Məhkəmə qərarları › İş №e-2(006)-619/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-619/2025

08.05.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-619/2025 08.05.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Vüsalə Vahid qızının sədrliyi, məhkəmə iclasının katibi Cəfərova Şəmsiyyə Abdulla qızının katibliyi, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı (X1 Agentliyi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) «hesablanmış borcun silinməsi, ödənilmiş vəsaitin bərpa edilməsi və qanunsuz hərəkətlərin qadağan edilməsi» tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «hesablanmış borcun silinməsi, ödənilmiş vəsaitin bərpa edilməsi və qanunsuz hərəkətlərin qadağan edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, **********50026 nömrəli abunə koduna qanunsuz olaraq yazılmış 758,23 manat məbləğində hesablanmış borcun silinməsi və cari dövr üçün ödənilmiş 140 manat vəsaitin bərpa edilməsi və qanunsuz hərəkətlərin (cari dövr üçün enerjidən istifadəyə görə ödəniləcək vəsaitin silinməsinin) qadağan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanda 2001-ci ildən ailəsi ilə birlikdə yaşayır. Həmin ildən Bakıelektrikşəbəkə ilə müqavilə bağlanmış və elektrik enerjisindən istifadəyə görə şəbəkəyə ödənişlər edilmişdir. Lakin, idarənin əməkdaşları heç bir xəbərdarlıq etmədən cari ilin sentyabr ayının 18-də yaşadığı mənzilin işığını kəsərək, elektrik enerjisinin verilməsini dayandırmışlar. İdarə ilə əlaqə saxlanıldıqda bildirmişlər ki, elektrik enerjisindən istifadəyə görə borcları yarandığından kəsilmə olmuşdur. Bildirir ki, onun elektrik enerjisindən istifadəyə görə heç vaxt borcu olmamışdır. Araşdırma zamanı idarənin əməkdaşları qeyri-rəsmi olaraq bildirmişlər ki, 758 manat borcları yaranıb, həmin vəsait ödənildikdən sonra elektrik enerjisinin verilməsi bərpa ediləcəkdir. Lakin, borcun hansı vaxtdan, necə yaranması barədə rəsmi olaraq heç bir məlumat təqdim edilməmişdir. Aparılan danışıqlardan sonra cari dövr üçün müəyyən ödənişlər edilmiş və elektrik enerjisinin verilişi bəpra edilmişdir. İdarənin əməkdaşları enerjinin bərpası üçün ödənilmiş 150 manat vəsaitdən 140 manatını borc adı ilə yenidən silmişlər. İdarənin əməkdaşları 758 manatın ödənilməsi məqsədilə yeni müqavilənin bağlanmasını və borcun qaytarılmasını təkidlə tələb edirlər. İdarədən bildirmişlər ki, sözügedən borc əməkdaşların səhlənkarlığı ucbatından hesaba əlavə odənişlər edilmişdir. Ödənişlərin hansı məqsədlə və niyə edilməsi barədə ona heç bir izahat verilməmişdir. Bildirir ki, bu vaxta qədər 758 manat məbləğində olan cərimə borcu ilə bağlı "xxxx" ASC tərəfindən ona heç bir məlumat və xəbərdarlıq edilməyib. Lakin, süni yaradılmış bu borc hələ də silinməmiş qalmışdır. Hesab edir ki, bu tamamilə qanunsuzdur və ona görə də silinməlidir. Tərəflərin iştirakı və izahatları: İddiaçının nümayəndəsi Nümayəndə məhkəməyə elektron kabinet vasitəsilə müraciət edərək xidməti vəzifəsilə əlaqədar ezamiyyətdə olduğunun və bu səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəyinin nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi ilə telefon əlaqəsi saxlanılmış və nümayəndə işə onun iştirakı olmadan baxılmasına razılığını ifadə etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraqmübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişlər. Məhkəmə mülki işə iddiaçının və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Energetika Nazirliyi X1 Agentliyinin Bakı filialının nümayəndəsi (müfəttiş) X6 xx.xx.2025-ci il tarixli iclasda verdiyi izahatında bildirmişdir ki, smart sayğac sistemi əvvəlcədən ödəmə üsuludur. Yəni, sayğaca nə qədər vəsait yüklənmişdirsə, abonent yüklədiyi vəsait qədər elektrikdən istifadə edə bilər. Sayğacın özünəməxsus bir proqram təminatı var. Məsələn, sayğaca 10 manat vəsait yüklənib. Sərfiyyat 10 manatı keçəndə həmin proqram təminatı limit müəyyən edir. Məsələn 5 manat. Bu zaman abonent 5 manata kimi sərfiyyatdan əlavə istifadə edə bilər. Qaydaların 8.15-ci bəndində qeyd olunmuşdur ki, əgər sayğacın göstəricisində anlaşılmamazlıq olarsa, enerji təchizatı müəssisəsinə məlumat verilməlidir. Enerji təchizatı müəssisəsi müvafiq yoxlama həyata keçirərkən müəyyən edə bilərdi ki, sərfiyyat mənfiyə düşüb. Bu hal aşkar edildikdən sonra araşdırılaraq laboratoriyaya göndərilməli idi. Abonentin bundan məlumatı olmalı idi. Çünki, iddiaçı aylıq orta sərfiyyatdan bunu müəyyən edə və Qaydaların 8.15-ci bəndinə əsasən, enerji təchizatı müəssisəsinə məlumat verə bilərdi. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Energetika Nazirliyi X1 Agentliyinin Bakı filialının nümayəndəsi (müfəttiş) X8 xx.xx.2025-ci il tarixli iclasda verdiyi izahatında bildirmişdir ki, balans bitəndə bəzən elə hallar ola bilir ki, balansın olmamasına baxmayaraq sayğac sərfiyyatı qeydə alır. Sayğacın qeydə aldığı göstərici nədirsə, o, sərfiyyatdır. Amma, bəzi hallarda sayğac texniki nasazlıq səbəbindən şəbəkədən açılmaya bilir. Yəni, balans bitəndə açılmır və işıq kəsilmir. Praktikada belə hallar baş verə bilir. Sayğaca nəzarət edən əməkdaş bunu yerində müəyənləşdirəndə, sayğacın real göstəricisini qeyd edir və borc ortaya çıxır. Cavabdehin nümayəndəsi X5 məhkəmə iclasında iddia tələbini qəbul etmədi və izahatında bildirdi ki, iddiaçının iddia tələbləri əsassızdır. "xxxx" ASC tərəfindən iddiaçının hər hansı hüququ pozulmamış, iddiaçıya əsassız borc yazılmamış və iddiaçı tərəfindən ödənilən məbləğlər abonent hesabına dəqiq şəkildə işlənmişdir. İddia ilə razı deyildir. Tərəfindən sübutlar təqdim edilmişdir ki, abonent tərəfindən həmin elektrik enerjisi sərfiyyatı olmuşdur və bu sərfiyyat ödənilməlidir. Qeyd olunan səbəblərdən, məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İş materialları: Səadət Sarayı (Bakı Nikah Evi) xx.xx.1992-ci il tarixdə verilmiş Vİ-ЖГ seriyalı 334042 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Nümayəndə ilə X4 arasında nikah xx.xx.1992-ci il tarixdə Səadət Sarayında 2596 saylı akt qeydi ilə bağlanmışdır. Nikah bağlandıqdan sonra arvada Hüseynova soyadı verilmişdir. Müvafiq kart hesabı tətbiqi üzrə əməliyyatdan çıxarışın ekran görüntüsünün surətindən görünür ki, **********50026/Nəsimi ESİ ödəniş təyinatı üzrə borc məbləği 498,72 manat göstərilmişdir. Abonentin hərəkət cədvəli adlı sənəddən görünür ki, abunəçi X3 2024-cü il üzrə istifadə etdiyi enerji sərfiyyatı 11339,7 kvth və manatla dəyəri 1254,66 manat təşkil etmiş, abunəçi tərəfindən sərfiyyatdan 684,9 manat ödəniş edilmiş, borc məbləği 569,76 manat təşkil edir. xx.xx.2024-cü il tarixdə tərtib edilmiş **********50026 nömrəli abunə haqqında çıxarışın surətindən görünür ki, abunəçiyə enerjidən istifadəyə görə xx.xx.2024-cü il tarixdə 84,40 manat, xx.xx.2024-cü il tarixdə 76,80 manat, xx.xx.2024-cü il tarixdə 55,84 manat, xx.xx.2024-cü il tarixdə 50,48 manat, xx.xx.2024-cü il tarixdə 112,88 manat, xx.xx.2024-cü il tarixdə 132,64 manat və xx.xx.2024-cü il tarixdə 137,12 manat borc hesablanmış, limitdən artıq sərfiyyat xx.xx.2025-ci il tarixi üçün 20,90 manat, xx.xx.2024cü il tarixi üçün 17,55 manat, xx.xx.2024-cü il tarixi üçün 56,55 manat, xx.xx.2024-cü il tarixi üçün 68,90 manat və xx.xx.2024-cü il tarixi üçün 71,70 manat təşkil etmişdir. Abunəçi tərəfindən xx.xx.2024-cü il tarixdə 110 manat, xx.xx.2024-cü il tarixdə 50 manat, xx.xx.2024-cü il tarixdə 11,76 manat, xx.xx.2024-cü il tarixdə 50 manat, xx.xx.2025-ci il tarixdə 100 manat və xx.xx.2024-cü il tarixdə 20 manat ödəniş edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə qaydaları”nın: 4.2-ci bəndinə əsasən istehlakçılar, elektrik enerjisinin alqı-satqı müqaviləsində müəyyən edilmiş elektrik enerjisi istehlakının göstəricilərinə və məhdudiyyət rejimlərinə əməl etməli, elektrik enerjisindən səmərəsiz istifadə olunmasına, israfçılığa və təsərrüfatsızlığa yol verməməlidirlər. 7.9-cu bəndinə əsasən məişət abonentinin elektrik enerjisi sərfinə görə hesablaşması hər bir yaşayış sahəsi, o cümlədən üçün yaşayış binalarındakı hər bir mənzil üzrə hesablaşma elektrik sayğacı quraşdırılır. Həmçinin yaşayış binalarında ümumi məqsədlərə - pilləkənlərin işıqlandırılmasına, liftlərin, nasosların işləməsinə və s. sərf edilən elektrik enerjisinə görə hesablaşmaq üçün hesablaşma elektrik sayğacı quraşdırılır. 7.13-cü bəndinə əsasən məişət abonentləri ilə elektrik enerjisinə görə hesablaşmalar quraşdırıldığı yerdən asılı olmayaraq, hesablaşma yalnız elektrik sayğacının göstərişinə və bu istehlakçı qrupu üçün müəyyən edilmiş tarifə əsasən aparılır. Məişət abonentləri ilə hesablaşmalarda elektrik enerjisi itkiləri (texnoloji sərfiyyat) nəzərə alınmır və ona görə ödəniş tutulmur. 8.2-ci bəndinə əsasən elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. 8.4-cü bəndinə əsasən enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən bu Qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir. 8.5-ci bəndinə əsasən abonent elektrik enerjisi sərfinə görə subabonentdən aldığı ödənişi elektrik enerjisinin alqı-satqı müqaviləsində müəyyən olunmuş müddətdə enerjitəchizatı müəssisəsinin hesabına köçürməlidir və abonent tərəfindən bu ödənişin başqa məqsədlər üçün istifadə edilməsinə icazə verilmir. 8.12-ci bəndinə əsasən enerjitəchizatı müəssisəsi öz vəsaiti hesabına elektrik enerjisinə görə hesablaşmada əvvəlcədən ödəmə üsulunu tətbiq edə bilər. Bu halda elektrik enerjisinə görə hesablaşma aparmaq üçün əvvəlcədən ödəmə sistemli elektrik sayğaclarından istifadə olunur. 8.13-cü bəndinə əsasən elektrik enerjisinə görə hesablaşmalar enerjitəchizatı müəssisəsinin abonentə təqdim etdiyi ödəniş sənədlərinə əsasən aparılır. 9.1-ci bəndinə əsasən istehlakçı sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisi sərfi üzrə müqavilə göstəricilərinin və rejimlərin yerinə yetirilməsinə, sərf edilmiş elektrik enerjisi haqqının vaxtında ödənilməsinə, mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə, həmçinin X1 Agentliyinin nümayəndələrinin tələbnamələrinin vaxtında icra olunmasına görə məsuliyyət daşıyır. 9.4-cü bəndinə əsasən istehlakçı hesablaşma elektrik sayğaclarındakı bütün nasazlıqlar və onun qoşulma sxeminin pozulması, həmçinin tikililərində və ya ərazisində yerləşən enerjitəchizatı müəssisəsinə məxsus elektrik qurğularında və avadanlıqlardakı nasazlıqlar haqqında enerjitəchizatı müəssisəsinə məlumat verməlidir. 9.10-cu bəndinə əsasən istehlakçı sərf etdiyi elektrik enerjisinin haqqının vaxtında, müəyyən edilmiş tarif qiymətinə uyğun tam həcmdə ödənilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Konstitusiya Məhkəməsi Plenumunun M.Bağırovun şikayəti üzrə 2008-ci il 30 iyul tarixli Qərarında ifadə etdiyi hüquqi mövqeyinə əsasən, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçının adı abunə sənədlərində texniki yalnışlıqla X7 olaraq göstərilmişdir. Mübahisələndirilən ünvan üzrə sayğac göstəriciləri aid olan şəxs hazırki iş üzrə İddiaçı olaraq nəzərə alınır, şəxsin hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməyə subyektiv hüququ vardır. Məhkəmə tərəfindən toplanmış və tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, iddiaçıya məxsus ünvan 3 ünvanında quraşdırılmış sayğac ödəniş üsulu əvvəlcədən ödəmə üsulu olan smart tipli sayğacdır. Qeyd edilən sayğac tipinə görə istehlakçı sərf edəcəyi elektrik enerjisi dəyərini əvvəlcədən hesaba ödəməklə ödəmiş olduğu məbləğ həddində elektrik enerjisindən istifadə edir. Abunə haqqında çıxarışdan görünür ki, istehlakçı sonuncu dəfə xx.xx.2024-cü il tarixdə enerji sərfiyyatı üçün ödəniş həyata keçirmişdir. Sonrakı dövrdə sərfiyyatı sayğac qeydə alsa da, lakin islehlakçı tərəfindən hər hansı ödəniş həyata keçirilməmişdir. Bununla da hazırda iddiaçının mübahisələndirdiyi borc məbləği yaranmışdır. İddiaçı istifadəsində olan sayğacın smart tipli sayğac olmasını və hesabına pul ödəməsinə dair dəlillər irəli sürsə də, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş elektrik qurğularına dövlət enerji nəzarətini həyata keçirən orqanının nümayəndəsi də bildirmişdir ki, qeyd edilən sayğac tipində də hazırki faktiki hal, yəni əvvəlcədən ödəniş olmadan enerji sərfiyyatının kəsilməməsi halı baş verə bilər. İşin faktiki hallarından aydın olur ki, iddiaçı kifayət qədər uzun müddət üçün, yəni iyun-avqust ayları (xüsusilə də ilin isti dövrü-kondisionerdən istifadə qaçılmaz olur) müddətində elektrik enerjisindən istifadə etsə də, həmin müddət üçün istehlakçı tərəfindən ödəniş edilməsi müəyyən edilmir. İstehlakçı həmin müddətdə ödəniş barədə hər hansı təsdiqedici sənəd təqdim etməmişdir. Digər tərəfdən isə sayğac göstəricilərinə əsasən müəyyən edilir ki, həmin dövrdə sayğac elektrik enerjisindən sərfiyyatı qeydə almışdır. İddiaçı əvvəlcədən ödəniş etmədən elektrik enerjisindən istifadə etməyə davam etmiş, hamıya bəlli olan bu hal onda şübhə yaratmamış, sayğacda belə bir problemin yaranması və bunun aradan qaldırılması ilə bağlı aidiyyəti üzrə müraciət etməmişdir. Adi riyazi hesablama nəticəsində görünür ki, abunə haqqında çıxarışda hesabat düzgün aparılmış, sərf edilmiş elektrik enerjisinin həcmi, ödənilməli olan borc məbləğləri, eləcə də, iddiaçı tərəfin ödənişlərin hər biri nəzərə alınmış, iddiaçıya bu və ya digər səbəbdən əsassız borc yazılmamışdır. Bu səbəbdən, iddia tələbi təmin edilə bilməz. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı (X1 Agentliyi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) «hesablanmış borcun silinməsi, ödənilmiş vəsaitin bərpa edilməsi və qanunsuz hərəkətlərin qadağan edilməsi» tələbinə dair iddiası təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı (X1 Agentliyi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) «hesablanmış borcun silinməsi, ödənilmiş vəsaitin bərpa edilməsi və qanunsuz hərəkətlərin qadağan edilməsi» tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüsalə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar