Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-641/2024 08.01.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X4 oğlunun katibliyi, İddiaçı nümayəndəsi X1 iştirakı ilə İddiaçı MMC-nin Cavabdeh Ələsgər oğluna qarşı «pul» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh Ələsgər oğluna qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən İMEİ kod 34688/Q2PA00300 XİAOMİ PAD 5 markalı planşet üçün 581.47 (beş yüz səksən bir manat, qırx yeddi qəpik) manat ödənilməmiş hissə, 58.53 (əlli səkkiz manat əlli üç qəpik) manat cərimə, ümumilikdə, 640 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh, "xxxx" MMC ilə xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kod 34688/Q2PA00300 XİAOMİ PAD 5 markalı planşet almış və nəticədə 640 (altı yüz qırx) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 1141.96 (bir min yüz qırx bir manat doxsan altı qəpik) manat (yəni 12 ay x 86.83 manat + 100 manat ilkin ödəniş) olan İmei kod 34688/Q2PA00300 XİAOMİ PAD 5 markalı planşet üçün ümumilikdə, 640 (altı yüz qırx) manat olmaqla ondan 581.47 (beş yüz səksən bir manat qırx yeddi qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 58.53 (əlli səkkiz manat əlli üç qəpik) manat cərimə pulu borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi 560.49 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aramızda bağlanılmış xx.xx.2022-ci il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərilən xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələr də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Tələbin əsaslığını və əmlakın dəyərini sübut edən sənədlər: tərəflər arasında bağlanılmış müqavilə, onun əlavəsi, bildirişi, əşyaların təhvil-təslim aktı və ödəniş cədvəlindən ibarətdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-5047/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə iddiaçı İddiaçı MMC Cavabdeh qarşı "pul" tələbi barədə ərizəsi ilə bağlı mülki işə ümumi iddia icraatı qaydasında baxılması qərara alınmışdır. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X2 iddianı müdafiə edib, təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada bildiriş almasına baxmayaraq, Cavabdeh Ələsgər oğlu məhkəməyə gəlməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə hazırlıq iclasında iştirak edən cavabdeh bildirmişdir ki, iddia ilə tanışdır, bildirmək istəyir ki, o, İddiaçındən qızıl zəmanət istəməmişdir. İddiaçı şirkət özbaşına qızıl zəmanət müəyyən edib və buna görə ona əlavə pul hesablayıb. Müqavilə bağlananda audio-video yazı aparılırdı. Həmin yazıları da iddiaçı tərəf təqdim etsə, onun qızıl zəmanət istəmədiyi görünər. İddianı qəbul etmir, iddianın rədd olunmasını xahiş edirəm. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, iddiaçının nümayəndəsinin izahatını dinləyib, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan İddiaçı MMC ilə Cavabdeh Ələsgər oğlu arasında bağlanmış xx.xx.2022-ci il tarixli 03412523 nömrəli müqavilədən və ona əlavədən görünür ki, İddiaçı MMC İMEİ kod 34688/Q2PA00300 XİAOMİ PAD 5 markalı planşeti Cavabdeh Ələsgər oğluna satmış, Cavabdeh Ələsgər oğlu alınmış əşyanın əvəzində bu müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini hissə-hissə 12 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. Mülki işin materiallarında olan İddiaçı MMC tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli təhvil-təslim aktından görünür ki, İddiaçı MMC tərəfindən İMEİ kod 34688/Q2PA00300 XİAOMİ PAD 5 markalı planşeti Cavabdeh Ələsgər oğluna təhvil verilmiş, Cavabdeh Ələsgər oğlu isə həmin əşyanı tam qüsursuz halda təhvil almışdır. Mülki işin materiallarında olan İddiaçı MMC tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2023-cü il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh Ələsgər oğlunın İddiaçı MMC-yə xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kod 34688/Q2PA00300 XİAOMİ PAD 5 markalı planşet üçün 581.47 (beş yüz səksən bir manat qırx yeddi qəpik) manat ödənilməmiş hissə, 58.53 (əlli səkkiz manat əlli üç qəpik) manat cərimə, cəmi 640 (altı yüz qırx) manat borcu vardır. Mülki işin materiallarında olan İddiaçı MMC tərəfindən Cavabdeh Ələsgər oğluna ünvanlanmış xx.xx.2023-cü il tarixli xəbərdarlıqdan görünür ki, cavabdehə müqavilələr üzrə yaranmış borcun ödənilməsi ilə bağlı xəbərdarlıq edilmişdir. Mülki işin materiallarında olan xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, ərizənin verilməsinə görə 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə müəyyən etdi ki, İddiaçı MMC ilə Cavabdeh Ələsgər oğlu arasında nisyə alğı-satqı müqaviləsi bağlanmış, İMEİ kod 34688/Q2PA00300 XİAOMİ PAD 5 markalı planşeti Cavabdeh Ələsgər oğluna satmış, cavabdeh alınmış əşyanın əvəzində həmin müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini hissə-hissə ödəməyi öhdəsinə götürmüş, lakin edilən xəbərdarlıqlara baxmayaraq, cavabdeh tərəfindən müqavilə üzrə öhdəliklər tam icra edilməmiş və nəticədə onun iddiaçıya xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kod 34688/Q2PA00300 XİAOMİ PAD 5 markalı planşet üçün 581.47 (beş yüz səksən bir manat qırx yeddi qəpik) manat ödənilməmiş hissə, 58.53 (əlli səkkiz manat əlli üç qəpik) manat cərimə, cəmi 640 (altı yüz qırx) manat borcu yaranmışdır. Məhkəmə hesab edir ki, İddiaçı MMC-nin tələbi müqavilələrə müvafiq olaraq əsas borca münasibətdə təmin edilməli, cərimə borcuna gəldikdə isə qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra - Mülki Məcəllənin) 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə iddia tələbinin cərimənin ödənilməsi hissəsi ilə əlaqədar qeyd edir ki, xx.xx.2021ci il tarixli müqaviləsi üzrə 58.53 (əlli səkkiz manat əlli üç qəpik) manat cərimənin miqdarı tənasübsüz surətdə yüksək kimi qiymətləndirilməli və həmin məbləğ müvafiq olaraq 30 (otuz) manat məbləğinədək azaldılmalıdır. Mülki Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Mülki Məcəllənin 601.2-ci maddəsində göstərilmişdir ki, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə həmin Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Mülki Məcəllənin 600.2-ci maddəsinə əsasən əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Mülki Məcəllənin 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Mülki Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Mülki Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə cavabdehin iddia ərizəsinin ona təqdim edilməməsinə münasibətdə qeyd edir ki, iddia ərizəsi ona xx.xx.2023-cü il tarixində rəsmi qaydada şəxsən təqdim edilmişdir (mülki iş materiallarının 14-cü səhifəsi). Onun bu dəlilini, eyni zamanda, elə həmin tarixdə özü tərəfindən imzalanmış iddia ərizəsinə etiraz da təkzib edir (etiraz məhkəməyə xx.xx.2023-cü ildə daxil olmuşdur, mülki iş materiallarının 21-22-ci səhifələri). Cavabdehin qızıl zəmanət istəməməsi barədə dəlilinə münasibətdə isə qeyd edilməlidir ki, bu dəlili təsdiq edən mötəbər sübut onun tərəfindən məhkəməyə təqdim edilməmişdir. İddiaçı tərəfindən cavabdehə (məhkəməyə də) təqdim edilmiş müvafiq müqavilə və ona əlavələrdə qızıl zəmanətin cavabdehə satılmasına dair qeydlər öz əksini tapmış, həmin sənədlər onun iradəsinin ifadə vasitəsi olan imzası ilə təsdiq edilmiş, müqavilə üzrə ödənişlərin bir qismi cavabdeh tərəfindən həyata keçirilmiş, lakin bütün bu müddət ərzində qızıl zəmanət məsələsi onun tərəfindən mübahisələndirilməmiş, deməli, o, qızıl zəmanəti almağa razı olmuşdur. Buna görə də cavabdehin yalnız ona qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edildikdən sonra bu məsələni mübahisələndirməsini məhkəmə mübahisənin əsassız uzadılması məqsədilə edilmiş hərəkət kimi qiymətləndirir. Beləliklə, məhkəmə mülki qanunvericiliyin yuxarıda qeyd edilən normalarını nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 581.47 (beş yüz səksən bir manat qırx yeddi qəpik) manat ödənilməmiş hissə, 30 (otuz) manat cərimə borcu olmaqla, cəmi 611.47 (altı yüz on bir manat qırx yeddi qəpik) manat məbləğində pul alınaraq İddiaçı MMC-yə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə bağlı məhkəmə belə qənaətə gəlir ki, Mülki Prosessual Məcəllənin 119-cu maddəsinə əsasən iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun 29 manat hissəsi Cavabdeh Ələsgər oğlundan alınaraq iddiaçıya ödənilməli, qalan 1 manat hissəsi isə iddiaçıya aid edilməlidir. Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. MülkiProsessualMəcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 581.47 (beş yüz səksən bir manat qırx yeddi qəpik) manat ödənilməmiş hissə, 30 (otuz) manat cərimə borcu olmaqla, cəmi 611.47 (altı yüz on bir manat qırx yeddi qəpik) manat məbləğində pul alınaraq İddiaçı MMC-yə verilsin. Ödənilmiş dövlət rüsumunun 29 (iyirmi doqquz) manat hissəsi Cavabdeh alınaraq İddiaçı MMC-yə ödənilsin, qalan hissəsi isə İddiaçı MMC-yə aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Günay Abidova
Məhkəmə qərarları › İş №e-2(006)-641/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-641/2024
08.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver