Məhkəmə qərarları › İş №e-2(006)-6183/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-6183/2025

09.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-6183/2025 09.01.2026 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi X1, iddiaçı «X4» MMC-nin Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı «X4» Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, satıcı "xxxx" MMC ilə Cavabdeh arasında 25 fevral 2020-ci il tarixdə MHDK01798 nömrəli nisyə alqı-satqı müqaviləsi imzalanmışdır. Müqaviləyə əsasən satıcı cavabdehə müqavilənin əlavəsində göstərilən 03 ədəd müxtəlif adda və markalı məişət avadanlıqlarını satmağı, cavabdeh isə həmin malların dəyərini satıcıya 11 ay ərzində 61 manat, sonuncu ay isə 66 manat olmaqla, cəmi 737 manat məbləğində pulu ödəmək öhdəliyini üzərinə götürmüşdür. Malların nisyə satış müqaviləsinə 2 saylı əlavədə, təhvil-təslim aktında göstərilən 03 ədəd müxtəlif adda və markalı məişət avadanlıqları cavabdehə təhvil verilmişdir. Müqavilənin və tərəflər arasında tərtib edilmiş ödəniş qrafikinin şərtlərinə cavabdeh tərəfindən əməl edilməmiş, o, borcun qaytarılmasına dair öhdəliyi vaxtında və lazımı qaydada icra etməmişdir. Cavabdehə dəfələrlə iddiaçı tərəfindən xəbərdarlıq edilməsinə baxmayaraq, o, öhdəliyi yerinə yetirməmişdir. Belə ki, müqavilənin 6.1-ci bəndi və 6.1.1-ci yarımbəndinə əsasən, cavabdeh müqavilə üzrə üzərinə götürdüyü borc öhdəliklərini yerinə yetirmədiyi (lazımınca yerinə yetirmədiyi) təqdirdə, kreditor nisyə mala görə hesablanmış borcu və dəbbə pulunu dərhal tələb etmək hüququna malikdir. Cavabdehin iddiaçı qarşısında 25 fevral 2020-ci il tarixli MHDK01798 nömrəli nisyə alqı-satqı müqaviləsi üzrə qalıq borcu 505 manat təşkil edir. Müqavilənin 5.6-cı bəndinə əsasən borcun ödənişi gecikdirildikdə hər gecikdirilmiş gün üçün borc məbləğinin 0,3 % həcmində cərimə (dəbbə pulu) ödəməyi cavabdeh öhdəsinə götürmüşdür. Borclunun kreditor qarşısında müqavilə üzrə cərimə borcu 548.43 manat təşkil edir. Hazırda cavabdehin iddiaçı qarşısında 25 fevral 2020-ci il tarixli MHDK01798 nömrəli nisyə alqı-satqı müqaviləsi üzrə 505 manat qalıq borcu, 548.43 manat cərimə borcu olmaqla, cəmi 1053.43 manat borcu yaranmışdır. Həmçinin, iddiaçı tərəfindən hazırki iddianın məhkəmədə baxılması üçün 30 (otuz) manat dövlət rüsumu ödənilmişdir. Beləliklə, iddiaçı dövlət rüsumu qismində ödədiyi 30 (otuz) manat məbləğində vəsaitin cavabdehdən tutularaq ona ödənilməsini tələb etməyə tamamilə haqlıdır. 25 fevral 2020-ci il tarixli MHDK01798 nömrəli nisyə alqı-satqı müqaviləsi üzrə Cavabdeh tərəfindən öz öhdəliklərinin icra edilməməsi nəticəsində yaranmış 1053.43 manat məbləğində borcun cavabdehdən tutularaq iddiaçı “X4” MMC-yə ödənilməsinə, iddiaçı tərəfindən dövlət rüsumu qismində ödənilən 30 (otuz) manat məbləğində vəsaitin cavabdehdən iddiaçının xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iddia ərizəsinə dair mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfindən mülki prosessual qanunvericiliyə əsasən, cavabdehə rəsmi qaydada bildiriş göndərilsə də, cavabdeh iddiaya qarşı əsaslandırılmış etirazını məhkəməyə göndərməmişdir. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Əsaslandırıcı hissə: a) Mülki işin materialları: Sifarişçi "xxxx" MMC ilə icraçı «X4» MMC arasında bağlanmış xx.xx.2025-ci il tarixli faktorinq müqaviləsindən görünür ki, sifarişçi kollektor xidmətlərinin göstərilməsini sifariş verib icraçıya razılaşdırılmış xidmət haqqı ödəməyi, icraçı isə sifarişçinin müəyyən etdiyi qaydada kollektor xidmətləri göstərməyi öhdəsinə götürür. Təhvil-təslim üzrə xx.xx.2025-ci il tarixli razılaşma iş materiallarına əlavə edilmişdir. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli nisyə alqı-satqı müqaviləsindən və ona əlavədən görünür ki, "xxxx" MMC cəmi dəyəri 737 manat təşkil edən mobil telefonları və sobanı Cavabdeh satmış, Cavabdeh alınmış əşyanın əvəzində müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini hissə-hissə - hər ay 61 manat, sonuncu ay 66 manat olmaqla, 12 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2020-ci il tarixli təhvil-təslim aktından görünür ki, Cavabdeh müqavilə üzrə məhsulları təhvil almışdır. «X4» MMC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2025-ci və xx.xx.2025-ci il tarixli bildirişlərdən görünür ki, ona müqavilə üzrə yaranmış borcun ödənilməsi ilə bağlı xəbərdarlıq edilmişdir. xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2020-ci il tarixli müqavilə üzrə 505 manat qalıq borcu, 548,43 manat cərimə borcu olmaqla, cəmi 1.053,43 manat məbləğində borcu vardır. xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, iddia ərizəsinin məhkəməyə verilməsinə görə 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İş materiallarına tələb hüquqlarının alqı-satqısı haqqında müqavilə üzrə razılaşma da əlavə edilmişdir. b) Məhkəmə tərəfindən müəyyən edilən hallar: Beləliklə, məhkəmə müəyyən etdi ki, "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixli nisyə alqı-satqı müqaviləsi bağlanmış, müqavilə və ona əlavəyə əsasən, "xxxx" MMC dəyəri 737 manat olan məhsulları cavabdehə satmış, cavabdeh alınmış məhsulların əvəzində həmin müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini hissə-hissə, 12 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı «X4» MMC ilə "xxxx" MMC arasında imzalanan faktorinq müqaviləsi və həmin faktorinq müqaviləsinə əlavə olunan razılaşmaya əsasən, "xxxx" MMC-nin cavabdehə qarşı olan tələb hüququ iddiaçıya keçmiş, tələb hüququnun ona keçməsi barədə bildiriş cavabdehə təqdim edilmişdir. Rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh tərəfindən müqavilə üzrə üzərinə götürdüyü öhdəliklər tam icra edilməmiş və nəticədə onun iddiaçıya borcu yaranmışdır. c) Məhkəmənin mövqeyi: Məhkəmə hesab edir ki, "xxxx" MMC ilə cavabdeh arasında nisyə alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, "xxxx" MMC müqavilə ilə öz üzərinə götürdüyü öhdəliyi yerinə yetirmiş, lakin cavabdeh öhdəliyini tam icra etməmişdir. İddiaçı «X4» MMC "xxxx" MMC-ni maliyyələşdirmiş, buna görə də "xxxx" MMC cavabdehə qarşı olan pul tələbini iddiaçıya güzəşt etmişdir. Bu barədə bildiriş cavabdehə təqdim edilmişdir. Deməli, iddiaçının cavabdehə qarşı hazırki tələblə məhkəməyə müraciət etmək hüququ olmuşdur. Məhkəmə mülki qanunvericiliyin normaları baxımından cavabdehin hərəkətlərini öhdəliyin pozulması kimi qiymətləndirir və hesab edir ki, iddiaçının tələbi əsaslı olsa da, tələb edilən cərimə borcu tənasübsüz surətdə yüksək olduğundan, iddia qismən təmin edilməlidir. d) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 194.1-194.2-ci maddələrinə görə, tələb sahibi (kreditor) borclunun razılığı olmadan tələbi üçüncü şəxsə güzəşt edə bilər (tələbin güzəşti), bu şərtlə ki, həmin güzəşt öhdəliyin mahiyyətinə, onun borclu ilə razılaşmasına və ya qanunvericiliyə zidd olmasın. Güzəştin yolverilməzliyi barədə borclu ilə razılaşma yalnız borclunun üzrlü mənafeyi olduqda mümkündür. Tələbin güzəşti tələbin sahibi ilə üçüncü şəxs arasında bağlanan müqavilə ilə həyata keçirilir və belə hallarda ilk sahibin yerini üçüncü şəxs tutur. Bu halda tələbin sahibi ilə borclu arasında bağlanmış müqaviləyə dəyişiklik edilməsi tələb olunmur. 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 601.1-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissəhissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 655.1-655.2-ci maddələrinə görə, faktorinq pul tələbinin güzəşt edilməsi müqabilində maliyyələşdirmədir. Faktorinq müqaviləsinə görə bir tərəf (faktor) üçüncü şəxs (borclu) barəsində müştərinin (kreditorun) üçüncü şəxsə mal verməsindən, işlər görməsindən və ya xidmətlər göstərməsindən irəli gələn pul tələbinin hesabına digər tərəfə (müştəriyə) pul vəsaiti verir və ya verməyi öhdəsinə götürür, müştəri isə bu pul tələbini faktora güzəşt edir və ya güzəşt etməyi öhdəsinə götürür. Pul tələblərinin güzəşti barəsində borcluya bildiriş verilməlidir. Mülki Prosessual Məcəllənin: 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə mülki qanunvericiliyin yuxarıda qeyd edilən normalarını nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 505 manat əsas, 25 manat cərimə borcu olmaqla, cəmi 530 manat məbləğində pul alınaraq iddiaçı «X4» MMC-yə verilməli, iddia qismən təmin edildiyindən, iş üzrə ödənilmiş dövlət rüsumunun 15 manat hissəsi Cavabdeh alınaraq iddiaçı «X4» MMC-yə verilməli, qalan hissəsi iddiaçı «X4» MMC-yə aid edilməli, iddia qalan hissədə təmin edilməməlidir. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 505 (beş yüz beş) manat əsas, 25 (iyirmi beş) manat cərimə borcu olmaqla, cəmi 530 (beş yüz otuz) manat məbləğində pul alınaraq iddiaçı «X4» MMC-yə verilsin. İş üzrə ödənilmiş dövlət rüsumunun 15 (on beş) manat hissəsi Cavabdeh alınaraq iddiaçı «X4» MMC-yə verilsin, qalan hissəsi iddiaçı «X4» MMC-yə aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. X3

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar