Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-552/2025 07.03.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Həbibə Novruz qızının sədrliyi, məhkəmə iclasının katibi Xalıqova Məstanə Mətləb qızının katibliyi, iddiaçının nümayəndəsi X1, cavabdehin nümayəndəsi və vəkili Vəkil (yekun məhkəmə iclasına gəlməmişdir) iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı dəymiş zərərin ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçının tələbi: İddiaçı MMC Cavabdeh qarşı dəymiş zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əldən çıxmış fayda olaraq 2,118.00 (iki min bir yüz on səkkiz) AZN əsas borc,1164.90 (bir min bir yüz altmış dörd manat doxsan qəpik) manat cərimə borcu və real zərər olaraq avtomobil cavabdehin istifadəsindən geri alındıqdan sonra nəqliyyat vasitəsinin təmir (servis) xərcləri 1,970.00 (bir min doqquz yüz yetmiş) manat olmaqla ümumilikdə 5,252.90 (beş min iki yüz əlli iki manat doxsan qəpik) manat pul vəsaitinin və ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin iddia ərizəsində qeyd edilən halları: İddiaçı MMC (“Satıcı”) və Cavabdeh (“Alıcı”) arasında Avtomobil Alqı-satqısına dair xx.xx.2023-cü il tarixli B-145-AAE-23 saylı Müqavilə imzalanmışdır. Müqaviləyə əsasən satıcı dəyəri ƏDV daxil 67.930,00 (altmış yeddi min doqquz yüz otuz) manat müəyyən edilən Changan F70 markalı, buraxılış ili 2023 olan (VİN: LSCBBZ2G8PG728108), rəngi ağ metal) avtonəqliyyat vasitəsi satıcı tərəfindən Alıcının avtomobilin dəyəri tam ödənilənədək alıcının (iş üzrə cavabdeh) sahibliyi və istifadəsinə verilmişdir. Müqavilənin 2.1-ci bəndinə əsasən, cavabdeh 4.390,00 (dörd min üç yüz doxsan) manat ilkin ödəniş etmiş, 63,540.00 (altmış üç min beş yüz qırx) manat qalan məbləğin isə xx.xx.2023-cü il tarixindən etibarən 60 (altmış) ay müddətinə, ayda 1,059.00 (bir min əlli doqquz) manat olmaqla iddiaçıya ödəməyi öz öhdəsinə götürmüşdür. İddiaçı MMC tərəfindən müqavilə üzrə öhdəliklərinin tam şəkildə icra edilərək nəqliyyat vasitəsinin cavabdehə qüsursuz şəkildə təhvil verilməsinə baxmayaraq, Cavabdeh tərəfindən Müqavilə üzrə ödəniş öhdəlikləri vaxtında icra edilməmiş (sonuncu ödəniş xx.xx.2023-cü il tarixində olmuşdur), bununla bağlı şifahi danışıqlar aparılmış lakin cavabdehin ödənişləri etmək niyyətində olmaması və müqaviləni əhəmiyyətli dərəcədə pozması səbəbindən, yəni iki aydan artıq müddətdə iddiaçıya ödəməli olduğu məbləği gecikdirdiyinə və ödənişləri etməkdən yayındığına görə müqavilə predmeti olan 77AD591 qeydiyyat nömrəli Changan F70 markalı avtomobil xx.xx.2024-cü il tarixində cavabdehin sahibliyindən geri götürülmüş, iddiaçı tərəfindən cavabdehə gecikdirilən ödənişlərin təmin edilməsinə, əks təqdirdə müqaviləyə xitam veriləcəyi barədə xx.xx.2024-cü il tarixində xəbərdarlıq məktubu göndərilmiş, bu da bir nəticə vermədiyindən iddiaçı tərəfindən xx.xx.2024-cü il tarixində Müqavilənin 3.2.6- cı bəndinə əsasən xx.xx.2023-cü il tarixli B- 145-AAE-23 saylı Müqaviləyə birtərəfli qaydada xitam verilmişdir. Avtomobil iddiaçıya məxsus servis-təmir müəssisəsinə gətirilmiş, avtomobilə baxış keçirilmiş və baxışın nəticəsinə dair akt tərtib olunmuşdur. Həmin akta əsasən, cavabdehin istifadəsinə verilmiş Changan F70 markalı, buraxılış ili 2023 olan (VİN: LSCBBZ2G8PG728108) avtomobilin müqavilənin bağlanmasından əvvəlki vəziyyətə gətirilməsi üçün çəkilməli olan xərclərin ümumi dəyəri 1,970.00 (bir min doqquz yüz yetmiş) manat müəyyən edilmiş və qeyd edilən həcmdə İddiaçı MMC-yə real zərər dəymişdir. Eyni zamanda cavabdeh tərəfindən ödənişin edildiyi son tarix olan xx.xx.2023-cü il tarixindən avtomobilin geri götürüldüyü xx.xx.2024-cü il tarixinədək cavabdeh tərəfindən heç bir ödəniş edilmədiyindən cavabdehin bağlanmış müqavilə üzrə əldən çıxmış fayda olaraq 2,118.00 (iki min bir yüz on səkkiz) manat məbləğində əsas borcu, həmçinin müqaviləyə əsasən borcun ödənilməsinin gecikdirildiyi günlər üçün müqavilənin xitamına qədər hesablanmış 1164.90 (bir min bir yüz altmış dörd manat doxsan qəpik) manat məbləğində dəbbə pulu yaranmışdır. Beləliklə Cavabdeh tərəfindən müqavilə üzrə öhdəliklərini əhəmiyyətli dərəcədə pozması nəticəsində İddiaçı MMC-yə ümumilikdə 5,252.90 (beş min iki yüzəlli iki manat doxsan qəpik) manat miqdarında zərər dəymişdir. İddiaçıya dəymiş zərərin ödənilməsi tələbi ilə İddiaçı MMC tərəfindən cavabdehə dəfələrlə şifahi müraciətlər edilmişdir. Lakin edilən müraciətlərə cavabdeh tərəfindən heç bir məhəl qoyulmamış, zərərin ödənilməsi istiqamətində heç bir tədbir görülməmişdir. Nəticə etibarı ilə, hazırkı mübahisəli məsələnin həll edilməsi məqsədi ilə məhkəməyə müraciət edilməsi zərurəti yaranmışdır. Tərəflər arasında imzalanmış xx.xx.2023-cü il tarixli B-145-AAE-23 saylı Müqavilənin 3.2.2, 3.2.5, 3.2.6 və 3.2.7-ci bəndlərinə əsasən, müqavilə bağlandığı tarixdən etibarən Alıcı Müqavilə üzrə müvafiq ödənişləri tam və vaxtında icra etməzsə, yaxud Satıcıya Müqavilə üzrə ödənişləri tam və vaxtında icra etməzsə, yaxud Satıcıya Müqavilənin tam məbləğini ödəmək üçün maliyyə qabiliyyəti haqqında mötəbər sübutu təqdim etməzsə, Satıcı müqaviləyə birtərəfli qaydada xitam vermək hüququna malikdir. Alıcı bundan imtina etdiyi təqdirdə, Satıcı məhkəmə yolu ilə bu məbləği tələb edəcəkdir. Həmin Müqavilənin 2.5-ci bəndinə əsasən “Alıcı nəqliyyat vasitəsinin dəyərini hazırkı müqavilənin ayrılmaz tərkib hissəsi olan 2.1-ci bəndinə uyğun olaraq “Satıcı”ya ödəməlidir. Gecikdirilən hər gün üçün X3 aylıq ödənişinin 1 (bir) faizi həcmində cərimə (dəbbə pulu) ödəyəcəkdir. Cavabdehin etirazı: Cavabdeh Nəbiyev X4 Fuad Rafiq oğlu iddia ərizəsinə etirazla məhkəməyə müraciət edərək göstərmişdir ki, İddiaçı MMC-nin Cavabdeh qarşıəldən çıxmış fayda olaraq 2,118.00 (iki min bir yüz on səkkiz) AZN əsas borcun, 1164.90 (bir min bir yüz altmış dörd manat doxsan qəpik) manat cərimə borcunun və real zərər olaraq avtomobil cavabdehin istifadəsindən geri alındıqdan sonra nəqliyyat vasitəsinin təmir (servis) xərcləri 1,970.00 (bir min doqquz yüz yetmiş) manat olmaqla ümumilikdə 5,252.90 (beş min iki yüz əlli iki manat doxsan qəpik) manat pul vəsaitinin və ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsinə dair verdiyi iddia ərizəsinə aşağıdakılara əsasən etiraz edirlər. Tərəflər arasında imzalanmış xx.xx.2023-cü il tarixli B-145-AAE-23 saylı Müqavilənin 3.2.5-ci bəndinə əsasən müqaviləyə xitam verildiyi halda satıcı (yəni iddiaçı) avtomobili ani likvid dəyərində 3-cü şəxslərə satdıqdan sonra satış məbləği alıcının (yəni cavabdehin) borcunu tam bağladıqda qalan məbləğ alıcıya qaytarılır. Borc bağlanmazsa satıcının qalıq məbləğin alıcıdan tələb etmək hüququ var. Qalıq məbləğ alıcı tərəfindən könüllü ödənilmədiyi təqdirdə satıcının məhkəməyə müraciət etmək hüququ yaranır. Qeyd olunmalıdır ki, Müqaviləyə əsasən satıcı dəyəri ƏDV daxil 67.930,00 (altmış yeddi min doqquz yüz otuz) manat müəyyən edilən Changan F70 markalı, buraxılış ili 2023 olan (VİN: LSCBBZ2G8PG728108), rəngi ağ metal) avtonəqliyyat vasitəsi Satıcı tərəfindən Alıcının avtomobilin dəyəri tam ödənilənədək alıcının (iş üzrə cavabdeh) sahibliyi və istifadəsinə verilmişdir. Müqavilənin 2.1-ci bəndinə əsasən, cavabdeh 4.390,00 (dörd min üç yüz doxsan) manat ilkin ödəniş etmiş, 63,540.00 (altmış üç min beş yüz qırx) manat qalan məbləğindən isə 9531 manat ödəniş etmişdir. Göründüyü kimi, cavabdeh tərəfindən cəmi 13,921 (on üç min doqquz yüz iyirmi bir) manat vəsait ödənilmişdir. Qeyd olunan avtomobilə görə alıcının qalıq borcu 54009 manat təşkil edir. Changan F70 markalı, buraxılış ili 2023 olan (VİN: LSCBBZ2G8PG728108), rəngi ağ metal) avtonəqliyyat vasitəsi həmin məbləğə iddiaçı tərəfindən satılaraq iddiaçının borcunu tam bağlaya bilər. Bundan başqa, iddiaçı 18 mart 2024-cü il və xx.xx.2024-cü il tarixlərdə göndərdiyi xəbərdarlıqlarda tələb etdiyi hansı məbləği və yaxud tələb etdiyi məbləği hansı əsaslarla tələb etdiyi barədə heç bir qeydlər yazmamışdır. İddiaçı iddia ərizəsində də tələb etdiyi əldən çıxmış fayda olaraq 2,118.00 (iki min bir yüz on səkkiz) manat əsas borcun, 1164.90 (bir min bir yüz altmış dörd manat doxsan qəpik) manat cərimə borcunun və real zərər olaraq avtomobil cavabdehin istifadəsindən geri alındıqdan sonra nəqliyyat vasitəsinin təmir (servis) xərcləri 1,970.00 (bir min doqquz yüz yetmiş) manatın hansı əsaslarla yaranması barədə heç bir qeydlər aparmamışdır. İddiaçı iddia ərizəsinin 3-cü abzasında “avtomobil iddiaçıya məxsus servis-təmir müəssisəsinə gətirilmiş, avtomobilə baxış keçirilmiş və baxışın nəticəsinə dair akt tərtib olunmuşdur. Həmin akta əsasən, cavabdehin istifadəsinə verilmiş Changan F70 markalı, buraxılış ili 2023 olan (VİN: LSCBBZ2G8PG728108) avtomobilin müqavilənin bağlanmasından əvvəlki vəziyyətə gətirilməsi üçün çəkilməli olan xərclərin ümumi dəyəri 1,970.00 (bir min doqquz yüz yetmiş) manat müəyyən edilmiş və qeyd edilən həcmdə İddiaçı MMC-yə real zərər dəymişdir. Təhvil verilmiş avtomobil tam saz vəziyyətdə olmuş, onun hər hansı təmirə ehtiyacı olmamışdır. Sual yaranır- avtomobilə harada və kim tərəfindən zərər yetirilib və yaxud avtomobilə dəymiş zərərlə bağlı baxış keçirilməsi barədə cavabdehə niyə hər hansı vasitə ilə (telefon və yaxud poçt vasitəsilə) məlumat verilməmişdir. Avtomobilə dəymiş hər hansı bir zərərlə bağlı baxış cavabdehin iştirakı ilə keçirilməyibsə həmin zərərin ondan tələb edilməsi qeyri-qanunidir. Yəni qeyd olunan 1,970.00 (bir min doqquz yüz yetmiş) real zərərin nədən və haradan yaranması barədə heç bir sübut olmadığından həmin məbləğin tələb edilməsi əsassızdır. Bundan başqa, müqavilə predmeti olan 77AD591 qeydiyyat nömrəli Changan F70 markalı avtomobil xx.xx.2024-cü il tarixində cavabdehin sahibliyindən geri götürülən zaman dərhal niyə akt tərtib edilməmişdir. İddiaçının iddia ərizəsinə əlavə etdiyi nəqliyyat vasitəsinə baxış keçirilməsinə dair aktda nə tarix, nə də ki nömrə qeyd edilməmişdir. Həmin aktın doğruluğu şübhə yaradır. Bundan başqa avtomobilə dəymiş zərərlə bağlı dəyişdirilmiş ehtiyat hissələri hazırda haradadır-yəni maddi sübut kimi heç olmasa foto şəkilləri iddia ərizəsinə əlavə edilməli idi, bundan başqa nəqliyyat vasitəsinə baxış keçirilməsinə dair aktda dəyişdirilmiş ehtiyat hissələrinin-yəni yeni alınmış ehtiyat hissələrinə dair kassa qəbzləri niyə iddia ərizəsinə əlavə edilməmişdir. İddiaçı iddia ərizəsinin 4-ü abzasında-həmçinin müqaviləyə əsasən borcun ödənilməsinin gecikdirildiyi günlər üçün müqavilənin xitamına qədər hesablanmış 1164.90 (bir min bir yüz altmış dörd manat doxsan qəpik) manat məbləğində dəbbə pulu yaranmasını qeyd etmişdir. Birincisi 1164.90 (bir min bir yüz altmış dörd manat doxsan qəpik) manat məbləğində dəbbə pulu hansı əsaslarla və düsturla hesablanmışdır. İkincisi yuxarıda qeyd etdiyi kimi, əgər iddiaçı tələb etdiyi 2,118.00 (iki min bir yüz on səkkiz) manat əsas borcun tələb edilməsi barədə iddia ərizəsinə ödəniş qrafikini, cavabdeh tərəfindən ödənilən məbləğ barədə qəbzləri və ya ümumiyyətlə ödəniş barədə hər-hansı kassa mədaxil qəbzini əlavə etməmişdisə, deməli 1164.90 (bir min bir yüz altmış dörd manat doxsan qəpik) manat məbləğində dəbbə pulunun da tələb edilməsi düzgün deyil. Yuxarıda qeyd olunduğu kimi, iddiaçı iddia ərizəsinin təmin edlməsi barədə məhkəməyə heç bir sübut təqdim etmədiyindən iddia ərizəsinin əsassız olduğu üçün, rədd ounmasını məhkəmədən xahiş etmişdir. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X1 izahat verərək bildirdi ki, iddia tələbində irəli sürülən məbləğlərdən cavabdehə müəyyən güzəştlər edərək, 2118 manat əsas borc, 815 manat cərimə, 1460 manat təmir xərcinin, ümumilikdə 4393 manatın tutulmasına etiraz etmirlər. Məhkəmənin əvvəlki iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil etirazda göstərilən məzmunda izahat verərək iddianın rədd edilməsini xahiş etsə də, yekun məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar: Avtomobil alqı-satqısı üzrə xx.xx.2023-cü il tarixli B-145-AAE-23 nömrəli müqaviləyə əsasən avtomobilin qiyməti tərəflərin razılığı ilə 67.930 manat müəyyən edilmiş, alıcı İddiaçı MMC-yə xx.xx.2023-cü il tarixdən etibarən 60 ay müddətinə hər ay 1059 manat ödəniş etməyi öhdəsinə götürmüşdür. İddiaçı MMC-nin arayışının surətinə əsasən Cavabdeh xx.xx.2023-cü il tarixli B-145- AAE-23 nömrəli alqı-satqı müqaviləsinə əsasən İddiaçı MMC-yə xx.xx.2023-cü il tarixdə 4390.00 manat ilkin ödəniş və 580 manat icbari sığorta ödənişi etmiş, xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək hər ay 1059 manat ödəniş etməlidir. 2118 manat əsas borc, 1164.90 manat cərimə borcu hesablanmışdır. Təhvil Təslim aktına əsasən xx.xx.2023-cü il tarixdə avtomobilin qüsursuz və texniki saz vəziyyətdə alıcıya təhvil verilməsi barədə aktı Cavabdeh imza edərək qəbul etmişdir. xx.xx.2024-cü il tarixli ********** nömrəli təhvil-təslim aktına əsasən Changan F70 markalı 77AD591 dövlət qeydiyyat nişanlı avtomobilin şirkət tərəfindən qəbulu zamanı arxa baqaj qapısında ağır zərbə olduğu, baqajüstü duga rənginin atdığı, salonun çirkli olduğu müəyyən edilmişdir. xx.xx.2024-cü il tarixli qüsur aktına əsasən Changan F70 markalı avtomobilin təmiri üçün çəkilmiş xərc (işlər və ehtiyat hissələri) 1988,34 manat təşkil edir. Cavabdeh ünvanlanmış xx.xx.2024-cü il tarixli məktuba əsasən ona xx.xx.2023-cü il tarixli B-145-AAE-23 nömrəli müqavilə üzrə yaranmış borcun ödənilməsi barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır;
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1. Əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.
467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. 600.1. Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müdətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; 601.1. Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Məhkəmənin mövqeyi: Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, Mülki Məcəllənin tələbinə görə nisyə alqı-satqı müqaviləsi o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Hazırki işdə də iş materiallarına əlavə edilmiş sənədlərlə müəyyən olunur ki, tərəflər arasında qanunla müəyyən edilmiş qaydada müddətli (nisyə) alqı-satqı müqaviləsi bağlanılmış (MM m.601.1), həmin müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, cavabdeh isə üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Belə ki, İddiaçı MMC (“Satıcı”) və Cavabdeh (“Alıcı”) arasında Avtomobil Alqı-satqısına dair xx.xx.2023-cü il tarixli B-145-AAE-23 saylı müqaviləsinə əsasən dəyəri ƏDV daxil 67.930,00 (altmış yeddi min doqquz yüz otuz) manat müəyyən edilən Changan F70 markalı avtonəqliyyat vasitəsi satıcı tərəfindən Alıcının avtomobilin dəyəri tam ödənilənədək alıcının (iş üzrə cavabdeh) sahibliyi və istifadəsinə verilmişdir. Müqavilənin 2.1-ci bəndinə əsasən, cavabdeh 4.390,00 (dörd min üç yüz doxsan) manat ilkin ödəniş etmiş, 63,540.00 (altmış üç min beş yüz qırx) manat qalan məbləğin isə xx.xx.2023-cü il tarixindən etibarən 60 (altmış) ay müddətinə,ayda 1,059.00 (bir min əlli doqquz) manat olmaqla iddiaçıya ödəməyi öz öhdəsinə götürmüşdür. Cavabdeh tərəfindən müqavilə üzrə borcun ödənilməsi tam təmin edilmədiyindən, yəni iki aydan artıq müddətdə iddiaçıya ödəməli olduğu məbləği gecikdirdiyinə və ödənişləri etməkdən yayındığına görə müqavilə predmeti olan 77AD591 qeydiyyat nömrəli Changan F70 markalı avtomobil xx.xx.2024-cü il tarixində cavabdehin sahibliyindən geri götürülmüş, iddiaçı tərəfindən cavabdehə gecikdirilən ödənişlərin təmin edilməsinə, əks təqdirdə müqaviləyə xitam veriləcəyi barədə xx.xx.2024-cü il tarixində xəbərdarlıq məktubu göndərilmiş, bu da bir nəticə vermədiyindən iddiaçı tərəfindən xx.xx.2024-cü il tarixində Müqavilənin 3.2.6-cı bəndinə əsasən xx.xx.2023-cü il tarixli B-145-AAE-23 saylı Müqaviləyə birtərəfli qaydada xitam verilmişdir. Beləliklə, Cavabdeh müqavilədən irəli gələn öhdəliyini icra etməyərək aldığı əşyanın dəyərinin tam olaraq ödənilməsini təmin etməmişdir. Nəticədə cavabdehin icra edilməmiş öhdəliyi yaranmışdır. Məhkəmə iş materiallarını nəzərə alaraq qeyd edir ki, iddiaçının təqdim etdiyi sübutlar əsas borcun ödənilməsi barədə tələbin əsaslı olduğunu təsdiq edir. Məhkəmə həmçinin iddia tələbinin cərimənin (dəbbə pulu) ödənilməsi barəsində hissəsini də araşdıraraq hesab edir ki, iddia tələbi həmin hissədə qismən əsaslıdır. İşin hallarını nəzərə alınmaqla, məhkəmə cəriməni azaldaraq iddia ərizəsində göstərilən cərimənin xx.xx.2023-cü il tarixli müqavilə üzrə 1164,90 manat (və ya iddiaçının nümayəndəsinin izahatına əsasən 815 manat) məbləğində deyil, 100 manat məbləğində müəyyən edilməsini ədalətli və məqsədəmüvafiq hesab edir. (MM m.467) Məhkəmə iddia tələbinin “real zərər olaraq avtomobil cavabdehin istifadəsindən geri alındıqdan sonra nəqliyyat vasitəsinin təmir (servis) xərcləri üçün 1,970.00 (bir min doqquz yüz yetmiş) manatın ödənilməsi” hissəsinə münasibətdə qeyd edir ki, işdə olan təhvil-təslim aktı əsasında cavabdehdən təhvil alınarkən avtomobilin qüsurlu olması və bu qüsurların aradan qaldırılması üçün iddiaçı tərəfindən təmir-bərpa işlərinə görə 1970 manatın ödənilməsi öz təsdiqini tapmışdır. Cavabdeh bunun əksini təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Odur ki, həmin hissədə də iddianı əsaslı saymaqla və iddiaçı şirkətin cavabdehə tətbiq etdiyi güzəşti nəzərə almaqla məhkəmə 1460 manatın cavabdehdən iddiaçının xeyrinə tutulmasını məqsədəmüvafiq hesab edir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı MMC-nin Cavabdeh qarşı 2,118.00 (iki min bir yüz on səkkiz) AZN əsas borc, 100 (yüz) manat cərimə borcu və nəqliyyat vasitəsinin təmir (servis) xərclərinə görə 1460 (bir min dörd yüz altmış) manat olmaqla, ümumilikdə 3678 (üç min altı yüz yetmiş səkkiz) manat pul Cavabdeh alınaraq İddiaçı MMC-yə ödənilməlidir. İddia qalan hissədə rədd edilməlidir.
Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddia qismən təmin edildiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən ödənilmiş 73 manat dövlət rüsumunun 50 manat hissəsi cavabdehdən iddiaçının xeyrinə tutulmalı, qalan hissəsi iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia qismən təmin edilsin. Cavabdeh əsas borca görə 2,118.00 (iki min bir yüz on səkkiz) manat, cərimə borcuna görə 100 (yüz) manat və təmir (servis) xərclərinə görə 1460 (bir min dörd yüz altmış) manat olmaqla, ümumilikdə 3678 (üç min altı yüz yetmiş səkkiz) manat və 50 (əlli) manat dövlət rüsumunun əvəzi alınaraq İddiaçı MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Həbibə Miriyeva