Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-558/2025 27.02.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X2 oğlunun katibliyi, Cavabdeh1 MMC-nin nümayəndəsi Nümayəndə2, digər Cavabdeh2 MMC-nin vəkilinümayəndəsi Vəkil iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə və Cavabdeh2 MMC-yə qarşı “maddi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə və “X4 Sales CO” LTD-yə qarşı “maddi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 MMC və “X4 Sales CO” LTD-dən 4390 manat maddi və 1000 manat mənəvi zərərin əvəzinin alınaraq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı vasitəçi olan Cavabdeh1 MMC ilə 10 may 2024-cü il tarixdə müqavilə bağlayaraq və 43 000 ABŞ dolları ödəyərək onun vasitəsilə Çin Xalq Respublikasından LİXİANG L7 markalı, MA40410 nömrəli, tünd boz metallik rəngli minik avtomobili gətizdirmişdir. X3 Respublikasındakı satıcısı “X4 Sales CO” LTD-dir. Həmin nəqliyyat vasitəsi 10 avqust 2024-cü il tarixdə Xocəsən yolunda yerləşən terminala daxil olub. İddiaçı avtomobili sənədləşdirərək 13 avqust 2024-cü ildə terminaldan çıxarıb dərhal yuma məntəqəsinə aparmışdır. Avtomobili yumağa verərkən üstü tozlu olub. Yuyularkən isə ban hissəsində batıq və çatlar olduğu aşkar edilmişdir. İddiaçı bu faktı dərhal foto və video çəkilişlərlə qeydə alaraq vasitəçi Cavabdeh1 MMC-yə təqdim etmişdir. Avtomobil terminala daxil olarkən və iddiaçı tərəfindən sənədləşdirildikdən sonra avtomobili oradan çıxararkən hansı vəziyyətdə olduğunun dəqiqləşdirilməsi üçün terminaldakı foto və video görüntülərinin iddiaçıya verilməsi barədə ərizə versə də ona cavab verilməyib. İddiaçı məcbur olub 26 avqust 2024-cü il tarixdə İMMOTİON TRADİNG COMPANY şirkətindən LİXİANG L7 markalı avtomobilə ban hissəsini sifariş vermiş və 2890 manat pul ödəmişdir. Ban hissəsinin dəyişdirilməsi xərcləri 1500 manat təşkil edir. Yəni, iddiaçı ümumilikdə 4390 manat zərərə məruz qalmışdır. O, cavabdeh tərəfindən aldadıldığına, ona qüsurlu mal satılıb dəyişdirilmədiyinə və pulunun geri qaytarılmadığına görə dərin mənəvi sarsıntı keçirmişdir. Özünə dəyən mənəvi zərəri 1000 manat məbləğində qiymətləndirir.
3. İddiaçı məhkəməyə “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizə təqdim edərək “X4 Sales CO” şirkətinin cavabdehlikdən çıxarılması, avtomaşının daşınması zamanı iddiaçıya dəymiş 4390 manat maddi zərərin Cavabdeh1 MMC və Cavabdeh2 MMC-dən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddiaçı ərizəsini onunla əsaslandırır ki, Cavabdeh1 MMC ilə bağlanmış müqaviləyə əsasən, sonuncu “X4 Sales CO” şirkətindən aldığı avtomaşını daşıyıb iddiaçıya təhvil verməyi öhdəsinə götürmüşdür. Müqavilənin adı “Avtomobilin idxalı haqqında” kimi göstərilsə də, cavabdehlə yaranmış hüquq münasibətləri yükdaşıma müqaviləsindən irəli gəlmişdir. Cavabdeh yükü (avtomaşını) daşıyıb salamat və zədəsiz şəkildə iddiaçıya təhvil verməyə görə məsuliyyət daşıyır. Lakin, yükün daşınması zamanı avtomaşının dam hissəsi zədələnmiş və yük salamat şəkildə iddiaçıya təhvil verilməmişdir. Avtomaşın gömrük terminalında iddiaçıya təhvil verilən zaman damı həddindən artıq dərəcədə tozla örtüldüyündən, zədələrin görünməsi qeyri-mümkün olmuşdur. Həmin zədə avtomaşın gömrük terminalının ərazisindən çıxarılaraq yuyucu servisinə təqdim edildikdən sonra aşkar edilmişdir. Zədənin avtomaşının terminalda təhvil verildiyi anda görünməsi praktik olaraq mümkün olmamışdır. Təqdim edilmiş fotoşəkillərdən və videogörüntülərdən aydın görünür ki, avtomaşın yuyucu servisinə daxil olarkən artıq damında zədələr mövcud idi. Bu zədələrin avtomaşın terminaldan çıxarıldıqdan sonra yaranması ehtimalı qeyri-mümkündür. Belə ki, təqdim edilmiş videogörüntüdə avtomaşının damında daşınma zamanı yığılmış tozun zədələrin aşkarlanmasını çətinləşdirdiyi aydın görünür. Avtomaşının daşınma zamanı zədə alması mübahisəsiz haldır və təqdim edilmiş sübutlarla tam təsdiq olunur. Lakin daşıyıcı şirkət olan cavabdeh avtomaşının terminaldan götürülməsini əsas gətirərək məsuliyyətdən yayınmış və vurulmuş ziyanı ödəməkdən imtina etmişdir. Avtomaşın daşıma zamanı və ya terminala gətirildikdən sonra zədələndiyi üçün vurulmuş ziyana məsuliyyəti Cavabdeh1 MMC və Cavabdeh2 MMC daşımalıdır. İddiaçı qeyd edir ki, Cavabdeh1 MMC ilə bağlanılmış müqavilənin 9.5-ci bəndində cavabdehin yaranmış ziyanla bağlı hər hansı məsuliyyət daşımaması qeyd edilmişdir. Mülki Məcəllənin müddəalarına əsasən Cavabdeh1 MMC ilə bağlanılmış müqavilədə vurulan zərər üçün məsuliyyəti istisna edən müqavilə şərti özü-özlüyündə etibarsız şərtdir. Müqavilənin qeyd olunan şərti AR Mülki Məcəlləsinin tələblərinə (850-859-cu maddələr) zidd olduğu üçün etibarsızdır. Bu səbəbdən müqavilənin qeyd olunan müddəası cavabdehləri maddi məsuliyyətdən azad edə bilməz. Odur ki, Cavabdeh1 MMC ilə 10 may 2024-cü il tarixində bağlanmış “avtomobilin idxalı haqqında” müqavilənin 9.5-ci bəndi Mülki Məcəllənin tələblərinə uyğun olmadığından etibarsız hesab edilməlidir. Cavabdeh “X4 Sales CO” şirkətinin avtomaşının daşınmasında hər hansı məsuliyyəti olmadığı üçün vurulan ziyan üçün məsuliyyəti Cavabdeh2 MMC və Cavabdeh1 MMC daşıyır. Cavabdehlər iddiaçıya vurulmuş ziyanı qarşılamaq istəmədikləri üçün iddiaçı məcbur olub avtomaşının zədələnmiş damını öz vəsaiti hesabına yenisi ilə əvəz etmişdir. Bununla əlaqədar iddiaçı tərəfindən əlavə xərclər çəkilmişdir. Yeni damın gətirilməsi və onun quraşdırılması ilə bağlı 4390 manat pul xərclənmişdir ki, həmin məbləğ də vurulmuş ziyanın ümumi məbləğini təşkil edir.
5. Cavabdeh1 MMC iddia ərizəsinə etirazı məhkəməyə təqdim edərək, iddia tələbinin rədd edilməsini xahiş etmişdir.
6. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı ilə Cavabdeh1 MMC arasında xx.xx.2024-cü il tarixli, istehlakçının sifarişi ilə avtomobilin idxalı haqqında 2024/05/304 saylı müqavilə imzalanmışdır. Müqaviləyə əsasən Cavabdeh1 MMC vasitəçi, İddiaçı isə sifarişçi adlanmışdır. Müqavilənin 2-ci bəndinə əsasən vasitəçi müqavilə üzrə nəzərdə tutulmuş müddət ərzində, sifarişçi tərəfindən Çin Xalq Respublikasından alınmış avtomobili sifarişçiyə Azərbaycan Respublikası Bakı şəhərində təqdim edilməsinə köməklik etməyi öz öhdəsinə götürmüşdür. Bu müqavilədə qeyd edilmiş avtomobil Azərbaycan Respublikası Bakı şəhərində Avto-nəqliyyat Gömrük idarəsinə çatdırıldıqda və bu barədə Sifarişçiyə məlumat verildikdə vasitəçinin müqavilə üzrə öhdəlikləri icra edilmiş sayılır. İddiaçı sözügedən avtomobil üzrə bank ödənişi edərək banka alqı-satqı müqaviləsini təqdim etmişdir. Həmin xx.xx.2024-cü il tarixli HTKN20240511VV saylı alqı-satqı müqaviləsinə əsasən sözügedən mübahisəli avtomobil “X4 Sales CO” LTD şirkəti tərəfindən alıcı İddiaçı satılmışdır. Əşyanı alıcya təhvil vermək satıcının borcudur və tərəflər arasında alqı-satqı müqaviləsi imzalandığından vasitəçinin hər hansı məsuliyyətindən söz gedə bilməz. Müqavilənin 2-ci bəndində deyilir ki, bu müqavilədə qeyd edilmiş avtomobil Azərbaycan Respublikası Bakı şəhərinə avtonəqliyyat Gömrük idarəsinə çatdırıldıqda və bu barədə sifarişçiyə məlumat verildikdə vasitəçinin müqavilə üzrə öhdəlikləri icra edilmiş sayılır. Cavabdeh qeyd edir ki, onun öhdəliyi alıcı ilə satıcı arasında münasibət yaratmaq və avtomobil Bakı şəhərinə Avtonəqliyyat Gömrük idarəsinə çatdırıldıqda və bu barədə sifarişçiyə məlumat verildikdə vasitəçinin müqavilə üzrə öhdəlikləri icra edilmiş sayılır. Qanunvericilik üzrə öhdəliklərini Cavabdeh1 MMC lazımınca və tam qaydada yerinə yetirmişdir. İddiaçı daşıma şirkəti tərəfindən və ya satıcı tərəfindən sözügedən avtomobili ona o formada verildiyini əsaslandıra bilməmiş, bununla bağlı hər hansı sübut məhkəməyə təqdim etməmişdir. Bu mübahisə cavabdehə aidiyyatı olmasa da avtomobilin lukuna görə tələb etdiyi məbləğ ağlasığmazdır. Həmin lukun bazar dəyəri 1500-1800 manat dəyərindədir.
a) Məhkəmə prosesi:
7. Məhkəmə iclasında Cavabdeh1 MMC-nin nümayəndəsi Nümayəndə2 iddianı qəbul etməyib, təmin edilməməsini məhkəmədən xahiş etdi.
8. Məhkəmə iclasında Cavabdeh2 MMC-nin vəkili-nümayəndəsi Vəkil iddianı qəbul etmədiyini, təmsil etdiyi müəssisənin təqsirinin olmadığını bildirib, iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi.
9. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq İddiaçı məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə göndərərək iddia tələbinin təmin edilməsini və iddia ərizəsinə iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
10. Məhkəmə cavabdehlərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir.
Əsaslandırıcı hissə: a) İş materialları:
11. Cavabdeh1 MMC ilə İddiaçı arasında bağlanmış “İstehlakçının sifarişi ilə avtomobilin idxalı haqqında” 2024/05/304 nömrəli, xx.xx.2024-cü il tarixli müqavilədən görünür ki, vasitəçi (Cavabdeh1 MMC) Çin Xalq Respublikasından xx.xx.2024-cü il, “Lixiang L7 Pro 2024” markalı avtomobilin alınmasında sifarişçiyə (İddiaçı) köməklik göstərməyi, öhdəsinə götürür, həmçinin vasitəçi qeyd edilən avtomobilin satıcısı ilə bağlanmış 304 nömrəli müqavilə əsasında razılıq əldə olunduğu təqdirdə avtomobilin bu müqavilə şərtlərinə uyğun olaraq Çin Xalq Respublikasından gətirilməsinə yardımçı olmağı, sifarişçi isə satıcı şirkət tərəfindən təyin edilmiş ödənişləri ödəməyi öz öhdəsinə götürür.
12. “X1” MMC-nin direktorunun hesabatından görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixdə “X1” şirkətindən Lixiang L7 markalı avtomobilə Ban hissəsini sifariş vermiş, İNV20240826 №-li qəbz ilə 2890 manat həmin ehtiyat hissəsinin dəyərini ödəmişdir.
13. xx.xx.2024-cü il qeydiyyat tarixli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, 99VV676 qeydiyyat nişanlı “Lixiang L7 Pro Plug-in Hibrid” minik markalı nəqliyyat vasitəsinin mülkiyyətçisi İddiaçıdur.
14. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə “Lixiang L7” markalı, MA40410 nömrəli tünd boz metallik rəngli minik avtomobilinin xx.xx.2024-cü il tarixdə Xocasən yolunda yerləşən terminala daxil olarkən və xx.xx.2024-cü ildə sənədləşdirildikdən sonra oradan çıxarılarkən terminaldakı foto və video-görüntülərin Cavabdeh2 MMC-dən tələb edilməsi qərara alınmışdır.
15. Cavabdeh2 MMC tərəfindən Nəsimi Rayon Məhkəməsinə göndərilmiş məktubdan görünür ki, terminala daxil olan və terminaldan çıxan avtonəqliyyat vasitələrinin foto və video görüntüləri tələb edilmədikdə 1 ay ərzində texniki vasitələrdə saxlanılır. Bu müddət bitdikdən sonra həmin görüntülər avtomatik olaraq silinir və yeni foto və video görüntülər köçürülür. Odur ki, texniki səbəblərdən xx.xx.2024-cü il və xx.xx.2024-cü ildə terminaldakı foto və video görüntülərin məhkəməyə təqdim edilməsi mümkün olmayacaqdır.
16. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə “Lixiang L7” markalı, MA40410 nömrəli tünd boz metallik rəngli minik avtomobilinin “X4 Sales Co. LTD” tərəfindən hansı daşıma şirkətinə təhvil verilməsi, təhvil verilərkən avtomobilin qüsursuz olubolmamasına dair tərtib edilmiş akt, daşıma şirkəti tərəfindən həmin avtomobilin qüsursuz və ya hər hansı qüsurlarla hansı şirkətə, orqana və ya şəxsə təhvil verilməsinə dair akt, Cavabdeh1 MMC ilə “X4 Sales Co. LTD” arasında bağlanmış müqavilə, İddiaçı tərəfindən avtomobilin dəyərinin Cavabdeh1 MMC və ya “X4 Sales Co. LTD”-yə ödənilməsinə dair sənədlərin Dövlət Gömrük Xidmətindən, İddiaçı, Cavabdeh1 MMC-dən və Cavabdeh2 MMC-dən tələb edilməsi qərara alınmışdır.
17. Proses iştirakçıları tərəfindən təqdim edilmiş audio-video görüntülərdən görünür ki, avtomobil avtoyuma məntəqəsinə daxil olarkən onun ban hissəsində zədənin olduğu müəyyən edilir. Digər görüntülərdə isə zədə görünmür.
18. xx.xx.2024-cü il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı tərəfindən dövlət büdcəsinə dövlət rüsumu kimi 64 manat ödəniş edilmişdir.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
19. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, İddiaçı Cavabdeh1 MMC ilə “İstehlakçının sifarişi ilə avtomobilin idxalı haqqında” xx.xx.2024-cü il tarixli müqavilə imzalamışdır. Müqavilənin predmetinə görə Cavabdeh1 MMC iddiaçıya müvafiq avtomobili almağa kömək etməyi, iddiaçı isə satıcı şirkət tərəfindən müəyyən edilmiş ödənişləri həyata keçirməyi öhdəsinə götürür. İddiaçı tərəfindən öz öhdəlikləri tam yerinə yetirilmişdir və bu barədə mübahisə yoxdur. Avtomobil Bakıya Gömrük məntəqəsinə çatdıqda iddiaçıya bu barədə Cavabdeh1 MMC-nin işçiləri tərəfindən məlumat verilmiş və iddiaçı avtomobili təhvil almışdır. Avtomobili təhvil alan iddiaçı avtomobili yuma mərkəzinə aparmış və avtomobil yuyulduqdan sonra ban hissəsində zədələrin olduğu müəyyən edilmişdir. İddiaçı hesab edir ki, Cavabdeh1 MMC öz öhdəliklərini yerinə yetirməyərək iddiaçıya qüsurlu mal təhvil vermişdir. Avtomobil daşıma zamanı və ya terminala gətirildikdən sonra zədələndiyi üçün vurulmuş ziyana görə məsuliyyəti Cavabdeh1 MMC və Cavabdeh2 MMC daşımalıdır. Buna görə də avtomobilin daşınması zamanı iddiaçıya dəymiş 4390 manat maddi zərərin Cavabdeh1 MMC və Cavabdeh2 MMC-dən alınaraq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir.
c) Məhkəmənin mövqeyi:
20. Məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan və iddia tələbinin dəlilləri sübuta yetirilmədiyindən, hazırkı iddia təmin edilməməlidir.
21. İlk növbədə məhkəmə qeyd edir ki, iddiaçı cavabdehlərə qarşı tələb hüququnu dəqiq əsaslandıra bilməmişdir. Belə ki, İddiaçı cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 MMC-dən dəymiş ziyanın ödənilməsini tələb etsə də zərərin dəqiq olaraq hansı cavabdeh tərəfindən vurulması barədə iddiaçı tərəfindən əsaslı və mötəbər sübut təqdim edilməmişdir. İddiaçı Cavabdeh1 MMC-nin onlar arasında olan yük daşıma müqaviləsi əsasında avtomobili iddiaçıya qüsurlu vəziyyətdə təqdim etdiyinə üçün dəyən zərərə görə məsuliyyətin Cavabdeh1 MMC-nin üzərində olduğunu bildirir. Bundan başqa avtomobilin daşınması zamanı və ya terminala gətirildikdən sonra zədələndiyinə görə isə Cavabdeh2 MMC-nin məsuliyyət daşıdığını bildirir. Yəni, iddiaçı tam olaraq avtomobilə kim tərəfindən ziyan dəydiyini sübut edəcək mötəbər dəlilləri məhkəməyə təqdim edə bilmir. Yalnız formal mülahizələrə əsaslanaraq fikirlər bildirir və bunları sübut edə bilmir.
22. Belə ki, iddiaçı X3 Respublikasından qüsursuz şəkildə yola düşdüyünü, terminalda avtomobili şəxsən təhvil aldığını bildirir (müvafiq təhvil-təslim aktı məhkəməyə təqdim edilməmişdir). Avtomobili təhvil aldıqdan və avtomobilin qeydiyyatı üçün müvafiq hərəkətləri etdikdən sonra avtomobili yuma məntəqəsinə apardığını və avtomobilin yuyulduqdan sonra ban hissəsində zədənin olduğunun aşkar edildiyini qeyd edir. Avtoyuma məntəqəsinin video görüntülərindən iddiaçı həm avtomobilin yuma məntəqəsinə daxil olarkən ban hissəsində diqqətlə baxdıqda zədənin olduğunun göründüyünu, həm də avtomobilin təhvil alınan vaxt üstünün təmiz olmadığını və həmin zədənin görülməsinin mümkün olmadığını bildirməklə bir-birinə zidd ifadələr təqdim edir.
23. Məhkəmə hesab edir ki, avtomobil iddiaçı tərəfindən şəxsən təhvil alınan zaman avtomobilin görülməsi mümkün olan zədələrinin (qüsurlarının) olub-olmamasına baxmaq iddiaçının öhdəliyi idi. Avtomobil təhvil verildikdən sonra zədələndiyini bildirən cavabdehlər öz dediklərini sübut etməli olduqları kimi, iddiaçı da müvafiq zədənin avtomobilin təhvil alınmazdan əvvəl baş verdiyini sübut etməlidir. Bu halda ki, iddiaçı avtomobili təhvil aldı və qüsurlar barədə qarşı tərəfi məlumatlandırmadı, həmin an avtomobili zədəli formada təhvil aldığını sübut etmək yükü iddiaçının üzərinə düşür. Hazırkı mübahisə üzrə iddiaçı avtomobilə zərərin müqavilədənkənar qaydada Cavabdeh2 MMC tərəfindən, yoxsa müqavilə üzrə öhdəliklərini yerinə yetirməyən Cavabdeh1 MMC tərəfindən vurulmasını sübut edəcək dəlilləri məhkəməyə təqdim edə bilmir.
24. İddiaçı Cavabdeh1 MMC ilə aralarında bağlanan müqavilənin yük daşıma müqaviləsi olduğunu bildirsə də həmin müqaviləyə görə cavabdeh avtomobili təyinat yerinə daşımağı deyil, iddiaçıya Bakı şəhərində təqdim edilməsinə köməklik göstərilməsini öhdəsinə götürmüşdür. Yəni, Cavabdeh1 MMC iddiaçı ilə satıcı şirkət arasında əlaqə yaratmağı və avtomobilin çatdırılmasına köməklik etməyi öz öhdəsinə götürmüşdür. Müqavilədə yükün daşınmasına dair və ya daşınma şərtlərinə dair hər hansı müddəa yoxdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, avtomobilin daşınması xarici (Qazaxıstan) daşıma şirkətləri tərəfindən həyata keçirilir. Lakin buna dair hər hansı sübut məhkəməyə təqdim edilməmişdir.
25. Məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən cavabdehlərin təqsirliliyi, hüquqazidd hərəkət və ya hərəkətsizliklərinin olması və bu səbəblə iddiaçıya maddi ziyan dəyməsi halı sübut edilmədiyindən iddia tələbi təmin edilməməlidir.
d) Tətbiq edilən hüquq və iş üzrə məhkəmənin gəldiyi nəticə:
26. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 21. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Maddə 324.5. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 404.1-404.2. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Maddə 1096, 1097.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir;
27. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 76.1-76.2. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.3-217.4. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
28. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarı: Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsi ilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.
29. Məhkəmə qeyd edir ki, sübut edilməli hallar dedikdə, mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür.
30. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki Prosessual Məcəllə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Məcəllə, həmçinin, məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Bu baxımdan iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır.
31. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyrimüəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir.
32. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə və Cavabdeh2 MMC-yə qarşı “maddi zərərin ödənilməsi” tələbinə dair iddiası təmin edilməməli, iddia təmin edilmədiyindən, iş üzrə çəkilmiş məhkəmə xərcləri İddiaçı aid edilməlidir.
Nəticə:
33. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə və Cavabdeh2 MMC-yə qarşı “maddi zərərin ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Günay Abidova