Məhkəmə qərarları › İş №e-2(006)-586/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №e-2(006)-586/2023

19.05.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(006)-586/2023 19.05.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Tağıyev Adil Elçin oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh "xxxx" ASC-nin nümayəndələri X1 və X2 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “fermer təssərüfatına elektrik enerjisinin verilməsinin bərpa edilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “fermer təssərüfatına elektrik enerjisinin verilməsinin bərpa edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2***-*******0-194 saylı abonent kodu üzrə Qobustan rayonu Çalov kənd ərazisində yerləşən kəndli fermer təsərrüfatına elektrik enerjisinin verilməsinin bərpa edilməsinin cababdeh "xxxx" ASC-nin üzərinə qoyulması və həmin təsərrüfata smart kart tipli elektrik sayğacının cavabdehin şəxsi vəsaiti hesabına quraşdırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, Qobustan rayonu Çalov kəndi ərazidə kəndli fermer təsərrüfatı ilə məşğul olurdu. Həmin fermer təsərrüfatı Qobustan rayonunun Cəyirli Bələdiyyəsinin mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaqda olmaqla həmin Bələdiyyə ilə aralarında bağlanmış icarə müqaviləsi əsasında fəaliyyət göstərirdi. Bələdiyyə öz mülkiyyətində olan torpaq sahəsindən 0,30 ha hissəsini 90 il müddətinə icarəyə vermişdir. Vaxtı ilə isə "xxxx" MMC ilə bağlanmış müqavilə əsasında fermer təsərrüfatına elektrik enerjisi (işıq xətti) çəkilmiş, 2***-*******0-194 saylı abonent kodu verilrək təsərrüfata elektrik sayğacı quraşdırılmışdır. Lakin, ərazidən keçən yüksək gərginlikli xəttin çəkilməsi ilə bağlı fermer təsərrüfatına elektrik enerjisi verilişi qanunsuz və əsassız olaraq dayandırılmış və məhz elə bu səbəbdən də, təsərrüfat tam şəkildə məhz olduğundan bir fermer kimi ciddi ziyana düşmüşdür. Uzun illərdir ki, tərəfindən aidiyyatı üzrə etdiyi müraciətlər cavabsız qaldığından son olaraq ASAN Xidmət Mərkəzi vasitəsi ilə ona cavab verilərək bildirildi ki, hansısa texniki şərtləri təmin edildikdən sonra işığın verilməsi bərpa oluna bilər. Yeni obyektə yeni işıq xətti çəkdirmək niyyətində və istəyində deyil. Onun kəndli fermer təsərrüfatının elektrik enerjisi vaxtı ilə olmuş və bunun üçün tələb olunan rəsmi bütün sənədlər aidiyyatı orqana təqdim edilmişdir. Hazırda həmin elektrik xəttinin bərpa edilməsini istəyir. Cavabdehlə yaranmış mübahisəni yoluna qoymaq cəhdləri nəticə verməmişdir. Cavabdeh bu qanunsuzluğu ilə ona külli miqdarda ziyan da vurmuş, təsərrüfatına işığı kəsməklə mal-qarası məhv olmuşdur. Məhkəmə iclasında cavabdeh "xxxx" ASC-nin nümayəndələri X1 və X3 ərizə təqdim edərək, hazırki iddianın inzibati icraat qaydasında baxılmalı olması səbəbindən xitam verilməsini xahiş etmişdilər. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinə uyğun izahat verərək, iddiaya mahiyyəti üzrə baxılmasının davam edilməsi və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə, tərəflərin izahatlarını və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” xx.xx.2015-ci il tarixli qərarının 2 və 4-cü bəndlərində göstərilmişdir ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. İnzibati orqanın iştirak etdiyi hüquq münasibətinin inzibati və ya xüsusi hüquqi münasibət olduğunu müəyyənləşdirərkən inzibati orqanın həmin münasibətdə xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirakçısı) kimi iştirak etdiyinin, yaxud hakimiyyət səlahiyyətlərinin subyekti kimi inzibati orqanın yalnız ona xas olan fəaliyyəti həyata keçirdiyinin müəyyən edilməsi vacibdir. Bu zaman ümumi (publik) hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşayiət olunduğu nəzərə alınmalıdır. “Sahibkarların mövcud və ya inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi ilə təchizatı prosedurunun sadələşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 20 fevral 2018-ci il tarixli, 1857 nömrəli Fərmanının 3-cü və 3.1-ci bəndlərinə əsasən sahibkarların tələb olunan gücü 150 kVt-a qədər (150 kVt da daxil olmaqla mövcud 0,4 kVluq şəbəkədən) olan mövcud və ya inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi (gücü) alması üçün texniki şərtlərin, layihə sənədlərinin hazırlanması və verilməsi, habelə enerji təchizatı şəbəkəsinə qoşulması ilə bağlı müraciətlər kiçik və orta biznes evləri və “ASAN Kommunal” mərkəzləri (“ASAN Kommunal” mərkəzləri yaradılmayan regionlarda - bu mərkəzlər yaradılanadək “ASAN Xidmət” mərkəzləri) vasitəsilə həyata keçirilir. Məhkəmə qeyd edir ki, iddiaçı xx.xx.2013-cü il tarixli müqaviləni iddianın əsası kimi göstərmiş, lakin iş materiallarının araşdırması zamanı müqavilənin faktiki qüvvədə olmaması və abonent kodunun mövcud olmaması müəyyən edilmiş, bununla da hazırkı iddia tələbi mülki hüquq münasibətlərindən deyil, publik hüquq münasibətlərindən irəli gəlir. Eyni zamanda hazırki işdən göründüyü kimi, iddiaçı sahibkarlıq etdiyi fermer təssərüfatına elektrik enerjisi almaq istəyir və həmin öhdəliyi hazırki cavabdeh "xxxx" ASCnin üzərinə qoyulmasını xahiş edir. İddia ərizəsində iddiaçı təssərüfatında əvvəl "xxxx" MMC ilə bağlanmış müqavilə əsasında elektrik enerjisi (işıq xətti) çəkildiyini və abonent kodu verilrək təsərrüfata elektrik sayğacı quraşdırıldığını, lakin, ərazidən keçən yüksək gərginlikli xəttin çəkilməsi ilə bağlı elektrik enerjisi verilişi dayandırıldlğı qeyd etmişdir. Lakin yuxarıda qeyd edilən Fərmanın məzmunundan aydın olur ki, sahibkarların mövcud və ya inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi (gücü) alması üçün texniki şərtlərin, layihə sənədlərinin hazırlanması və verilməsi, habelə enerji təchizatı şəbəkəsinə qoşulması ilə bağlı müraciətlər “ASAN Kommunal” mərkəzinə həvalə edilmişdir. Buna baxmayaraq iddiaçı elektrik enerkjisi xəttinin əvvəllər mövcud olduğunu əsas götürərək həmin xəttin bərpa edilməsini tələb edir. Məhkəmə qeyd edir ki, artıq həmin xətt hazırda mövcud olmadığından və şəraitin dəyişməsi səbəbindən iddiaçı müvafiq müraciət ilə “ASAN Kommunal” mərkəzinə müraciət etməli və həmin Mərkəz imtina etdiyi təqdirdə aidiyyəti üzrə səlahiyyətli olan inzibati məhkəməyə müraciət etməlidir. Beləliklə, yuxarıda göstərilənlər və prosessual qənaət prinsipinin tələbləri nəzərə alınmaqla, iddiaçının ehtimal etdiyi hüquqlarının pozulmasına inzibati orqan (inzibati akt qəbul edə bilən inzibati qurum) səbəb olduğundan məsələyə inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən işə məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4-cü maddəsinə görə işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Beləliklə, məhkəmə yuxarıda qeyd edilən qanunvericilik normalarına əsaslanaraq hesab edir ki, işə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə inzibati məhkəməyə müraciət etmək hüququ izah olunmaldır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261-264 və 268-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “fermer təssərüfatına elektrik enerjisinin verilməsinin bərpa edilməsi” tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. İddiaçı izah edilsin ki, onun aidiyyəti üzrə səlahiyyətli olan inzibati məhkəməyə müraciət etmək hüququ vardır. Qərardaddan, rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemi vasitəsilə) Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar