Məhkəmə qərarları › İş №e-2(006)-6304/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №e-2(006)-6304/2025

07.01.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi - Şərəf və ləyaqətin müdafiəsi üzrə - KİV-in tərəf olduğu şərəfin, ləyaqətin və işgüzar nufuzun müdafiəsi üzrə işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(006)-6304/2025 07.01.2026 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X10 oğlunun katibliyi, İddiaçı vəkili-nümayəndəsi Nümayəndə1, Cavabdeh MMC-nin nümayəndəsi X4 və X5 iştirakları ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “xəbər saytlarında yayılmış məlumatların işgüzar nüfuzu ləkələyən hesab edilməsi və s.” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı Cavabdeh MMC-yə qarşı “xəbər saytlarında yayılmış məlumatların işgüzar nüfuzu ləkələyən hesab edilməsi və s.” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, “Teleqraf” İnformasiya Agentliyi tərəfindən “teleqraf.az” internet xəbər portalında 29 noyabr 2025-ci il tarixli, saat 14:00-da yayımlanmış və ardıcıl olaraq “axar.az” və "xxxx" internet xəbər saytlarında yayımlanmış “Tanınmış iş adamının xeyli miqdarda borcu yaranıb” başlıqlı məlumatın fərdi sahibkar İddiaçı işgüzar nüfuzu ləkələyən, həqiqətə uyğun olmayan məlumat hesab edilməsi, həqiqətə uyğun olmayan məlumatın “teleqraf.az” internet xəbər portalında təkzib olunmasının və həmin portalda ondan üzr istəməsinin dərc edilməsi, fərdi sahibkar İddiaçı işgüzar nüfuzu ləkələyən həqiqətə uyğun olmayan məlumatı yaydıqlarına görə cavabdehdən vurduğu 10000 (on min) manat mənəvi zərərin əvəzinin, hüquqi xidmətlərə görə ödənilmiş 50 (əlli) manat və dövlət rüsumuna görə ödənilmiş 120 (yüz iyirmi) manatın tutularaq fərdi sahibkar İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, 29 noyabr 2025-ci il tarixdə, saat 14:00-da “teleqraf.az” İnformasiya Agentliyinin internet səhifəsində “Tanınmış iş adamının xeyli miqdarda borcu yaranıb” başlıqlı məlumat yerləşdirilmiş, məqalədə aşağıda göstərilən fikirlər yer almışdır: «“Kral” Şirkətlər Qrupunun xeyli miqdarda vergi borcu olduğu müəyyən edilib. Teleqraf-ın məlumatına görə, hazırda "xxxx"un dövlətə 48.561 AZN vergi borcu yaranıb. Şirkətin rəhbəri tanınmış iş adamı İddiaçıdir. O, 2024-cü ildə Parlament seçkilərində 18 saylı Nərimanov-X1 deputatlığa namizəd olmuş, həmin dairədən millət vəkili seçilən Rasim Musabəyova məğlub olmuşdu. İddiaçı 2010-cu ildən sahibkarlıq fəaliyyəti ilə məşğuldur. O, tərkibində müxtəlif istiqamətli şirkətlərin fəaliyyət göstərdiyi "xxxx"un təsisçisidir.» Həmçinin, 29 noyabr 2025-ci il tarixdə, saat 14:53-də “axar.az” xəbər portalında (internet səhifəsində) “Tanınmış iş adamının xeyli miqdarda borcu yarandı” başlıqlı məlumat yerləşdirilmiş, məqalədə aşağıda göstərilən fikirlər yer almışdır: «“Kral” Şirkətlər Qrupunun xeyli miqdarda vergi borcu olduğu müəyyən edilib. Axar.az Teleqraf-a istinadla xəbər verir ki, hazırda "xxxx"un dövlətə 48.561 AZN vergi borcu yaranıb. Qeyd edək ki, şirkətin rəhbəri tanınmış iş adamı İddiaçıdir. O, 2024-cü ildə parlament seçkilərində 18 saylı Nərimanov-X1 deputatlığa namizəd olmuşdu. İddiaçı 2010-cu ildən sahibkarlıq fəaliyyəti ilə məşğuldur. O, tərkibində müxtəlif istiqamətli şirkətlərin fəaliyyət göstərdiyi "xxxx"un təsisçisidir.» Əlavə olaraq, həm də 29 noyabr 2025-ci il tarixdə, saat 18:25-də "xxxx" internet səhifəsində də “teleqraf.az” İnformasiya Agentliyinin internet səhifəsində qeyd olunan məlumat ilə eyni məzmunlu məlumat yayımlamışdır. Cavabdeh şəxslər tərəfindən məqalədə İddiaçı "xxxx" MMC-nin təsisçisi kimi göstərilsə də, həmin MMC-yə onun heç bir aidiyyəti mövcud deyildir. Belə ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN:**********), "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) təsisçisidir. Qeyd olunan MMC-lər birlikdə cəmiyyətdə “Kral” Şirkətlər Qrupu kimi tanınsa da, "xxxx" MMC ilə heç bir hüquqi və ya təşkilati bağlılığı yoxdur. Əlavə olaraq, məqalədə göstərilənin - “Tanınmış iş adamının xeyli miqdarda borcu yaranıb” ifadəsinin əksinə iddiaçının heç bir vergi borcu mövcud deyildir. Bu halı təsdiq edən vergi portalından çıxarışlar ərizəyə əlavə edilmişdir. “Teleqraf” İnformasiya Agentliyinin redaktoru Emin Səfərovdan qeyd olunan məqalənin silinməsi ilə bağlı müraciət etsə də, o, “dövlətin rəsmi faktını təqdim etmişəm” deyərək xəbərin silinməsindən imtina etmişdir. Lakin o, dövlətin rəsmi faktını təqdim etdiyini bildirsə də, qeyd olunan məlumatın, yəni iddiaçının "xxxx" MMC-nin təsisçisi olmağı barədə məlumatlar dövlətin heç bir rəsmi internet portallarında, o cümlədən vergi portalında da mövcud deyildir. Həmçinin, «O, 2024cü ildə Parlament seçkilərində 18 saylı Nərimanov-X1 deputatlığa namizəd olmuş, həmin dairədən millət vəkili seçilən Rasim Musabəyova məğlub olmuşdu” kimi ifadə işlədilərək “vergi borcu” ilə əlaqəsi olmayan məlumatı - Rasim Musabəyova məğlub olmağı faktını ön plana çəkərək iddiaçını nüfuzdan salma məqsədi güdmüşdür. Dərc olunan məlumatda qeyd edilmişdir ki, iddiaçı həmin “Kral” Şirkətlər Qrupunun rəhbəridir. Lakin, nə iddiaçının fərdi sahibkar kimi, nə də ki, təsisçi olduğu "xxxx" MMC-nin (VÖEN: **********) və "xxxx" MMC-nin (VÖEN: **********) vergi borcu yoxdur. Cavabdehin dərc etdiyi məlumatın yayılması istehsal-təsərrüfat, xidmət və ictimai fəaliyyətimlə əlaqədar ictimaiyyət arasında işgüzar nüfuzuna xələl gətirərək potensial müştərilərdə iddiaçının və təsisçi olduğu müəsissələrin (şirkətlərin) işgüzar fəaliyyəti barədə mənfi rəy yaradılmasına, iddiaçının və təsisçi olduğu şirkətlərin etibarsız və vicdansız bir kontragent olması barədə fikrin formalaşmasına səbəb olmuşdur. Cavabdeh MMC tərəfindən yayımlanmış məlumat subyektiv fikir olaraq deyil, “məlumat” məqsədilə paylaşılmışdır və bunu “Teleqraf” İnformasiya Agentliyinin redaktoru Emin Səfərovun “dövlətin rəsmi faktını təqdim etmişəm” kimi bildirməsi də təsdiq edir. Həmçinin, məlumatlar həqiqəti əks etdirmir. Belə ki, mən qeyd olunan məqalələrdə göstərilənlərdən fərqli olaraq "xxxx" MMC-in deyil, "xxxx" MMC-nin (VÖEN: **********), "xxxx" MMC-nin (VÖEN: **********) təsisçisidir və təsisçisi olduğu həmin müəssisələrin "xxxx" MMC ilə heç bir təşkilati və hüquqi bağlılığı mövcud deyildir, o cümlədən, hər hansı bir vergi borcu yoxdur. Əlavə olaraq, məlumat yalnız bir internet səhifəsində deyil, ardıcıl olaraq “teleqraf.az”, “axar.az”, "xxxx" internet xəbər səhifələrində yayımlanmış və qeyri-müəyyən şəxslər dairəsinə ünvanlanmışdır. Sözügedən məlumatların “Teleqraf” İnformasiya Agentliyi tərəfindən yayımlanması şübhə doğurmur, çünki qeyd edilmiş digər xəbər portalları yaydığı məlumatlarda məhz “Teleqraf” İnformasiya Agentliyinin yayımladığı məlumata istinad etmişlər.

a) Məhkəmə prosesi:

3. Məhkəmə hazırlıq iclasında İddiaçı vəkili-nümayəndəsi Nümayəndə1 iddianı müdafiə edərək bildirdi ki, kommersiya fəaliyyəti ilə bağlı olduğunu hesab etmirlər, işin aidiyyəti üzrə kommersiya məhkəməsinə göndərilməsi məsələsini məhkəmənin mülahizəsinə buraxdı.

4. Məhkəmənin hazırlıq iclasında Cavabdeh MMC-nin nümayəndəsi X7 və X8 işin aidiyyəti üzrə kommersiya məhkəməsinə göndərilməsinə etiraz etmədilər.

5. Məhkəmə tərəflərin izahatlarını dinləyib, mülki işin materialları ilə birgə araşdıraraq hesab edir ki, hazırkı mülki iş aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir.

Əsaslandırıcı hissə: a) Mülki işin materialları:

6. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən verilmiş çıxarışlardan görünür ki, İddiaçı "xxxx" MMCnin (VÖEN: **********) təsisçilərindən biri və "xxxx" MMC-nin (VÖEN: 1********) təsisçisidir.

7. “X3”nin internet xəbər portalından çıxarışdan görünür ki, həmin saytda aşağıdakı məzmunda xəbər yayımlanmışdır: “ “Kral” Şirkətlər Qrupunun xeyli miqdarda vergi borcu olduğu müəyyən edilib. “Telegraf”https://teleqraf.az/ın məlumatına görə, hazırda "xxxx"un dövlətə 48.561 AZN vergi borcu yaranıb. Qeyd edək ki, şirkətin rəhbəri tanınmış iş adamı İddiaçıdir. O, 2024-cü ildə Parlament seçkilərində 18 saylı Nərimanov-X1 deputatlığa namizəd olmuş, həmin dairədən millət vəkili seçilən Rasim Musabəyova məğlub olmuşdu. İddiaçı 2010-cu ildə sahibkarlıq fəaliyyəti ilə məşğuldur. O, tərkibində müxtəlif istiqamətli şirkətlərin fəaliyyət göstərdiyi "xxxx"un təsisçisidir”.

8. Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli sorğuya cavabından görünür ki, Cavabdeh MMC media subyektinə məxsus “Teleqraf.az” informasiya agentliyi redaksiyası 2025-ci il 14 fevral, "xxxx" MMC media subyektinə məxsus “Axar.az” onlayn media redaksiyası 2022-ci il 04 noyabr, "xxxx" MMC media subyektinə məxsus "xxxx" onlayn media redaksiyası isə 2022-ci il 18 noyabr tarixlərində Media Reyestrinə daxil edilmiş, qeyd olunan media subyektlərinin fəaliyyətinə xitam verilməsi ilə bağlı Agentlik tərəfindən məhkəmədə hər hansı iddia qaldırılmamışdır.

9. “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən görünür ki, İddiaçı (VÖEN: **********; VÖEN statusu: fəaliyyətini müvəqqəti dayandırmış) xx.xx.2009-cu ildə Azərbaycan Respublikası Vergilər Nazirliyində vergi ödəyicisi kimi qeydiyyata alınmışdır.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar və məhkəmənin mövqeyi:

10. Beləliklə, məhkəmə araşdırmaları zamanı müəyyən edildi ki, İddiaçı (VÖEN: **********) və Cavabdeh MMC (VÖEN: **********) müvafiq qaydada dövlət qeydiyyatına alınmış vergi ödəyiciləridir. Belə ki, iddiaçı fərdi sahibkar statusuna malik olan fiziki şəxs, cavabdeh kommersiya hüquqi şəxsidir. Belə ki, cavabdeh media subyekti olsa da, təşkilati-hüquqi forması məhdud məsuliyyətli cəmiyyətdir və məhdud məsuliyyətli cəmiyyətlərin anlayışı Mülki Məcəllənin “Hüquqi şəxslər” fəslinin “Kommersiya təşkilatları” paraqrafında verilmişdir. Deməli, hazırki mübahisənin subyektiv tərkibi olan iddiaçı və cavabdeh sahibkarlıq fəaliyyəti subyektləridir.

11. Tərəflər arasında olan hüquq münasibətlərinin xarakteri və mübahisənin predmeti ilə bağlı isə qeyd edilməlidir ki, iddia ərizəsinin məzmunu və iş materiallarında olan sənədlər əsasında müəyyən edilir ki, hazırkı mübahisənin yaranmasına səbəb olmuş mediada yayımlanan məlumatlar iddiaçının sahibkarlıq fəaliyyəti ilə əlaqədardır və iddiaçı bu məlumatların onun işgüzar nüfuzuna xələl gətirərək potensial müştərilərdə iddiaçının və təsisçisi olduğu müəsissələrin (şirkətlərin) işgüzar fəaliyyəti barədə mənfi rəy yaradılmasına səbəb olduğunu iddia edir. Məhkəmə hesab edir ki, iddiaçının pozulduğunu iddia etdiyi hüququ onun sahibkarlıq fəaliyyəti ilə bağlı olub, mənəvi zərər tələbi mövcudluğu birbaşa sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə yönələn işgüzar nüfuzun zədələnməsi ilə bağlıdır. Cavabdehə münasibətdə isə qeyd edilməlidir ki, cavabdeh “X3” MMC kommersiya hüquqi şəxsi və media subyekti olduğundan, fəaliyyət istiqamətinin informasiya xidməti olması nəzərə alınaraq, qeyd olunan məlumatın gəlir əldə etmək məqsədi ilə dərc edilməsi, yəni bunun cavabdehin kommersiya fəaliyyətindən irəli gəlməsi mübahisəsizdir. Belə olan halda tərəflərin subyektiv tərkibini, onlar arasında olan münasibətlərin yaranma əsasının və mübahisənin predmetinin tərəflərin kommersiya fəaliyyətlərinin həyata keçirilməsi ilə bağlı olmasını nəzərə alan məhkəmə hesab edir ki, hazırkı işə Nəsimi Rayon Məhkəməsində deyil, aidiyyəti kommersiya məhkəməsində baxılmalıdır.

c) Tətbiq edilən hüquq və gəlinən nəticə:

12. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 43.5. Hüquqi şəxslər fəaliyyətinin əsas məqsədi mənfəət götürməkdən ibarət olan (kommersiya hüquqi şəxsləri) və ya əsas məqsədi mənfəət götürməkdən ibarət olmayan və götürülən mənfəəti iştirakçıları arasında bölüşdürməyən (qeyri-kommersiya hüquqi şəxsləri), habelə ümumdövlət və (və ya) ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olan (publik hüquqi şəxslər) qurumlar ola bilər.

13. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 1. Azərbaycan Respublikasının məhkəmələrində mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının qaydası Azərbaycan Respublikasının Konstitusiyası, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanunu, bu Məcəllə, digər qanunlar, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilərlə müəyyən edilir. Maddənin qeyd hissəsinə əsasən bu Məcəllədə kommersiya mübahisələri dedikdə sahibkarlıq fəaliyyətinin keçirilməsi ilə əlaqədar olan mübahisələr başa düşülür. Maddə 24.2. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Maddə 26. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə (Bankın öhdəliklərinin könüllü restrukturizasiyası haqqında işlər üzrə icraat), habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. Maddə 31.1. Aidiyyət qaydalarının pozulmasına yol verilmir. Maddə 32.3-32.4, 32.7. Hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. Aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Bir məhkəmədən digərinə göndərilən iş onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda iş onu baxmağa qəbul etmiş məhkəmənin əsaslandırılmış qərardadı ilə kassasiya instansiyası məhkəməsinə göndərilir və aidiyyət məsələsi həmin məhkəmə tərəfindən həll edilir.

14. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli, 10 №-li Qərarı: 11-ci bənd. MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir; 12-ci bənd. Bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. 13-cü bənd. Əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir. 14-cü bənd. Əşya hüquqi münasibətlərdən və deliktdən irəli gələn mübahisələrdə mütləq şərt kimi mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasına diqqət yetirilməlidir. Hər iki tərəfin kommersiya hüquqi şəxs olduğu halda, onların sahibkarlıq fəaliyyətindən kənar fəaliyyətinin olmaması baxımından bu kateqoriya işlərə kommersiya məhkəmələrində baxılması şübhə doğurmasa da, digər subyektlərə münasibətdə mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə diqqət yetirilməlidir. Belə ki, tərəflərdən birinin fərdi sahibkar statusuna malik olmasından asılı olmayaraq mübahisə həmin şəxsin sahibklarlıq fəaliyyətindən irəli gəlmirsə, işə aidiyyəti üzrə ümumi məhkəmədə baxılacaqdır. 15-ci bənd. Kommersiya mübahisələrinin subyektlərinin, habelə baxış predmetinin mümkün dairəsi də məhz mübahisə üzrə hüquq münasibətinin xarakterinin sahibkarlıq fəaliyyəti ilə bağlı olmasına dair bu Qərarın 13-cü bəndində əks olunmuş yanaşma baxımından müəyyənləşdirilməlidir. 20-ci bənd. Məhkəmə aidiyyətinin müəyyənləşdirilməsində tərəflərin subyekt tərkibi ilə bağlı meyarın qiymətləndirilməsi baxımından məhkəmələr nəzərə almalıdır ki, mübahisənin xarakteri ilə bağlı müəyyən halların (bu Qərarın 13-cü bəndi) mövcudluğu şərti ilə kommersiya məhkəmələrinin baxış predmetini təşkil edən işlər üzrə tərəflər qismində mülki hüquqi mübahisənin bütün mümkün subyektləri (hüquqi şəxslər, fərdi sahibkarlar, dövlət orqanları, bələdiyyələr, fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslər) iştirak edə bilərlər. 28-ci bənd. Fərdi sahibkar kimi müvafiq vergi orqanında uçota alınmış fiziki şəxsin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada öz fəaliyyətini müvəqqəti dayandırması, yəni həmin şəxsin VÖEN-nin (vergi ödəyicisinin eyniləşdirmə nömrəsinin) aktiv olmaması onu fərdi sahibkar statusu olmayan şəxs kimi qiymətləndirməyə əsas vermir. Fərdi sahibkar kimi müvafiq vergi orqanında uçota alınmış fiziki şəxs yalnız Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 34.7.3-cü maddəsində nəzərdə tutulmuş əsaslar üzrə belə uçotdan çıxarıldığı halda fərdi sahibkar statusunu itirmiş hesab edilir. Həmçinin nəzərə alınmalıdır ki, fiziki şəxsin fərdi sahibkar kimi vergi orqanında uçota alınarkən göstərilən konkret fəaliyyət istiqamət (lər)i ilə deyil, qanunla qadağan edilməyən sahibkarlıq fəaliyyətinin başqa növü ilə məşğul olması işin kommersiya məhkəməsinə aidiyyətini dəyişdirmir.

15. Beləliklə, hazırki iş üzrə həm mübahisənin subyekt tərkibinin (tərəflər), həm onlar arasında olan münasibətlərin, həm də predmetin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması məhkəmə tərəfindən müəyyən edildiyindən məhkəmə hesab edir ki, hazırkı mübahisəyə aidiyyəti kommersiya məhkəməsində baxılmalıdır.

16. Məhkəmə göstərilənlərə əsasən belə qənaətə gəlir ki, İddiaçı Cavabdeh MMC-yə qarşı “xəbər saytlarında yayılmış məlumatların işgüzar nüfuzu ləkələyən hesab edilməsi və s.” tələbinə dair mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir.

Nəticə:

17. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 31- 32 və 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddiaçı Cavabdeh MMC-yə qarşı “xəbər saytlarında yayılmış məlumatların işgüzar nüfuzu ləkələyən hesab edilməsi və s.” tələbinə dair mülki iş aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) şikayət verilə bilər.

Hakim: Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar