Məhkəmə qərarları › İş №e-2(006)-5691/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-5691/2025

25.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-5691/2025 25.02.2026 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Fərəcova Gülşən Sabit qızının sədrliyi, Şəmmədova Şəhla Eynur qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili X1, Cavabdeh və onun nümayəndəsi Nümayəndə2 iştirakları ilə İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbi barədə iddiasına dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2024-cü il tarixli müqaviləsinə əsasən 2148.36 manat ödənilməmiş hissə, 214.84 manat dəbbə; ümumilikdə 2363.2 manat borc, 43.64 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh "xxxx" MMC ilə xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, Apple Macbook almış və nəticədə 2363.2 manat borc yaranmışdır. xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 2148.36 manat ödənilməmiş hissə, 214.84 manat dəbbə borcu vardır. Cavabdehin cəmi ödədiyi məbləğ 1634.6 manat təşkil edir. Tələbinin əsaslığını və əmlakın dəyərini sübut sənədlər: tərəflər arasında bağlanılmış müqavilə, onun əlavəsi, bildirişi, əşyaların təhvil-təslim aktı və ödəniş cədvəlindən ibarətdir. Sonradan iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2024-cü il tarixli müqaviləsinə əsasən 1948.36 manat ödənilməmiş hissə, 194.84 manat dəbbə; ümumilikdə 2143.2 manat borc, 43.64 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək onun təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdeh və onun nümayəndəsi iddia tələbini etiraf edərək onun təmin olunmasına etiraz etmədiklərini bildirdilər. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarından görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2024-cü il tarixdə 03487442 saylı müqavilə bağlanmışdır. Göstərilən müqaviləyə əsasən dəyəri 3782.96 manat Apple Macbook Cavabdeh nisyə satılmış və cavabdeh 18 ay müddətində ödəniş cədvəli üzrə hər ay 190.72 manat məbləğində pulu ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan maliyyə və ödəniş cədvəlindən görünür ki, cavabdehin xx.xx.2024-cü il tarixli 03487442 saylı müqavilə üzrə 1948.36 manat ödənilməmiş hissə, 194.84 manat dəbbə borcu mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış nisyə alğı-satqı müqavilələrinə əsasən məişət əşyaları almış və alğı-satqı müqaviləsi üzrə dövri ödənişlər etməyi öhdəsinə götürmüş, lakin müqavilə üzrə üzərinə düşən öhdəliyi lazımınca icra etməməklə müqavilələrin şərtlərini pozmuşdur. Buna görə də, iddiaçı göstərilən müqavilələrin şərtlərinin icrasını və ödənilməmiş əsas məbləğin qaytarılmasını tələb etməkdə haqlıdır. Belə olan halda məhkəmə hesab edir ki, müqavilələr üzrə ödənilməyən əsas borcların cavabdehdən tutulması hissəsində iddia tələbi təmin edilməlidir. İddia tələbinin dəbbə pulu hissəsinə münasibətdə məhkəmə nəzərə alır ki, Mülki Məcəllənin 466-cı maddəsinə müvafiq olaraq əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün dəbbə pulu müəyyənləşdirilmişsə, zərərin dəbbə pulu çatmamış hissəsinin əvəzi ödənilir. Qanunda və ya müqavilədə aşağıdakı hallar nəzərdə tutula bilər: zərərin deyil, yalnız dəbbə pulunun tutulmasına yol verilə bilər; dəbbə pulundan artıq zərər tam məbləğdə tutula bilər; kreditorun seçiminə uyğun, ya dəbbə pulu, ya da zərər tutula bilər. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Qeyd edilənləri rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 1948.36 manat məbləğində əsas borca münasibətdə 194.84 manat dəbbə (cərimə) borcunun tutulması əsaslı hesab edilə bilməz və tənasübsüz yüksək olduğundan azaldılmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh iddiaçının xeyrinə xx.xx.2024-cü il tarixli müqavilə üzrə 20 manat dəbbə (cərimə) pulu tutulmalıdır. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli 03487442 saylı müqavilə üzrə 1948.36 manat əsas, 20 manat cərimə və dövlət rüsumuna görə ödənilmiş 43.64 manat tutularaq "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-38, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli 03487442 saylı müqavilə üzrə 1948.36 manat əsas, 20 manat cərimə və dövlət rüsumuna görə ödənilmiş 43.64 manat tutularaq "xxxx" MMCnin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülşən Fərəcova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar