Məhkəmə qərarları › İş №e-2(006)-613/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-613/2025

05.05.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-613/2025 05.05.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Quluzadə Sevil Zakir qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1, iddiaçının nümayəndəsi X36 və cavabdehin nümayəndələri X13 və Nümayəndə2 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı «borcun silinməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: 1.İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı «borcun silinməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 2.İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 26 fevral 1997-ci ildən, yəni nikaha daxil olduğu gündən 01 yanvar 2024-cü ilədək qayınanasına məxsus ünvan 1 ünvanda öz ailəsi ilə birlikdə yaşamışdır. Anası isə ünvan 6ndə inşa etdirdiyi qanunsuz tikilidə yaşamış, 19 noyabr 2005-ci ildə isə anası vəfat etdikdən sonra həmin evdə kimsə qalmamışdır. Anasının yaşadığı evdə heç bir kommunal xidmətlər, qaz, işıq və su olmamış, 2005-ci ilədək, anasına həmin evin yanında yerləşən zavoddan elektrik enerjisi verilmiş, anası həmin elektrik enerjisindən istifadə etmişdir. Ümumiyyətlə, həmin dalanda elektrik xətləri olmamış, həmin küçəyə elektrik xətləri 2013-cü ildə çəkilmişdir. Anası öləndən sonra iddiaçı arabir həmin evə gedib, evi havalandırır, təmizləyir, evə baxırdı. Yasamal rayonunda yaşadığına görə anasının evi ona lazım olmamış, onun həmin evə su, qaz və ya işıq çəkdirmək niyyəti olmamışdır. Lakin 2023-cü ilin axırlarında yaşadıqları Bakı şəhəri, Yasamal rayonu, Əhməd Cəmil küçəsi, 42 saylı ev Bakı şəhərinin abadlaşdırılması planı üzrə layihəyə daxil edilmiş və onlar layihəni icra edən "xxxx" Şirkəti ilə müqavilə imzalayaraq, evin sökülməsinə və həmin evin əvəzində onlara yeni mənzil verilməsi barədə razılığa gəlmiş və aralarında olan razılığa əsasən yaşadıqları evi 01 yanvar 2024cü ilədək Şirkətə təhvil verməyi öhdələrinə götürmüşlər. Bununla əlaqədar iddiaçı müvəqqəti olaraq anasına məxsus ünvan 6ndə yerləşən evə köçüb orada yaşamaq qərarına gəlmişdir. Evə elektrik enerjisi çəkmək istədikdə evin divarında elektrik sayğacının olmasını görmüş və cavabdehə müraciət edərək həmin sayğacla anasının evinə verilən elektrik enerjisinə görə abunə nömrəsinin **********20000 olmasını öyrənmişdir. Daha sonra cavabdehin ustaları gələrək elektrik xətlərini bərkitmiş və sayğacın işlək olmasını görmüşlər. İddiaçı artıq sayğacın necə, hansı yolla quraşdırılması ilə maraqlanmamışdır. 01 yanvar 2024-cü il tarixdən isə o, öz ailəsi ilə həmin evə köçmüş, məhz həmin gündən elektrik enerjisindən istifadə etməyə başlamışlar. İddiaçının istifadə etdiyi elektrik enerjisinin dəyərini ödəmək istədikdə isə sayğacda borcunun 14000 manatdan çox olmasını görmüşdür. Bununla əlaqədar Azərişıq ASC-nin əməkdaşlarına dedikdə isə, onlar həmin sayğacın müvəqqəti quraşdırıldığını, sayğacda olan borcun ona aid olmamasını bildirmişlər. Bundan sonra isə o, heç kəsin ondan elektrik enerjisinə görə borcun tələb etməməsini görüb onlara inanmış, onların həmin sayğacı gəlib dəyişdirəcəklərini gözləmişdir. Lakin 23 sentyabr 2024-cü il tarixdə "xxxx" ASC-nin əməkdaşları gələrək, elektrik enerjisinə görə yaranmış borcu ödəmədiyinə görə elektrik xətlərinin kəsiləcəyini bildirmişlər. Məhz bundan sonra Azərişıq ASC-dən onlara məxsus evə çəkilmiş elektrik enerjisinə dair məlumatları tələb etmiş və cavabdeh tərəfindən təqdim edilən “Abunə haqqında” sistemdən çıxarışdan görmüşdür ki, evə bərkidilmiş sayğaca dair **********20000 abunə kodu üzrə X1 adına 12 dekabr 2007-ci ildə açılıb. Həmin sənəddən də görünür ki, **********20000 abunə kodu üzrə sayğaclar 07 iyun 2013-cü ildə və 13 dekabr 2016-cı ildə quraşdırılıb və həmin abunə kodu üzrə 10 dekabr 2007-ci ildən 14528 manat məbləğində borc hesablanıb. İddiaçının soyadı 26 fevral 1997-ci ilə qədər Yusifzadə olsa da, 26 fevral 1997-ci il tarixdə o, X27 ilə rəsmi nikaha daxil olaraq ailə qurmuş və həmin tarixdən də soyadı dəyişərək Ağayeva olub. Yəni ümumiyyətlə 12 dekabr 2007ci ildə onun soyadı Yusifzadə olmasa da, **********20000 abunə kodu onun köhnə soyadı ilə açılıb. İddiaçı heç bir zaman Azərişıq ASC-yə anasının evinə elektrik enerjisi verilməsi barədə müraciət etməmiş, heç kəs ona həmin evə elektrik enerjisinin veriləcəyini bildirməyib. Yəni "xxxx" ASC ilə elektrik enerjisinə dair heç bir müqavilə imzalamadan onlar iddiaçının adına abunə kodu açıb, hətta bu zaman da soyadını düzgün yazmayıblar. İşin əsl halı ondan ibarətdir ki, evin yerləşdiyi küçədə 2013-cü ilədək elektrik xətləri olmayıb, 2013-cü ildə ora elektrik xətti çəkilib, Azərişıq ASC-nin əməkdaşları isə öz kirli məqsədləri üçün onun adına sayğacı yazaraq əslində sayğacı başqa ünvanda quraşdırıb və sayğaca görə yazılan pulu isə nağd alıb özləri mənimsəyib, bununla da Sayğac quraşdırılan andan heç bir məbləğdə pul ödənilmədən qalmışdır. Məhz cavabdehin əməkdaşları həmin evə köçməsini gördükdən sonra sayğacı yerində quraşdırıb və bundan sonra onlardan borcun ödənilməsini tələb etməyə başlayıblar. Halbuki, cavabdehin əməkdaşları 40-50 manat borcu olan abunəçilərin elektrik enerjisini dərhal kəsir, borcun ödənilməsini tələb edirlər. Necə olur ki, 2007-ci ildən bəri iddiaçının adına yazılan sayğacla istifadə edilmiş elektrik enerjisinə görə yaranmış borcdan heç bir məbləğ ödənilməyib, lakin bu müddət ərzində elektrik xəttini kəsməyiblər? Göründüyü kimi 12 dekabr 2007-ci ildən **********20000 abunə kodu üzrə istifadə edilmiş elektrik enerjisinə görə yaranmış 14528,40 manat məbləğində borcun iddiaçıya aid olmamasına dair kifayət qədər mötəbər sübutlar vardır. Belə ki, 26 fevral 1997-ci ildən 01 yanvar 2024-cü ilədək Yasamal rayonunda yaşamağı rəsmi sübutlarla öz təsdiqini tapır. Bu hal isə onun həmin dövrdə hazırki evdə yaşamadığını sübut edir. **********20000 abunə kodu üzrə iddiaçı ilə Azərişıq ASC arasında heç bir müqavilə imzalanmayıb, **********20000 abunə kodu üzrə sayğacların 07 iyun 2013-cü ildə və 13 dekabr 2016-cı ildə quraşdırılması barədə heç bir akt imzalanmayıb, sayğaclar iddiaçıya təhvil verilməyib. Bu hal isə iddiaçının sayğaclardan xəbərinin olmamasını, onun cavabdeh qarşısında heç bir öhdəliyinin yaranmamasını sübut edir. **********20000 abunə kodu üzrə iddiaçının soyadı kimi qızlıq soyadı olan Yusifzadə göstərilib. Bu hal isə onu sübut edir ki, **********20000 nömrəli abunə kodu açılan zaman ümumiyyətlə cavabdehdə onun məlumatları olmayıb, haradansa onlar onun adını öyrənib və X4 adı ilə saxta abunə kodu açıblar. Anası 19 noyabr 2005-ci ildə ölüb, həmin tarixdən də evdə heç kəs yaşamayıb. Bu hal isə anasına məxsus ölüm haqqında şəhadətnamə ilə sübuta yetir. Göstərilənlərə əsasən ünvan 6 nömrəsiz evə **********20000 nömrəli abunə kodu üzrə "xxxx" ASC tərəfindən elektrik enerjisinə dair hesablanmış 14528,40 manat məbləğində debitor borcun silinməsinə dair qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. a) Məhkəmə icraatı iştirakçılarının izahatları: 3.Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 iddia tələbini müdafiə edərək qeyd etmişdir ki, məhkəməyə bununla bağlı kifayət qədər sübutlar təqdim etmişlər. İddiaçı həmin ünvanda yaşamamış və həmin kod ilə olan müqaviləyə imza etməmişdir. Həmin kod isə onun soyadına uyğun deyildir. Bütün şahidlər bunu sübut edirlər. Cavabdeh 5 nəfər şahid gətirməklə 2023-cü ildən əvvəl orada olduğunu sübut etməyə çalışsa da, həmin şəxslər həmin vaxtdan əvvəl orada olmamışlar. Həmin mənzilə smart sayğac qoyulmamışdır. Əsas əraziyə baxan Babayev Elnur isə şahid kimi gətirilməmişdir. Bütün şahidlər iddiaçının orada yaşamadığını bildirmiş və bunun əksi sübut edilə bilməmişdir. Odur ki, qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 4.Məhkəmə iclasında iddiaçının nümayəndəsi X36 iddia tələbini müdafiə edərək, iddia tələbinə uyğun izahat vermiş, həmin mənzilin əvvəl iddiaçının anasına məxsus olmuş, daha sonra anası vəfat etdikdən sonra mənzildə heç kim yaşamamışdır. Bunları nəzərə alaraq iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 5.Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə2 iddia tələbinə etiraz edərək bildirmişdir ki, borcun həmin ünvanda istifadə edildiyi hesab edilir. Sayğacla evin arasında məsafə var və bugün də həmin evdə 19 ampel elektrik enerjisi axır. 3-4 yağ radiatrının işlətdiyi gücdür. Əməkdaşa bildirmişdilər ki, vaxt verilsin və borc ödəniləcək. İddiaçı evi özü şəxsən istifadə etməyə bilər, lakin elektrik enerjisindən istifadə olunmuşdur. Sonuncu ödəniş 2024-cü ilin may ayında olmuşdur və bugün də enerji istismar olunur. Borcun sərfiyyat borcu olduğu hesab edilir. Odur ki, qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 6.Məhkəmə iclasında cavabdehin nümayəndəsi X13 iddia tələbinə etiraz edərək, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 7.Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilən X7 ifadə verərək xx.xx.1985-ci il təvəllüdlü olduğunu, Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, İlqar Məmmədov küçəsi ünvanında 2004-cü ildən etibarən yaşadığını, iddiaçını 1 ildir ki, tanıdığını, iddiaçının anası vəfat etdikdən sonra orada heç kimin yaşamadığını, öz borclarını vaxtında ödədiyini, evdə təmir getməsini və oraya köçürülməsini, həmçinin 1 dəfə işığın kəsildiyini görmüş, işığın ödənişinin qəbzlə olduğunu, iddiaçının anasından 2004-cü ildə ev aldığını və həmin evə bitişik evdə yaşadığını, sayğacının həyətdə yerləşdiyini, iddiaçının sayğacının təxmini həyət qapısının yanında yerləşdiyini və nəzarətçilərin 2024-cü ilin yanvar ayında gəldiklərini bildirmişdir. 8.Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilən X8 ifadə verərək xx.xx.1968-ci il təvəllüdlü olduğunu, Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, İlqar Məmmədov küçəsi ünvanında yaşadığını, iddiaçının anasını tanımadığını, iddiaçı ilə yanbayan qonşu olduğunu, özünün cavabdehə borcunun olmadığını, iddiaçını 2024-cü ildən orada yaşamağa başladığına görə tanıdığını, orada heç kimin yaşamadığını, divar yaxın olduğuna görə kimsə gəldiyi zaman eşitdiyini, öz qazı olmadığına görə təxmini 20 gün qonşunun qazından istifadə etdiyini, iddiaçının 2024-cü ildən oraya köçdüyünü, qaza olan ödənişini kartla ödədiyini və iddiaçıdan xahiş etdiyi üçün oğlunun kartı ona verdiyini və maksimum 1 ay istifadə etdiyini bildirmişdir. 9.Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilən X19 ifadə verərək xx.xx.1979-cu il təvəllüdlü olduğunu, cavabdeh təşkilatda nəzarətçi mühəndis vəzifəsində çalışdığını, 2018-ci ildən Suraxanı rayonu, 2-ci sahədə işlədiyini, Bülbülə, İ.Məmmədov küçəsindəki evdə iddiaçının yaşayıb-yaşamaması barədə məlumatının olmadığını, lakin rəhbərliyin göstərişinə əsasən 2 dəfə borcun ödənilməsi ilə bağlı kəsimə təhkim olunduğunu və 2 dəfə iddiaçını gördüyünü, hadisə olan vaxtı və ondan 10-15 gün əvvəl orada olduğunu, aparıcı mühəndis və digər mühəndis olmaqla kəsimə gəldiklərini və göstərişə əsasən elektrik verilməsinin dayandırıldığını, həmin əraziyə təhkim olunduğunu, başqa əməkdaşlardan kiminsə keçdiyini eşitmədiyini, kəsimlə bağlı lazım olan vaxt sənədləşdirmə aparıldığını, lazım olmadıqda isə aparılmadığını, kəsim siyahısında hansı abonentin işığının ayrılması barədə qeyd etdiklərini bildirmişdir. 10.Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilən X6 ifadə verərək xx.xx.1987-ci il təvəllüdlü olduğunu, cavabdehin əməkdaşı olduğunu, hazırda 2 aydır ki, Hövsan qəsəbəsində işlədiyini, 2020-ci ildən etibarən isə Suraxanı rayonunda 7-ci sahədə, bundan öncə 6-cı və 1-ci sahədə də işlədiyini, sözügedən mübahisəli evin olduğu əraziyə baxmadığını, kəsim qrupu olaraq borcu olan evlərə getdiklərini, evə 2 dəfə kəsim üçün getdiklərini, həmin sahəyə baxan iki əməkdaşın olduğunu və onların xəstə olduqları üçün gələ bilmədiklərini, onlardan evdə yaşayış olub-olmaması barədə nəsə eşitmədiyini, iki dəfə getdiklərini və hər ikisində də iddiaçını gördüklərini bildirmişdir. 11.Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilən X14 ifadə verərək xx.xx.1984-cü il təvəllüdlü olduğunu, 2019-cu ildən cavabdehin əməkdaşı olduğunu, kəsimlə bağlı sözügedən əraziyə təhkim olunduğunu, 3-4 dəfə ora getdiyini, təxminən hadisədən bir ay əvvəl və ondan da bir neçə ay əvvəl getdiyini, abonent problem yaratdığı üçün kəsim edə bilmədiklərini, səbəb kimi iddiaçının bıçaqla onları hədələməsini, hadisə ilə bağlı 102 xidmətinə müraciət etdiklərini və polisin gəldiyini, dəfələrlə abonentin problem yaratdığını, onlardan əvvəlki işçilərin də abonentdən ödəniş ala bilmədiklərini və problem yaşadıqlarını, dəfələrlə kəsilmələrin olmasına baxmayaraq ödəniş edilmədiyinə görə bu qədər borcun yığıldığını, iclas olduğu zaman rəhbərliyin hansı ərazidəki abonentlərin problem yaratdıqları barədə məlumat verdiyini bildirmişdir. 12.Hazırki məhkəmə iclasında şahid qismində dindirilən X9 ifadəsində xx.xx.1981-ci il təvəllüdlü olduğunu, iddiaçı ilə qonşu olduğunu, onu köçəndən sonra tanıdığını, usta kimi 2023-cü ildə həmin evdə işlədiyini, evə getdiyi zaman evdə sayğacın olmasını, lakin işığın olmadığını, uzadıcının köməyi ilə işıqdan istifadə etdiyini, təmir işlərini apardığı 1 ay yarım müddətdə işığın olmadığını, həmin müddət ərzində cavabdehdən kiminsə ora gəlmədiyini, evdə su və qazın olduğunu, yaşadığı evə köçdüyü zaman iddiaçını orada görmədiyini və iddiaçının oğlunun öz oğlu ilə birlikdə Bülbülə qəsəbəsində, 223 nömrəli məktəbdə oxuduğunu bildirmişdir. 13.Hazırki məhkəmə iclasında şahid qismində dindirilən X10 oğlu ifadəsində xx.xx.1981-ci il təvəllüdlü olduğunu, ünvan 2 ünvanında yaşadığını, iddiaçının qonşusu olduğunu, Əlini 2023-cü ildə gördüyünü, evi təmir edərkən onunla tanış olduğunu, iş adamı olduğu üçün evdə çox olmadığına görə iddiaçıdan daha çox anasını tanıdığını, iddiaçını ilk dəfə 2023-cü ildə gördüyünü, 2000-ci ildən özünün evə köçdüyünü, 2005-ci ildə iddiaçının anasının vəfat etdiyini və 2023-cü ildən etibarən isə iddiaçını tanıdığını, işıq borcunun müəyyən qədər olduğunu, lakin işləyərək onu ödədiyini, cavabdehin nümayəndələri gəldiyi zaman aralarında münaqişənin olmadığını, 2023-cü ildən bu vaxta qədər iddiaçı ilə cavabdeh arasında münaqişənin olduğunu görmədiyini, 2023-cü ildən evdə təmirə başlanıldığını, onun öz borcuna görə işığının kəsildiyini, işığı kəsməyə gələn şəxsləri görmədiyini bildirmişdir. 14.Hazırki məhkəmə iclasında şahid qismində dindirilən X20 ifadəsində xx.xx.1995ci il təvəllüdlü və 2019-cu ildən etibarən cavabdehin əməkdaşı olduğunu, ilk gündən Yeni Suraxanı kəndində təhkim olunduğunu, iddiaçının yaşadığı əraziyə 2023-cü ilin sonu və 2024-cü illərdə təhkim olunduğunu, ilk aylardan sayğacda 14 min manat borcun olduğunu gördüyünü, bir aydan bir iddiaçının yaşadığı evə getdiyini, ilk dəfə evlərinin plana düşdüyünü və pulu alan kimi borcu bağlayacaqlarını bildirdiklərini, həmin vaxtdan sonra ödəniş olmadığını, işlədiyi dövrdə cəmi 1 dəfə ödəniş olduğunu, sonuncu dəfə 2025-ci ilin yanvarında orada olduğunu, kəsimdə 3-4 dəfə iştirak etdiyini, ondan əvvəl ərazidə Babayev Elnurun işlədiyini bildirmişdir. 15.Hazırki məhkəmə iclasında şahid qismində dindirilən X15 ifadəsində xx.xx.1983cü il təvəllüdlü və cavabdehin əməkdaşı olduğunu, Suraxanı rayonu ərazisində işlədiyini, 2020-ci ildən etibarən sahə rəisi işlədiyini, həmin vaxtdan əvvəl 2008-ci ildən nəzarətçi mühəndis işlədiyini, 2022-ci ildə 3 ay Bülbülə qəsəbəsində işlədiyini, daha sonra Suraxanı ərazisinə getdiyini və yenidən qayıtdığını, iddiaçını borcu olduğuna görə evə getdiyinə görə tanıdığını, ilk dəfə 2023-cü ildə getdiyini, həmin vaxt təxmini 14 min borcu olduğunu, borcun ödənilmədiyini, bununla bağlı tədbir kimi bir dəfə rəisin tapşırığı ilə işığı ayırmağa getdiklərini, lakin xanımın yalnız qaldığına görə etmədiklərini, sonuncu dəfə 1 həftə əvvəl getdiklərini, həmin məbləğdə smart sayğaclarda analoji rəqəmlər olduğunu, cavabdehin köhnə və borclu sayğacının quraşdırılması halı ilə qarışlaşmadığını, orada olduğu vaxt cəmi 1 manat ödəniş edildiyini, sayğacın dəyişsə də, kodun eyni kodda qaldığını, 2023-cü ildə işlədikdən sonra sahə rəisinin ora smartkart qoymaq istədiyini, lakin bunun mümkün olmadığını, bir dəfə həmin mənzildə sayğacın çox yazması ilə bağlı şikayət daxil olduğunu və gedib baxdıqda isə sayğacın çox yazmadığını, enerjinin artıq olduğunun müəyyən edildiyini qeyd etmişdir. 16.Məhkəmə tərəflərin izahatlarını və şahid ifadələrini dinləyib və iş materiallarını araşdıraraq, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Əsaslandırıcı hissə: a) Mülki işin materialları: 17.Mülki işin materiallarında olan və iddiaçı tərəfindən təqdim edilmiş "xxxx" ASC tərəfindən verilmiş abunə haqqında arayışdan görünür ki, abunə kodu **********20000 və X1 adına olan Bakı şəhəri, Suraxanı rayonu, İ.Məmmədov ünvanına dair 14.528,40 manat borc hesablanmışdır. 18.Mülki işin materiallarında olan Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfat Birliyi 24 saylı Mənzil Kommunal Təsərrüfat sahəsi tərəfindən verilən xx.xx.2024-cü il tarixli, 244 nömrəli Arayışdan görünür ki, X28 Ə.Cəmil küçəsi, 42 saylı evdə qeydiyyatdadır. İddiaçı xx.xx.2024-cü ilədək göstərilən ailə üzvləri ilə birlikdə qeydiyyatsız yaşamışdır: X29, X36 və X21. 19.Mülki işin materiallarında olan və cavabdeh tərəfindən təqdim edilən "xxxx" ASC tərəfindən verilmiş abunə haqqında arayışdan görünür ki, abunə kodu **********20000 və X1 adına olan Bakı şəhəri, Suraxanı rayonu, İ.Məmmədov ünvanına dair ödənilməmiş 14.736,2 manat borc mövcuddur. Bu abonentə hüquq şirkəti nəzarət edir və borc xx.xx.2015-ci ilə qədər 5643,85 manat təşkil etmişdir. 20.Mülki işin materiallarında olan 03 noyabr 2023-cü il tarixli, M-10-23-25 saylı müqaviləyə 12 sentyabr 2024-cü il tarixli Əlavə 1-dən görünür ki, "xxxx" MTK və X22 (iddiaçının qayınanası) arasında müqavilə bağlanmış və müqaviləyə əsasən "xxxx" MTK ünvan 4 ünvanında yerləşən və mülkiyyətçiyə məxsus olan fərdi yaşayış evinin əvəzində yeni tikiləcək yaşayış binasının A blokunun 3-cü mərtəbəsində yerləşən təmirli mənzilləri mülkiyyətçiyə verməyi öhdəsinə götürmüşdür. 21.Mülki işin materiallarında olan Bakı şəhəri Suraxanı rayonu İcra Hakimiyyəti başçısının Bülbülə qəsəbəsi İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilən xx.xx.2024-cü il tarixli cavab məktubundan görünür ki, İddiaçı xx.xx.2024-cü ilədək Bülbülə qəsəbəsi, İlqar Məmmədov küçəsində yaşayıb-yaşamaması barədə məlumat yoxdur. 22.Mülki işin materiallarında olan “İri şəhərlərin Birləşmiş su təchizatı xidməti” X37 tərəfindən verilən xx.xx.2025-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, “İri şəhərlərin Birləşmiş su təchizatı xidməti” X35 elektron bazasında Ağayeva (Yusifzadə) Mehriban Əliabbas qızının (X3) adına qeydiyyatın olmadığı müəyyən edilmişdir. 23.Mülki işin materiallarında olan “Azəriqaz” İstehsalat Birliyi tərəfindən xx.xx.2025ci il tarixli sorğuya cavab məktubundan görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, İ.Mehdiyev küçəsində yerləşən ünvanda yaşayan İddiaçı ilə xx.xx.2018-ci il tarixdə təbii qazın alqı-satqı müqaviləsi bağlanaraq abonent kimi qeydiyyata alınmışdır. 24.Mülki işin materiallarında olan “Bakı Baş Səhiyyə Mərkəzi” X38 24 nömrəli şəhər poliklinikası tərəfindən verilən 29 aprel 2025-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, İddiaçı 24 saylı şəhər Poliklinikasında tibbi qeydiyyatda olmamış və müraciət etməmişdir. 25.Mülki işin materiallarında olan və cavabdehin nümayəndəsi tərəfindən təqdim edilən “iddia müddətinin tətbiqi”nə dair ərizədən görünür ki, İddiaçı hər ay istifadə edilmiş elektrik enerjisinin hesabatı ilə bağlı qəbzlər təqdim edilmişdir. Həmin qəbzlərdə ay ərzində istifadə edilmiş elektrik enerjisinin və ümumi borc qeyd edilmişdir. Lakin iddiaçı illər ərzində borcdan xəbərdar olsa da, təkcə 2024-cü ildə həmin borcla bağlı məhkəməyə müraciət etmişdir. Bununla da iddiaçı tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş 3 illik iddia müddəti ötürülmüşdür. Odur ki, qeyd edilənlərə əsasən iddiaçı tərəfindən iddia müddəti ötürüldüyündən müvafiq qərarın qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. b) Məhkəmə tərəfindən müəyyən edilən hallar: 26.Beləliklə, məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, ünvan 6 ünvanında yerləşən nömrəsiz evdə 2005-ci il tarixə qədər iddiaçının anası yaşamış, 2005-ci ildə iddiaçının anası vəfat etmiş, daha sonra sözügedən evdə iddiaçı öz ailəsi ilə birlikdə hazırda yaşamaqdadır. 27.Müəyyən edilmişdir ki, 2007-ci il tarixdə X2 adına **********20000 abunə kodu açılmış və həmin tarixdən etibarən hazırki vaxtadək 14528,40 manat məbləğində həmin abunə kodlu sayğaca borc hesablanmışdır. 28.Hazırda iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, anası vəfat etdikdən sonra evdə heç kimin yaşamadığını, özünün 2024-cü ildən etibarən həmin evdə yaşamağa başladığını, evə elektrik enerjisinin verilməsi ilə bağlı heç vaxt cavabdehə müraciət etmədiyini və yalnız evdə yaşamağa başladıqdan sonra sayğacın və sayğaca qeyd edilən məbləğdə borcun olmasını bildiyini iddia edərək, **********20000 abundə kodu üzrə elektrik enerjisinə görə hesablanmış 14528.40 manat məbləğində debitor borcun silinməsini tələb edir. 29.Cavabdeh isə iddia tələbini qəbul etməyərək borcun məhz elektrik enerjisinin istifadəsi ilə bağlı yaranmış borc olduğunu və eyni zamanda, iddiaçı tərəfindən iddianın verilməsi üçün iddia müddətinin də ötürüldüyünü bildirərək, iddianın rədd edilməsini tələb edir. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: 30.Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin 7-ci hissəsinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. 31.«Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikasının Qanununun 100-cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır 32.«İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinin tələbinə əsasən dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır. 33.Həmin Qanunun 17-ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. 34.Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq edilmiş “Elektrik enejisindən istifadə Qaydaları”nın 1.2-ci bəndinə əsasən, bu Qaydalar “Enerji resurslarından istifadə haqqında”, “Elektroenergetika haqqında”, “Energetika haqqında” Azərbaycan Respublikasının qanunlarına və digər qanunvericilik aktlarına əsasən tərtib edilmiş və dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları, elektrik enerjisi istehlakçıları arasındakı qarşılıqlı münasibətləri müəyyənləşdirir. Bu Qaydaların icrası tabeliyindən, mülkiyyət formasından, maliyyə mənbəyindən asılı olmayaraq dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları və elektrik enerjisi istehlakçıları üçün məcburidir. 35.Qaydaların 7.6-cı bəndinə əsasən enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir. Hesablaşma elektrik sayğacının zədələnməsinin laboratoriya şəraitində araşdırılması, enerjitəchizatı müəssisəsi tərəfindən istehlakçının, o cümlədən məişət abonentinin iştirakı ilə araşdırma aparılır və ikitərəfli aktla sənədləşdirilir. İstehlakçı, o cümlədən məişət abonenti araşdırmada iştirak etməkdən və ya aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən zədələnmiş və ya itmiş hesablaşma elektrik sayğacının əvəzinə enerjitəchizatı müəssisəsi ondan istismara yararlı yeni elektrik sayğacı və ya onun dəyərini tələb etmək hüququna malikdir. 36.Qaydaların 7.11-ci bəndinə əsasən yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerjitəchizatı müəssisəsi yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur. 37.Qaydaların 8.17-1-ci bəndinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacından kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla qanunsuz elektrik xətti açılmalı və bu Qaydaların 10.18.9-1-ci yarımbəndinə uyğun olaraq elektrik şəbəkəsinə qoşulmaqla, elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə paylayıcı qurğulara keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri sayğacdan kənar çəkilmiş elektrik naqilinin en kəsiyindən buraxıla bilən maksimum cərəyan, gərginlik və məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacını xüsusi qurğu vasitəsilə sxemdən kənarlaşdırdıqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla pozuntu aradan qaldırılmalı, on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. 38.Qaydaların 17-2-ci bəndində əsasən istehlakçı (o cümlədən məişət abonenti) tərəfindən bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərində nəzərdə tutulan hallara yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini istehlakçıya təqdim etməlidir. Enerji təchizatı müəssisəsinin nümayəndəsi tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalıdır. İstehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. 39.Qaydaların 9.1-ci bəndinə görə istehlakçı sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisi sərfi üzrə müqavilə göstəricilərinin və rejimlərin yerinə yetirilməsinə, sərf edilmiş elektrik enerjisi haqqının vaxtında ödənilməsinə, mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə, həmçinin X5 Agentliyinin nümayəndələrinin tələbnamələrinin vaxtında icra olunmasına görə məsuliyyət daşıyır. 40.Qaydaların 9.10-cu bəndinə uyğun olaraq istehlakçı sərf etdiyi elektrik enerjisinin haqqının vaxtında, müəyyən edilmiş tarif qiymətinə uyğun tam həcmdə ödənilməsini təmin etməlidir. 41.Məhkəmə qeyd edilənləri nəzərə alaraq hesab edir ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur, lakin onun iddia tələbi yalnız tələb edilən məbləğin 25,32 manat hissəsinə münasibətdə əsaslıdır. 42.Belə ki, iddia tələbinə münasibətdə məhkəmə ilk növbədə onu qeyd edir ki, hər iki tərəfin təqdim etdiyi abonent saldosundan görünür ki, xx.xx.2014-cü il tarixli, Rİ 243500 nömrəli akta əsasən sayğacdan kənar işlədilməyə görə abunə kodu **********20000 olan sayğaca 25,32 manat məbləğində borc yazılmışdır. Göründüyü kimi həmin məbləğ iddiaçının istifadə etdiyi enerji sərfiyyatı ilə bağlı yaranan borc olmamışdır. 43.Bununla bağlı məhkəmə qeyd edir ki, iddiaçının sırf həmin tarixdə (aktın tərtib ediliyi tarix) yaşadığı ünvanda istehlakçı tərəfindən sayğaca hər hansı bir müdaxilə edilməsi və ya hansısa qanun pozuntusunun mövcudluğu, olduğu təqdirdə isə bu pozuntunun məhz istehlakçının təqsiri üzündən yaranması, tələb edilən borcun hansı səbəbdən yarandığına dair məhkəməyə cavabdeh tərəfindən sübut təqdim edilməmişdir. Sayğaca kənar müdaxilənin edilməsinin məhz iddiaçı tərəfindən yol verilmiş qanun pozuntuları nəticəsində baş verməsi mövcud sübutlarla öz təsdiqini tapmamışdır. Bundan əlavə isə həmin aktın mövcud olması da cavabdeh tərəfindən sübutlarla təqdim edilə bilməmişdir. Ona görə də sözügedən akt üzrə hesablanmış 25,32 manat borc məbləği əsassız hesab edilməklə iddiaçıya məxsus abunə hesabından silinməlidir. 44.Məhkəmə iddia tələbinin təmin edilməyən hissəsinə münasibətdə isə qeyd edir ki, yerdə qalan borc məbləğinin (tələb edilən 14.528,40 manat məbləğdən 25,32 manat silindikdən sonra yerdə qalan məbləğ) məhz elektrik enerjisindən istifadə ilə bağlı sərfiyyat borcunun olmaması iddiaçı tərəfindən sübuta yetirilə bilməmişdir. 45.Belə ki, iddiaçı 2005-ci ildə anası vəfat etdikdən sonra qeyd edilən ünvanda heç kimin yaşamadığını, özünün ailəsi ilə birlikdə 2024-cü ilin yanvar ayından etibarən yaşamağa başladığını, adına abunə kodunun 2007-ci ildə açıldığını, bundan sonra evə sayğacın quraşdırıldığını, lakin evdə 2005-ci ildən 2024-cü ilədək heç kimin yaşamadığını və evə dair sayğacın quraşdırılmasından və sayğac üzrə yazılan borc məbləğindən 2024cü ildə evə köçdükdən sonra məlumatı olduğunu iddia etsə də, tələbinin dəlilləri məhkəmə tərəfindən sübuta yetirilə bilməmişdir. 46.İlk növbədə məhkəmə qeyd edir ki, işin müəyyən edilən halları (əgər iddiaçının qeyd etdiyi kimi anası 2005-ci ildə vəfat etmiş və özü 2024-cü ildə evdə yaşamağa başlamışdırsa) evdə iddiaçı yaşamasa belə, başqa şəxslərin yaşaması ehtimalını ortaya çıxarır. Belə ki, məhkəmə araşdırması zamanı evdə qeyd edilən müddət ərzində qaz və su xəttinin olub-olmaması, evdə qaz və sudan istifadə edilib-edilməməsi ilə bağlı müvafiq sorğular göndərilmiş, Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, İ.Mehdiyev küçəsində yerləşən ünvanda yaşayan İddiaçı ilə xx.xx.2018-ci il tarixdə təbii qazın alqısatqı müqaviləsi bağlanaraq abonent kimi qeydiyyata alındığı müəyyən edilmişdir. 47.Bundan əlavə, məhkəmə iclasında iddiaçı tərəfindən şahid qismində dindirilən X8 ifadəsində iddiaçı ilə yanbayan qonşu olduğunu, öz qazı olmadığına görə təxmini 20 gün iddiaçının yaşadığı evin qazından istifadə etdiyini, iddiaçıdan xahiş etdiyi üçün oğlunun kartı ona verdiyini və maksimum 1 ay istifadə etdiyini bildirmişdir. Həmçinin, şahid qismində dindirilən və evdə usta kimi işləmiş Qasımov Soltanağa da evdə işlədiyi vaxt su və qazın olduğu bildirmişdir. Həmçinin, abonent saldosundan görünür ki, təkcə 2015-ci il tarixə qədər **********20000 abunə kodu üzrə 5643,85 manat məbləğində borc mövcud olmuşdur. 48.Məhkəmə qeyd edir ki, evdə başqa şəxslərin yaşaması və kommunal xidmətlərdən istifadə etməsi ehtimalında bir növ evin sahibi kimi yarana biləcək hallara görə risk iddiaçının üzərinə düşmüş və nəticələri barədə iddiaçının özü məsuliyyət daşımışdır. Bu halda isə iddiaçı özü yaşamadığı barədə və enerji ilə təmin edilmənin dayandırılması barədə cavabdehə bu müddət ərzində rəsmi müraciət etməmişdir. Çünki ehtimal olunur ki, iddiaçı qeyd edilən sərfiyyat məbləğləri barədə 20 il ərzində heç bir məlumatının olmaması ağlabatan deyildir və bu müddət ərzində isə evdə təmir olduğunu, ara-sıra gedib gəldikləri məhkəməyə bildirdikləri halda həmin vaxt ərzində (20 il daxilində) enerji sərfiyyatı barədə məlumat almadıqları məhkəmə üçün inandırıcı deyildir. 49.Bundan əlavə, məhkəmə iclasında iddiaçı tərəfindən ifadə verən şahidlərdən bəzisi iddiaçını 2023-cü ildən, bəzisi 2024-cü ildən tanıdıqlarını bildirmiş, bununla da ifadə verən şahidlərin fikirləri iddiaçı barəsində ümumi ortaq fikir formalaşdırmadığına görə şahid ifadələri ilə konkret olaraq iddiaçının iddia etdiyi kimi 2024-cü ildən etibarən evdə yaşaması faktı təsdiq edilə bilməmişdir. 50.Cavabdeh tərəfindən ifadə verən şahidlər isə cavabdehin əməkdaşları olaraq iddiaçının yaşadığı evə dair sərfiyyatla bağlı borc ödənilmədiyinə görə kəsimlə bağlı bir neçə dəfə iddiaçının yaşadığı mənzilə təhkim olunduqlarını, borcun ödənilməsini abonentdən tələb etdiklərini, lakin abonentin hər dəfə onlara maneə yaratdığını və borcu ödəmədiyini, üstəlik cavabdehin əməkdaşlarını təhdid etdiyini bildirmişlər. 51.Bundan əlavə, mülki iş materiallarında olan sənədlərdən görünür ki, abunə kodu **********20000 olan sayğaca dair hər dəfə müxtəlif tarixlərdə aylıq sərfiyyata görə məbləğlər (özü də həmin məbləğlər arasında da kəskin fərq, yəni azalma və ya artma halı görünmür) hesablanmış və bu məbləğlərə dair də istehlakçı tərəfindən ödənişlər həyata keçirilmişdir. 52.Beləliklə də məhkəmə qeyd edilənləri nəzərə alaraq hesab edir ki, iddia tələbinin təmin edilməsi üçün əsaslar məhkəmə tərəfindən müəyyən edilmədiyindən və iddiaçı tərəfin istinad etdiyi hallar isə tələbin tam təmin edilməsi üçün yetərli və əsaslı hesab edilmədiyindən iddia tələbi təmin edilə bilməz. 53.Məhkəmə qeyd edilənlərdən əlavə cavabdeh tərəfindən təqdim edilən iddia müddətinin tətbiqinə dair ərizəyə münasibətdə isə onu qeyd edir ki, iddiaçının hazırki tələbi borcun silinməsi olduğundan, yəni tələb hüququ olmadığından iddia müddəti hazırki iş üzrə tətbiq edilə bilməz. 54.Bununla da məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, xx.xx.2014-cü il tarixli akt əsasında İddiaçı məxsus ünvan 6 (abonent kodu: **********20000) ünvanına hesablanmış 25,32 (iyirmi beş manat, otuz iki qəpik) manat məbləğində borc iddiaçının **********20000 saylı abunə hesabından silinməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. 55.Bundan əlavə, «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatadək olduqda dövlət rüsumunun məbləği 30 manat təşkil edir. 56.Həmin Qanunun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. 57.Qeyd olunan Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür.

58. Belə olan halda, iddia tələbi qismən, yalnız tələbin 25,32 manat hissəsinə münasibətdə təmin edildiyindən, dövlət rüsumu olaraq ödənilməli olan 30 manat məbləğində pul vəsaiti cavabdeh "xxxx" ASC-dən tutularaq dövlət büdcəsinə ödənilməlidir. 59.Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə, hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır 60.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia tələbi qismən təmin edilsin. xx.xx.2014-cü il tarixli akt əsasında İddiaçı məxsus ünvan 6 (abonent kodu: **********20000) ünvanına hesablanmış 25,32 (iyirmi beş manat, otuz iki qəpik) manat məbləğində borc iddiaçının **********20000 saylı abunə hesabından silinsin. İddia tələbi qalan hissədə rədd edilsin. Cavabdeh "xxxx" ASC-dən 30 (otuz) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhər Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar