Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(006)-5418/2025 10.10.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Abidova Günay Çingiz qızı, iddiaçılar X2 və digərlərinin Maraqlı şəxs1 Kəmalətdin qızı və X1 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə Cavabdeh qarşı «əmlak üzərində payın müəyyən edilməsi və s.» tələbinə dair iddia ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİM: Təsviri hissə:
1. İddiaçılar X4 və digərləri Maraqlı şəxs1 Kəmalətdin qızı və X1 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə Cavabdeh qarşı «əmlak üzərində payın müəyyən edilməsi və s.» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Yesenin küçəsi, döngə 2, 5 saylı fərdi yaşayış evinin aşağıdakı şəkildə: - İddiaçı2 – 1/5 pay; - İddiaçı5 – 1/10 pay; - İddiaçı6 – 1/10 pay; - İddiaçı1 – 1/10 pay; - İddiaçı3 – 1/10 pay; - İddiaçı4 Kəmalətdin oğlu – 1/5 paya bölünərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçılara geri qaytarılmalıdır.
Əsaslandırıcı hissə:
3. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 35.1-ci maddə. Qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. 39.1-ci maddə. Daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. 114.1, 114.1.3. Bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. 152.1, 152.1.3-cü maddə. Əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri iddiaçıya geri qaytarır. 152.4-cü maddə. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur.
4. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1, 35.3 və 39.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 iyun 2021-ci il tarixli Qərarı: Mülki prosessual qanunvericiliyin ərazi aidiyyətinə dair normalarından görünür ki, qanunvericinin ərazi aidiyyətinin müəyyənləşdirilməsində başlıca məqsədi şəxslərin məhkəməyə əlçatanlığının, işlərə ağlabatan müddətdə baxılmasının, prosessual qənaət prinsipinin, ədalət mühakiməsinin səmərəliliyinin təmin edilməsidir. Müstəsna aidiyyətin mahiyyəti ondan ibarətdir ki, iddiaçının konkret işə baxılması üçün bu və ya digər məhkəməni öz iradəsinə uyğun olaraq seçmək imkanı istisna olunur və müvafiq işə yalnız Mülki Prosessual Məcəllənin 39-cu maddəsində göstərilmiş məhkəmədə baxılır. Müstəsna aidiyyət müvafiq işlərin düzgün və vaxtında həlli üçün əhəmiyyətli dərəcədə əlverişli şərait yaradılmasının təmin edilməsinə yönəlmişdir. Qanunla xüsusilə daşınmaz əşya ilə bağlı tələblər üzrə müstəsna aidiyyətin müəyyən edilməsi mübahisə predmeti olan əşyanın yerində müayinəsi, həmin əşyaya dair sənədlərin vaxtında toplanması, eləcə də mülki işin ədalətli və qanunauyğun həllinə yönəlmiş digər prosessual hərəkətlərin yerinə yetirilməsini asanlaşdırır və işə obyektiv baxılmasının təmin edilməsinə xidmət edir.
5. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilir ki, üzərində iddiaçıların paylarının müvafiq formada müəyyən edilməsi (mülkiyyət hüquqlarının tanınması) tələb edilən daşınmaz əmlak Xəzər rayonu ərazisində yerləşdiyindən, məhkəmənin qənaətinə görə, şəxslərin məhkəməyə əlçatanlığının, mübahisəyə ağlabatan müddətdə baxılmasının, prosessual qənaət prinsipinin, ədalət mühakiməsinin səmərəliliyinin, mübahisənin düzgün və vaxtında həlli üçün əhəmiyyətli dərəcədə əlverişli şərait yaradılmasının təmin edilməsi, mübahisə predmeti olan əşyanın yerində müayinəsi, sübutların olduğu yerdə tədiqiqinin aparılması, həmin əşyaya dair sənədlərin vaxtında toplanması, eləcə də mülki işin ədalətli və qanunauyğun həllinə yönəlmiş digər prosessual hərəkətlərin yerinə yetirilməsinin asanlaşdırılması, işə obyektiv baxılmasının təmin edilməsi məqsədilə hazırkı mübahisəyə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsində baxılmalı deyil.
6. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, iddia ərizəsinin məhkəməyə verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir.
7. Hesab edirəm ki, işə ərazi aidiyyəti üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsində baxılmalı olmadığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçılara, həmçinin, ödənilmiş dövlət rüsumu onu ödəyən şəxsə geri qaytarılmalı, iddiaçılara hazırkı tələblə aidiyyəti məhkəməyə müraciət etmək hüququ izah edilməlidir.
Nəticə:
8. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 39.1, 114, 152, 263-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq
QƏRARA ALDİM:
İddiaçılar X2 və digərlərinin Maraqlı şəxs1 Kəmalətdin qızı və X1 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə Cavabdeh qarşı «əmlak üzərində payın müəyyən edilməsi və s.» tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçılara geri qaytarılsın. Dövlət büdcəsinə dövlət rüsumu kimi ödənilmiş 100 (bir yüz) manat məbləğində pul iddiaçıların vəkili-nümayəndəsi Vəkil geri qaytarılsın (qəbz №: **********). İddiaçılara izah edilsin ki, hazırkı tələblə aidiyyəti məhkəməyə müraciət etmək hüquqları vardır. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) şikayət verilə bilər.
Hakim: Günay Abidova