Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-704/2025 30.01.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı "maddi və mənəvi zərərin ödənilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: 1.İddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı "maddi və mənəvi zərərin ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 2.Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı xx xxxxxx 1987-ci ildə Bakı şəhərində anadan olub. O, 17 yanvar 2015-ci ildə polis əməkdaşları tərəfindən tutulub və ona Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə ittiham elan edilib. Bakı şəhər Nəsimi rayon Məhkəməsinin 21 dekabr 2015-ci il tarixli hökmü ilə iddiaçının əməli CM-nin 234.1-ci maddəsinə tövsif edilib və 2 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Cəzaçəkmə müddətinin əvvəli 17 yanvar 2015-ci il tarixdən hesablanıb. Bakı Apellyasiya Məhkəməsinin 18 fevral 2016-cı il tarixli qərarı ilə Nəsimi rayon Məhkəməsinin iddiaçı barəsində olan hökmü dəyişdirilib və ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının müddəti 2 il müddətindən 01 il 03 ay müddətinə endirilib. Ali Məhkəmənin 06 iyun 2017-ci il tarixli qərarı ilə iddiaçı barəsində Bakı Apellyasiya Məhkəməsinin 18 fevral 2016-cı il tarixli qərarı ləğv edilib, iş yeni apellyasiya baxışına təyin edilib. Bakı Apellyasiya Məhkəməsinin 29 yanvar 2018-ci il tarixli hökmü ilə Bakı şəhər Nəsimi rayon Məhkəməsinin iddiaçının barəsində olan 21 dekabr 2015-ci il tarixli hökmü ləğv olunub və ona CM-nin 234.1-ci maddəsi ilə təqsirliliyi sübuta yetmədiyinə görə bəraət verilib. Məhkəmə həmçinin hesab edib ki, iddiaçıya bəraət alması ilə əlaqədar onun cinayət məsuliyyətinə cəlb edilməsi, tutulma və həbsdə saxlanılması, habelə pozulmuş hesab etdiyi hüquqlarının bərpası, vurulmuş maddi, fiziki və mənəvi ziyanın ödənilməsi ilə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. Ali Məhkəmənin 23 may 2018-ci il tarixli qərarı ilə kassasiya protesti təmin edilməyib, Bakı Apellyasiya Məhkəməsinin 29 yanvar 2018-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılıb. Beləliklə, Bakı Apellyasiya Məhkəməsinin hökmü ilə iddiaçı bəraət aldığından 1 il 3 ay müddətinə qanunsuz olaraq həbsdə saxlanılıb. İddiaçı 17 yanvar 2015-ci ildə həbs edilib, 17 aprel 2016-cı ildə cəzaçəkmə müddəti başa çatdığı üçün (15 ay) həbsdən azad edilib. İddiaçı əmək qabiliyyətli şəxs olub, həbsdə qalması nəticəsində gəlirdən məhrum edilib. O, həbsdə olduğu müddətdə işləmək hüququndan məhrum edilib. Belə ki, o, 17 aprel 2016-cı ildə azadlığa buraxılsa da, məhkumluğu olan şəxs olduğundan işləyə bilməyib, 29 yanvar 2018-ci ildə bəraət aldığından onun məhrum edildiyi əmək haqqı – 17 yanvar 2015-ci ildən 29 yanvar 2018-ci ilə qədər hesablanmalıdır. Minimum aylıq əmək haqqı 2013-cü ilin sentyabrın 1-dən 105 manat, 2017-ci ilin yanvarın 1-dən 116 manat, 2018-ci ilin yanvarın 1-dən 130 manat müəyyən edilib. Bu halda iddiaçının məhrum edildiyi əmək haqqı – cəmi 3937 manat təşkil edir (17 yanvar 2015 – 01 yanvar 2017-ci ilə qədər 23 ay*105 manat = 2415 manat, 01 yanvar 2017-ci ildən 01 yanvar 2018-ci ilə qədər – 12 ay *116 manat = 1392 manat, 01 yanvar 2018-ci ildən 29 yanvar 2018-cü ilə qədər – 1 ay *130 manat =130). Beləliklə, iddiaçıya maddi zərərə görə cəmi 3937 manat ödənilməlidir. İddiaçı onun barəsində qanunsuz olaraq aparılmış cinayət təqibinə görə həbs edildiyi tarixdən həbsdən azad edildiyi günə qədər əsassız olaraq 01 il 03 ay müddətinə həbsdə saxlanılıb. İstintaq orqanının qanunsuz hərəkətləri nəticəsində həbsdə saxlanılmaqla iddiaçı mənəvi zərərə məruz qalıb, mənəvi sarsıntı çəkib. İddiaçının qanunsuz həbsdə saxlanılmağı onunla yanaşı, onun ailə üzləri üçün də narahatlıq yaradıb, onların Təcridxana, məhkəmə yollarında qalmasına səbəb olub, eyni zamanda iddiaçıda narahatlıq, məyusluq, əzab əziyyət yaradıb. İddiaçının azadlıq hüququndan məhrum olmağı nəticəsində 15 ay həbs şəraitində saxlanılmağı mənəvi iztirabların ağırlığına, cəmiyyətdə ona qarşı mənfi reaksiyaya səbəb olmağına və bütün bunların iddiaçının psixoloji-mənəvi durumuna təsir edib. İddiaçı hesab edir ki, 01 il 03 ay qanunsuz olaraq həbsdə saxlanılmağına görə mənəvi zərərin əvəzi olaraq cavabdeh tərəfindən 30.000 manat kompensasiya ödənilməlidir. Yuxarıda qeyd olunanlara əsasən cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyindən dövlət büdcəsinin vəsaiti hesabına İddiaçı xeyrinə maddi zərərin əvəzi olaraq 3.937 manat, mənəvi zərərin əvəzi olaraq 30.000 manat, cəmi 33.937 manatın tutularaq iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməsi xahiş edilmişdir. 3.Daha sonra cavabdehin nümayəndəsi X2 iddia ərizəsinə etiraz təqdim edərək, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. 4.Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı təhqiqat və ibtidai istintaq orqanlarının qanunsuz hərəkətləri nəticəsində dəymiş maddi ziyana görə 3.937 manat və mənəvi ziyana görə isə 30.000 manat kompensasiya ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət etmişdir. Aşağıda qeyd olunanlara əsasən hesab edilir ki, həmin iddia tələb rədd edilməlidir. İddiaçı iddia ərizəsində heç bir əsas göstərmədən ona xeyli miqdarda ziyan vurulmasına görə zərərin əvəzinin ödənilməsini tələb edir. İddiaçı maddi zərərlə bağlı kompensasiya tələb etsə də, aylıq gəliri gəliri ilə bağlı hər hansı təsdiqedici sübutlar təqdim etməmişdir. Yəni iddiaçı xərcləri əsaslandırmadan maddi zərərə görə yüksək məbləğdə kompensasiya ödənilməsini tələb etmişdir. Belə ki, vergi ödəyicisi kimi qeydiyyatda olması və konkret ödənilən verginin miqdarı barədə, habelə ayda konkret qazancı barədə sənədlər işin materiallarına əlavə edilməmişdir. İddiaçı həmçinin mənəvi ziyana görə 30.000 manat kompensasiya ödənilməsini tələb edir. İddiaçı mənəvi ziyanın ödənilməsini tələb etdikdə keçirdiyi fiziki və mənəvi sarsıntıları sübut etməlidir. İddiaçı onun barəsində mənfi fikrin formalaşmasına, onu əhatə edən şəxslərlə münasibətlərin pisləşməsinə dair əsaslı sübutlar göstərə bilməmişdir. İddiaçıya münasibətdə Maliyyə Nazirliyi heç bir delikt törətmədiyi halda və iddiaçıya Nazirlik tərəfindən heç bir ziyan vurulmadığı halda iddiaçının iddia tələbinə Maliyyə Nazirliyini üçüncü şəxs qismində göstərməsinin əslində də heç bir hüquqi əsası yoxdur. İş materialları əsasında sübut olunur ki, Maliyyə Nazirliyi tərəfindən iddiaçıya qarşı onun hüquq və azadlıqlarını pozan, habelə mənəvi zərərə məruz qalmasına gətirib çıxaran heç bir qanunsuz hərəkətə və hərəkətsizliyə yol verilməmişdir, onunla mənəvi zərər arasında səbəbli əlaqə mövcud deyildir. Buna görə də iddia mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq Maliyyə Nazirliyinə münasibətdə təmin edilə bilməz. Göründüyü kimi cinayət prosesini həyata keçirən orqan (və ya vəzifəli şəxs) hazırki iddia tələbi ilə bağlı təqsirkar sayılmalı və iddia tələbinə həmin orqana (və ya vəzifəli şəxsə) münasibətdə baxılıb qətnamə qəbul edilməlidir. İddiaçı maddi və mənəvi zərərə məruz qaldığını bildirsə də, onun iddia ərizəsində bu zərəri Maliyyə Nazirliyinə münasibətdə sübut edəcək heç bir fakt mövcud deyildir. a) Məhkəmə icraatı iştirakçılarının izahatları: 5.Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək və iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Əlavə olaraq suallara cavab olaraq bildirdi ki, iddiaçı 1 il 3 ay müddətinə həbsdə olmuşdur və iddiaçıya dəymiş maddi ziyanı həbsdə olduğu müddətdə onun məhrum olduğu minimum əmək haqqı ilə əsaslandırır. 6.Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə və üçüncü şəxsə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmiş və səbəbləri barədə məhkəməyə hər hansı bir məlumat verməmişlər. Məhkəmə işə cavabdehin və üçüncü şəxsin nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. 7.Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Əsaslandırıcı hissə: a) Məhkəmə tərəfindən müəyyən edilən hallar: 8.Beləliklə, məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə ittiham olunaraq, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 21 dekabr 2015-ci il tarixli hökmü ilə 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, lakin Bakı Apellyasiya Məhkəməsinin 29 yanvar 2018-ci il tarixli hökmü ilə 21 dekabr 2015-ci il tarixli hökm ləğv edilmiş və İddiaçı təqsirliliyi sübuta yetirilmədiyindən ona bəraət verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 23 may 2018ci il tarixli qərarı ilə isə Bakı Apellyasiya Məhkəməsinin 29 yanvar 2018-ci il tarixli bəraət hökmü dəyişdirilmədən saxlanılmışdır. Hazırda iddiaçı ona vurulmuş maddi və mənəvi zərərin ödənilməsini tələb edir. b) Mülki işin materialları: 9.Mülki işin materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 23 may 2018-ci il tarixli, 1(102)-649/2018 saylı Qərarının surətindən görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 21 dekabr 2015-ci il tarixli hökmü ilə İddiaçı Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 29 yanvar 2018-ci il tarixli hökmü ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 21 dekabr 2015-ci il tarixli hökmü ləğv edilmiş və İddiaçı Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirliliyi sübuta yetmədiyinə görə bəraət verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 23 may 2018ci il tarixli qərarı ilə isə Bakı Apellyasiya Məhkəməsinin 29 yanvar 2018-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: 10.Məhkəmə İddiaçı qanunsuz olaraq cinayət məsuliyyətinə cəlb olunduğuna görə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi vasitəsi ilə Azərbaycan Respublikası Dövlət Büdcəsindən iddiaçının ona dəymiş maddi və mənəvi zərərə görə təzminat tələb etmək hüququndan istifadə edərək qaldırdığı iddiasına hüquqi qiymət verərək hesab edir ki, hazırkı iş üzrə hüquqi cəhətdən dəyərləndirilməli məsələ milli qanunvericilik və beynəlxalq hüquq normaları əsasında dövlət orqanları və vəzifəli şəxslər tərəfindən fərdə vurulmuş zərərin ödənilməsi ilə bağlıdır. Dövlət orqanları və vəzifəli şəxslərin hüquqazidd əməli nəticəsində fərdə vurulmuş zərər restitusiya, kompensasiya və satisfaksiya formasında ödənilməlidir. Restitusiya, kompensasiya və satisfaksiya biri-biri ilə qarşılıqlı əlaqədədir. Hüquqazidd əməllər nəticəsində fərdə əlavə maddi və mənəvi ziyanın vurulması hallarında hüquqazidd əmələ qədər mövcud olmuş vəziyyətin bərpası yetərli olmaya bilər. Restitusiyanın məqsədi hüquqazidd əməlin törədilməsinə qədər mövcud olmuş vəziyyətin bərpa olunmasıdır. Restitusiya özündə ən sadə formada, məsələn, qeyri-qanuni tutulmuş şəxsin azad olunmasını əhatə edə bilər. Eyni zamanda, restitusiya əvəzin ödənilməsi formalarında ən öndə durur. Hüquq doktrinasında restitusiyanın iki forması fərqləndirilir: əvvəlki maddi vəziyyətin bərpasını nəzərdə tutan naturada restitusiya (restitutio in integrum) və qeyri-maddi hüquqların bərpası (restitutio in pristinum). Bura inzibati, qanunverici və məhkəmə aktlarının ləğv edilməsini aid etmək olar. Restitusiya hüquqi prinsip kimi ilkinliyinə baxmayaraq, bir çox hallarda qeyri-mümkün və ya qeyri-adekvat olur. Vurulmuş ziyan restitusiya yolu ilə bərpa olunmamışdırsa, dövlət onu kompensasiya ilə bərpa etməlidir. Kompensasiyanın rolu vurulmuş zərərin əvəzinin tam ödənilməsi məqsədilə hər hansı boşluğu doldurmaqdan ibarətdir. Satisfaksiya pozuntunun etiraf olunmasında, təəssüfün bildirilməsində və ya hər hansı digər formada ifadə oluna bilər. 11.İnsan hüquqlarının müdafiəsi ideyası ilk növbədə dövlətdaxili hüquqda öz təzahürünü tapır. Hər bir fərd doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquq və azadlıqlara malikdir. Həmin hüquq və azadlıqları bərabər əsasda, heç bir ayrı-seçkilik qoyulmadan təmin etmək dövlətin vəzifəsidir. «İnsan hüquqları haqqında Ümumi Bəyannaməsi»nin 3-cü maddəsində göstərilir ki, «hər bir şəxsin yaşamaq, azadlıq və şəxsi toxunulmazlıq hüququ var». Bəyannamənin 9-cu maddəsinə müvafiq olaraq «heç kim özbaşına həbsə, tutulmaya və ya sürgünə məruz qala bilməz». 12.Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 57.1-ci maddəsinin tələbinə görə cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində bu Məcəllənin 56-cı maddəsində nəzərdə tutulmuş şəxslərə vurulmuş mənəvi, fiziki və maddi ziyan ödənilməlidir. Həmçinin, bu şəxslərin əmək və mənzil hüquqları bərpa edilməli, bunlar mümkün olmadıqda isə həmin hüquqların pozulması nəticəsində dəyən ziyanın pul kompensasiyası təmin edilməlidir. 13.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 14.Həmin Məcəllənin 1096, 1097.1-ci maddələrinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 15.Həmin Məcəllənin 1101.1-ci maddəsinə əsasən, qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qəti imkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. 16.Göstərilənlərlə yanaşı, məhkəmə hesab edir ki, hüquqi cəhətdən dəyərləndirilməli olan məsələlərdən biri də kompensasiyanın nədən ibarət olmasıdır. Məhkəmə belə qənaətdədir ki, zərərin kompensasiya edilməsi nəinki onunla bağlı maddi ziyanları - gəlirin və əldə edilə biləcək faydanın itirilməsi, həmçinin ayrı-ayrı şəxslərə vurulmuş qeyri-maddi zərəri də əhatə edir. Qeyri-maddi zərər dedikdə, bir qayda olaraq doğma və yaxınlarının itirilməsi, ağrı və əzablar, şəxsiyyətə və ya şəxsi həyata qəsdlə əlaqədar hisslərə toxunulma başa düşülür. 17.«Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. 18.«Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarında göstərilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. 19.İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «mənəvi ziyanla» bağlı təcrübəsi göstərir ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri – inamsızlıq, narahtlıq, məyusluq hisslərini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Məsələn, Avropa Məhkəməsi «Koinq Almaniyaya qarşı» işdə ərizəçiyə «mənəvi narahatlıq yetirilməsinə», «Artiko İtaliyaya qarşı» işdə «tənhalıq və kimsəsizlik hisslərinə», «Younq, Cames və X1rşı» işdə «alçaldıcı və təhqiredici hərəkətlərə» görə mənəvi zərərin ödənilməsi qərarına gəlmişdir. 20.«Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarına əsasən, mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən edilir. 21.İşin mübahisəsiz halıdır ki, iddiaçı 17 yanvar 2015-ci il tarixdən 17 aprel 2016-cı il tarixədək 1 (bir) il 3 (üç) ay müddətinə qanunsuz azadlıqdan məhrum edilmişdir. O, həmin müddət ərzində müəyyən məhrumiyyətlərə məruz qalmış, mənəvi sarsıntı keçirmiş, onun nüfuzuna xələl gəlmiş, barəsində mənfi fikir formalaşmışdır. Odur ki, hal-hazırda iddiaçının barəsində qanunsuz aparılan cinayət işi və onun qanunsuz olaraq həbsə alınması nəticəsində ona mənəvi zərər dəyməsi aşkardır. Lakin, məhkəmə hesab edir ki, iddiaçıya vurulmuş mənəvi zərərin məbləğinin ağlabatan və ədalətli sayılması üçün ona dəymiş mənəvi ziyanın məbləği hər ay 1.000 manat hesablanmaqla 15.000 manat həcmində müəyyən edilməlidir. 22.Məhkəmə iddia tələbinin “vurulmuş maddi ziyana görə 3.937 manatın tutulması” hissəsinə münasibətdə aşağıdakıları qeyd edir. 23.İddiaçı ona maddi ziyan dəyməsinin məhkəmə tərəfindən müəyyən edilməsi üçün müvafiq sübutları təqdim etməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi bir sıra hallarda ərizəçinin ona maddi ziyan dəyməsini sübuta yetirmədiyinə görə ona maddi ziyana görə kompensasiya ödənilməsindən imtina etmişdir. (Məsələn, «Güleç Türkiyəyə qarşı», 27 iyul 1998-ci il; «Dikmə Türkiyəyə qarşı» 11 iyul 2000-ci il). 24.İddiaçıya vurulmuş maddi ziyanla bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı ona 3.937 manat ziyanın vurulduğunu bildirsə də, iddiasını əsaslandıracaq sübutları (müvafiq əvvəlki əmək müqaviləsini, vergi orqanından ödəniş cədvəllərini və s.) məhkəməyə təqdim edə bilməmişdir. Buna görə də məhkəmə hesab edir ki, İddiaçı iddia tələbi maddi ziyanın əvəzinin ödənilməsi hissəsində təmin oluna bilməz. 25.Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 26.Beləliklə, məhkəmə toplanmış və tədqiq olunan sübutlara məcmu halda, tam, hərtərəfli, obyektiv və qərəzsiz hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyi vasitəsilə Azərbaycan Respublikasının dövlət büdcəsindən İddiaçı xeyrinə 15.000 (on beş min) manat məbləğində mənəvi zərərin əvəzi ödənilməli və iddia tələbi qalan hissədə rədd edilməlidir. 27.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 28.Həmin Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 29.Eyni Məcəllənin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 30.Həmçinin, MPM-nin 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 31.Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyi vasitəsilə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına İddiaçı xeyrinə 15.000 (on beş min) manat məbləğində mənəvi zərərin əvəzi ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №e-2(006)-704/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-704/2025
30.01.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver