Məhkəmə qərarları › İş №e-2(006)-745/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №e-2(006)-745/2025

08.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-745/2025 08.05.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X3 oğlunun katibliyi, İddiaçı vəkili-nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ və "xxxx" MTK mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə Cavabdehnə qarşı “mənzilin və ümumi yığıncağın qərarının təhvil verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-ni müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb etməklə Cavabdehnə qarşı “mənzilin və ümumi yığıncağın qərarının təhvil verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Abay döngəsi, 360-cı məhəllə, 2 saylı yaşayış binasının 1-ci blokunun 2-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 202 m 2 olan 4 otaqlı mənzil və həmin mənzilə dair cəmiyyət üzvlərinin ümumi yığıncağının qərarlarının Cavabdehndən alınaraq iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh (satıcı) və İddiaçı (alıcı) arasında bağlanmış 08 avqust 2006-ci il tarixli 58 saylı müqaviləyə əsasən satıcı Bakı şəhəri, Abay döngəsi 360-cı məhəllədə tikdiyi 2 saylı yaşayış binasının 1-ci blokunun 2-ci mərtəbəsində ayrılmış 202 kv.m ibarət 4 otaqlı mənzili alıcının mülkiyyətinə verməyi, alıcı isə həmin mənzilin hər kv.m üçün 1400 ABŞ dolları olmaqla 282.800 ABŞ dolları pulu ödəməyi öhdəsinə götürmüşdür. Alıcı öhdəliyini tam yerinə yetirmiş, 282.800 ABŞ dollarını tam ödəmişdir. İddiaçı tərəfindən Bakı şəhəri, Abay döngəsi 360-cı məhəllədə 2 saylı yaşayış binasının 1-ci blokunun 2-ci mərtəbəsində ayrılmış 202 kv.m ibarət 4 otaqlı mənzilə dair MMC üzvlərinin ümumi yığıncağının qərarının iddiaçıya təqdim edilməsi, mənzilin iddiaçıya təhvil verilməsi barədə dəfələrlə cavabdehə müraciət edilmiş, lakin cavabdehin əməkdaşları tərəfindən iddiaçıya bürokratik əngəllər yaradılmış, qanunsuz və əsassız olaraq cavabdeh tərəfindən imtina olunmuşdur. İddiaçı hesab edir ki, cavabdehin iddiaçının tələbinə əsassız imtinası qanunsuz və əsassızdır.

a) Məhkəmə prosesi: 3.Məhkəmə iclasında İddiaçı vəkili-nümayəndəsi Vəkil iddianı müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsi barədə qiyabi qətnamə çıxarılmasını xahiş etmişdir.

4. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbardar edilməsinə baxmayaraq Cavabdeh, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ və "xxxx" MTK nümayəndələrinin məhkəmə iclasında iştirakını təmin etməmiş, səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

5. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, təqdim edilən sübutları, o cümlədən iş materiallarını tədqiq edərək işə qiyabi icraat qaydasında baxılması barədə qərardadı elan edir və hesab edir ki, iddia təmin edilməlidir. Əsaslandırıcı hissə: a) İş materialları:

6. İddiaçı (alıcı) ilə cavabdeh (satıcı) arasında bağlanmış xx.xx.2006-cı il tarixli, 58 nömrəli müqavilənin: - 1.1-ci bəndinə görə satıcı Bakı şəhəri, Abay döngəsi 360-cı məhəllədə tikdiyi 2 saylı yaşayış binasının 1 blokunun 2 mərtəbəsində ayrılmış 202 kv.m-dən ibarət 4 otaqlı mənzil alıcının mülkiyyətinə verilir. - 2.1.2-ci bəndinə görə alıcı ümumi məbləğin 100% hissəsini satıcıya əvvəlcədən ödəyir. - 2.1.3-cü bəndinə görə müqavilənin ümumi məbləği 282800 (iki yüz səksən iki min səkkiz yüz) ABŞ dolları təşkil edir.

7. Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti Başçısının 2 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli, 5-15-2/2-251/2024 saylı məktubuna görə Bakı şəhəri, Abay döngəsi 360-cı məhəllədə inşa edilmiş 2 saylı yaşayış binasının tikintisi "xxxx" MTK tərəfindən aparılmış, istismara qəbul edilmiş və tikinti üçün icazə Bakı şəhər İcra Hakimiyyəti tərəfindən verilmişdir. Hal-hazırda həmin ünvandakı binalar 9E (bir girişli, 19 mərtəbəli), 9C (iki girişli, 18 mərtəbəli), 9D (iki girişli, 18 mərtəbəli) kimi adlanır.

8. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin X2 Qeydiyyatı İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-2-2-1/2-21803/2025 saylı məktubundan görünür ki, “STS“ şirkəti xx.xx.1999-cu il tarixdə dövlət qeydiyyatına alınmış, hüquqi varisliyi və ləğv edilməsi barədə məlumat aşkar edilməmişdir. Uçot baza məlumatlarına əsasən Cavabdeh fəaliyyətinin hazırda aktiv vəziyyətdə olması müəyyən edilmişdir.

9. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X1 və Uçotunun Təşkili Baş İdarəsinin xx.xx.2025-ci il tarixli 3-21-2-4/2-135994/2025 nömrəli məktubundan görünür ki, “STS“ şirkətinin fəaliyyəti xx.xx.2012-ci ildən xx.xx.2017-ci ilə qədər dayandırılsa da, hazırda aktiv vəziyyətdə olması barədə məlumat müəyyən edilmişdir, ləğv edilməsi barədə məlumat müəyyən edilməmişdir.

10. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3-30/2-12343/2025 nömrəli məktubundan görünür ki, ünvan 2 ünvanında mənzilin dövlət reyestrində qeydiyyatdan keçməsi barədə məlumat aşkar edilməmişdir.

11. Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2025-ci il tarixli, 3-52/2-223/2025 nömrəli məktubda qeyd edilmişdir ki, Bakı şəhəri, Abay döngəsi 360-cı məhəllədə inşa edilmiş 2 saylı yaşayış binasının layihələndirilməsi, tikintisi və digər məsələləri ilə bağlı zəruri olan sənədlər toplusu (obyektin tikintisinə dair tərtib olunmuş inşaat pasportu, sərəncam, obyektin layihə sənədləri və s.) Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin arxivində olduğundan və adı çəkilən Baş idarə müvafiq arxiv sənədləri ilə birlikdə Azərbaycan Respublikası Prezidentinin “Şəhərsalma fəaliyyəti sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 01 avqust 2018-ci il tarixli, 226 saylı Fərmanına əsasən Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin tabeliyinə verildiyindən, həmin binanın 1-ci blokunun istismarına icazənin verilibverilməməsi ilə bağlı aidiyyəti üzrə müraciət edilməsi məqsədəuyğundur. Binanın istifadəyə yararlılığına gəldikdə isə bildirilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 629 saylı tapşırığına əsasən bina və tikililərin texniki vəziyyətinə baxış keçirilib barəsində müvafiq rəyin verilməsi məsələsi Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən həyata keçirilir.

12. Azərbaycan Respublikasinin Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2025-ci il tarixli, 3-35/2-616/2025 nömrəli məktubdan görünür ki, Komitənin arxivində mövcud olan müvafiq sənədlərə baxış nəticəsində Bakı şəhəri, Nəsimi rayonu, Abay döngəsi, 360-cı məhəllədə yerləşən 2 saylı yaşayış binasının 1-ci blokunun istismara icazə sənədi aşkar edilməmişdir.

13. Bakı şəhəri Vergilər Departamentinin Kommersiya X2 qeydiyyatı idarəsindən verilmiş xx.xx.2013-cü il tarixli, **********035100 saylı çıxarışdan görünür ki, STS” Şirkəti xx.xx.1999-cu il tarixdə dövlət qeydiyyatına alınmış, qanuni təmsilçisi Nümayəndədır.

14. Nümayəndə tərəfindən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilmiş ərizədən görünür ki, o, Cavabdehndə direktor kimi qanunsuz, əsassız və formal rəsmiləşdirilsə də heç bir zaman heç bir sənədə direktor olaraq imza atmamış, heç bir zaman müəssisədə direktor vəzifəsinin funksiyalarından irəli gələn bu və ya digər hərəkət etməmişdir. Cavabdeh direktoru vəzifəsinə təyin edilməyi barədə sözügedən şirkətin təsisçisinin xx.xx.2013-cü il tarixli qərarının etibarsız hesab edilməsini qət edən Bakı Apellyasiya Məhkəməsinin hazırda qanuni qüvvədə olan xx.xx.2021-ci il tarixli, 2(103)-236/2021 nömrəli qətnaməsi həmin məhkəmənin hakimi İlham Kərimli tərəfindən elektron qaydada imzalanmış, xx.xx.2021-ci il tarixli, 2(103)-236/2021 nömrəli məktuba qoşma ilə Milli Gəlirlər Departamentinin X2 Qeydiyyatı İdarəsinə göndərilmişdir. Həmin İdarə tərəfindən Nümayəndə adı kommersiya qurumlarının dövlət reyestri məlumatlarının elektron sistemindən çıxarılmalı olduğu halda hazırkı vaxtadək qətnamənin icrası təmin edilməmişdir. Bu da məhkəmə tərəfindən hazırkı iş üzrə ona SMS göndərilməsinə əsas olmuşdur. Qətnamənin icrası barədə X2 Qeydiyyatı İdarəsi ilə əlaqə saxladıqda ona bildirilmişdir ki, bunun üçün yeni direktorun təyin edilməsi və bu barədə müvafiq qərarın qeydiyyat orqanına təqdim edilməsi zəruri olduğundan onun adının elektron sistemdən çıxarılması mümkün olmur. Nəzərə almaq lazımdır ki, Cavabdehnə yeni direktorun təyin edilməsi və bu barədə qərarın qeydiyyat orqanına göndərilməsini onun vəzifəsi deyil və bu səbəbdən qətnamənin icrası onun imkanı xaricindədir. Qeyd olunanları nəzərə alaraq xahiş edir ki, Cavabdehnə qarşı işlər üzrə ona SMS və ya çağırış vərəqəsi göndərilməsin.

15. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(103)-236/2021 saylı qətnaməsi ilə iddiaçı Nümayəndə apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 15 noyabr 2018-ci il tarixli, 2(005)-4480/2018 saylı qətnaməsi ləğv edilərək iş üzrə yeni qətnamə çıxarılmış, Nümayəndə Cavabdeh direktoru vəzifəsinə təyin edilməsi barədə Cavabdeh təsisçisinin 13 fevral 2013-cü il tarixli qərarı etibarsız hesab edilmişdir.

16. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3-6-11/2-15428/2024 saylı məktubundan görünür ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-236/2021 nömrəli iş üzrə qəbul etdiyi 09 fevral 2021-ci il tarixli qətnaməsi 24 avqust 2021-ci il tarixində qanuni qüvvəsini almışdır. Qeyd edilən qətnaməyə əsasən verilmiş icra sənədi icra edilməsi üçün 31 avqust 2021-ci il tarixində Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsinə göndərilmişdir.

17. İddiaçı Cavabdehnə ünvanladığı xx.xx.2024-cü il tarixli pretenziya məktubundan görünür ki, cavabdehdən müqavilə üzrə öhdəliklərinin yerinə yetirilməsi, müvafiq mənzilin və mənzilə dair MMC üzvlərinin ümumi yığıncağının qərarlarının iddiaçıya verilməsi xahiş edilmişdir.

18. Dövlət rüsumunun ödənilməsi barədə xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

19. Beləliklə məhkəmə tərəfindən müəyyən edildi ki, tərəflər arasında bağlanmış xx.xx.2006cı il tarixli, 58 nömrəli müqavilə ilə cavabdehin Bakı şəhəri, Abay döngəsi 360-cı məhəllədə tikdiyi 2 saylı yaşayış binasının 1 blokunun 2 mərtəbəsində ayrılmış 202 kv.m-dən ibarət 4 otaqlı mənzili iddiaçının mülkiyyətinə verməsi razılaşdırılmış, iddiaçı tərəfindən müqavilə üzrə mənzilin dəyəri olaraq nəzərdə tutulan 282800 (iki yüz səksən iki min səkkiz yüz) ABŞ dolları cavabdehə ödənilsə də cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəlikləri icra etməmişdir. Belə olan halda müvafiq müqavilə və Mülki qanunvericiliyin normalarına əsasən iddiaçının tələb hüququ yaranmışdır. Hazırda iddiaçı Bakı şəhəri, Abay döngəsi, 360-cı məhəllə, 2 saylı yaşayış binasının 1-ci blokunun 2-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 202 m 2 olan 4 otaqlı mənzilin və həmin mənzilə dair ümumi yığıncağın qərarının cavabdeh tərəfindən ona təhvil verilməsini məhkəmədən xahiş edir.

20. İş materiallarında olan sənədlərlə müəyyən olunur ki, cavabdeh xx.xx.2012-ci il tarixdən xx.xx.2017-ci il tarixədək fəaliyyətini müvəqqəti dayandırsa da, hazırda fəaliyyətini davam etdirir. Bundan əlavə 03 mart 2025-ci il tarixli yerli baxış zamanı mənzilin yerləşdiyi binanın "xxxx" MTK tərəfindən tikildiyi və sonradan idarəetməsinin "xxxx" MMMC-yə verildiyi müəyyən edilmiş, eləcə də həmin mənzilə mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınmadığı iş materialları ilə öz təsdiqini tapmışdır.

c) Məhkəmənin mövqeyi:

21. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə iddiaçı və cavabdeh arasında müqavilə münasibətləri mövcuddur. Həmin müqaviləyə görə iddiaçı öz öhdəliyini icra etsə də, cavabdeh müqavilə ilə üzərinə götürdüyü öhdəliyi icra etməmişdir. Yəni Bakı şəhəri, Abay döngəsi, 360-cı məhəllə, 2 saylı yaşayış binasının 1-ci blokunun 2-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 202 m 2 olan 4 otaqlı mənzilin və həmin mənzilə dair ümumi yığıncağın qərarı iddiaçıya təhvil verilməmişdir. Belə olan halda mülki dövriyyənin davamlılığının təmin edilməsi, iddiaçının pozulmuş hüquqlarının bərpa edilməsi üçün cavabdeh müqavilə üzrə öz öhdəliklərini icra etməlidir. Məhkəmə araşdırması zamanı sözügedən mənzilin reyestrdə qeydiyyata alınmadığı da müəyyən edilmişdir. Nəzərə almaq zəruridir ki, təqdim edilmiş sübutlara əsasən Cavabdeh qanuni təmsilçisi Nümayəndədır. Lakin Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(103)-236/2021 saylı qətnaməsi ilə Nümayəndə Cavabdeh direktoru vəzifəsinə təyin edilməsi barədə Cavabdeh təsisçisinin 13 fevral 2013-cü il tarixli qərarı etibarsız hesab edilmişdir. Hazırkı iş üzrə qanunla müəyyən edilmiş qaydada cavabdeh xəbərdar edilmiş, lakin məhkəmə iclasında nümayəndənin iştirakı təmin edilməmişdir. Buna görə iddiaçı qiyabi məhkəmə icraatı qaydasında işə baxılmasına razılığını ifadə edərək qiyabi qətnamə çıxarılmaqla iddianın təmin edilməsini xahiş etmişdir.

22. Məhkəmə qeyd olunanları nəzərə alıb, iş materiallarını ümumilikdə nəzərdən keçirərək hesab edir ki, cavabdeh müqavilə üzrə öhdəliklərini icra etmədiyinə görə və iddiaçının hüquqlarının, mülki dövriyyənin azadlığının və davamlılığının üçüncü şəxslərin hüquqlarına xələl gətirmədən qorunması məqsədilə iddia təmin edilməli, Bakı şəhəri, Abay döngəsi, 360-cı məhəllə, 2 saylı yaşayış binasının 1-ci blokunun 2-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 202 m2 olan 4 otaqlı mənzil və həmin mənzilə dair ümumi yığıncağın qərarı Cavabdehndən alınaraq İddiaçı təhvil verilməlidir.

d) Tətbiq edilən hüquq:

23. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 1.1-ci maddə. Bu Məcəllənin məqsədi üçüncü şəxslərin hüquqlarına xələl gətirmədən mülki dövriyyənin azadlığını onun iştirakçılarının bərabərliyi əsasında təmin etməkdir. 1.2-ci maddə. Mülki hüquq subyektlərinin hüquqlarını və qanuni mənafelərini müdafiə etmək, mülki dövriyyəni təmin etmək, sərbəst bazar iqtisadiyyatının inkişafına şərait yaratmaq bu Məcəllənin vəzifəsidir. 6.2-ci maddə. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 139.1.-ci maddə. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.3-cü maddə. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. 139.4-cü maddə. Məkana görə daşınmaz əmlak obyektlərinin xüsusi vasitələrdən istifadə edilmədən yerləşdiyi yerin müəyyənləşdirilməsini və onların fərdiləşdirilməsini təmin edən məlumat bazası olan ünvan reyestri aparılır. Daşınmaz əmlak obyektlərinin xüsusi vasitələrdən istifadə edilmədən yerləşdiyi yerin müəyyənləşdirilməsinə imkan verən ünvan verilir. Ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada həyata keçirilir. 139-1.1, 139-1.1.6-ci maddələr. Mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. 324.1-ci maddə. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yonəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.4-cü maddə. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. 385.1-ci maddə. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddə. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 390.1-ci maddə. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 405.1-ci maddə. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. 405.2-ci maddə. Müqavilə tərəflərdən birinin oferta (müqavilə bağlamaq təklifi) göndərməsi və digər tərəfin onu aksept etməsi (təklifin qəbulu) vasitəsi ilə bağlanır. 442-ci maddə. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 752.1-ci maddə. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 752.2-ci maddə. Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir.

24. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 76.1-76.2. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 244. Cavabdeh qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxartmış məhkəməyə ərizə verməyə haqlıdır.

25. Qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilməli, Bakı şəhəri, Abay döngəsi, 360-cı məhəllə, 2 saylı yaşayış binasının 1-ci blokunun 2-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 202 m 2 olan 4 otaqlı mənzil və həmin mənzilə dair ümumi yığıncağın qərarı Cavabdehndən alınaraq İddiaçı təhvil verilməli, iddia təmin edildiyi üçün iş üzrə ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu Cavabdehndən tutularaq İddiaçı verilməlidir.

Nəticə:

26. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 242-244cü maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia təmin edilsin. Bakı şəhəri, Abay döngəsi, 360-cı məhəllə, 2 saylı yaşayış binasının 1-ci blokunun 2-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 202 m2 olan 4 otaqlı mənzil və həmin mənzilə dair ümumi yığıncağın qərarı Cavabdehndən alınaraq İddiaçı təhvil verilsin. İş üzrə ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu Cavabdehndən tutularaq İddiaçı verilsin. Cavabdeh qiyabi qətnamə ona rəsmən təqdim edildiyi gündən 10 (on) gün müddətində həmin qətnamənin ləğvi üçün Nəsimi Rayon Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qiyabi qətnamədən şikayət verilmədikdə, rəsmən verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar