Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(006)-6659/2025 18.02.2026 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ X3 Zahid oğlunun sədrliyi, Ağayeva Yeganə Taleh qızının katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı MMC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 18 may 2024-cü il tarixli FAT-547 saylı “Daxili lizinq müqaviləsi”nə əsasən lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 23 avqust 2025-ci il tarixə 448,28 manat gecikdirilmiş əsas, 119,86 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 348,24 manat dəbbə pulu, lizinq obyekti olan “Chevrolet Cobalt” markalı, **- AG-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 9358,60 manat olmaqla, cəmi 10274,98 manat borc və ödənilmiş 120,82 manat dövlət rüsumunun İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı MMC iddia tələbini onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli FAT-131 saylı “Daxili lizinq” müqaviləsinə əsasən 2022-ci il buraxılışlı, “Chevrolet Cobalt” markalı, **-AG-*** dövlət qeydiyyat nişanlı, ağ rəngli avtomobil onun müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. “Daxili lizinq” müqaviləsinin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişləri cədvəlinə (Əlavə №3) əsasən lizinq alan illik 18% hesablanmaqla 48 aylıq müddətə hər ay sabit məbləğ olmaqla, 565,47 manat olmaqla, ümumilikdə isə 31.443 manat məbləğində pul vəsaitini İddiaçı MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh müvəqqəti istifadəsinə verilmiş İddiaçı MMC-nin mülkiyyətində olan “Chevrolet Cobalt” markalı, **-AG-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2025-ci il tarixdə şirkətin müvəqqəti duracağına yerləşdirilmişdir. Servis Mərkəzi tərəfindən tərtib edilmiş qüsur aktına əsasən lizinq obyekti olan avtomobilin təmir-bərpa xərcləri 9358,60 manat təşkil edir. Eyni zamanda Cavabdeh xx.xx.2022-ci il tarixli FAT-131 saylı “Daxili lizinq” müqaviləsi üzrə lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə xx.xx.2025-ci il tarixə ümumilikdə 916,38 manat gecikmə borcu yaranmışdır. “Daxili lizinq” müqaviləsi və “Ödəniş cədvəli”nin şərtlərinə cavabdeh tərəfindən əməl edilməmiş, cavabdeh lizinq ödənişlərinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmiş və onun iddiaçı qarşısında öhdəliyi yaranmışdır. İddiaçı MMC-nin nümayəndəsi X1 tərəfindən məhkəməyə ərizə ünvanlanaraq, məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsi və işin məhkəmə baxışına təyin edilməsi xahiş edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iş materiallarını araşdıraraq, mübahisənin predmetini nəzərə alaraq hesab edir ki, hazırkı iş baxılması üçün aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.2-ci maddəsinə əsasən, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, həmin Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 25-ci maddəsinin tələblərinə görə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Bu Məcəllənin 26-cı maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Kommersiya məhkəmələri bu Məcəllənin 40-5ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli, 10 saylı Qərarının 14-cü bəndində göstərilir ki, əşya hüquqi münasibətlərdən və deliktdən irəli gələn mübahisələrdə mütləq şərt kimi mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasına diqqət yetirilməlidir. Hər iki tərəfin kommersiya hüquqi şəxs olduğu halda, onların sahibkarlıq fəaliyyətindən kənar fəaliyyətinin olmaması baxımından bu kateqoriya işlərə kommersiya məhkəmələrində baxılması şübhə doğurmasa da, digər subyektlərə münasibətdə mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə diqqət yetirilməlidir. Belə ki, tərəflərdən birinin fərdi sahibkar statusuna malik olmasından asılı olmayaraq mübahisə həmin şəxsin sahibklarlıq fəaliyyətindən irəli gəlmirsə, işə aidiyyəti üzrə ümumi məhkəmədə baxılacaqdır. “Sahibkarlıq fəaliyyəti haqqında” Qanunun 1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən,malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir. “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən əldə olunmuş cavabdehin vergi məlumatlarına əsasən, Cavabdeh (VÖEN **********) qanunvericiliklə müəyyən edilmiş qaydada vergi orqanında uçota alınmış, fərdi sahibkar statusuna malik olan vergi ödəyicisi, İddiaçı MMC (VÖEN **********) isə hüquqi şəxsdir, cavabdeh sahibkarlıq fəaliyyətini həyata keçirmək üçün sözügedən avtomobili icarəyə götürmüşdür. Bu baxımdan cavabdeh həmin avtomobildən müvafiq olaraq həyata keçirdiyi sahibkarlıq və kommersiya fəaliyyəti çərçivəsində gəlir əldə etmək məqsədi ilə istifadə edir. Hüquqi nəticə etibarı ilə iddiaçının cavabdehə qarşı tələbi delikt mahiyyətli olmaqla, məhz onların hər ikisinin ayrı-ayrılıqda həyata keçirdikləri sahibkarlıq fəaliyyətindən irəli gəlir. Məhkəmə qeyd edir ki, deliktdən irəli gələn hazırki mübahisə tərəflərin, o cümlədən bilavasitə cavabdehin sahibkarlıq fəaliyyətini həyata keçirməsi ilə əlaqədardır və hüquqi şəxsin ona qarşı irəli sürdüyü tələb kommersiya məhkəməsinə aiddir. Bu halın mövcudluğu məhkəmə aidiyyətini müəyyən edən həlledici meyar kimi çıxış edərək, işə məhkəmə aidiyyəti baxımından ümumi məhkəmədə baxılmasını qeyri-mümkün edir və işin baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməsini şərtləndirir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, xx.xx.2026-cı il tarixli telefonoqramdan məlum olur ki, Cavabdeh özü bir neçə avtomobili lizinqə götürməklə taksi fəaliyyəti ilə məşğul olmaq üçün icarəyə verdiyini təsdiq etmişdir. Sözügedən hallar da öz növbəsində əsas verir ki, hazırkı mübahisə MPM-in tələblərinə və Ali Məhkəmə Plenumunun xx.xx.2020-ci il tarixli qərarının izahlarına əsasən kommersiya mübahisəsi kimi xarakterizə edilsin. Beləliklə məhkəmə yuxarıda sadalanan qanunvericilik normalarını nəzərə alaraq hesab edir ki, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iş aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.2 və 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iş aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan, tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: İlqar Qaralov
Məhkəmə qərarları › İş №e-2(006)-6659/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №e-2(006)-6659/2025
18.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver