Məhkəmə qərarları › İş №e-2(006)-596/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-596/2024

23.04.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-596/2024 23.04.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Nail İbad oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdehlər “X4” ASC-yə və Bakı şəhəri 23 saylı notariat ofisinə qarşı icra qeydinin ləğv edilməsi və kredit müqaviləsinin etibarsız hesab olunması tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh “X4” ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 01 iyun 2023-cü il tarixli icra qeydinin ləğv edilməsi, 02 avqust 2022-ci il tarixli kredit müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə “X4” Açıq Səhmdar Cəmiyyəti arasında 22 avqust 2022-ci il tarixli 40Y/22 saylı Kredit müqaviləsi imzalanmışdır. Həmin müqavilənin təmini üsulu kimi 22 avqust 2022-ci il tarixli 40Y/22 saylı İpoteka müqaviləsi imzalanmışdır. "xxxx" ASC tərəfindən İcra qeydinin aparılmasına dair Bakı şəhəri 23 saylı Notariat ofisinin notariusuna müraciət edilmişdir. 01 iyun 2023-cü il tarixdə Bakı şəhəri 23 saylı Notariat ofisinin notariusu Zaur Dəmirov tərəfindən “İpoteka predmetinə tutmanın yönəldilməsinə dair” 01 iyun 2023-cü il tarixli İcra qeydi aparılmışdır. Bakı şəhər Nəsimi rayon İcra məmuru tərəfindən “İpoteka predmetinə tutmanın yönəldilməsinə dair” 01 iyun 2023-cü il tarixli İcra qeydinin aparılması "xxxx" MMC 12 oktyabr 2023-cü il tarixdə məlum olmuşdur. İcra qeydinə əsasən kredit müqaviləsinə görə vaxtında ödənilməmiş 71 806,44 manat əsas, 2280,43 manat faiz və 159,76 manat dəbbə pulun tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş mülkiyyət hüququ ilə İddiaçı məxsus olan ünvan 1 ünvanına yönəldilməsi, açıq hərraca çıxarılması, satılması və satışdan əldə edilən vəsaitin borcun ödənilməsi qeyd edilmişdir. Tərəfindən 12 oktyabr 2023-cü il tarixdə 23 saylı notariusa müraciət edilərək sənədlərin sürətləri əldə edilmişdir. Həmin 01 iyun 2023-cü il tarixli “İpoteka predmetinə tutmanın yönəldilməsinə dair” icra qeydi və kredit müqaviləsi ləğv edilməldir. Belə ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə “X4” Açıq Səhmdar Cəmiyyəti arasında 22 avqust 2022-ci il tarixli 40Y/22 saylı Kredit müqaviləsi imzalanmışdır. Həmin müqavilənin təmini üsulu kimi İddiaçı məxsus ünvan 2 ünvanının girov qoyulmasına dair 22 avqust 2022-ci il tarixli 40Y/22 saylı İpoteka müqaviləsi imzalanmışdır. Müqavilə imzalandıqdan sonra "xxxx" MMC tərəfindən müəyyən məbləğdə ödənişlər edilmişdir. Lakin, Bank tərəfindən ödənişlər nəzərə alınmamış, əsas, faiz və dəbbə pulu şişirdilmişdir. Bundan başqa 2022-ci il tarixdə İddiaçı məxsus ev 122 000 manat dəyərində qiymətləndirilmişdir. Lakin, icra qeydi aparılarkən bu nəzərə almamışdır ki, üstündən artıq bir ildən çox müddət keçmişdir. İcra qeydi aparılarkən İddiaçı heç bir bildiriş göndərilməmişdir. Bundan başqa icra məmuru tərəfindən ipoteka ilə yüklü edilmiş əmlak qiymətləndirilməmişdir. Həmçinin məbləğlərin çox olub-olmaması barədə heç bir araşdırılma aparılmamışdır. Daha sonra iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri 23 saylı notariat ofisini cavabdeh qismində cəlb edilməsini xahiş etdi. İddiaçının nümayəndəsi və vəkili ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməklə iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh "X4" ASC-nin nümayəndəsi X2 iddia tələbini etiraf etməməklə onun təmin olunmamasını xahiş etdi və izahatında bildirdi ki, "xxxx" KB ASC ilə borclu "xxxx" MMC arasında xx.xx.2022-ci il tarixli 40Y/22 saylı əsas kredit müqaviləsinin çərçivəsində bağlanmış xx.xx.2022-ci il tarixli 40Y/22-1 saylı əlavə kredit müqaviləsinə əsasən borcalana 18 ay müddətinə, xx.xx.2024-cü il tarixədək illik 18% ödəmək şərtilə, 100 000 manat məbləğində kredit verilmişdir. Kreditin təminatı qismində, ipoteka saxlayan "xxxx" KB ASC ilə Cavabdeh1 bağlanmış xx.xx.2022-ci il tarixli, 40Yİ/22 saylı, 3M-1053 reyestr nömrəli ipoteka müqaviləsinə əsasən İddiaçı mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən 76 kv.m sahədən ibarət 16 saylı mənzil ipoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü edilmişdir. İpoteka müqaviləsinə əsasən yüklülük Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Ərazi İdarəsində **********91-05101-093002 reyestr nömrəsi və ********** qeydiyyat nömrəsi ilə xx.xx.2022-ci il tarixində daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Kredit müqaviləsinə əlavədə nəzərdə tutulmuş ödəniş qrafiki üzrə dövri olaraq "xxxx" Kommersiya Bankına ödənilməli olan kredit və faiz borclarının həmin qrafikə uyğun ödənilməsi təmin edilməmiş və müəyyən olunmuş ödəmə müddətləri pozulmuşdur. Borclu "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli maliyyə arayışına əsasən 40Y/22-1 saylı əlavə kredit müqaviləsinə görə əsas kredit borcu üzrə 71806,44 AZN, faiz borcu üzrə 2280,43 AZN, cərimə borcu üzrə 159,89 AZN, cəmi 74246,76 AZN borcu yaranmışdır. Odur ki, xx.xx.2023-cü il tarixində ipoteka qoyan İddiaçı qeydiyyatda olduğu və ipoteka predmeti olan əmlakın ünvanına ipoteka predmetinə notariusun icra qeydi əsasında tutma yönəldilməsi barədə bildiriş, borcalan "xxxx" MMC-nin hüquqi ünvanına isə icra qeydinin aparılacağı barədə bildiriş göndərilmişdir. xx.xx.2023-cü il tarixində isə Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 1 saylı Ərazi İdarəsinə ipoteka predmetinə notariusun icra qeydi əsasında tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair ərizə ilə müraciət olunmuş və bildiriş qeydə alınmışdır. Göründüyü kimi, tutmanın yönəldilməsi prosedurunun davam edə bilməməsi üçün 2 hal nəzərdə tutulub ki, birinci hal ilə bağlı bank tərəfindən həmin müddətlərə tam riayət olunub, ikinci hal ilə bağlı isə ipoteka qoyan tərəfindən bildirişi aldıqdan sonra 21 gün müddətində nə şikayət edilib, nə də həmin bildiriş məhkəmə tərəfindən etibarsız hesab edilməyib. “İpoteka haqqında” AR Qanunun 36.1-ci maddəsində qeyd olunur ki, ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayana, o cümlədən birgə ipoteka saxlayanlara, habelə “Daşmar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 təqvim günü keçdikdən sonra təqdim olunmuş saydır. “İpoteka haqqında” AR Qanunun 37.1-ci maddəsində isə göstərilmişdir ki, ipoteka qoyan, ipoteka predmetinin başqa ipoteka saxlayanı və ya ipoteka predmeti üzərində hüququ olan hər hansı başqa tərəf tutmanın yönəldilməsi haqqında bildirişi aldıqdan sonra 21 təqvim günü müddətində ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın 161-ci bəndində qeyd olunur ki, tələbkar tərəfindən icra qeydinin aparılacağı barədə bildiriş borcu müəyyən edən sənədlərə və ya borclunun məlumatına (olduğu halda) əsasən tələbkara məlum olan ünvana “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərilir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 gün keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 gün keçdikdən sonra borclu şəxsə təqdim olunmuş sayılır. Borclunun yaşadığı (olduğu) ünvanda olmaması bildirişin borcluya çatdırıldığını təsdiq edən sənəddə qeyd olunmalıdır. Göründüyü kimi iddiaçıya bildiriş xx.xx.2023-cü il tarixində göndərilmiş və 5 gün keçdikdən sonra-xx.xx.2023-cü il tarixində təqdim olunmuş sayıbmışdır. Yəni iddiaçı həmin tarixdən etibarən 21 gün ərzində bildirişi məhkəmədə mübahisələndirə bilərdi. Buna baxmayaraq o 21 gün ərzində bildirişdən məhkəməyə şikayət etməmiş və icra qeydi aparılmışdır. Bundan başqa, iddiaçı iddia ərizəsində qeyd etmişdir ki, ipoteka predmeti olan əmlak 2022-ci il tarixində 122 000 manat məbləğində qiymətləndirilmiş, lakin icra qeydi aparılarkən əmlakın qiymətləndirilməsindən 1 il vaxt keçmişdir. Bununla əlaqədar olaraq ilk növbədə onu qeyd edək ki, icra qeydində tələbin ipoteka predmetinə yönəldilməsi qeyd olunur, əmlakın ilkin satış qiyməti ümumiyyətlə icra qeydlərində göstərilmir. İddiaçı əmlakı ipoteka qoyan şəxsdir və onunla bank arasında ipoteka müqaviləsi bağlanmışdır. O, kredit müqaviləsinin tərəfi qismində çıxış etmədiyi üçün, hesab etmişdir ki, kredit müqaviləsinin etibarsızlığını tələb etməyə subyektiv hüququ yoxdur. İş üzrə cavabdeh Bakı şəhəri 23 saylı notariat ofisinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəməyə müraciət edərək, məhkəmə iclasının onun nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə, işə cavabdeh Bakı şəhəri 23 saylı notariat ofisinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirib, hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan borcverən “X4” ASC-nin Mərkəz filialı ilə borcalan "xxxx" MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli 40Y/22 saylı əsas kredit müqaviləsinin surətindən görünür ki, həmin müqavilə borc verənin borc alana 120 ay müddətinə 300 000 manat məbləğində kreditin illik 28 faiz hesablanmaqla verilməsi haqqında bağlanmışdır. İş materiallarında olan ipoteka saxlayan “X4” ASC ilə ipoteka qoyan İddiaçı və borc alan "xxxx" MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli 40Yİ/22 saylı ipoteka müqaviləsinin surətindən görünür ki, həmin müqavilə borcverən “X4” ASC-nin Mərkəz filialı ilə borcalan "xxxx" MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli 40Y/22 əsas kredit müqaviləsinin təminatı olaraq İddiaçı məxsus Bakı şəhəri, Nəsimi rayonu, S.Rəhman küçəsi ev 2, mənzil 16-nın ipoteka ilə yüklü edilməsi haqqında bağlanmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli 8İ-5932 reyestr nömrəli icra qeydinin surətindən görünür ki, Bakı şəhəri 23 saylı notariat ofisi "Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə və "İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 38-ci maddəsinə əsasən “X4” ASC-nin tələbi ilə İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, S.Rəhman küçəsi ev 2 mənzil 16 ünvanda yerləşən əmlaka tutma yönəldilmişdir. İş materiallarında olan icra qeydinin aparılacağı barədə bildirişdən görünür ki, “X4” ASC tərəfindən xx.xx.2023-cü il tarixdə İddiaçı ünvan 4 və Bakı şəhəri, Nəsimi rayonu, S.Rəhman küçəsi ev 2 mənzil 16 ünvanlarına bildiriş göndərilməklə “X4” ASC ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən xx.xx.2023-cü il tarixə hesablanmış 71806.44 manat əsas, 2280.43 manat faiz borcunun və 159.89 manat cərimə borcunun 21 gün müddətində ödənilmədiyi halda "İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən bank qarşısında icra edilməmiş öhdəliyin icrasını təmin etmək məqsədi ilə ipoteka predmeti olan Bakı şəhəri, Nəsimi rayonu, S.Rəhman küçəsi ev 2 mənzil 16 ünvanına notarius tərəfindən icra qeydi əsasında tutmanın yönəldilməsi proseduruna başlanılacağı barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli yol qaimələrinin surətindən görünür ki, ünvan 4 ünvanına göndərilən bildiriş “ünvanda yaşamır” qeydi ilə, ünvan 6ünvan bağlıdır” qeydi ilə geri qaytarılmışdır. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, “X4” ASC-nin Mərkəz filialı ilə borcalan "xxxx" MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli 40Y/22 saylı əsas kredit müqaviləsi üzrə borclu tərəfindən müqavilə üzrə öhdəlik yerinə yetrilməmiş və bank tərəfindən icra qeydi bildirişi göndərilmişdir. Həmin icra qedyinin aparılacağı ilə bağlı bildiriş sonuncunun məlum olan ünvan 7ünvandan köçüb” səbəbindən qəbul edilməmiş və ünvan 8unmuş, "Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən icra qeydi aparılmışdır. Hazırda iddiaçı həm kredit müqaviləsini həm də icra qeydini mübahisələndirməklə, onların etibarsız hesab edilməsini xahiş edir. İddiaçının tələbi iki hissədən ibarətdir:

1. 01 iyun 2023-cü il tarixli icra qeydinin ləğv edilməsi;

2. 02 avqust 2022-ci il tarixli kredit müqaviləsinin etibarsız hesab edilməsi. İddia tələbində göstərilən məsələlərin mübahisələndirilməsinin faktiki əsasları kimi 01 iyun 2023-cü il tarixli İcra qeydinin aparılması barədə məlumatın 12 oktyabr 2023-cü il tarixdə əldə olunması, müqavilənin təmini üsulu kimi İddiaçı məxsus Bakı şəhəri Yasamal rayonu Z.Xəlilov küçəsində olan ev 50A mənzil 22 girov qoyulması, icra qeydi verilməsi barədə müraciət edilərkən Bank tərəfindən edilən ödənişlərin nəzərə alınmaması, müqavilə bağlanarkən 2022-ci il tarixdə İddiaçı məxsus ev 122 000 manat dəyərində qiymətləndirildiyi halda, icra qeydi aparılarkən 1 il vaxt keçdiyinin və əmlakın qiymətində dəyişikliyin nəzərə almaması göstərilmişdir. Məhkəmə iddia tələbinin “icra qeydinin ləğv edilməsi” hissəsinə münasibətdə aşağıdakıları qeyd edir. «Notariat haqqında» Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən, borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu və ya borclunun tələbkar qarşısında digər məsuliyyətini təsdiq edirsə və tələb etmək hüququnun yarandığı gündən üç ildən çox keçməmişsə, idarə, müəssisə və təşkilatlar arasındakı münasibətlərdə isə bir ildən çox keçməmişsə aparılır. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydası və bu bildirişdən sonra notarius tərəfindən icra qeydinin aparılması müddəti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Bildiriş, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur. Həmin Qanununun 79-cu maddəsinə əsasən icra qeydinin aparılması barədə ərizə müvafiq icra hakimiyyəti orqanının Elektron notariat informasiya sisteminə və ya fiziki şəxsin yazılı ərizəsi notariat ofisinə daxil olduqdan sonra notarius bir iş günü müddətində icra qeydini aparır və icra qeydini müvafiq icra hakimiyyəti orqanının Elektron notariat informasiya sistemi vasitəsilə “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq icra olunması üçün müvafiq icra hakimiyyəti orqanının Elektron icra informasiya sisteminə göndərir. "İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 37.1-ci maddəsinə əsasən ipoteka qoyan, ipoteka predmetinin başqa ipoteka saxlayanı və ya ipoteka predmeti üzərində hüququ olan hər hansı başqa tərəf tutmanın yönəldilməsi haqqında bildirişi aldıqdan sonra 21 təqvim günü müddətində ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət edə bilər. Həmin Qanunun 38.1-ci maddəsinə əsasən bu Qanunun 37.1-ci maddəsinə uyğun olaraq ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət edilmədikdə, tutma ipoteka saxlayanın ipoteka müqaviləsinə, yaxud ipoteka kağızına əsaslanan tələbi üzrə notariusun icra qeydi əsasında həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 sentyabr 2000-ci il tarixli 156 saylı qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”nın 1-ci bəndinə əsasən pulun ödənilməsini, əmlakın qaytarılmasını və ya verilməsini tələb edən notariat qaydasında təsdiq olunmuş əqdlər üzrə icra qeydi almaq üçün notariat qaydasında təsdiq edilmiş əqdin əsli təqdim olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat»ın 161-ci bəndində göstərilirki, borclunun olduğu yer üzrə notarius borcludan pul məbləğlərini tutmaq və ya əmlakı (ipoteka predmeti istisna olmaqla) tələb edib almaq və ya bunun əvəzinə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 529.8-ci maddəsinə əsasən öhdəliyin icrası əvəzinə razılaşdırılmış peşman haqqını almaq üçün “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələblərinə "İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun uyğun olaraq tələbkar tərəfindən borcluya bildiriş göndərildikdə və öhdəlik bildirişin verildiyi müddətdə icra edilmədikdə, borcu müəyyən edən sənədlərdə 1 (bir) iş günü müddətində icra qeydi aparır və icra olunması üçün “Elektron notariat” informasiya sistemi vasitəsilə “Elektron icra” informasiya sisteminə göndərir. Tələbkar tərəfindən icra qeydinin aparılacağı barədə bildiriş borcu müəyyən edən sənədlərə və ya borclunun məlumatına (olduğu halda) əsasən tələbkara məlum olan ünvana “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərilir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 (beş) gün keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 (üç) gün keçdikdən sonra borclu şəxsə təqdim olunmuş sayılır. Borclunun yaşadığı (olduğu) ünvanda olmaması bildirişin borcluya çatdırıldığını təsdiq edən sənəddə qeyd olunmalıdır. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, icra qeydinin aparılması zamanı hər hansı bir pozuntuya yol verilmədiyindən, icra qeydi qanuni və əsaslı olmuşdur. Beləki, qanunvericiliyin tələblərinə uyğun olaraq icra qeydinin verilməsindən öncə tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərmiş, lakin “ünvan bağlıdır” və “ünvanda yaşamır” qeyd olunmaqla məktub geri qaytarılmışdır. Odur ki, məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır. Məhkəmə iddia tələbinin “02 avqust 2022-ci il tarixli kredit müqaviləsinin etibarsız hesab edilməsi” hissəsinə münasibətdə aşağıdakıları qeyd edir. Məhkəmə qeyd edir ki, iddiaçı irəli sürdüyü tələbə münasibətdə ümumiyyətlə subyektiv hüquqa malik şəxs deyildir və həmin tələbə məhz bu kontekstdə qiymət verilməlidir. Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını, yalnız bundan sonra cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu müəyyən edildikdən sonra, həmin hüququn pozulmasının məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələləri araşdırılmalıdır. Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunan məsələ ilə bağlı ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmə hesab edir ki, etibarsız hesab edilməsi tələb olunan müqavilə “X4” ASC ilə borcalan “My Food MMC” arasında bağlanılmaqla, onun hüquqi nəticələri iddiaçının bilavasitə hər hansı hüququna toxunmur. Məhkəmə gedişatı zamanı iddiaçı tərəfə "xxxx" MMC-nin iddiaçı kimi cəlb edilməsi təklif edilsə də, qəbul edilməmiş, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxmışdır. Belə olan halda hazırki tələbin araşdırılması, hüququ olmayan şəxsin iddiasına qiymət verilməsi mənasına gəlməklə məhkəmə müdafiəsi hüququnun ümumi prinsiplərinə zidd olardı. Məhkəmə iddiaçının müqavilənin təmini üsulu kimi İddiaçı məxsus Bakı şəhəri Yasamal rayonu Z.Xəlilov küçəsində olan ev 50A mənzil 22 girov qoyulması dəlilinə münasibətdə bildirir ki, həmin əmlak xx.xx.2022-ci il tarixli 40Yİ/22 nömrəli ipoteka müqaviləsində ipoteka qoyan M. Əkbərovanın qeydiyyat ünvanı kimi göstərilmiş, müqavilənin 1.1-ci bəndinə əsasən isə ipoteka qoyulan əmlak iddiaçıya mülkiyyət hüququ ilə məxsus olan ünvan 3, mənzil 16 olmuşdur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər “X4” ASC-yə və Bakı şəhəri 23 saylı notariat ofisinə qarşı icra qeydinin ləğv edilməsi və kredit müqaviləsinin etibarsız hesab olunması barədə iddia tələbi təmin edilməməlidir. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi:

İddiaçı cavabdehlər “X4” ASC-yə və Bakı şəhəri 23 saylı notariat ofisinə qarşı icra qeydinin ləğv edilməsi və kredit müqaviləsinin etibarsız hesab olunması tələbi barədə iddia tələbi təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Nail Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar