Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-6181/2025 05.02.2026 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, Şirinov Əli Hafiz oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X1, Cavabdeh iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. İddiaçı MMC Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə sadələşdirilmiş icraat qaydasında məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, “Play Station 5 oyun konsolu” üçün 1017.93 (min on yeddi manat doxsan üç qəpik) manat ödənilməmiş hissə, 101.79 (yüz bir manat yetmiş doqquz qəpik) manat cərimə olmaqla, ümumilikdə 1119.72 (min yüz on doqquz manat yetmiş iki qəpik) manat borc və 31.20 (otuz bir manat iyirmi qəpik) manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq İddiaçı MMC-yə ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh İddiaçı MMC ilə aralarında bağlanmış xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən “Play Station 5 oyun konsolu” almış və nəticədə 1119.72 (min yüz on doqquz manat yetmiş iki qəpik) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 1463 (min dörd yüz altımış üç) manat (12 ay x 117.75 manat + 50 manat ilkin ödəniş) olan “Play Station 5 oyun konsolu” üçün ümumilikdə, 1119.72 (min yüz on doqquz manat yetmiş iki qəpik) manat olmaqla ondan, 1017.93 (min on yeddi manat doxsan üç qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 101.79 (yüz bir manat yetmiş doqquz qəpik) manat cərimə borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 445.07 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə iddiaçı arasında bağlanılmış xx.xx.2024cü il tarixli müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərilən xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirilsə də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. İddia tələbinin əsaslığı və əmlakın dəyərini sübut edən sənədlər tərəflər arasında bağlanılmış müqavilədən, onun əlavəsindən, bildirişdən, əşyaların təhvil-təslim aktından və ödəniş cədvəlindən ibarətdir. Göstərilənlərə əsasən, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, “Play Station 5 oyun konsolu” üçün 1017.93 (min on yeddi manat doxsan üç qəpik) manat ödənilməmiş hissə, 101.79 (yüz bir manat yetmiş doqquz qəpik) manat cərimə olmaqla, ümumilikdə 1119.72 (min yüz on doqquz manat yetmiş iki qəpik) manat borc və 31,20 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məhsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir.
3. Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək, müqavilə üzrə iddiaçı tərəfindən tələb edilən məbləğin şişirdildiyini və borc məbləğinin yenidən hesablanması ilə bağlı obyektiv araşdırılmanın aparılmasını xahiş etmişdir.
4. Ərizə belə əsaslandırılmışdır ki, Cavabdeh bir neçə ildir "xxxx" MMC-nin («Kontakt home») müştərisi olmuş, hər zaman ödənişlərini vaxtlı-vaxtında ödəmiş, heç bir zaman gecikməsi olmayıb. Cavabdeh xx.xx.2024-cü il tarixində "xxxx" MMC-dən («Kontakt home») kreditlə məhsul almış, həmin məhsul üzrə ilk ödəniş günündən bir neçə gün öncə atasının səhhətində ciddi problem yaranmış və kəskin infarkt diaqnozu ilə xəstəxanaya yerləşdirilmişdir (zərurət yaranan halda bütün sənədlər təqdim edilə bilər), cavabdehin atası şəkər xəstəsi (dövlət qeydiyatındadır) olduğundan müalicəsi çətin keçmiş və çox xərc tələb etmişdir. Ailənin tək övladı olduğu üçün və valideynləri təqaüdçü olduqları üçün, müalicə xərci Cavabdeh üzərinə düşməsi səbəbindən sonuncunun «Kontakt home»dan aldığı bir neçə məhsulun ödənişlərində gecikmə yaranmışdır. Cavabdehin xx.xx.2024-cü il tarixli müqavilə üzrə məhsuldan başqa krediti bitməmiş məhsulları olmuşdur. Belə ki, cavabdeh iddiaçının müvafiq şöbəsi ilə apardığı danışıq əsasında razılığa gəlmişdirlər ki, kredit borcları növbəli şəkildə ödənilib bağlansın. Cavabdeh ödəniş etmədən öncə iddiaçının müvafiq şöbəsi ilə əlaqə yaradıb hansı krediti ödəməli olduğumu soruşmuşdur. Bu minvalla cavabdeh bir neçə ay ərzində digər kreditlərini tam bağlamış, cəmi bir, mövcud olan krediti qalmışdır. Lakin, bu vaxtadək artıq cərimə faizləri borc məbləğinə çatmışdır və cavabdeh üçün bu böyük yük olmuşdur. Cavabdeh dəfələrlə ödəniş etməsinə baxmayaraq ödəniş məbləğinin 50% penya tutulmuş və cavabdehin borcu demək olar ki, azalmırdı. Cavabdehin işi hansısa kənar bir hüquq şirkətinə verilmişdir. Həmin şirkət ilə cavabdeh arasında 30-40 dəfə telefon danışıqları olmuş, cavabdeh dəfələrlə yeni qrafik tərtib etməyi, cərimə məbləğini azaltmağı xahiş etmişdir. Danışıq müddətində cavabdeh bir neçə ödəniş etmiş və hər zaman ödənişlərinin 50%-i cərimə kimi tutulmuş və faktiki olaraq əsas məbləğdən heç nə silinməmişdir. Cavabdeh sonuncu dəfə sentyabr ayında 235 manat ödəniş etmiş, lakin həmin məbləğin hamısı cərimə kimi hesablanmış və faktiki olaraq əsas məbləğdən heç nə silinməmişdir. Halbuki, ödəniş cədvəlinə verilmiş əlavədə qeyd olunub ki, ödəniş məbləğinin 50%-ə qədəri penyaya yönəldilə bilər. Lakin, cavabdehin son ödənişi tam olaraq penya ödənişinə yönəlmişdir. Faktiki olaraq satış məbləği 999 manat olan əşya cavabdehə kredit ilə 1463 manata satılmışdır. İddiaçının iddiada göstərdiyi 445.07 manat cavabdeh tərəfindən ödənilən məbləğ yalnız əsas borca yönələn məbləğdir. Cavabdeh 600-700 manat civarında cərimə məbləği də ödəmiş, lakin tam rəqəmi söyləyə bilmir. Cavabdeh iddiaçıya müraciəti zamanı, həmçinin onun işi verilmiş hüquq şirkəti tərəfindən ona ödənişləri haqqında məlumat verilmədiyindən, məhkəməyə dəqiq rəqəmi təqdim edə bilmir. Faktiki olaraq cavabdehin ödədiyi məbləğ hara gedib, kimə gedib bəlli deyil. Cavabdehin 2024-cü ilin iyun ayınadək (atasının səhhətində problem yaranan zaman) 1 gün belə gecikməsi olmamış, aldığı hər məhsulun pulunu vaxtlı-vaxtında ödəmişdir. Lakin, dəfələrlə xahiş və minnətinə baxmayaraq cavabdehə şirkət tərəfindən güzəşt olunmamış, güzəştin yalnız birdəfəlik tam ödəniş edildiyi zaman tətbiq edilməsi bildirilmişdir. Cavabdeh ödənişin yeni qrafik əsasında həyata keçirilməsi bağlı danışmış, cərimə ödənişini etmiş, borc məbləği azalmamışdır. Şirkət tərəfindən güzət olunsaydı cavabdehə indiki tarixədək borcunu tam şəkildə bağlamış olardı İndiki halda cavabdehə qarşı 1017.93 manat əsas borc və 101.79 manat cərimə borcu ilə bağlı iddia qaldırılmışdır. Lakin, cavabdeh ödəniş etmək üçün öz hesabına daxil olanda 1017.93 manat əsas borc və 1017.93 manat cərimə borcu olmaqla, cəmi 2035.86 manat məbləğ qeyd olunur (ayrı şəkil formasında yüklənəcəkdir). Yəni, cavabdeh indiki halda, icraatdan öncə hər hansı bir ödəniş etmək istəsə də, həmin ödəniş tam olaraq cəriməyə yönəldiləcəkdir. Cavabdehin yuxarıda qeyd etdikləri bəhanə deyil, o tam olaraq anlayır ki, götürdüyü öhdəliyi yerinə yetirməlidir və üzərinə olan borcu tam ödəməlidir, ödənişdən və öhdəlikdən yayınmır. Cavabdeh üzərinə düşən 1017.93 manat əsas, 101.79 manat cərimə borcunu və 31.20 manat məhkəmə rüsumunu ödəməyə hazırdır. Lakin, cavabdeh məhkəmədən, icra şöbəsindən və "xxxx" MMC-dən ona güzəşt olunmasını, ödəniş kodu ilə ödəniş etdiyi məlumatları məhkəməyə verilən məbləğə uyğunlaşdırılmasını, əlavə cərimə tətbiq olunmamasını xahiş edir. Cavabdeh gələn həftədən başlayaraq (5 dekabrdan), hər ayın 5‐i tarixində 200 manat ödəniş etmək və beləliklə 6 ay müddətində borcu tam bağlamağı öhdəsinə götürməyə tam hazırdır.
5. Cavabdeh eyni zamanda, vəsatət ilə məhkəməyə müraciət edərək qeyd etmişdir ki, məhkəməyə təqdim olunan müqavilədə (cavabdehə ümumiyyətlə kreditlə aldığı heç bir məhsul üzrə müqavilə verilməyib, yalnız ödəniş cədvəli verilir), gecikən ödənişin tam olaraq cəriməyə silinməsi haqqında bir bəndə rast gəlməmişdir. Belə olan halda cavabdehin 117.93 manat məbləği əsas borcdan çıxılmalı və əsas borc 900 manat təşkil etməlidir.
6. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə işə ümumi iddia icraatı qaydasında baxılması qərara alınmışdır.
7. İddiaçı MMC tərəfindən “iddia ərizəsinin dəqiqləşdirilməsinə dair” ərizə ilə məhkəməyə müraciət edilərək, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, “Play Station 5 oyun konsolu” üçün 875 (səkkiz yüz yetmiş beş) manat ödənilməmiş hissə, 87.50 (səksən yeddi manat əlli qəpik) manat cərimə olmaqla, ümumilikdə 962.50 (doqquz yüz altmış iki manat əlli qəpik) manat borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq İddiaçı MMC-yə ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
a) Məhkəmə prosesi:
8. Məhkəmə iclasında İddiaçı MMC-nin nümayəndəsi X2 iddianı müdafiə edib, təmin edilməsini xahiş etdi.
9. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul edib iddianı qəbul etdiyini, hazırda iddiaçı ilə aralarında olan razılaşmaya əsasən qalan borcunu müəyyən edilmiş qrafikə uyğun olaraq hissəhissə ödəyəcəyini bildirdi.
10. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir.
Əsaslandırıcı hissə: a) İş materialları:
11. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli 09802404 nömrəli müqavilədən və ona əlavədən görünür ki, İddiaçı “Play Station 5 oyun konsolu” adlı məhsulu Cavabdeh manata satmış və Cavabdeh alınmış əşyanın əvəzində bu müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini hissə-hissə 12 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür.
12. Əşyanın xx.xx.2024-cü il tarixli təhvil-təslim aktından görünür ki, Cavabdeh 09802404 nömrəli müqavilə üzrə məhsulları tam qüsursuz halda təhvil almışdır.
13. İddiaçı MMC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2025-ci il tarixli xəbərdarlıqdan görünür ki, ona müqavilə üzrə yaranmış borcun ödənilməsi ilə bağlı xəbərdarlıq edilmişdir.
14. xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, iddia ərizəsinin məhkəməyə verilməsinə görə cəmi 31,20 manat dövlət rüsumu ödənilmişdir.
15. İddia ərizəsinə dəqiqləşdirmə ərizəsi ilə birlikdə təqdim edilmiş xx.xx.2025-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh İddiaçı MMC-yə xx.xx.2024-cü il tarixli müqavilə üzrə 875 manat ödənilməmiş məbləğ, 87.50 manat cərimə borcu olmaqla, ümumilikdə 962.50 manat məbləğində borcu vardır.
16. Cavabdeh 50 manat ödəniş edilməsi barədə qəbz və 07263116 nömrəli müqavilə üzrə 1260 manat ödəniş edilməsi barədə qəbz təqdim etmişdir.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
17. Beləliklə, məhkəmə müəyyən etdi ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, iddiaçı » “Play Station 5 oyun konsolu” adlı məhsulu cavabdehə satmış, cavabdeh alınmış həmin əşyanın əvəzində müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğlərini hissə-hissə 12 ay müddətinə ödəməyi öhdəsinə götürmüş, lakin edilən xəbərdarlığa baxmayaraq, cavabdeh tərəfindən müqavilə üzrə öhdəlik tam icra edilməmiş, nəticədə onun həmin müqavilə üzrə iddiaçıya borcu yaranmışdır.
18. Hazırda iddiaçı aralarında olan müqavilə üzrə yaranmış borcun cavabdehdən tutulmasını xahiş edir, cavabdeh isə iddiaçıya müqavilə üzrə borcunun olmasını etiraf edir.
c) Məhkəmənin mövqeyi:
19. Məhkəmə hesab edir ki, iddiaçı ilə cavabdeh arasında nisyə alqı-satqı müqavilələrindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. İş materiallarından və tərəflərin izahatlarından müəyyən edilir ki, iddiaçı müqavilə üzrə öhdəliyini icra etsə də, cavabdeh müqavilənin şərtlərini əhəmiyyətli dərəcədə pozaraq aylıq ödənişləri gecikdirmişdir. Buna görə də cavabdehin hərəkətləri mülki qanunvericiliyin normaları baxımından öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilir.
20. İddia tələbinin “müqavilə üzrə əsas borcun ödənilməsi” hissəsində əsaslı olmasını, müvafiq sübutlarla (müqavilə, əlavə, maliyyə arayışı və s.) təsdiq olunmasını, həmçinin cavabdehin iddianı bu hissədə etiraf etməsini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi “əsas borc” hissəsində təmin edilməlidir.
21. Məhkəmə iddia tələbinin “dəbbə pulunun ödənilməsi” hissəsinə münasibətdə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə müqavilə üzrə tələb edilən dəbbə pulunun miqdarını tənasübsüz surətdə yüksək kimi qiymətləndirərək belə nəticəyə gəlir ki, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 87.50 manat cərimənin məbləği 40 manat məbləğinədək azaldılmalıdır.
d) Tətbiq edilən hüquq və iş üzrə məhkəmənin gəldiyi nəticə:
22. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Maddə 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Maddə 601.1. Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Maddə 601.2. Hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Maddə 600.2. Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Maddə 600.5. Alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Maddə 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
23. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 52.2, 52.5. Cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır; Maddə 76.1-76.2. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə 106.3-106.4. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Məhkəmə faktın etiraf olunmasının işin həqiqi hallarının gizlədilməsi məqsədi ilə və yaxud aldatma, zor, hədə və ya yanılma təsiri nəticəsində baş verməsinə şübhə edirsə, etirafı qəbul etmir. Bu halda həmin faktlar ümumi qaydada sübut olunmalıdır; Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; Maddə 191.3. Cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır; Maddə 217.3-217.4. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 220.4. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər.
24. Beləliklə, məhkəmə mülki və mülki prosessual qanunvericiliyin yuxarıda qeyd edilən normalarını nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2024-cü il tarixli 09802404 nömrəli müqavilə üzrə 875 (səkkiz yüz yetmiş beş) manat ödənilməmiş məbləğ, 40 (qırx) manat cərimə olmaqla, cəmi 915 (doqquz yüz on beş) manat məbləğində pul alınaraq İddiaçı MMC-yə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir.
25. Məhkəmə xərcləri ilə bağlı məhkəmə belə qənaətə gəlir ki, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş dövlət rüsumunun 28 (iyirmi səkkiz) manat hissəsi cavabdehdən alınaraq iddiaçıya verilməli, qalan hissəsi isə iddiaçıya aid edilməlidir.
Nəticə:
26. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ:
İddia qismən təmin edilsin. Cavabdeh 875 (səkkiz yüz yetmiş beş) manat ödənilməmiş məbləğ, 40 (qırx) manat cərimə olmaqla, cəmi 915 (doqquz yüz on beş) manat məbləğində pul alınaraq İddiaçı MMC-yə verilsin. İş üzrə ödənilmiş dövlət rüsumunun 28 (iyirmi səkkiz) manat hissəsi Cavabdeh alınaraq İddiaçı MMC-yə verilsin, qalan hissəsi İddiaçı MMC-yə aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Günay Abidova