Məhkəmə qərarları › İş №e-2(006)-6010/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №e-2(006)-6010/2025

18.11.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(006)-6010/2025 18.11.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Miriyeva Həbibə Novruz qızı, Ərizəçi (maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publiki hüquqi şəxsi 1 saylı Bakı Ərazi dairəsi cəlb edilməklə) “sənədlərdə göstərilən şəxslərin eyni şəxs olması faktının müəyyən edilməsi” barədə ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: Ərizəçi (maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publiki hüquqi şəxsi 1 saylı Bakı Ərazi dairəsi cəlb edilməklə) ərizə ilə müraciət edərək, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan bağ massivində yerləşən 0,15 hektar torpaq sahəsi olan 1103 saylı bağ sahəsinə dair, məzmununda “Cəmalə” kimi göstərilən Bakı şəhər icraiyyə komitəsinin Bağlar təsərrüfatının inkişafı və istismarı Birliyinin 9161 saylı 30 aprel 2004-cü il tarixli Müqaviləsinin, 4-cü sıra nömrəsi ilə göstərilən payçı Mikayılova Cəmilə kimi göstərilən JN- 23546H KOD 00306016 saylı “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”nin eyni şəxsə – Ərizəçi məxsus olması haqda hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə daxil olmuş materialları araşdıraraq hesab edir ki, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 149.2.3-cü maddəsinə əsasən iddia ərizəsində iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. 310.1-ci maddəsinə əsasən, ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli qərarının: 1.6-cı bəndinə əsasən, ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməli və həmin sübutlar ərizəyə əlavə edilməlidir (Azərbaycan Respublikası MPM-nin 310.1-ci maddəsi). Belə məlumatlar ərizədə olmadıqda, eləcə də ərizəyə belə sübutlar əlavə edilmədikdə, yaxud ərizəçi məhkəmə tərəfindən müəyyən edilən müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda, həmçinin faktın müəyyən olunması məqsədini göstərməkdən imtina etdikdə, məhkəmə, ərizəni və ona əlavə edilmiş sənədləri Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalı, məhkəmə baxışı mərhələsində olduqda isə həmin Məcəllənin 259.0.12-ci maddəsinin tələbinə əsasən ərizəni baxılmamış saxlamalıdır. 6-cı bəndinə əsasən, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Məhkəmə qeyd edir ki, ərizəçinin hüquqmüəyyənedici sənədi (torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməni) verən təşkilata (hazırda Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin hüquqi varisi kimi çıxış edən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə) sənəddə olan səhvlərin aradan qaldırılması ilə bağlı müraciət edilməsi və həmin müraciətə verilən cavab, imtina olunduğu təqdirdə hansı səbəblərdən müvafiq düzəlişin mümkün olmaması barədə sübutlar ərizəyə əlavə edilməmişdir. Ərizəyə əlavə edilmiş DƏDKR publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli imtina məktubuna münasibətdə məhkəmə qeyd edir ki, həmin cavabın verilməsinə əsas olmuş müraciət sənəddə olan səhvlərin aradan qaldırılması ilə bağlı deyil, daşınmaz əmlak üzərində məhdudiyyət və yüklülüklərin haqqında arayışın verilməsinə dair olmaqla, hazırkı iş üzrə ərizəçinin özü və ya nümayəndəsi tərəfindən deyil, başqa şəxs tərəfindən edilmişdir ki, bu da hazırki işin məhkəmə icraatını qeyrimümkün etməklə xüsusi icraat qaydasında irəli sürülən məsələyə baxılmasını istisna edir. Belə olan halda məhkəmə hesab edir ki, ərizə geri qaytarılmalıdır. Məhkəmə onu da qeyd edir ki, eyni bir şəxsin adının, atasının adının və ya soyadının bir neçə sənəddə müxtəlif cür yazılması hallarında hüquqmüəyyənedici sənədin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi əvəzinə, müxtəlif sənədlərdə göstərilmiş şəxsin həmin şəxs olmasının məhkəmə tərəfindən müəyyən edilməsi yolverilməzdir, çünki belə bir faktın müəyyən edilməsi hüquqi nəticə doğurmur. Verilmiş ərizədən görünür ki, tələb “hüquqmüəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi” formasında deyil, “sənədlərdə göstərilən şəxslərin eyni şəxs olması faktının müəyyən edilməsi” kimi göstərilmişdir ki, yuxarıda qeyd edildiyi kimi bu halın məhkəmə tərəfindən müəyyən edilməsi yolverilməzdir. Bununla bağlı ərizəçiyə, tələbi düzgün qaydada tərtib etməklə yenidən məhkəməyə müraciət etmək hüququ izah olunur. Azərbaycan Respublikası MPM-nin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Məhkəmə eyni zamanda qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. 114.2-ci maddəsinə əsasən dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasinin Qanununun 5.1.2-ci maddəsinə və Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 24 iyun 2002-ci il tarixli, 98 saylı Qərarı ilə təsdiq edilmiş «Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması» Qaydalarının 2.1.2-ci bəndinə əsasən ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə ödənilmiş dövlət rüsumu dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır. Məhkəmə hesab edir ki, Ərizəçi tərəfindən xx.xx.2025-ci il tarixli **********59 nömrəli qəbz əsasında ödənilmiş 100 manat məbləğində dövlət rüsumu dövlət büdcəsindən Ərizəçi geri qaytarılmalıdır. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, Ərizəçi (maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publiki hüquqi şəxsi 1 saylı Bakı Ərazi dairəsi cəlb edilməklə) sənədlərdə göstərilən şəxsin eyni şəxs olması faktının müəyyən edilməsi tələbinə dair ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Eyni zamanda iddiaçıya sadalanan nöqsanlar aradan qaldırıldıqdan sonra məhkəməyə yenidən müraciət etmək hüququ izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Ərizəçi (maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publiki hüquqi şəxsi 1 saylı Bakı Ərazi dairəsi cəlb edilməklə) sənədlərdə göstərilən şəxsin eyni şəxs olması faktının müəyyən edilməsi tələbinə dair ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Ərizəçiyə, ərizənin qaytarılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququ izah edilsin. Ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu (hökümət ödəniş portalı qəbzin nömrəsi **********59, tarix: xx.xx.2025, saat: 13:32:10) dövlət büdcəsindən Ərizəçi qaytarılsın. Qərardaddan, tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Həbibə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar