Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-5639/2021 30.09.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Cəfərov Səməd Fəxrəddin oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əhmədova Məstanə Mətləb qızının katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" KB ASC-yə qarşı «əlavə kredit müqaviləsinin və ipoteka müqaviləsinin etibarsız hesab edilməsi, maddi və mənəvi zərərin, hüquqi xidmət xərcinin və dövlət rüsumunun tutulması» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" KB ASC-yə qarşı «əlavə kredit müqaviləsinin və ipoteka müqaviləsinin etibarsız hesab edilməsi, maddi və mənəvi zərərin, hüquqi xidmət xərcinin və dövlət rüsumunun tutulması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" KB ASC ilə aralarında bağlanmış 08.05.2014-cü il tarixli 26/14 saylı əlavə kredit müqaviləsinin və 06.05.2014-cü il tarixli Umi-11/14 saylı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi; ona vurulmuş maddi zərərin əvəzi olaraq 40.000 ABŞ dolları (ödəniş tarixindəki manat ekvivalenti ilə), mənəvi zərərin əvəzi olaraq 10.000 manat, ödənilmiş 30 manat dövlət rüsumu, 500 manat hüquqi xidmət xərci olmaqla, cəmi 40.000 ABŞ dolları və 10.530 manat pulun cavabdeh "xxxx" KB ASC-dən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh "xxxx" KB ASC ilə aralarında 06.05.2014-cü il tarixli UM-11/14 saylı əsas kredit müqaviləsi çərçivəsində bağlanmış: - 08.05.2014-cü il tarixli 26/14 saylı əlavə kredit müqaviləsinə əsasən ona 36 ay müddətinə, 08.05.2017-ci il tarixədək, illik 22 % ödəmək şərtilə 40.000 ABŞ dolları; - 22.12.2014-cü il tarixli 47mspSTB/14 saylı əlavə kredit xətti müqaviləsinə əsasən borcluya 12 ay müddətinə, 22.12.2015-ci il tarixədək, illik 28 % ödəmək şərtilə 3.000 manat məbləğində kreditlər verilmişdir. Kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi "xxxx" KB ASC ilə onun arasında bağlanmış 06.05.2014-cü il tarixli Umi-11/14 saylı ipoteka müqaviləsinə əsasən onun mülkiyyətində olan Abşeron rayonu Xırdalan şəhəri 28-ci məhəllə 8 saylı evin 33 saylı mənzili "xxxx" KB ASC-yə ipotekaya qoyulmuşdur. İpoteka müqaviləsi 07.05.2014-cü il tarixdə Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin 4 saylı Ərazi İdarəsi tərəfindən dövlət qeydiyyatına alınmışdır (RX seriyalı, ******* saylı, ********** qeydiyyat nömrəli çıxarış). Müqavilə bağlandığı tarixdən 2016-cı ilədək vaxtlı-vaxtında kredit ödənişlərini həyata keçirmiş və heç bir gecikməsi olmamışdır. Ölkədə baş verən devalvasiya səbəbindən dollarla götürdüyü kredit böyük həcmdə artaraq, onu maddi çətinliyə salmışdır. Hesab edir ki, "xxxx" KB ASC ilə aralarında bağlanmış kredit və ipoteka müqavilələri, qanunvericiliyin imperativ normaları pozularaq, onun hüquqlarını bilməməsindən sui-istifadə olunaraq bağlanmış və bu səbəblə etibarsızdır. 1) Bağlanmış müqavilələrdən də göründüyü kimi, 06.05.2014-cü il tarixli UM-11/14 saylı əsas kredit müqaviləsi çərçivəsində 08.05.2014-cü il tarixli 26/14 saylı əlavə kredit müqaviləsi bağlanıb və bu müqaviləyə əsasən ona guya 36 ay müddətinə, 08.05.2017-ci il tarixədək, illik 22 % ödəmək şərti ilə 40.000 ABŞ dolları kredit verilmişdir. Bu tamamilə yalandır. Belə ki, 08.05.2014-cü il tarixli 26/14 saylı əlavə kredit müqaviləsi uydurma müqavilədir. Çünki, həmin müqavilə üzrə ona 1 qəpik də kredit verilməmişdir. Həmin müqavilə üzrə guya ona verildiyi deyilən pul onunla cavabdeh arasında əvvəl bağlanmış kredit müqaviləsi üzrə borcuna silinmiş və onu bu uydurma əlavə müqavilə ilə daha da ağır vəziyyətə salmışlar. Belə bir durumda, hesab edir ki, 08.05.2014-cü il tarixli 26/14 saylı əlavə kredit müqaviləsi uydurma müqavilə olduğu üçün Mülki Məcəllənin 340-cı maddəsi ilə etibarsız hesab edilməlidir. Belə ki, həmin normaya görə, uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Mülki Məcəllənin 390.2-ci maddəsinə əsasən müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Mülki Məcəllənin 337.1-ci maddəsinin tələbinə görə, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 2) Bundan başqa, hesab edir ki, cavabdehlə aralarında bağlanmış 06.05.2014-cü il tarixli Umi-11/14 saylı ipoteka müqaviləsi də etibarsız hesab edilməlidir. Belə ki, həmin ipoteka müqaviləsində də məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s. kimi şərtlər kredit müqaviləsinin mühüm şərtləri olmaqla yanaşı, qeyd olunan müqavilələrdə yetərli dərəcədə aydın göstərilmədiyi kimi, onun hansı kredit müqaviləsindən əmələ gələn öhdəlik üçün bağlandığı da ifadə olunmur. Məhz, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və «İpoteka haqqında» Azərbayan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4cü maddələrinin «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair» 2018-ci il 31 may tarixli Qərarında belə nəticəyə gəlmişdir ki, məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s. kimi şərtlər kredit müqaviləsinin mühüm şərtləri olmaqla yanaşı, qeyd olunan müqavilələrdə yetərli dərəcədə aydın göstərilməlidir. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə görə, müqavilənin bağlanmış sayılması üçün tərəflərin təkcə müqavilənin bütün mühüm şərtləri barəsində razılığa gəlmələri kifayət etmir. Bunun üçün, həm də tərəflərin razılığının tələb edilən formada ifadə olunması gərəkir. Göründüyü kimi, ipoteka müqaviləsinin mühüm şərtləri barədə tərəflərin iradə ifadəsi tam olaraq müəyyən edilməli olduğu halda hazırkı vəziyyətdə müqavilənin mühüm şərtləri barədə razılıq əldə edilməmişdir. Bütün bunlar səbəbi ilə 06.05.2014-cü il tarixli Umi-11/14 saylı ipoteka müqaviləsi də etibarlı hesab etmək mümkün deyildir. Müqavilənin bağlanması anının dəqiq müəyyənləşdirilməsi müqavilə iştirakçılarının mülki hüquq münasibətlərinin tənzimlənməsində böyük əhəmiyyətə malikdir. Məhz müqavilənin bağlandığı andan tərəflərin konkret hüquq və vəzifələri yaranmış olur. Mülki Məcəllənin 280.2, 280.3, 280.4, 307.1-ci maddələrinə istinad edən iddiaçı daha sonra qeyd etmişdir ki, məlum olduğu kimi, ipoteka müqaviləsində əsas öhdəliyin mahiyyəti, ölçüsü (məbləği-yuxarı həddi) göstərilmir. Bu durum həmin müqavilənin Qanunvericiliyin imperativ normalarını pozduğunu təsdiqləyir. 3) "xxxx" KB ASC bu müqavilələrdən yaranan öhdəliklərin məhkəmə qaydasında həll olunması üçün məhkəməyə müraciət etmişdir. Ona məxsus mənzil qanunsuz olaraq hərrac qaydasında satılmışdır. Əlində olan bütün pulları və mənzil əlindən çıxmışdır. Son olaraq onun və ailə üzvlərinin mənzildən qeydiyyatdan çıxarılması ilə bağlı məhkəməyə müraciət olunmuşdur. Göründüyü kimi, bir neçə qanunsuz bağlanmış müqaviləyə görə onun eyni zamanda nə qədər hüquqları pozulmuşdur və ona maddi və mənəvi zərər dəymişdir. Əlində olan hər şey, pulu, evi əlindən çıxmış, borcu kəskin olaraq artmışdır. Borcları səbəbindən gecələr yuxu belə yata bilmir, artıq nevroloji xəstəlik tapmışdır. Qeyd edilənlərə əsasən "xxxx" KB ASC ilə aralarında bağlanmış 08.05.2014-cü il tarixli 26/14 saylı əlavə kredit müqaviləsi və 06.05.2014-cü il tarixli Umi-11/14 saylı ipoteka müqavilələri etibarsız hesab edilməli və ona dəymiş maddi və mənəvi zərər ödənilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 24-cü maddəsinə, Mülki Məcəllənin 21, 23.1, 23.4-cü maddələrinə, həmçinin 16.1, 560.1-ci maddələrinə istinad edən iddiaçı qeyd etmişdir ki, cavabdehlərin hərəkətləri nəticəsində iddiaçının halı pisləşmiş, eyni zamanda qonşularının gözü qarşısında onun şəxsiyyəti alçaldılmışdır. İddiaçıya mənəvi zərərin vurulması, məhkəməyə təqdim olunan videogörüntülərdə də açıq şəkildə görünür. İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə qanunla nəzərdə tutulmuş qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəblərinin üzrlü olması barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdehin nümayəndəsi X2 məhkəmə iclasında iddianı qəbul etmədi və məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, istinad olunan maddənin mənasından göründüyü kimi sübutetmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. Avropa İnsan Hüquqları Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına» qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Eyni zamanda «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir (§93). İddiaçı tərəfindən iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair sübutlar məhkəməyə təqdim edilməmişdir. Əksinə, iş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, Abşeron rayon Məhkəməsinin 29 sentyabr 2016-cı il tarixli 2(012)-5575/2016 saylı qətnaməsi ilə iddiaçı "xxxx" KB ASC-nin cavabdeh İddiaçı və başqalarına qarşı «kreditin, kredit faizlərinin və cərimənin ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi» tələbinə dair iddiası qismən təmin edilmiş; həmin qətnamədən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 05 mart 2018-ci il tarixli 2(105)- 75/2018 saylı qətnaməsi ilə qismən təmin edilməmiş, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinə qismən dəyişiklik edilmiş, ipoteka predmetinin ilkin satış qiyməti 70.000 manat müəyyən edilmiş, qətnamə qismən – cavabdehlərin və ailə üzvlərinin həmin yaşayış sahəsindən çıxarılmalarına aid hissədə ləğv edilmiş, həmin hissədə iddia təmin edilməmiş, qalan hissədə qətnamə dəyişiklik edilmədən saxlanılmış; Abşeron rayon Məhkəməsinin 14 yanvar 2020-ci il tarixli 2(012)-350/2020 saylı qətnaməsi ilə iddiaçı "xxxx" KB ASC-nin cavabdeh İddiaçı və başqalarına qarşı «istifadə hüququna xitam verilməsi və fərdi yaşayış evindən çıxarılma» tələbinə dair iddiası təmin edilmiş; Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 10.03.2020-ci il tarixli 2(006)-1487/2020 saylı qətnaməsi ilə İddiaçı cavabdeh "xxxx" KB ASC-yə və başqalarına qarşı «hərracın yekunlarının etibarsız hesab edilməsi və çıxarışın ləğv olunması» tələbinə dair iddiası rədd edilmiş; Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 09.10.2020-ci il tarixli 2(103)- 7005/2020 saylı qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmışdır. Həmin qətnamələrin məzmunundan görünür ki, iddiaçı indiyə nədər heç bir məhkəmə mübahisəsi zamanı kredit və ipoteka müqavilələrini mübahisələndirməmişdir. Göründüyü kimi, iddia əsassızdır və təmin edilə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublİkasının Qanununun 100-cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı cavabdeh "xxxx" KB ASC-yə qarşı «əlavə kredit müqaviləsinin və ipoteka müqaviləsinin etibarsız hesab edilməsi, maddi və mənəvi zərərin, hüquqi xidmət xərcinin və dövlət rüsumunun tutulması» tələbinə dair iddiası rədd edilməlidir. Bundan başqa Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilmədiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh "xxxx" KB ASC-yə qarşı «əlavə kredit müqaviləsinin və ipoteka müqaviləsinin etibarsız hesab edilməsi, maddi və mənəvi zərərin, hüquqi xidmət xərcinin və dövlət rüsumunun tutulması» tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Səməd Cəfərov
Məhkəmə qərarları › İş №e-2(006)-5639/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-5639/2021
30.09.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver