Məhkəmə qərarları › İş №e-2(006)-602/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-602/2024

09.02.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-602/2024 09.02.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Vüsalə Vahid qızının sədrliyi, Məhkəmə iclasının katibi Mikayılova Dilbər Ağaverdi qızının katibliyi, İddiaçının nümayəndəsi X2, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə yaranmış borcun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı “su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə yaranmış 551,03 manat borcun (abonent kodu **********01) və 30 manat dövlət rüsumu üzrə xərclərin tutularaq İddiaçı ASC-nin hesabına ödənilməsi” tələbi barədə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC tərəfindən Cavabdeh (abonent kodu **********001) su təchizatı sistemindən su buraxılması və tullantı sularının axıdılması xidmətləri göstərilir. Cavabdeh əhali qrupu abonentinə aid olmaqla ötən dövr ərzində istifadə etdiyi xidmətlərin dəyərini tam ödəməmiş, nəticədə xx.xx.2023-cü tarixində 551,03 (beş yüz əlli bir manat 03 qəpik) manat borcu yaranmışdır. İstehlakçının istifadə etdiyi su təchizatı və kanalizasiya xidmətlərinin dəyəri ünvan 1 ünvanında, ona məxsus mənzildə xx/xx/2018-ci il tarixdə quraşdırılmış SS-15M-1 tip 10172014 nömrəli, E092684 plomblu su sayğaclarının göstəricilərinə uyğun olaraq normativ qaydada hesablama yolu ilə müəyyən edilmişdir. "xxxx" ASC tərəfindən borcun ödənilməsi tələbi ilə cavabdehin ünvanına hər ay bildiriş, sonuncu dəfə isə xx.xx.2023-cü il tarixdə xəbərdarlıq məktubu göndərilmiş, lakin cavabdeh borcun ödənilməsini təmin etməmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(006)-4961/2023 saylı qərardadı ilə iş üzrə etiraz ərizəsi daxil olduğundan, iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı "su təchizatı və su tullantılarının axıdılmasına görə yaranmış borcun ödənilməsi" tələbinə dair ərizəsi ilə əlaqədar mülki işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. Tərəflərin iştirakı və izahatlar: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X5 iddia ərizəsində göstərilən məzmunda izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh xx.xx.2023-cü il tarixdə məhkəməyə etiraz ərizəsi ünvanlayaraq, bildirmişdir ki, o, ünvan 2aşayış evini 2019-cu ilin sentyabr ayında X4 anasına Abşeron rayonu 1 saylı notarius kontorunda alqı-satqı etmək yolu ilə satmışdır. Bu tarixdən etibarən fərdi yaşayış evinin mülkiyyətçisi deyil. Bu səbəbdən ev mülkiyyətçisi olmadığından evin su təchizatına və kanalizasiya sularının axıdılması xidməti üzrə yaranan 501 manat borcun ödənilməsi öhdəliyini daşımır. İddiaçının ona qarşı irəli sürən su təchizatı və tulantı sularının axıdılması xidmətlərinə görə yaranmış borcun ödənilməsinə dair iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş materialları: 38779811 saylı,xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən ünvan 3 ünvanı üzrə abunəçi Cavabdeh aid abonent kartından görünür ki, su təchizatı və kanalizasiya xidmətlərinə görə Cavabdeh ünvan 1 ünvanına, cəmi 551,03 (beş yüz əlli bir manat üç qəpik) AZN borc hesablanmışdır. İddiaçı ASC tərəfindən Cavabdeh ünvanlamış xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, yaranmış borcun ödənilməsi tələb olunmuş, öhdəliklər yerinə yetirilmədiyi təqdirdə borcunun tam şəkildə qaytarılması tələbi ilə məhkəməyə müraciət olunacağı barədə cavabdehə xəbərdarlıq edilmişdir. Ödəniş qəbzindən (№9********) görünür ki, iddiaçı məhkəmədə iddia qaldırılması üçün 30 AZN məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Abşeron rayon 1 saylı notariat ofisində xx.xx.2019-cu il tarixdə bağlanmış alqı-satqı müqaviləsinin notariat işindəki sənədlərdən görünür ki, Əliyev X3 rayonu, Masazır kəndi, Aşıq Ələsgər küçəsi, ev 1A ünvanında yerləşən ümumi sahəsi 0,017 ha olan torpaq sahəsinin tam mülkiyyət üzrə ona məxsus hissəsini alıcı X1. Məhkəməyə təqdim edilmiş iddia ərizəsinə açıqlama-arayış adlı sənəddə göstərilir ki, İddiaçı ASC-nin Abşeron Sukanal İdarəsi tərəfindən cavabdeh-istehlakçı (abonent kodu **********001) Cavabdeh qarşı işlətdiyi su təchizatı və kanalizasiya xidmətlərinə görə hesablanmış 557,33 manat borcun ödənilməsi tələbi ilə məhkəməyə müraciət edilmişdir. Cavabdeh-istehlakçının istifadə etdiyi su təchizatı və kanalizasiya xidmətlərinin dəyəri ünvan 6 ünvanında ona məxsus evdə xx.xx.2018-ci il tarixdə quraşdırılmış SSS-20 tipli, 587197 nömrəli, M319520 plomblu və xx.xx.2023-cü ildə dəyişdirilərək quraşdırılmış SS- 15M-1 tipli, 10172014 nömrəli, E092684 plomblu su sayğaclarının göstəricilərinə uyğun olaraq normativ qaydada hesablama yolu ilə müəyyən edilmişdir. Cavabdeh xx.xx.2018-ci il tarixdən xx.xx.2023-cü il tarixə kimi işlətdiyi su təchizatı və kanalizasiya xidmətlərinə görə İddiaçı ASC-yə 557,33 manat pul borcu yaranmışdır.Cavabdeh tərəfindən borc məbləği ödənilmədiyi üçün iddiaçı olaraq məhkəməyə müraciət etmişlər. Lakin borcun ödənilməsi tələbi ilə məhkəməyə müraciətlərindən sonra Cavabdeh tərəfindən borc məbləğinin müəyyən hissəsi ödənilmişdir. Belə ki, faktiki olaraq xx.xx.2024-cü il tarixinə onun İddiaçı ASC-yə 553,43 manat məbləğində debitor borcu vardır. Tətbiq edilən qanunvericilik: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun 61ci maddəsinin 1-ci bəndindən göründüyü kimi, su təchizatı və kanalizasiya müəssisəsi ilə fərdi istehlakçı arasında müqavilənin olub-olmamasından asılı olmayaraq, xidmətlərin haqqının ödənilməsi üzrə istehlakçıların vəzifələri onların obyektdə yaşaması, obyektin icarəçisi olması və ya onlar tərəfindən su təchizatı obyektlərindən hər-hansı digər məqsədlər üçün istifadə faktına əsaslanır. Eyni Qanunun 62-ci maddəsindən görünür ki, istehlakçı su təchizatı və kanalizasiya müəssisələrinə, onların göstərdikləri xidmətlərə görə borcu, hesabın ödənilməsinə təqdim olunduğu gündən bir ay müddətində ödəməlidir və istehlakçı tərəfindən bu vəzifənin yerinə yetirilməməsi su təchizatı və kanalizasiya müəssisəsi qanunvericiliklə nəzərdə tutulmuş müvafiq tədbirləri görmək hüququnu yaradır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 iyul 2014-cü il tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə qaydalarının” 4.1.3-cü bəndinə əsasən, istehlakçı verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq ona təqdim edilmiş hesab üzrə ödənişin həyata keçirilməsini təmin etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 119.1-ci maddəsinin tələblərinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə ıştirak edən şəxslərə aid edilir. Məhkəmənin qiymətləndirməsi: İlkin olaraq qeyd edilməlidir ki, məhkəmə araşdırması zamanı Cavabdeh onun adına borc hesablanmış ünvanda yerləşən mənzili 2019-cu ildə başqa şəxsə satmışdır və borcun yaranmasında cavabdehlik daşımadığını bildirmişdir. Bununla bağlı məhkəmə tərəfindən aparılmış araşdırma nəticəsində də həmin ünvan üzrə yerləşən daşınmaz əmlakın 2019-cu il tarixdən etibarən cavabdehin mülkiyyətindən çıxması müəyyən edilmiş, lakin iddiaçı tərəf iş üzrə Cavabdeh əmlakın hazırki sahibi ilə əvəz edilməsinə razı olmamışdır. İddiaçı tərəf bunu onunla əsaslandırmışdır ki, su təchizatçısı ilə abonent arasında münasibətlər müqavilə ilə tənzimlənir və həmin müqavilə üzrə tərəf isə Cavabdehdir, həmin ünvanda sudan faktiki olaraq başqa şəxslərin istifadə etməsindən asılı olmayaraq müqavilə tərəfi Cavabdehdir və həmin pul da ondan tutulmalıdır. Belə olan təqdirdə məhkəmə işə mövcud tələblər əsasında baxır. Beləliklə müəyyən edildiyi kimi tərəflər arasında “Su təchizatı və tullantı suların axıdılması xidmətlərinə dair əhali qrupuna aid olan fiziki şəxslərlə bağlanan” xx.xx.2018-ci il tarixli müqavilə mövcuddur. Həmin müqavilə üzrə müəssisə (İddiaçı ASC) istehlakçını (Cavabdeh) su ilə təmin etməyi, istehlakçı isə bunun müqabilində müəssisəyə müvafiq ödənişləri etməyi öhdəsinə götürmüşdür. İstehlakçı üzərinə götürdüyü öhdəlikləri müvafiq qaydada icra etmədiyinə görə onun müəssisə qarşısında pul borcu yaranmışdır. Digər bir məsələ isə həmin borcun Cavabdeh faktiki olaraq sudan istifadə edibetməməsinə görə yaranmasıdır ki, bu halda müqavilə tərəfi kimi bu öhdəliyi götürən şəxs Cavabdeh olduğundan və həmin ünvanı üzrə daşınmazı əmlakı başqa şəxsə satdıqdan sonra kommunal məsələlərin də aidiyyəti üzrə rəsmiləşdirilməsi həyata keçirilmədiyindən həmin pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Lakin o da qeyd edilməlidir ki, mülki hüquq münasibətlərində əsas götürülən vicdanlılıq prinsipi nöqteyi-nəzərindən Cavabdeh ona qarşı qaldırılan hazırki iddia üzrə ödəməli olduğu pulu iddiaçıya ödəcəyi halda həmin pulun məhz digər şəxslərin sudan faktiki istifadəsindən yaranmasını sübut edəcəyi təqdirdə həmin şəxslərə qarşı reqres qaydasında tələb irəli sürmək hüququ da izah edilməlidir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə yaranmış 551,03 manat borc və 30 manat dövlət rüsumunun əvəzi tutularaq İddiaçı ASC-nin hesabına ödənilməlidir. Cavabdeh hazırki iddia tələbi ilə tutulması müəyyən edilmiş borcu ödəyəcəyi təqdirdə həmin məbləğin su təchizatının həyata keçirildiyi qeyd edilən ünvan üzrə faktiki istifadəçilərdən tutularaq ona ödənilməsi barədə tələblə müraciət etmək hüququ izah edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə yaranmış 551,03 (beş yüz əlli bir manat üç qəpik) manat borc və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzi tutularaq İddiaçı ASC-nin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Vüsalə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar