Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-6023/2025 22.12.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Musayeva Vüsalə Vahid qızı, İddiaçı Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MTK Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı MTK ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli, PBR 994 saylı alqı-satqı müqaviləsinə əsasən 1905C nömrəli mənzil üzrə cavabdehin 2.415,17 manat borcunun və iddia ərizəsinin verilməsinə görə MTK tərəfindən ödənilmiş 44,16 manat dövlət rüsumu olmaqla, ümumilikdə 2.459,33 manat (iki min dörd yüz əlli doqquz manat 33 qəpik) məbləğin Cavabdeh tutularaq İddiaçı MTK-nın hesabına köçürülməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MTK ilə Cavabdeh arasında ünvan 1 ünvanındakı “X1” yaşayış kompleksində yerləşən “Tower C” Binasının 19-cu mərtəbəsində yerləşən 1905C saylı 267.6 kv.m. sahəsi olan mənzilin və 1 tək 149 saylı dayanacaq yerinin alqısatqısına dair xx.xx.2015-ci il tarixli, PBR 994 saylı alqı-satqı müqaviləsi imzalamışdır. xx.xx.2015ci il tarixli, PBR 994 saylı müqavilənin 4 saylı Əlavəsində MTK tərəfindən sakinə göstərilən xidmətlərin siyahısı göstərilmişdir. 4 saylı Əlavənin 5-ci bəndinə əsasən həmin müqavilənin Əlavə 1-də göstərilən xidmətlər mənzilin hər kvadrat metri üçün hər ay 2 manat və hər bir dayanacaq yerinə görə hər ay 10 AZN olmaqla Xidmət haqqı ödəyəcək. Cavabdehin 1905C saylı mənzil, 149 saylı dayanacaq yeri üzrə xidmət haqqı və kommunal xidmətlər üzrə qoşmada əlavə olunan borc cədvəlində göstərildiyi kimi 2025-ci ilin aprel-avqust ayları üzrə ödənişləri icra olunmadığı üçün ümumilikdə 2.415,17 manat (1.635,57 manat xidmət haqqı və 1.444,03 manat kommunal borclar) təşkil edir. Borcun yaranma mənbəyinə gəldikdə, ümumilikdə 267.6 kv.m. mənzil üçün aylıq 535,2 manat və 1 tək 149 saylı dayanacaq yeri üçün ümumilikdə aylıq 545,2 manat (535,2+10=545,2 manat) alqı-satqı müqaviləsinin 5-ci bəndinə əsasən cavabdeh sakin Cavabdeh tərəfindən ödənilməli idi. Buna baxmayaraq, xx.xx.2025-xx.xx.2025-ci dövrləri arasında 3 aylıq xidmət haqqı borcu və kommunal borclar ödənilmədiyindən ümumilikdə 2.415,17 manat (1.635,57 manat xidmət haqqı və 1.444,03 manat kommunal borclar) borc məbləği yaranmışdır. Əlavə olaraq, cavabdehə xx.xx.2025-ci il tarixli pretenziya məktubu göndərilərək borcun ödənilməsi tələb edilmiş və ağlabatan müddət müəyyən edilmiş, lakin cavabdeh tərəfindən borcun ödənilməsi ilə bağlı irəliləyiş olmamışdır. Məhkəmənin nəzərinə çatdırılır ki, göründüyü kimi iddiaçı üzərinə götürdüyü bütün öhdəlikləri icra etmiş və icra etməkdə davam edir, lakin cavabdeh israrla bugünə qədər göstərilən xidmətlərə görə xidmət haqqını ödəməkdən boyun qaçırır. Sonradan İddiaçı MTK “Elektron Məhkəmə” İnformasiya Sistemi vasitəsi ilə xx.xx.2025-ci il tarixdə ərizə ilə müraciət edərək, İddiaçı MTK ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli, PBR 994 saylı alqı-satqı müqaviləsinə əsasən 1905C nömrəli mənzil üzrə cavabdehin 2.415,17 manat borcunun və iddia ərizəsinin verilməsinə görə MTK tərəfindən ödənilmiş 44,16 manat dövlət rüsumu olmaqla, ümumilikdə 2.459,33 məbləğin cavabdehdən tutularaq İddiaçı MTKnın hesabına köçürülməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, "Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Cavabdeh lazimi qaydada bildiriş göndərilmiş, lakin onun tərəfindən iddiaya qarşı əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 427.3-ci maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 135.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. 135.2.3-cü maddəsinə əsasən yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqq ödəmək vəzifəsi mənzil-tikinti kooperativi tərəfindən yaşayış sahəsinin verildiyi andan yaranmış hesab edilir. Məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, tərəflər arasında xx.xx.2015-ci il tarixli, PBR 994 saylı müqavilə bağlanmış, həmin müqavilənin 4 saylı əlavəsində MTK tərəfindən sakinə göstərilən xidmətlərin siyahısı göstərilmiş, 5-ci bəndinə əsasən cavabdeh mənzilin hər kvadrat metri üçün hər ay 2 manat və hər bir dayanacaq yerinə görə hər ay 10 manat olmaqla xidmət haqqı ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh tərəfindən müqavilə üzrə öhdəliklər lazımi qaydada icra edilməmiş və nəticədə, onun 2025-ci ilin aprel-avqust ayları üzrə cəmi 2.415,17 manat borcu yaranmışdır. İddiaçı tərəfindən xx.xx.2025-ci il tarixdə edilmiş yazılı xəbərdarlığa baxmayaraq borcun ödənilməsi təmin edilməmişdir. Göründüyü kimi, cavabdeh müqavilə öhdəliklərini yerinə yetirməmişdir. Mülki Məcəllənin 442ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması - öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh xx.xx.2015ci il tarixli, PBR 994 saylı alqı-satqı müqaviləsi üzrə 2.415,17 (iki min dörd yüz on beş manat, on yeddi qəpik) əsas borcu və ödənilmiş 44,16 (qırx dörd manat, on altı qəpik) dövlət rüsumu olmaqla, ümumilikdə 2.459,33 (iki min dörd yüz əlli doqquz manat, otuz üç qəpik) manat məbləğində pul tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 284-6, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh xx.xx.2015-ci il tarixli, PBR 994 saylı alqı-satqı müqaviləsi üzrə 2.415,17 (iki min dörd yüz on beş manat, on yeddi qəpik) əsas borcu və ödənilmiş 44,16 (qırx dörd manat, on altı qəpik) dövlət rüsumu olmaqla, ümumilikdə 2.459,33 (iki min dörd yüz əlli doqquz manat, otuz üç qəpik) manat məbləğində pul tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elekron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştrak edən şəxslərə rəsimi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüsalə Musayeva
Məhkəmə qərarları › İş №e-2(006)-6023/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-6023/2025
22.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver