Məhkəmə qərarları › İş №e-2(006)-565/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-565/2023

10.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-565/2023 10.02.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X4 oğlunun katibliyi ilə İddiaçı MMC-nin nümayəndəsi X1, Cavabdeh iştirakları ilə İddiaçı MMC-nin Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********96785 olan “Xiaomi Redmi 9T” markalı telefon üçün 234 (iki yüz otuz dörd) manat ödənilməmiş hissə, 23 (iyirmi üç) manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, soyuducu “Hoffmann” üçün 550.08 (beş yüz əlli manat, səkkiz qəpik) manat ödənilməmiş hissə, 55.92 (əlli beş manat, doxsan iki qəpik) manat cərimə miqdarında borcu olmaqla, ümumilikdə, 863 manat borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq İddiaçınə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2021-ci il, xx.xx.2021-ci il tarixli müqavilələrə əsasən, Cavabdeh İMEİ kodu **********96785 olan “Xiaomi Redmi 9T” markalı telefon, soyuducu “Hoffmann” almış və nəticədə 863 (səkkiz yüz altmış üç) manat borc yaranmışdır. Cavabdeh müqavilələrin şərtlərini pozmuş və nəticədə xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 576 (beş yüz yetmiş altı) manat (12 ay x 48 manat + 0 manat ilkin ödəniş), İMEİ kodu **********96785 olan “Xiaomi Redmi 9T” markalı telefon üçün ümumilikdə 257 (iki yüz əlli yeddi) manat olmaqla, ondan 234 (iki yüz otuz dörd) manat ödənilməmiş hissə, güzəşt olunaraq 23 (iyirmi üç) manat cərimə; xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 550.08 (beş yüz əlli manat səkkiz qəpik) manat (18 ay x 30.56 manat + 0 manat ilkin ödəniş) olan soyuducu “Hoffmann” üçün ümumilikdə, 606 (altı yüz altı) manat olmaqla ondan, 550.08 (beş yüz əlli manat, səkkiz qəpik) manat ödənilməmiş hissə, güzəşt olunaraq 55.92 (əlli beş manat, doxsan iki qəpik) manat miqdarında cərimə borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 342 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. İddiaçı ilə cavabdeh arasında bağlanılmış xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli müqavilələrin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktlarından görünür ki, cavabdeh əldə etdiyi məhsulları tam və qüsursuz şəkildə təhvil almışdır. İddiaçı ilə cavabdeh arasında olan telefon danışığı, həmçinin, iddiaçı tərəfindən göndərilmiş xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, cavabdehin üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğu rəsmi qaydada bildirilsə də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. İddiaçının tələbinin əsaslılığını və əmlakın dəyərini sübut sənədlər: tərəflər arasında bağlanılmış müqavilə, onun əlavəsi, bildirişi, əşyaların təhvil-təslim aktı və ödəniş cədvəlindən ibarətdir. Məhkəmə iclasında iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X2 iddianı müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul edib bildirdi ki, borcu var və bunu qəbul edir. Ödəməyə imkanı olmaması səbəbindən iddia edilən cərimə borcunun azaldılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, iddiaçının nümayəndəsinin və cavabdehin izahatını dinləyib, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli 22301916 nömrəli müqavilədən və ona əlavədən görünür ki, İddiaçı MMC İMEİ kodu **********96785 olan “Xiaomi Redmi 9T” markalı telefonu Cavabdeh satmış, Cavabdeh alınmış əşyanın əvəzində bu müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini hissə-hissə 12 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. Mülki işin materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli 094343 nömrəli müqavilədən və ona əlavədən görünür ki, İddiaçı MMC “Hoffmann” markalı soyuducunu Cavabdeh satmış, Cavabdeh alınmış əşyanın əvəzində bu müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini hissə-hissə 18 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. Mülki işin materiallarında olan "xxxx" MMC tərəfindən təqdim edilmiş xx.xx.2021-ci il tarixli və xx.xx.2021-ci il tarixli təhvil-təslim aktlarından görünür ki, Cavabdeh İMEİ kodu **********96785 olan “Xiaomi Redmi 9T” markalı telefonu və “Hoffmann” markalı soyuducunu tam qüsursuz halda təhvil almışdır. Mülki işin materiallarında olan İddiaçı MMC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2022-ci il tarixli xəbərdarlıqdan görünür ki, cavabdehə müqavilələr üzrə yaranmış borcun ödənilməsi ilə bağlı xəbərdarlıq edilmişdir. Mülki işin materiallarında olan xx.xx.2022-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh İddiaçı MMC-yə xx.xx.2021-ci il tarixli müqavilə üzrə 234 manat ödənilməmiş məbləğ, 23 manat cərimə borcu olmaqla, cəmi 257 manat, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 550.08 manat ödənilməmiş hissə, 55.92 manat cərimə borcu olmaqla, cəmi 606 manat, ümumilikdə 863 manat borcu vardır. Mülki işin materiallarında olan xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, iddia ərizəsinin verilməsinə görə 30 (otuz) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə müəyyən etdi ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli 22301916 nömrəli və xx.xx.2021-ci il tarixli 094343 nömrəli müqavilələrə əsasən iddiaçı İMEİ kodu **********96785 olan “Xiaomi Redmi 9T” markalı telefonu və “Hoffmann” markalı soyuducunu cavabdehə satmış, cavabdeh alınmış əşyaların əvəzində bu müqavilələr ilə müəyyənləşdirilmiş pul məbləğini hissə-hissə müvafiq olaraq xx.xx.2021-ci il tarixli müqavilə üzrə 12 ay, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 18 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. Cavabdehin müqavilələr üzrə cəmi ödədiyi məbləğ 342 manat təşkil edir. Cavabdeh hər iki müqavilə üzrə əldə etdiyi məhsulları tam və qüsursuz şəkildə təhvil almış, yəni iddiaçı öz öhdəliklərini yerinə yetirmişdir. Lakin cavabdeh tərəfindən müqavilələr üzrə öhdəlikləri tam icra edilməmiş və nəticədə onun iddiaçıya ümumilikdə 863 manat borcu yaranmışdır. Hazırda iddiaçı müvafiq tələblə məhkəməyə müraciət edərək, cavabdehdən müqavilələr üzrə yaranmış borcun ödənilməsini xahiş edir, cavabdeh isə iddianı qəbul edərək, müqavilələr üzrə öhdəlikləri icra edə bilməməsi səbəbindən iddiaçıya borclu olmasını etiraf edir, lakin imkanının olmaması səbəbindən cərimə məbləğinin azaldılmasını məhkəmədən xahiş edir. Məhkəmə hesab edir ki, İddiaçı MMC-nin tələbi müqavilələrə müvafiq olaraq, əsas borca münasibətdə təmin edilməli, cərimə borcuna gəldikdə isə qismən təmin edilməlidir. Belə ki, işin halları əsasında müəyyən edilir ki, tərəflər arasında nisyə alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı müqavilə üzrə öhdəliyini tam yerinə yetirmiş, lakin cavabdeh edilən xəbərdarlığa baxmayaraq, müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi tam yerinə yetirməmiş, nəticədə iddiaçıya borcu yaranmışdır. Mülki qanunvericiliyin normaları baxımından cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Məhkəmə cavabdehin iddianı qəbul etməsinə dair etirafında qanunazidd və ya başqa şəxslərin maraqlarına toxunan hal aşkar etmədiyindən, etirafı qəbul edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəlləsinin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Mülki Məcəllənin 601.2-ci maddəsində göstərilmişdir ki, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə həmin Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Mülki Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Mülki Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.2, 52.5-ci maddələrinə görə, cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 106.3-cü maddəsində göstərilmişdir ki, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Mülki Prosessual Məcəllənin 191.3.-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Mülki Prosessual Məcəllənin 220.4-cü maddəsində göstərilmişdir ki, cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə iddia tələbinin cərimənin (dəbbə pulunun) ödənilməsi hissəsi ilə əlaqədar qeyd edir ki, xx.xx.2021-ci il tarixli 22301916 nömrəli müqavilə üzrə 23 manat və xx.xx.2021-ci il tarixli 094343 nömrəli müqavilə üzrə 55.92 manat dəbbənin (cərimənin) miqdarı tənasübsüz surətdə yüksək kimi qiymətləndirilməli və həmin məbləğlər müvafiq olaraq 12 (on iki) və 28 (iyirmi səkkiz) manat məbləğinədək azaldılmalıdır. Belə ki, Mülki Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Beləliklə, məhkəmə mülki qanunvericiliyin yuxarıda qeyd edilən normalarını nəzərə alaraq, hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh: - xx.xx.2021-ci il tarixli müqavilə üzrə 234 (iki yüz otuz dörd) manat ödənilməmiş məbləğ, 12 (on iki) manat cərimə borcu olmaqla, cəmi 246 (iki yüz qırx altı) manat; - xx.xx.2021-ci il tarixli müqavilə üzrə 550.08 (beş yüz əlli manat səkkiz qəpik) manat ödənilməmiş məbləğ, 28 (iyirmi səkkiz) manat cərimə borcu olmaqla, cəmi 578.08 (beş yüz yetmiş səkkiz manat səkkiz qəpik) manat, ümumilikdə isə 824.08 (səkkiz yüz iyirmi dörd manat səkkiz qəpik) manat məbləğində pul alınaraq İddiaçı MMC-yə verilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə bağlı məhkəmə belə qənaətə gəlir ki, Mülki Prosessual Məcəllənin 119cu maddəsinə əsasən iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 28.80 (iyirmi səkkiz manat, səksən qəpik) manat hissəsi Cavabdeh alınaraq İddiaçı MMC-yə ödənilməli, qalan 1.20 (bir manat, iyirmi qəpik) manat hissəsi isə İddiaçı MMC-yə aid edilməlidir. Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə, hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli müqavilə üzrə 234 (iki yüz otuz dörd) manat ödənilməmiş məbləğ, 12 (on iki) manat cərimə borcu olmaqla, cəmi 246 (iki yüz qırx altı) manat; xx.xx.2021-ci il tarixli müqavilə üzrə 550.08 (beş yüz əlli manat səkkiz qəpik) manat ödənilməmiş məbləğ, 28 (iyirmi səkkiz) manat cərimə borcu olmaqla, cəmi 578.08 (beş yüz yetmiş səkkiz manat səkkiz qəpik) manat, ümumilikdə isə 824.08 (səkkiz yüz iyirmi dörd manat səkkiz qəpik) manat məbləğində pul alınaraq İddiaçı MMC-yə verilsin. Ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 28.80 (iyirmi səkkiz manat, səksən qəpik) manat hissəsi Cavabdeh alınaraq İddiaçı MMC-yə ödənilsin, qalan 1.20 (bir manat iyirmi qəpik) manat hissəsi isə İddiaçı MMC-yə aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar