. İddianın hüquqi yardıma görə ödənilmiş cəmi 500 manat məbləğində pulun cavabdehdən alınması hissəsi ilə əlaqədar məhkəmə hesab edir ki, iddia bu hissədə qisməm təmin olunmalı və hüquqi yardım xərcinin əvəzi ağlabatan həcmdə, yəni 250 manat məbləğində cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Bundan başqa, iddianın dövlət rüsumu olaraq ödənilmiş 142,59 manat məbləğində pulun cavabdehdən alınması hissəsinə münasibətdə qeyd edir ki, iddia bu hissədə təmin olunmalı, dövlət rüsumunun əvəzi cavabdehdən alınıb iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iddia tələbinin qətnamənin icra olunduğu gün həmin məbləğdə əlavə olaraq əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmaqla 8,25% həcmində faiz məbləğinin cavabdehdən alınması hissəsinə münasibətdə qeyd edir ki, bu hissədə iddia tələbi rədd edilməlidir. Belə ki, iddiaçının istinad etdiyi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Halbuki, cavabdeh iddiaçıya sığorta ödənişinin verilməsindən boyun qaçırmır, belə ki, cavabdeh ödəniş təklif etmiş, lakin iddiaçı həmin ödənişlə razılaşmamışdır. Odur ki, iddia tələbi həmin hissədə əsassız olmaqla təmin edilməməlidir. Beləliklə məhkəmə qeyd edilənləri ümumiləşdirərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh "xxxx" ASC-dən 13.037 manat məbləğində sığorta ödənişi, qiymətləndirmə üçün iddiaçı tərəfindən ödənilmiş 232,22 manat məbləğində müayinə haqqı, iddia qaldırılması üçün nümayəndəyə ödənilmiş 250 manat məbləğində qonarar və iddia qaldırılması üçün ödənilmiş 142,59 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 13661,81 manat məbləğində pul İddiaçı xeyrinə tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Həmçinin, məhkəmə hesab edir ki, iş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 150 (yüz əlli) manat məbləğində pul cavabdeh "xxxx" ASC-dən alınaraq Az.MEM, VÖEN **********, X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ43CTRE******************** hesabına köçürülməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh "xxxx" ASC-dən 13.037 (on üç min otuz yeddi) manat məbləğində sığorta ödənişi, qiymətləndirmə üçün iddiaçı tərəfindən ödənilmiş 232,22 (iki yüz otuz iki manat iyirmi iki qəpik) manat məbləğində müayinə haqqı, iddia qaldırılması üçün nümayəndəyə ödənilmiş 250 (iki yüz əlli) manat məbləğində qonarar və iddia qaldırılması üçün ödənilmiş 142,59 (yüz qırx iki manat əlli doqquz qəpik) manat məbləğində dövlət rüsumu olmaqla cəmi 13661,81 (on üç min altı yüz altmış bir manat səksən bir qəpik) manat məbləğində pul İddiaçı xeyrinə tutulsun. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 150 (yüz əlli) manat cavabdeh "xxxx" ASC-dən tutulub Az.MEM, VÖEN **********, X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ43CTRE******************** hesabına köçürülsün. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natavan Tağıyeva
Məhkəmə qərarları › İş №e-2(006)-540/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-540/2023
06.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver