Məhkəmə qərarları › İş №e-2(006)-610/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-610/2024

08.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-610/2024 08.10.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Vüsalə Vahid qızının sədrliyi, məhkəmə iclasının katibi Cəfərova Şəmsiyyə Abdulla qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı "xxxx" Mənzil Tikinti Kooperativi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə «sığorta ödənişi və cərimənin tutulması» tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «sığorta ödənişi və cərimənin tutulması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixli su basma halı səbəbindən mənzilinin bərpası üçün «İcbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanununun 39-cu maddəsinə əsasən, 250 manat azadolma məbləğinin nəzərə alınaraq, təmir işlərinin dəyəri olan cəmi 1.238 manat pul vəsaitinin; «İcbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinə əsasən hər gecikdirilmiş gün üçün, yəni 97 gün (xx.xx.2023-xx.xx.2023-cü il tarixlər) üçün sığorta ödənişi məbləğinin 0,1 faizi nəzərə alınaraq 120,09 manat pul vəsaitinin və ödənilmiş dövlət rüsumunun cavabdeh "xxxx" ASC-dən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2023-cü il tarixdə, saat 09:00da Bakı şəhərinə yağan güclü leysan yağışı zamanı, ona məxsus olan Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy ünvan 1 ünvanda, 18-ci mərtəbədə yerləşən 223 saylı mənzilə (RPA********** nömrəli "xxxx" ASC şəhədətnaməsi) 19-cu mərtəbədə yerləşən üst qonşunun mənzilindən su sızması nəticəsində qonaq otağı, yataq otağı, uşaq otağı və mətbəxin tavan və döşəməsinə maddi zərər yetirilmişdir. Hadisə ilə bağlı "xxxx" ASC-yə rəsmi olaraq müraciət etmiş və sözügedən məsələ ilə bağlı sığorta əməkdaşı tərəfindən həmin tarixdə mənzilinə baxış keçirilərək akt tərtib edilmişdir. xx.xx.2023-cü il tarixdə "xxxx"xxxx"xxxx" MMC-nin komendantına təqdim etmişdir. xx.xx.2023-cü il tarixdə "xxxx" ASC tərəfindən aparılmış qiymətləndirməyə əsasən, əmlakına dəymiş zərər 1.488 manat məbləğində müəyyən edilmiş və bu barədə SMS bildiriş almışdır. Qiymətləndirmənin məbləği barədə xx.xx.2023-cü il tarixdə ərizə yazaraq, müvafiq ödənişin edilməsinə dair öz razılığını imzası ilə təsdiq edib, sığorta əməkdaşına məlumat vermişdir. xx.xx.2023-cü il tarixdə "xxxx" ASC tərəfindən, aşağıdakı mətndə ona SMS bildirişi göndərilmişdir: «Hörmətli Müştəri, sizin müraciətinizlə bağlı tərəfimizdən təqdim olunmuş sorğu məktubuna müvafiq dövlət qurumundan cavab gözlənilir. Sənədlər şirkətimizə daxil olduqdan sonra sığorta ödənişi barədə Sizə məlumat veriləcək». Ətraflı məlumat üçün veb səhifəsində online müraciət edib qeyd olunan məsələnin araşdırılmasını və cavab təqdim olunmasını xahiş etmişdir. xx.xx.2023-cü il tarixdə saat 15:22-də "xxxx" ASC tərəfindən ona aşağıdakı mətndə SMS bildirişi göndərilmişdir: «Hörmətli müştəri, müraciətiniz qeydə alındı. Müraciət kodunuz: CSS-21702. ərzində sizə məlumat təqdim ediləcək». Bu SMS bildirişdə neçə gün ərzində cavab veriləcəyi barədə qeyd olunmamıdır. SMS-in mətnini telefonuna daxil olduğu şəkildə məhkəməyə təqdim etmişdir. xx.xx.2023-cü il tarixdə "xxxx" ASC-yə sosial media («Facebook») üzərindən bir daha eyni mövzu ilə bağlı müraciət ünvanlamışdır. "xxxx" ASC-yə ünvanladığı, yuxarıda qeyd etdiyi bütün müraciətləri cavabsız qaldığı üçün, xx.xx.2023, xx.xx.2023 və xx.xx.2023-cü il tarixlərdə Azərbaycan Respublikası Mərkəzi Bankının Elektron Xidmət Portalı üzərindən üç dəfə müraciət etmişdir. Müraciətlərinin mətni və ona təqdim edilən cavabları iddia ərizəsinə əlavə etmişdir. Əlavə olaraq, xx.xx.2023-cü il tarixdə "xxxx" ASC-nin Sığorta İddiaları Departamentinin rəhbəri Zaur Abbasova yazılı şəkildə ünvanlanan şikayət ərizəsi bu günə kimi cavablandırılmamış qalmışdır. Yuxarıda müraciət etdiyi xx.xx.2023-cü tarixdə olan subasma halı, xx.xx.2023-cü il tarixdə də təkrarlanmışdır. Əmlakına dəymiş ilk ziyan üçün ödəniş edilmədiyi üçün heç bir təmir işləri görə bilməmiş və xx.xx.2023-cü ildə təkrar dəymiş ziyan xx.xx.2023-cü il tarixdə 230 manat məbləğində qiymətləndirilmişdir. Mənzilin ilk su basma tarixindən (xx.xx.2023-cü il) bu günədək "xxxx"xxxx"xxxx" MMC arasında anlaşılma olmamasına görə məsələnin bu qədər uzanması və hər iki tərəflə kommunikasiyada yaşadığı süründürməçilik səbəbindən bu məsələ ilə əlaqədar məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Tərəflərin iştirakı və izahatları: İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi Rafael Quliyev məhkəməyə iddiaya etiraz göndərərək qeyd etmişdir ki, "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış RPA********** nömrəli sığorta şəhadətnaməsinə əsasən Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi prospekti 3166-cı məhəllə ev 92a, mənzil 223 «Daşınmaz əmlakın icbari sığortası» üzrə sığortalanmışdır. xx.xx.2023-cü il tarixdə İddiaçı Cəmiyyətə müraciət edərək üst qonşudan müvafiq subasma nəticəsində sığortalanmış mənzilə zərər dəydiyini bildirmişdir. Müraciət dərhal qeydiyyata alınmış və sığorta araşdırmasına başlanılmışdır. Qanunvericiliyin tələbini nəzərə alaraq, xx.xx.2023-cü il tarixdə «Melissa Park» yaşayış kompleksinin komendantına hadisənin təfərrüatlarını əks etdirən aktın təqdim edilməsi ilə bağlı sorğu məktubu ünvanlansa da, hər hansı cavab məktubu daxil olmamışdır. xx.xx.2023-cü il tarixdə İddiaçı sözügedən hadisə ilə bağlı Azərbaycan Respublikası Mərkəzi Bankına şikayət etmiş, Mərkəzi Bank həmin şikayəti cavablandırmışdır. Mərkəzi Bankın xx.xx.2023cü il tarixli cavab məktubu ilə tanış olduqda görmək mümkündür ki, "xxxx" ASC-nin atdığı bütün addımlar qanunvericiliyin tələblərinə tam cavab verir. Belə ki, cavab məktubunda baş vermiş hadisənin təfərrüatlarının araşdırılması məqsədi ilə sığortaçı tərəfindən xx.xx.2023-cü il tarixində «Melissa Park» yaşayış kompleksinin komendantına sorğu göndərildiyi, sorğunun cavabı sığortaçıya daxil olduqdan sonra sığortaçı tərəfindən müvafiq sığorta tədbirlərinin görüləcəyi qeyd olunmuşdur. Əlavə olaraq qeyd edir ki, xx.xx.2023-cü il tarixdə təkrar sorğu məktubu da ünvanlanmış, lakin hər hansı nəticə əldə olunmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 933.1.2-ci maddəsinə əsasən səlahiyyətli orqanın hadisə barədə təqdim etdiyi müvafiq sənəd sığorta ödənişinin həyata keçirilməsinin məcburi şərtidir. Mülki Məcəllənin 934.1-ci maddəsinə əsasən məhz Məcəllənin 933.1-ci maddəsində nəzərdə tutulan sənədlərdən sonuncusunun sığortaçıya daxil olduğu tarixdən 7 iş günündən gec olmayaraq sığortaçı sığorta ödənişini verməli, yaxud sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş təqdim etməlidir. «İcbari sığortalar haqqında» Azərbaycan Respublikasının Qanununun 17.1.4-cü maddəsinə əsasən sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə səlahiyyətli orqanın təqdim etdiyi arayış sığorta ödənişinin verilməsi üçün tələb olunan sənəddir. «İcbari sığortalar haqqında» Qanunun 18.1-ci maddəsinə əsasən Qanunun 17.1-ci maddəsində göstərilən sənədlərdən sonuncusunun sığortaçıya təqdim edildiyi və (və ya) alındığı tarixdən 7 iş günündən gec olmayaraq sığortaçı sığorta ödənişini verməli, müvafiq hallarda zərərin qiymətləndirilməsi, əmlakın təmiri, bərpası və ya yenisi ilə əvəz edilməsi üçün yazılı qaydada təsdiqlənən tədbir görməli, yaxud sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş verməlidir. Göründüyü kimi hal-hazırda "xxxx" ASC tərəfindən növbəti addımın atılması obyektiv səbəbdən mümkün deyildir və qanunvericilik də növbəti addım üçün müvafiq sənədin mövcud olmasını tələb edir. Sözügedən sənədin mövcudluğu ödəniş və ya imtina ilə bağlı yekun qərarın verilməsi nöqteyi-nəzərdən mütləq əhəmiyyət kəsb edir. Bir məqamı da vurğulamaq lazımdır ki, sənəd əldə olunduqdan sonra sığorta ödənişinin həyata keçirilməsi qərara alınacağı təqdirdə "xxxx" ASC-nin zərərvuran şəxsə üst qonşuya münasibətdə subroqasiya hüququ yarana bilər. Mülki Məcəllənin 936.4-cü maddəsinə əsasən isə faydalanan şəxs zərərvuran şəxsə qarşı iddiadan və ya tələbi təmin edən hüquqlardan, yaxud lazımi sənədləri sığortaçıya verməkdən imtina etdikdə sığortaçı sığorta ödənişi verməkdən zərərvuran şəxsdən subroqasiya qaydasında ala biləcəyi məbləğ həcmində azad edilir. Yəni "xxxx" ASC qanunvericiliklə və müqavilə ilə öhdəliklərini düzgün və tam icra etmişdir. Bu səbəbdən, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. İş materialları: Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli RX seriyalı ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, məhəllə 3166 Həsən bəy Zərdabi prospekti 92 «A» saylı evin 223 saylı mənzili (yeni qaydalarla: Bakı şəhəri Yasamal rayonu Tbilisi prospekti 161, M18, M6) xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 2775 nömrəli reyestr kitabının 258741 nömrəli vərəqində qeydiyyata alınmışdır. xx.xx.2023-cü il tarixdən saat 00:00-dan qüvvəyə minmiş RPA********** saylı «Daşınmaz əmlakın icbari sığortası şəhadətnaməsi»ndən görünür ki, sığortalı şəxs İddiaçı ilə sığortaçı olan "xxxx" ASC arasında Bakı şəhəri, Yasamal rayonu məhəllə 3166 Həsən bəy Zərdabi prospekti 92 «A» saylı evin 223 saylı mənzilinə dair daşınmaz əmlakın icbari sığortası müqaviləsi bağlanmışdır. Sığorta məbləği 25.000 manat təşkil edir, azadolma məbləği (franşiza) 250 manat müəyyən olunmuşdur. Sğortalı tərəfindən 50 manat sığorta haqqı ödənilmişdir. İddiaçının cavabdehə ünvanladığı müraciətlərdən, eləcə də xx.xx.2023-cü il tarixli şikayət ərizəsindən görünür ki, İddiaçı cavabdeh "xxxx" ASC-yə baş vermiş sığorta hadisəsi barədə bir neçə dəfə məlumat vermiş, hadisə ilə bağlı sığortaçının əməkdaşları tərəfindən mənzilə baxış keçirilərək akt tərtib olunması, xx.xx.2023-cü il tarixdə sığortaçı tərəfindən aparılan qiymətləndirmə nəticəsində mülkiyyətində olan mənzilə dəymiş zərərin 1.488 manat müəyyən edildiyini, həmin məbləğlə razı olduğunu, bu barədə müvafiq ərizə yazdığını, lakin uzun müddətdir ki, sığortaçı tərəfindən ödəniş edilmədiyini bildirərək, dəymiş 1.488 manat ziyanın ödənilməsinin təmin edilməsini tələb etmişdir. "xxxx" ASC-nin «Melissa Park» yaşayış kompleksinin komendantına ünvanladığı 19 iyul 2023-cü il tarixli 3544/1-********** saylı məktubundan, eləcə də 05 dekabr 2023-cü il tarixli 6816/1-********** saylı məktubundan görünür ki, sığortalı İddiaçı mülkiyyətində olan, icbari qaydada sığortalanmış Bakı şəhəri, Yasamal rayonu məhəllə 3166 Həsən bəy Zərdabi prospekti 92 «A» saylı evin 223 saylı mənzilinə xx.xx.2023-cü il tarixdə üst qonşudan su sızması nəticəsində zərər dəydiyi bildirilmiş, Mülki Məcəllənin 924.3-cü maddəsinə əsasən baş vermiş hadisənin təfərrüatlarını (zərər çəkən və zərər vuran şəxslərin yaşadığı ünvanı, adı və soyadı qeyd olunan, möhur və imza ilə təsdiq olunmuş) əks etdirən aktın "xxxx" ASC-yə təqdim edilməsi üçün göstəriş verilməsi xahiş olunmuşdur. Tərəflər arasında aparılan yazışmalardan göründüyü kimi, "xxxx" ASC müraciəti ilə bağlı təqdim olunmuş sorğu məktubuna müvafiq dövlət qurumundan cavab gözlənildiyini, sənədlər şirkətə daxil olduqdan sonra sığorta ödənişi barədə iddiaçıya məlumat veriləcəyi bildirilmişdir. Fiziki şəxs X2 (VÖEN **********) məhkəmənin xx.xx.2023-cü il tarixli sorğusuna cavab məktubundan görünür ki, İddiaçı yaşadığı Bakı şəhəri Yasamal rayonu məhəllə 3166 Həsən bəy Zərdabi prospekti 92 «A» saylı evin 223 saylı mənzilinə suyun buraxılması hadisəsi barədə onlara şifahi məlumat verilmişdir. Lakin, həmin mənzilə dəymiş zərərin həcmi və suyun hansı mənzildən buraxılması barədə onlarda məlumat yoxdur. Yəni, bu hadisə ilə bağlı onların iştirakı ilə hər hansı akt tərtib edilməmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə təyin edilmiş məhkəmə mühəndistexniki ekspertizasının icrasına dair Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 3-16-16/2-10/1218 saylı rəyindən görünür ki, Bakı şəhəri Yasamal rayonu məhəllə 3166 Həsən bəy Zərdabi prospekti 92 «A» saylı evin 223 saylı mənzilinin (yeni qaydalarla: Bakı şəhəri Yasamal rayonu Tbilisi prospekti 161, M18, M6) tavanı üzərində su sızma ləkələrinin olduğunu nəzərə alaraq, 6 saylı mənzilə susızma nəticəsində zərər dəydiyi müəyyən edilir. Lakin 6 saylı mənzilin üst mərtəbəsində yerləşən mənzilin qapısı bağlı olduğundan həmin mənzilə və kommunikasiya xətlərinə baxış keçirilməsi mümkün olmamışdır və bu səbəbdən də 6 saylı mənzilə dəymiş ziyanın texniki səbəbini müəyyən etmək mümkün olmamışdır.Həmin mənzilin tavanında su sızma nəticəsində yaranmış qüsurların aradan qaldırılması üçün görülməli təmir-bərpa işlərinin dəyərinin mövcud bazar qiymətlərinə uyğun olaraq təqribən 1.331 manat məbləğində olduğu müəyyən edilir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. 884.1-ci maddəsinə əsasən sığorta münasibətləri sığortalının və ya sığorta olunanın əmlakı, həyatı, sağlamlığı, mülki məsuliyyəti, qanunla qadağan olunmayan fəaliyyəti, o cümlədən sahibkarlıq fəaliyyəti ilə bağlı olan əmlak mənafelərinin müdafiəsi sahəsində risklərin ötürülməsinə və ya bölüşdürülməsinə əsaslanır. 897.1-ci maddəsinə əsasən icbari sığortanın həyata keçirilməsi icbari sığorta qanunları ilə tələb olunur. 922.1-ci maddəsinə əsasən sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. 923.1-ci maddəsinə əsasən sığorta hadisəsinin baş verməsi barədə sığortalı və ya sığorta olunan şəxs, yaxud faydalanan şəxs hadisədən xəbər tutduqdan dərhal sonra və ya mümkün olan ən qısa müddət ərzində sığortaçıya və ya onun nümayəndəsinə, eyni zamanda həmin hadisə barədə məlumatlandırılmalı olan səlahiyyətli dövlət orqanlarına hər hansı vasitə ilə xəbər verməlidir. 933.1-ci maddəsinə əsasən sığorta ödənişi aşağıdakılardan hər birinin mövcud olduğu halda həyata keçirilir: 933.1.1. sığorta hadisəsi baş verdikdə, sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin sığortaçıya ünvanladığı sığorta tələbi; 933.1.2. sığorta hadisəsi hesab edilə bilən hadisə ilə bağlı hər hansı dövlət orqanına məlumat verilməlidirsə, həmin orqanın hadisə barədə təqdim etdiyi müvafiq sənəd; 933.1.3. icbari sığorta qanunlarında və müvafiq sığorta qaydalarında nəzərdə tutulan, sığorta ödənişinin verilməsi üçün tələb olunan digər sənədlər. 933.3-cü maddəsinə əsasən «İcbari sığortalar haqqında» Azərbaycan Respublikasının Qanununda müəyyən edilmiş hallarda bu Məcəllənin 933.1.2-ci maddəsində nəzərdə tutulmuş sənəd tələb edilmir. Sağlamlığa zərər dəyməsi faktının mövcud olduğu hallar istisna olmaqla, könüllü sığorta müqaviləsi üzrə sığorta hadisəsi nəticəsində dəymiş zərərin həcmi bu məqsədlə müvafiq sığorta qaydalarında müəyyən edilmiş həddən az olduqda, həmçinin sığorta hadisəsinin baş vermə səbəbləri və təfərrüatlarının təhrif edilməsi barədə sığortaçıda hər hansı əsaslandırılmış şübhə olmadıqda, sığorta ödənişinin həyata keçirilməsi üçün bu Məcəllənin 933.1.2-ci maddəsində nəzərdə tutulmuş sənəd tələb edilməyə bilər. 934.1-ci maddəsinə əsasən bu Məcəllənin 933.1-ci maddəsində nəzərdə tutulan sənədlərdən sonuncusunun (bu Məcəllənin 933.3-cü maddəsi nəzərə alınmaqla) sığortaçıya daxil olduğu tarixdən 7 iş günündən gec olmayaraq sığortaçı sığorta ödənişini verməli, yaxud sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş təqdim etməlidir. 934.2-ci maddəsinə əsasən sığortaçı sığorta ödənişini icbari sığorta qanunları və ya sığorta müqaviləsi ilə müəyyən olunmuş müddətdə ödəmədikdə, hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödəyir. 936.3-cü maddəsinə əsasən faydalanan şəxs sığorta ödənişini aldıqda subroqasiya hüququnun həyata keçirilməsi üçün özündə olan bütün lazımi sənədlərlə sığortaçını təmin etməlidir. 936.4-cü maddəsinə əsasən faydalanan şəxs zərərvuran şəxsə qarşı iddiadan və ya tələbi təmin edən hüquqlardan, yaxud lazımi sənədləri sığortaçıya verməkdən imtina etdikdə sığortaçı sığorta ödənişi verməkdən zərərvuran şəxsdən subroqasiya qaydasında ala biləcəyi məbləğ həcmində azad edilir. «İcbari sığortalar haqqında» Azərbaycan Respublikasının Qanununun 17.1.4-cü maddəsinə əsasən bu Qanunun Xüsusi bölməsində ayrı qayda nəzərdə tutulmamışdırsa, sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları (hadisənin baş vermə vaxtı, yeri, hadisəsinin baş verməsində təqsirli olan və (və ya) zərərçəkən şəxs (şəxslər), həmçinin zərər dəymiş əmlak, zərərin xüsusiyyətləri) barədə səlahiyyətli orqanın təqdim etdiyi arayış (o cümlədən elektron formada) sığorta ödənişinin verilməsi üçün nəzərdə tutulan sənəddir. «İcbari sığortalar haqqında» Qanunun 18.1-ci maddəsinə əsasən Qanunun 17.1-ci maddəsində göstərilən sənədlərdən sonuncusunun sığortaçıya təqdim edildiyi və (və ya) alındığı tarixdən 7 iş günündən gec olmayaraq sığortaçı sığorta ödənişini verməli, müvafiq hallarda zərərin qiymətləndirilməsi, əmlakın təmiri, bərpası və ya yenisi ilə əvəz edilməsi üçün yazılı qaydada təsdiqlənən tədbir görməli, yaxud sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş verməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Konstitusiya Məhkəməsi Plenumunun M.Bağırovun şikayəti üzrə 2008-ci il 30 iyul tarixli Qərarında ifadə etdiyi hüquqi mövqeyinə əsasən, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Göründüyü kimi, RPA********** saylı «Daşınmaz əmlakın icbari sığortası şəhadətnaməsi» ilə sığortalı şəxs İddiaçı sığortaçı "xxxx" ASC tərəfindən icbari qaydada sığorta edilmiş Bakı şəhəri Yasamal rayonu məhəllə 3166 Həsən bəy Zərdabi prospekti 92 «A» saylı evin 223 saylı mənzilinə su sızması nəticəsində ziyan vurulmuş, digər sözlə ifadə etdikdə sığorta hadisəsi baş vermişdir. İddiaçı sığorta hadisəsi barədə sığortaçıya vaxtında məlumat vermiş, özündə olan bütün zəruri sənədləri təqdim etmiş, sığortalı kimi üzərinə düşən bütün vəzifələri icra etmişdir. Cavabdeh bu günədək sığorta ödənişini müvafiq hesaba köçürməməsinin (ödəniş etməməsinin) səbəbini səlahiyyətli orqan tərəfindən müvafiq sənədin təqdim edilməməsi ilə əsaslandırır. İşin faktiki halları ilə müəyyən edilmişdir ki, cavabdehin tələb etdiyi sənəd iddiaçıda yoxdur, faydalanan şəxs kimi iddiaçı özündə olan bütün zəruri sənədləri cavabdehə təqdim etmişdir, özündə olan sənədləri də verməkdən imtina etməmişdir. Ümumiyyətlə həmin sənədi iddiaçı deyil, səlahiyyətli orqan sığortaçıya təqdim etməlidir. Nümunə kimi yol-nəqliyyat hadisələri ilə əlaqədar sığorta hadisələrini göstərmək olar. Həmin sığorta hadisələri üzrə müvafiq arayışı təqdim etməli orqan kimi BDYPİ (BDYPİ-nin hadisə baş verən ərazi üzrə aidiyyəti altqurumları (şöbələri və s.)) çıxış edir. Yanğın hadisələri ilə bağlı FHN, digər hadisələr üzrə aidiyyəti qurumlar. Sığorta şirkətləri də müvafiq sorğu ilə yol-nəqliyyat hadisəsi, yanğın hadisəsi və s. barədə təfərrüatlı arayışları sığortalılardan deyil, səlahiyyətli orqanlardan tələb edirlər. Hazırki mübahisə üzrə iş materiallarından da göründüyü kimi, sığortaçı müvafiq arayışı iddiaçıdan deyil, bu barədə arayışı verməyə səlahiyyətli hesab etdiyi «Melissa Park» yaşayış kompleksinin komendantından tələb etmişdir. Sığortaçı mahiyyət etibarı ilə dəymiş ziyanın həcminin müəyyən edilməsi üçün bir sıra zəruri addımları atmış, əməkdaşları ziyan vurulmuş mənzildə olmuş, müvafiq akt tərtib etmiş, vurulmuş ziyanın həcmini müəyyən etmişlər. İddiaçı hesablanan ziyan məbləği ilə razı olduğunu bildirmiş, həmin məbləğin ona ödənilməsinə etiraz etməmişdir. İddiaçı vurulmuş ziyan məbləğini məhkəmə qaydasında belə mübahisələndirməmişdir. Göründüyü kimi, iddiaçı ona sığorta ödənişinin verilməsindən imtinaya əsas olan biləcək hər hansı təqsirli hərəkət və yaxud hərəkətsizlik nümayiş etdirməmiş, özündə olan, yəni özündə olan sənədləri – daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, şəxsiyyətini təsdiq edən sənəd, mənzilin fotoşəkilləri və s. sığortaçıya təqdim etmişdir. Məhkəmə hesab edir ki, məlumatı verməli olan şəxsin sığortaçının müraciətində qeyd edilən arayışı (zərər çəkən və zərər vuran şəxslərin soyadı, adı, ata adı, mülkiyyətlərində olan mənzillərin nömrəsi və s.) verməməsinə görə sığortalı kimi iddiaçının hüquqları pozula bilməz. Həmçinin müəyyən edildiyi kimi sığortaçı şirkət tərəfindən iddiaçıya müəyyən edilmiş müddət ərzində sığorta ödənişi həyata keçirilmədiyindən müvafiq qanunvericiliyin tənzimlənməsinə əsasən iddiaçı bu halda sığorta ödənişinin ona ödənilməsinin gecikdirildiyi hər gün üçün cərimə məbləğini tələb etmək hüququna malikdir.Belə olan təqdirdə məhkəmə iddia tələbinin xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək ümumilikdə gecikdirilmiş 97 günün hər günü üçün (1238x0,001=1,238; 1,238x97≈120,09) 120,09 qəpik hesablanmaqla cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Həmçinin iddia tələbi bütövlükdə təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumuna görə müvafiq məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, 250 manat azadolma məbləği nəzərə alınaraq, təmir işlərinin dəyəri olan cəmi 1.238 manat pul vəsaiti, hər gecikdirilmiş gün üçün, yəni 97 gün (xx.xx.2023-xx.xx.2023-cü il tarixlər) üçün sığorta ödənişi məbləğinin 0,1 faizi nəzərə alınaraq 120,09 manat pul vəsaiti və ödənilmiş 30 manat dövlət rüsumu cavabdeh "xxxx" ASC-dən İddiaçı xeyrinə tutulmalıdır. Aparılmış ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 manat məbləğində pul cavabdeh "xxxx" ASC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesaba ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh "xxxx" ASC-dən 1238 (bir min iki yüz otuz səkkiz) manat sığorta ödənişi, xx.xx.2023-xx.xx.2023-cü il tarixləri üzrə hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində hesablanaraq 120,09 (yüz iyirmi manat doqquz qəpik) manat pul vəsaiti və ödənilmiş 30 (otuz) manat dövlət rüsumuna görə pul tutularaq İddiaçı ödənilsin. Aparılmış ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 manat məbləğində pul cavabdeh "xxxx" ASC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesaba (X1, VÖEN: **********, Büdcə səviyyə kodu: 3, Büdcə təsnifat kodu:142595, VÖEN: **********, Hesab: AZ34CTRE********************1) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Vüsalə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar