Məhkəmə qərarları › İş №e-2(006)-5479/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №e-2(006)-5479/2025

31.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(006)-5479/2025 31.10.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Əfsanə Elbrus qızının sədrliyi ilə, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında verdiyi ərizəyə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında məhkəməyə müraciət etmişdir. Məhkəmə iş materiallarını və təqdim edilmiş sənədləri araşdıraraq hesab edir ki, hazırkı iş üzrə icraata Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinin tələbinə uyğun olaraq, xitam verilməlidir. Belə ki, elektron informasiya sistemindən əldə edilmiş məlumatdan görünür ki, Cavabdeh xx.xx.2025-ci il tarixdə ölmüşdür. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından da göründüyü kimi, iddia ərizəsində cavabdeh kimi göstərilmiş Cavabdeh iddia ərizəsinin xx.xx.2025-ci il tarixdə məhkəməyə verilməsindən əvvəl, yəni xx.xx.2025-ci il tarixdə ölmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 24.1-ci maddəsinə əsasən fiziki şəxs hüquq münasibətlərində öz adından iştirak edən insan fərdidir. Halbuki, Mülki Məcəllənin 25.2-ci maddəsinə görə fiziki şəxsin hüquq qabiliyyəti onun ölümü ilə xətm edilir. Belə olan halda ölmüş şəxsin Mülki Prosessual Məcəllənin 48 və 49-cu maddələrində təsbit olunmuş mülki prosessual hüquq qabiliyyəti və mülki prosessual fəaliyyət qabiliyyəti mövcud deyildir. Odur ki, insan öldükdən sonra fiziki şəxs hesab olunmur. Azərbaycan Respublikası MPM-in 50.3-cü maddəsinə əsasən iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Yəni, mülki prosesdə cavabdeh, fiziki şəxs olmalıdır. Ölmüş şəxs fiziki şəxs (cavabdeh) hesab olunmadığından, ölmüş şəxsə qarşı verilmiş iddia ərizəsinə də məhkəmə qaydasında baxıla bilməz. Eyni zamanda məhkəmə qeyd edir ki, Cavabdeh iddia ərizəsi verilməmişdən əvvəl öldüyündən hazırki iş üzrə prosessual hüquq varisliyinə də yol verilmir. Belə ki, ölən şəxs sağlığında prosessual hüquqi statusa (iddiaçı, cavabdeh və sair) malik olduğu halda, prosessual hüquq varisliyi (prosessual hüquq və vəzifələrin başqa şəxsə keçməsi) mümkündür. İddia verilənə qədər şəxs ölmüşdürsə, o, prosessual hüquqi statusa malik olmur, ölmüş şəxsin malik olmadığı status isə başqa şəxsə keçə bilməz. MPM-nin 58-ci maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətində və ya qətnamə ilə müəyyən edilən hüquq münasibətində tərəflərdən biri sıradan çıxdıqda (şəxs öldükdə, hüquqi şəxs yenidən təşkil edildikdə, tələb güzəşt edildikdə, borc köçürüldükdə və maddi hüquq münasibətlərində şəxslərin dəyişməsinin digər hallarında) məhkəmə həmin tərəfi onun hüquq varisi ilə əvəz etməyə yol verir. Hüquq varisliyi prosesin hər hansı mərhələsində mümkündür. Beləliklə məhkəmənin iş üzrə gəldiyi nəticəyə görə ölmüş şəxsə qarşı iddia irəli sürülməsi, eyni zamanda məhkəmə tərəfindən həmin şəxsin tərəf kimi qəbul edilməsi və mübahisəyə mahiyyəti üzrə baxılması prosessual baxımdan qeyri-mümkündür. MPM-in 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Həmin Məcəllənin 114.1.4-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu geri qaytarılır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, **********67 nömrəli qəbzdən aydın olur ki, hazırkı iddia tələbinin irəli sürülməsi üçün İddiaçı tərəfindən 30 AZN (otuz manat) məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, iş üzrə icraata xitam verilməli və İddiaçı tərəfindən iddia ərizəsinin məhkəməyə verilməsinə görə ödənilmiş 30 AZN (otuz manat) dövlət rüsumu dövlət büdcəsindən ona qaytarılmalı, qərardadın rüsumun qaytarılması hissəsində icrası Bakı şəhəri üzrə Baş Maliyyə İdarəsinə həvalə edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 261.0.1, 262, 263, 264, 267, 268 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair mülki işin icraatına xitam verilsin. İddiaçı tərəfindən iddia ərizəsinin məhkəməyə verilməsinə görə ödənilmiş 30 AZN (otuz manat) məbləğində dövlət rüsumu dövlət büdcəsindən ona qaytarılsın. İddiaçıya izah olunsun ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətinə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Əfsanə Heydərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar