Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-780/2025 25.04.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Quluzadə Sevil Zakir qızının katibliyi ilə, İlkin iddia üzrə iddiaçının (qarşılıqlı iddia üzrə cavabdehin) nümayəndəsi və vəkili Vəkil və ilkin iddia üzrə cavabdehin (qarşılıqlı iddia üzrə iddiaçının) nümayəndəsi Nümayəndə iştirakları ilə İlkin iddia üzrə İddiaçı ilkin iddia üzrə Cavabdehnə qarşı "pulun və dəymiş mənəvi zərərin ödənilməsi" tələbinə dair ilkin, Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı "maneələrin aradan qaldırılması və pul" tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq. MÜƏYYƏN ETDİ: Təsviri hissə: 1.İlkin iddia üzrə İddiaçı ilkin iddia üzrə Cavabdehnə qarşı "pulun və dəymiş mənəvi zərərin ödənilməsi" tələbinə dair ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 2.İlkin iddia tələbi onunla əsaslandırılmışdır ki, 02 aprel 2024-cü il tarixdə tərəflər arasında müxtəlif növ mebel avadanlıqlarının hazırlanıb və müqavilədə müəyyən edilmiş məbləğ dəyərində satılması barədə müqavilə imzalanmışdır. Həmin müqavilənin predmeti sayılan məhsulların siyahısı və qiymətləri müqavilənin ayrılmaz tərkib hissələri olan Əlavə 1, 2 və 3 ilə müəyyən edilmişdir. Müqavilənin 2.6 bəndinə əsasən müqavilə bağlanan gün 6200 manat, mebel istehsala ötürüldükdə 3400 manat, mebel tam təhvil verildikdə isə 2400 manat, ümumilikdə 12000 manat olmaqla ödəniş olmalı idi. Həmin müqavilənin şərtlərinə əsasən 40 iş günü ərzində (yəni xx.xx.2024-cü il tarixədək) müqavilədə göstərilən mebel avadanlıqları hazırlanıb ünvana təhvil verilməli idi. Müqavilənin şərtinə əsasən iddiaçı tərəfindən 02 aprel 2024-cü il və 22 aprel 2024-cü il tarixlərdə müvafiq olaraq 6200 və 3400 manat məbləğində pul ödənilmişdir. 2024-cü ilin iyun ayının ilk on günlüyündə mətbəx mebelinin bir hissəsi ünvana gətirilsə də, onun tam qüsurlu olması səbəbindən cavabdehin əməkdaşları tərəfindən geri qaytarılmış və qüsurların tez bir zamanda aradan qaldırılmasına dair söz verilmişdir. Lakin həmin gündən 4 aydan çox müddət keçməsinə baxmayaraq müqavilədə göstərilən mebel avadanlıqları təhvil verilməmiş, bununla bağlanmış müqavilənin şərtləri pozulmuş və bu da öz növbəsində bağlanmış müqavilənin xitam verilməsinə səbəb olmuşdur. Müqavilənin 6.1 bəndinə əsaslanaraq tərəfimdən xx.xx.2024-cü il tarixdə cavabehə müqvilənin xitam verilməsi və ödənilmiş pulun geri qaytarılmasına dair bildiriş göndərilmişdir. Nəticədə, müqavilə iddiaçı tərəfindən ləğv edilmişdir. Cavabdeh tərəfindən həmin bildirişin xx.xx.2024-cü il tarixdə qəbul edilməsinə baxmayaraq heç bir nəticə olmamışdır. Müqavilənin 4.9 bəndinə əsasən alıcı sifariş edilən mebelin satıcı tərəfindən gecikdirildiyi hallarda, hər gecikən iş günü üçün, mebel dəyərinin 0,1 % dəyərində kompensasiya istəmə hüququ yaranır. Bu hüququndan istifadə edərək iddiaçı tərəfindən ödənilmiş 9600 manat və hər gecikdirilmiş günə 0,1 % hesablanmaqla (100 gün) 960 manat, ümumilikdə 10560 manat məbləğində pulun tələb etmək hüququ yaranmışdır. İlkin olaraq qüsurlu mebelin ünvana gətirilməsi, onun qüsurların vəd edilmiş müddətdə aradan qaldırılmaması, sonradan mebel üçün ödənilmiş pulun qaytarılmaması nəticəsində cavabdeh (satıcı) tərəfindən iddiaçının qanunla müəyyən edilmiş istehlakçı hüquqlarının pozulması səbəbindən o və ailəsi əsəb gərginliyi, psixoloji sarsıntı və mənəvi iztirab keçirmişlər və nəhayət, hüquqlarının bərpası üçün məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Göstərilənlərə əsasən Cavabdeh MMC-dən ödənilmiş 9600 manat məbləğində pulun və 960 manat məbləğində kompensasiyanın, 1000 manat məbləğində hüquqi yardıma görə xərcin, həmçinin dəymiş mənəvi zərərə görə 10000 min manatın, cəmi 21560 manat məbləğində pulun alınıb iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. 3.Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı " maneələrin aradan qaldırılması və pul" tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 4.Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli alqı-satqı müqaviləsinin 1.1-ci bəndinə əsasən Satıcı (Cavabdeh MMC) müxtəlif növ mebel avadanlıqlarını alıcıya (İddiaçı) satmağı, alıcı isə malı alıb, müqavilədə nəzərdə tutulmuş qaydada dəyərini satıcıya ödəməyi öhdəsinə götürüb. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən malın adı, dəyəri, rəngi, ölçüləri, forması, istifadə edilən mexanizm – aksessuarların sayı və digər detalların hər biri alıcı ilə yazılı razılaşma ilə müəyyənləşdirilir. Həmçinin, müqavilənin 2.6-cı bəndinə əsasən satıcı ilə alıcı arasında ödəmə prosesi aşağıdakı ardıcıllıqla həyata keçirilir. Müqaviləyə əsasən ödənişi müqavilə bağlanan gün 6200 manat, sifariş istehsala ötürüldükdə 3400 manat, mebel təhvil verildikdə isə 2400 manat olacaqdır. Müqavilənin 4.1-ci maddəsində alıcıya malın çatdırılması müqavilə imzalandığı gündən 40 iş günü müddətinə qədər həyata keçirilir. Həmin müqavilənin 4.2-ci bəndinə əsasən bu müqavilənin 4.1-ci bəndində göstərilən müddətdə sifarişin çatdırılması və quraşdırılması mümkün olmadıqda, tərəflərin qarşılıqlı razılığı əsasında bu müddət uzadıla bilər. Nəzərə çatdırılır ki, müqavilə öhdəliklərinin icrası İddiaçı tərəfindən bugünkü tarixədək süni şəkildə ləngidilir. Dəfələrlə onunla aparılan şifahi telefon danışıqlarına əsasən, cavabdeh tərəfindən mebel avadanlıqlarının cavabdehin evində quraşdırılmasına və təhvil verilməsinə, eyni zamanda müqavilə öhdəlikləri üzrə qalıq məbləğ 2400 manat ödənilməmişdir. Qeyd edilən mebellər tam olaraq vaxtında hazır edilmiş, lakin cavabdeh mebelləri qəbul etməkdən imtina edərək, müqavilənin tərəflərindən icra edilməsinə məqsədli maneələr törətmişdir. Qeyd edilən məhsullar sırf cavabdehin sifarişi əsasında xüsusi olaraq hazırlanmışdır və hazırda həmin mebellərin başqa qaydada istifadə edilməsi qeyri-mümkündür. Ona görə də cavabdeh tərəfindən mebellərin evə quraşdırılmasına törədilən maneələr aradan qaldırılmalıdır. Bundan başqa, cavabdeh tərəfindən əlavə olaraq mətbəx və hamam dolabı da sifariş edilmiş, lakin onların da pulu ödənilməmiş və 2800 manat da borc qalmışdır. Qeyd olunanlardan göründüyü kimi müqavilə öhdəlikləri tərəflərindən tam formada icra olunmuş, lakin cavabdeh tərəfindən hazır mebellərin quraşdırılmasına süni maneələr yaradılmışdır. Ona görə də hesab edilir ki, müqavilə öhdəlikləri üzrə cavabdehin mebellərin cavabdehə məxsus evə quraşdırılmasına cavabdeh tərəfindən törədilən maneələrə son qoyulmalı və ödənilməyən 5200 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Yuxarıda qeyd olunanları nəzərə alaraq, Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2024-ci il tarixli alqı-satqı müqaviləsi üzrə nəzərdə tutulmuş və hazırlanmış mebellərin cavabdehə məxsus evə quraşdırılmasına cavabdeh İddiaçı tərəfindən törədilən maneələrin aradan qaldırılması, Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2024-ci il tarixli alqısatqı müqaviləsi üzrə cavabdeh tərəfindən ödənilməmiş 5200 manat məbləğində vəsaitin və tərəflərindən ödənilmiş 72 manat məbləğində məhkəmə dövlət rüsumunun cavabdeh İddiaçı tutularaq iddiaçı Cavabdeh MMC-nin xeyrinə ödənilməsinə dair qətnamə çıxarılması xahiş edilmişdir. 5.Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh iddia tələbinin həcminin azaldılmasına dair ərizə təqdim edərək, Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2024-ci il tarixli alqısatqı müqaviləsi üzrə nəzərdə tutulmuş və hazırlanmış mebellərin cavabdehə məxsus evə quraşdırılmasına cavabdeh İddiaçı tərəfindən törədilən maneələrin aradan qaldırılması, Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2024-ci il tarixli alqı-satqı müqaviləsi üzrə cavabdeh tərəfindən ödənilməmiş 2800 manat məbləğində vəsaitin və tərəflərindən ödənilmiş 72 manat məbləğində məhkəmə dövlət rüsumunun cavabdeh İddiaçı tutularaq iddiaçı Cavabdeh MMC-nin xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. a) Məhkəmə icraatı iştirakçılarının izahatları: 6.Məhkəmə iclasında ilkin iddia üzrə iddiaçının (qarşılıqlı iddia üzrə cavabdehin) nümayəndəsi və vəkili Vəkil ilkin iddia tələbini müdafiə edərək, qarşılıqlı iddia tələbinə isə etiraz edərək, ilkin iddia tələbinin təmin edilməsi, qarşılıqlı iddia tələbinin isə rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, əlavə suallara cavab olaraq, əlavə olaraq edilən 1500 manat ödənişin müqavilədən kənar əşyaya görə yerində ödənilən pul olmasını, dolab üçün 1500 manatı ödədiyini, lakin 400 manatın qalmasını, ilkin malın qüsurlu olması barədə sübutunun olmadığını, sadəcə ustaların bunu etiraf etdiklərini, quraşdırılmamanın səbəbi kimi 2 dəfə boyanın ələ çıxmasının olması, divar ilə bağlı problem olmadığını, çünki ölçüləri özlərinin götürdüklərini, bununla bağlı iddiaçıda yazışmaların olduğunu, iyul ayında yenidən gətirildiyini, lakin yenə mebeldə qüsur olduğunu və mebelin həyətə belə düşürülmədiyini, buna səbəb isə Vüsal adlı ustanın mebellərin yenə əvvəlki vəziyyətdə olmasını görməsini, tərəflərindən nə qədər buraxılmış zənglər olduğunu, mebellərin gətirildiyini etiraf etdiklərini, 4 sentyabr 2024-cü ildə iddiaçının həyat yoldaşı ilə birlikdə oraya getdiyini, orada ona 1 gündə gözləmələrini bildirdiklərini, iddiaçının heç nə istəmədiyini və pulunu geri qaytarmalarını bildirdiyini, 17 iyundan 5 sentyabra kimi heç bir problemin həll olmadığını, ilk dəfə müqaviləyə xitam verilməsi ilə bağlı iyun ayından müraciətlər olduğunu, sonuncu dəfə sentyabr ayında “Mutfakçı”da söhbət edildiyini və dava ilə nəticələndiyini, sentyabr ayında bildiriş göndərildiyini bildirmişdir. 7.Məhkəmə iclasında ilkin iddia üzrə cavabdehin (qarşılıqlı iddia üzrə iddiaçının) nümayəndəsi Nümayəndə ilkin iddia tələbini qəbul etməyərək, qarşılıqlı iddia tələbini isə müdafiə edərək izahatında qeyd etmişdir ki, qarşı tərəf qeyd edir ki, mallarda qüsur olduğuna görə quraşdırılmamışdır. İlkin iddiaçı öncə ölkə xaricində olduğunu qeyd etmiş, daha sonra isə həmin malların evdə quraşdırılmasına maneəçilik törətmişdir. Bununla bağlı, yazışmalar da mövcuddur ki, həmin yazışmalarda xahiş edilir ki, quraşdırılma üçün şərait yaradılsın. Bundan əvvəlki yazışmalardan da görünür ki, 2024-cü il iyun ayının 16 və 17-sinə olan yazışmalarda və əldə olan videodan görünür ki, usta evin divarında problem olduğunu və buna görə mebeli yerləşdirə bilmədiyini bildirir. İlkin iddiaçı bundan sonra şirkətə bildirir ki, usta belə bir problem olduğunu bildirib və bunu həll etmək istəyir. İlkin iddiaçı qeyd edir ki, artıq 4 iyun tarixindən sonra münasibətləri soyuyur, lakin 17 iyun tarixli yazışmadan da görünür ki, Səməd bəy müqavilənin uzadılmasına razılıq verir. Buna görə də hesab edirlər ki, müqavilə tərərflərin razılığına əsasən uzadılmışdır və burada hər hansısa bir qüsurdan söhbət gedə bilməz. Həmin mebellər hal-hazırda şirkətdə saxlanılır, lakin quraşdırıldıqdan sonra iddiaçı qüsur aşkar edərdisə, bunda haqlı ola bilərdi. Buna görə də ilkin müqavilə üzrə 1400 manat və dolabdan qalan 400 manat pulu, yəni ümumilikdə 1800 manat pulun ilkin iddia üzrə cavabdehdən tutulmasını xahiş edirlər. Odur ki, ilkin iddia tələbinin rədd, qarşılıqlı iddia tələbinin isə təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, əlavə suallara cavab olaraq isə, ilkin malın qüsurlu olmasını qəbul etmədiklərini, 05 sentyabr 2024-cü ildə artıq bütün qüsurların aradan qalxdığını, narazılıq var idisə, o zaman ikinci mebeli də götürməməli olduqlarını, 17 iyun tarixində müştəri yenidən quraşdırılma ilə bağlı razılığa gəldikdən sonra onun heç bir tələb və müraciətinin daxil olmadığını, hətta xəbərdarlığın göndərilməsinin 05 sentyabr tarixindən sonraya aid olduğunu, 17 iyun 2024-cü ildən sonra şifahi müraciət edildiyi üçün sübutlarının olmadığını, quraşdırılmaya imkan verilməməsinə dair 05 sentyabr 2024-cü il tarixə aid sübutun olduğunu bildirmişdir. 8.Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, ilkin iddia tələbi və qarşılıqlı iddia tələbi qismən təmin edilməlidir. Əsaslandırıcı hissə: a) Mülki işin materialları: 9.Mülki iş materiallarında olan satıcı qismində Cavabdeh MMC-nin direktoru İlkin Manafov və alıcı qismində İddiaçı arasında bağlanmış 02 aprel 2024-cü il tarixli, 6666 nömrəli alqısatqı müqaviləsinə əsasən satıcı müxtəlif növ mebel avadanlıqlarını alıcıya satmağı, alıcı isə malı alıb, bu müqavilədə nəzərdə tutulmuş qaydada dəyərini satıcıya ödəməyi öhdəsinə götürmüşdür (bənd 1.1). Satıcı ilə alıcı arasında ödəmə prosesi aşağıdakı ardıcıllıqla həyata keçirilir. Müqaviləyə əsasən ödənişi müqavilə bağlanan gün 6200 (altı min iki yüz) manat, mebel istehsala ötürüldükdə 3400 (üç min dörd yüz) manat, mebel tam təhvil verildikdə 2400 (iki min dörd yüz) manat, ümumi müqavilə dəyəri 12000 (on iki min) manatdır (bənd 2.6). Alıcıya malın çatdırılmasını müqavilə və onun ayrılmaz tərkib hissəsi olan Əlavə 1,Əlavə 2 və Əlavə 3 imzalandığı gündən 40 iş günü müddətinə qədər həyata keçirilir (bənd 4.1). Müqavilənin 4.1-ci bəndində göstərilən vaxtda sifarişin çatdırılması və quraşdırılması mümkün olmadıqda, tərəflərin qarşılıqlı razılığı əsasında bu müddət uzadıla bilər (bənd 4.2). Alıcı sifariş edilən mebelin satıcı tərəfindən gecikdirildiyi hallarda, hər gecikən iş günü üçün mebel dəyərinin 0,1% dəyərində kompensasiya istəmə hüququna malikdir (bənd 4.9). 10.Mülki işin materiallarında olan müqaviləyə 1 nömrəli Əlavədən görünür ki, mətbəx və masanın məbləği 10700 manat, Tv stendinin məbləği 1300 manat olmaqla, ümumi ödəniş 12000 manat məbləğində müəyyən edilmişdir. 11.Mülki işin materiallarında olan İddiaçı tərəfindən Cavabdeh MMC-nin direktoru İlkin Manafova ünvanlanmış xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, 02 aprel 2024-cü il tarixdə aralarında müxtəlif növ mebel avadanlıqlarının hazırlanıb və müəyyən edilmiş məbləğ dəyərində satılması barədə müqavilə imzalanmışdır. Həmin müqavilənin şərtlərinə əsasən 40 iş günü ərzində müqavilədə göstərilən mebel avadanlıqaları hazırlanıb ünvana təhvil verilməli idi. Müqavilənin şərtinə əsasən tərəfindən 02 aprel 2024-cü il və 22 aprel 2024-cü il tarixlərdə müvafiq olaraq 6200 və 3400 manat məbləğində pul ödənilmişdir. 2024-cü ilin iyun ayının əvvəllərində mətbəx mebeli ünvana gətirilsə də, tam qüsurlu olmağı səbəbindən əməkdaşların iştirakı ilə geri qaytarılmış və tərəflərindən qüsurların tez bir zamanda aradan qaldırılmasına dair söz verilmişdir. Lakin həmin gündən 3 aydan çox müddət keçməsinə baxmayaraq müqavilədə göstərilən mebel avadanlıqları təhvil veilməmiş, bununla bağlanmış müqavilənin şərtləri pozulmuş və bu da öz növbəsində bağlanmış müqavilənin xitam verilməsinə əsasdır. Göstərilənlərə və müqavilənin 6.1 bəndinə əsaslanaraq bildirilir ki, 02 aprel 2024-cü il tarixdə aralarında bağlanmış müqaviləyə xitam verir. Bundan başqa, müqavilənin şərtlərinə əsasən tərəfindən ödənilmiş 9600 manat və hər gecikdirilmiş günə 0,1 % hesablanmaqla (100 gün) 960 manat, ümumilikdə 10560 manat məbləğində pulun müqavilə xitam verilənədək ona ödənilməsini təklif edir. Əks halda, qeyd edilən mübahisənin Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən məhkəmə qaydasında baxılmasını, bu zaman dövlət rüsumun, göstərilən hüququ xidmətin və sair xərclərin artmasını, eləcə də istehlakçı hüquqlarının pozulmasına görə dəymiş mənəvi zərərin tələb edilməsi ehtimalı nəzərə çatdırılmışdır. 12.Mülki işin materiallarında olan Cavabdeh MMC tərəfindən verilən xx.xx.2024-cü il tarixli ödəniş sənədindən görünür ki, İddiaçı tərəfindən Cavabdeh MMC “Mutfakçı” mebel salonuna ödənilən məbləğ 6200 manat, qalıq borc 5800 manatdır. 13.Mülki işin materiallarında olan Cavabdeh MMC tərəfindən verilən xx.xx.2024-cü il tarixli ödəniş sənədindən görünür ki, İddiaçı tərəfindən Cavabdeh MMC “Mutfakçı” mebel salonuna mətbəx mebeli üçün ödənilən məbləğ 3400 manat, qalıq borc 2400 manat, hamam dolabı üçün ödənilən məbləğ 1500 manat, qalıq borc 400 manat olmaqla, cəmi ödənilən məbləğ 4900 manat, qalıq borc 2800 manat olmuşdur. 14.Mülki işin materiallarında olan xx.xx.2024-cü il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən Bakı şəhəri 5 saylı Vəkil Bürosuna 1.000 manat məbləğində hüquqi xidmət xərci ödənilmişdir. 15.Mülki işin materiallarında olan xx.xx.2024-cü il tarixli, ********* nömrəli mədaxil qəbzindən görünür ki, Cavabdeh MMC tərəfindən iddia qaldırılması üçün 72 manat məbləğində dövlət rüsumu ödənilmişdir. 16.Mülki işin materiallarına əlavə edilən cd-disk. b) Məhkəmə tərəfindən müəyyən edilən hallar: 17.Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, tərəflər arasında 02 aprel 2024-cü il tarixli, 6666 nömrəli alqı-satqı müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən satıcı (Cavabdeh MMC) müxtəlif növ mebel avadanlıqlarını alıcıya (İddiaçı) satmağı, alıcı (İddiaçı) isə malı alıb, bu müqavilədə nəzərdə tutulmuş qaydada dəyərini satıcıya (Cavabdeh MMC) ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin şərtlərinə əsasən ümumi ödənişin məbləği müqavilə bağlanan gün 6200 manat, mebel istehsala ötürüldükdə 3400 manat, mebel tam təhvil verildikdə isə 2400 manat, ümumilikdə isə 12000 manat təşkil etmiş, eyni zamanda malın satıcı tərəfindən alıcıya çatdırılması üçün 40 iş günü müddət nəzərdə tutulmuşdur. 18.Bununla yanaşı müqavilə üzrə İddiaçı tərəfindən ümumilikdə 9600 manat (ayrıayrılıqda 6200 manat və 3400 manat) Cavabdeh MMC-yə ödəniş həyata keçirilmişdir. Cavabdeh MMC tərəfindən ilk dəfə mebellər 2024-cü ilin iyun ayında İddiaçı məxsus mənzildə quraşdırılması üçün gətirilmiş, lakin qüsurlar olduğu üçün mebellər quraşdırılmadan geri qaytarılmışdır. Sonradan İddiaçı müqavilənin ləğv edilməsi və ödədiyi pulun geri qaytarılması üçün Cavabdeh MMC-yə pretenziya məktubu ilə müraciət etsə də, nəticəsi olmamış və sonda məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. 19.Hazırda ilkin iddia üzrə İddiaçı tərəfindən ödənilmiş 9600 manat məbləğində pulun, 960 manat məbləğində kompensasiyanın, əlavə olaraq 1000 manat məbləğində hüquqi yardım xərcinin və dəymiş mənəvi zərərə görə isə 10.000 manat olmaqla, ümumilikdə 21.560 manat məbləğində pulun Cavabdeh MMC tərəfindən ona ödənilməsini tələb edir. 20.Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC isə müqavilə üzrə İddiaçı tərəfindən mebellərin quraşdırılmasına maneələr yaradıldığını, müqavilə üzrə ödənişdən 2800 manatın ödənilmədiyini iddia edərək, mebellərin quraşdırılmasına İddiaçı tərəfindən yaradılan maneələrin aradan qaldırılması, ödənilməmiş 2800 manat məbləğində vəsaitin və həmçinin, ödənilmiş 72 manat məbləğində dövlət rüsumunun İddiaçı tərəfindən ödənilməsini tələb edir. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: 21.Məhkəmə ilk növbədə onu qeyd edir ki, tərəflər arasında mebel quraşdırılması üçün alqı-satqı müqaviləsi adlı müqavilə bağlansa da, onların arasında podrat münasibətləri olmuşdur. Mahiyyətcə tərəflər arasında podrat müqaviləsi bağlanmışdır. 22.Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 752-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. 753.1-ci maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. 756.1-ci maddəsinə əsasən əgər sifarişçi yerinə yetirilmiş işi qəbul etməzsə, podratçı yerinə yetirilməmiş işin haqqını və zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Sifarişçi işin yerinə yetirilməsi üçün zəruri hərəkətləri icra etmədiyi halda da zərərin əvəzini ödəməyə borcludur. 759-cu maddəsinə əsasən sifarişçi işlər qurtaranadək istənilən vaxt müqavilədən imtina edə bilər, lakin podratçıya yerinə yetirilmiş işin haqqını verməli və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzini ödəməlidir. Əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun. 762-ci maddəsinə əsasən podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. Podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır. Podratçının sifariş edilmiş podrat nəticəsini deyil, başqa podrat nəticəsini təqdim etməsi və ya podratı kəmiyyətcə yerinə yetirməməsi, əgər bunu icra əvəzinə qəbul etmək açıq-aşkar mümkün deyildirsə, qüsurlara bərabər tutulur. Əgər üçüncü şəxslər sifarişçiyə qarşı heç bir hüquq irəli sürə bilmirlərsə, podratın nəticəsi üçüncü şəxslərin hüquqlarından və iddialarından azad sayılır. 765-ci maddəsinə əsasən məmulatın qüsuru nəticəsində, əgər müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra həmin qüsur tamamilə aradan qaldırılmazsa, sifarişçi müqavilədən imtina edə bilər. Bu halda podratçı müqavilə ilə bağlı xərclərin əvəzini sifarişçiyə ödəməyə borcludur. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 443.2-ci maddəsinə əsasən, zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. 23.İşin mübahisəsiz halları odur ki, tərəflər arasında mebel quraşdırılması ilə bağlı xx.xx.2024-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən sifarişçi A.Səməd tərəfindən 6.200 manat, mebel istehsalata ötürüldükdə 3400 manat, mebel tam təhvil verildikdə 2.400 manat olmaqla, cəmi 12.000 manat pulun ödənilməsi barədə razılıq olmuşdur. 24.İzahatlardan və təqdim edilmiş sübutlardan, xx.xx.2024 və xx.xx.2024-cü il tarixli ödəniş qəbzlərindən görünür ki, İddiaçı həmin tarixlərdə Cavabdeh MMC-yə ödənişlər etmişdir. Sifarişçi A.Səməd tərəfindən tərəfindən ayrı-ayrı vaxtlarda hissə-hissə olmaqla, cəmi 9.600 manat pul ödənilmiş, 2.400 manat pul ödənilməmiş qalmışdır. 25.Məhkəmənin mövqeyinə görə, tərəflər arasında alqı-satqı müqaviləsi adlı müqavilə bağlansa da, mahiyyətcə onların arasında podrat müqaviləsi bağlanmışdır. 26.Təqdim edilmiş sübutlardan müəyyən edilir ki, Cavabdeh MMC müqavilə üzrə öhdəliklərini yerinə yetirməmişdir . 27.Belə ki, işin hallarından görünür ki, şirkət müqavilə üzrə öhdəliklərini vicdanla yerinə yetirməmiş, sifarişçi tərəfindən ödəniş edildikdən sonra mebellərin ilk quraşdırılması zamanı mebellər qüsurlu olduğundan şirkətə geri qaytarılmış, bundan bir neçə ay keçdikdən sonra iddiaçı mebellər quraşdırılmadığı üçün məcbur qalaraq qarşı tərəfə xx.xx.2024-cü il tarixdə pretenziya məktubu ilə müraciət edərək müqaviləyə xitam verilməsini, ödədiyi pulun və kompensasiyanın qaytarılmasını tələb etmişdir. Məhkəmə iclasında qarşı tərəf sübut olaraq cd-disk təqdim etmiş və məhkəmə tərəfindən həmin cddiskə baxış keçirildiyi zaman müəyyən edilmişdir ki, həqiqətən də mebellərdə qüsurlar olduğu üçün quraşdırılmadan geri qaytarılmış, bundan sonra iddiaçı tərəfindən bir neçə dəfə zənglər edilsə də, zənglər cavabsız qalmış, sonradan cavabdehin nümayəndəsi mebellərdə yaranmış qüsurların aradan qalxacağını bildirmiş, 05 sentyabr tarixində isə cavabdehin nümayəndəsi iddiaçıdan əlavə vaxt tələb edərək, əməkdaşların hamısını ciddi şəkildə cəzalandırdığını bildirərək mebellərin quraşdırılmasına köməklik göstərilməsini xahiş etmişdir. 28.Göründüyü kimi mebellərlə bağlı müəyyən istehlakçı qüsurların olması hazırkı işin mübahisəsiz halıdır. 29.Qanunun tələbinə görə, podratçının sifariş edilmiş podrat nəticəsini deyil, başqa podrat nəticəsini təqdim etməsi və ya podratı kəmiyyətcə yerinə yetirməməsi, əgər bunu icra əvəzinə qəbul etmək açıq-aşkar mümkün deyildirsə, qüsurlara bərabər tutulur. 30.Bundan başqa, müəyyən edilir podratçı MMC sifarişi müqavilədə nəzərdə tutulmuş müddətdə təhvil verməmişdir. Belə ki, tərəflər arasında bağlanmış müqavilənin 4.1-ci bəndinə əsasən, alıcıya malın çatdırılması müqavilə imzalandığı gündən 40 iş günü müddətinə qədər həyata keçirilir. Bu müddət tərəflərin arasında başqa müddət müəyyən edilmədiyi halda 2024-cü ilin iyun ayının 4-nə təsadüf edir. Həmin müddətdə mebel təhvil verilməmişdir. Hətta sonradan tərəflər arasında müddətin uzadılması barədə şifahi razılıq əldə edilsə də belə, yenə də öhdəlik yerinə yetirilməmişdir. 31.Beləliklə, təqdim edilmiş sübutlarla müəyyən edilir ki, İddiaçı evinə müqavilə şərtlərinə uyğun quraşdırılmalı olan mebellər müqavilə şərtlərinə uyğun quraşdırılmamış, vaxtında təhvil verilməmişdir. Podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə də uyğun olmamışdır, qüsurlardan azad deyil. 32.Belə olan halda ilkin iddia üzrə İddiaçı tələbi qanuni və əsaslı hesab edilməklə qismən təmin edilməli, qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh MMC-nin iddia tələbi isə “mebellərin cavabdehə məxsus evə quraşdırılmasına cavabdeh tərəfindən törədilən maneələrin aradan qaldırılması” hissəsində əsassız hesab edilməklə rədd edilməlidir. 33.Məhkəmə ilkin iddia tələbinin 9600 manat məbləğində pulun qaytarılması hissəsinə münasibətdə qeyd edir ki, ilkin iddia üzrə iddiaçı müqavilədən imtina etməklə, ödənilən pul vəsaitinin qaytarılmasını tələb etmişdir. İlkin iddia üzrə iddiaçı tərəfindən 9600 manat pul vəsaitinin ödənilməsi faktı mübahisə edilmir. Məhkəmə hesab edir ki, həmin hissədə iddia təmin edilməli və 9600 manat pul vəsaiti podratçı Cavabdeh MMC-dən tutulub sifarişçi İddiaçı ödənilməlidir. 34.Daha sonra tələbin 960 manat məbləğində kompensasiyanın ödənilməsi hissəsinə münasibətdə qeyd edir ki, iddia tələbi həmin hissədə əsaslı hesab edilməklə qismən təmin edilməlidir. Belə ki, tərəflər arasında bağlanmış müqavilənin 4.9-cu bəndinə əsasən, alıcı, sifariş edilən mebelin satıcı tərəfindən gecikdirildiyi hallarda, hər gecikən iş günü üçün mebel dəyərinin 0,1% dəyərində kompensasiya istəmə hüququna malikdir. Hazırki vəziyyətdə xx.xx.2024-cü il tarixli müqavilənin şərtlərinə uyğun olaraq (40 iş günü nəzərə alınmaqla), mebelin quraşdırılması 2024-cü ilin iyununda təhvil verilməli idi. Lakin bu müddətdə, həmçinin bu müddət bitdikdən sonrakı müddət ərzində də mebelin quraşdırılması barədə razılıq əldə edilsə də, mebel təhvil verilməmişdir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə ilkin iddia üzrə iddiaçı tərəfindən iddia ərizəsi təqdim edilən vaxtadək gecikdirilən iş günlərinə münasibətdə 200 manat həddində kompensasiyanın ödənilməsini ağlabatan hesab edir və qeyd edir ki, müqavilə üzrə mebelin təhvil verilməsinin gecikdirildiyi iş günləri üçün dəyərinin 200 manat həddində kompensasiya cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. 35.Daha sonra məhkəmə tələbin 10.000 manat məbləğində mənəvi zərərin əvəzinin tutulması hissəsinə münasibətdə qeyd edir ki, həmin hissədə tələb əsassız hesab edilməklə rədd edilməlidir. 36.Belə ki, iddiaçı qüsurlu mebelin gətirilməsi, sonradan qüsurların vəd edilmiş müddətdə aradan qaldırılmaması, ödənilmiş pulun qaytarılmaması nəticəsində əsəb gərginliyi, psixoloji sarsıntı və mənəvi iztirab keçirdiyini iddia edərək 10.000 manat məbləğində mənəvi ziyan tələb etsə də, tələbini əsaslandıra biləcək sübutlarını məhkəməyə təqdim etməmişdir. 37.Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 2002-ci il 31 may tarixli Qərarında göstərilmişdir ki, mənəvi zərər adətən vətəndaşların ... hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər fərdin hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, həm də əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. 38.Bundan əlavə, «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 7 №-li 03 noyabr 2008-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə qiymətləndirməsini aydınlaşdırmağa borcludur. 39.İddiaçı isə hazırda ona məhz cavabdeh tərəfindən mənəvi zərərin vurulduğunu bildirsə də, Ali Məhkəmənin Plenumunun yuxarıda qeyd olunan qərarının müddəalarına və Azərbaycan Respublikası MPM-in 89-cu maddəsinə uyğun qaydada bunu sübuta yetirə bilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının iddiası bu hissədə əsassız olduğuna görə təmin edilməməlidir. 40.Daha sonra məhkəmə tələbin hüquqi yardım xərci kimi 1000 manat məbləğində pulun tutulması hissəsinə münasibətdə qeyd edir ki, həmin hissədə də tələb əsaslı hesab edilməklə qismən təmin edilməlidir. 41.Təqdim edilmiş sənədlərdən görünür ki, İddiaçı tərəfindən hüquqi xidmətlərə görə 5 saylı Vəkil Bürosunun hesabına 1000 manat köçürülmüşdür. 42.Mülki Prosessual Məcəllənin 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. 43.Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən Cavabdeh MMC-dən hüquqi yardım xərcinin əvəzi kimi iddiaçının tələb etdiyi həddə yox, 500 manat məbləğində tutulmasını məqsədəmüvafiq hesab edir. 44.Sonda məhkəmə qarşılıqlı iddia tələbinin “müqavilə üzrə ödənilməmiş 2800 manat məbləğində pulun qaytarılması və ödənilmiş 72 manat məbləğində dövlət rüsumunun qaytarılması” hissəsinə münasibətdə isə qeyd edir ki, qarşılıqlı iddia tələbi həmin hissədə əsaslı hesab edilməklə qismən təmin edilməlidir. Belə ki, qarşılıqlı iddia üzrə iddiaçı iddiasını bu hissədə tələbini iki hissəyə bölmüşdür: müqavilə üzrə cavabdeh tərəfindən ödənilməyən qalıq borc kimi 2400 manat və müqavilədənkənar cavabdeh tərəfindən alınan hamam dolabı üçün qalıq borc kimi 400 manat. Məhkəmə qeyd edir ki, birinci tələb ilkin tələblə birbaşa bağlı olduğu və ilkin iddia tələbi 9600 manat məbləğində pulun qaytarılması hissəsində tam təmin edildiyi üçün həmin hissədə qarşılıqlı iddia tələbi əsassız hesab edilməklə rədd edilməlidir. 45.Digər hissə ilə bağlı isə işin mübahisəsiz halıdır ki, qarşılıqlı iddia üzrə İddiaçı tərəfindən yuxarıda qeyd edilənlərdən əlavə dəyəri 1900 manat olan hamam dolabının alınması barədə tərəflər arasında razılıq əldə edilmiş və İddiaçı tərəfindən 1500 manatı ödənilmiş, 400 manat isə ödənilməmiş qalmışdır. Məhkəmə iclasında ilkin iddia üzrə iddiaçının nümayəndəsi və vəkili 400 manat məbləğində borcun qaldığını etiraf etmişdir. Odur ki, həmin məbləğ və məbləğə münasibətdə ödənilməli olan 30 manat məbləğində dövlət rüsumunun əvəzi qarşılıqlı iddia üzrə cavabdehdən Cavabdeh MMC-nin xeyrinə tutulmalıdır. 46.Beləliklə də, məhkəmə qeyd edilənləri ümumiləşdirərək hesab edir ki, ilkin iddia tələbi qismən təmin edilməli, ilkin iddia üzrə Cavabdehndən 9.600 (doqquz min altı yüz) manat məbləğində əsas, 200 (iki yüz) manat məbləğində kompensasiya borcu olmaqla cəmi 9800 (doqquz min səkkiz yüz) manat və hüquqi yardım xərcinin əvəzi olaraq 500 (beş yüz) manat məbləğində pul vəsaiti tutularaq ilkin iddia üzrə İddiaçı ödənilməli, ilkin iddia tələbi qalan hissədə təmin edilməməli, qarşılıqlı iddia tələbi qismən təmin edilməli, ödənilməmiş 400 (dörd yüz) manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun 30 (otuz) manatı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tutularaq qarşılıqlı iddia üzrə iddiaçı Cavabdehnə ödənilməli, qarşılıqlı iddia tələbi üzrə ödənilmiş dövlət rüsumunun qalan hissəsi qarşılıqlı iddia üzrə iddiaçının özünə aid edilməli və qarşılıqlı iddia tələbi qalan hissədə təmin edilməməlidir. 47.Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə, hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. 48.Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 49.Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 50.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin iddia tələbi qismən təmin edilsin. İlkin iddia üzrə Cavabdehndən 9.600 (doqquz min altı yüz) manat məbləğində əsas, 200 (iki yüz) manat məbləğində kompensasiya borcu olmaqla cəmi 9800 (doqquz min səkkiz yüz) manat və hüquqi yardım xərcinin əvəzi olaraq 500 (beş yüz) manat məbləğində pul vəsaiti tutularaq ilkin iddia üzrə İddiaçı ödənilsin. İlkin iddia tələbi qalan hissədə təmin edilməsin. Qarşılıqlı iddia tələbi qismən təmin edilsin. Ödənilməmiş 400 (dörd yüz) manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun 30 (otuz) manatı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tutularaq qarşılıqlı iddia üzrə iddiaçı Cavabdehnə ödənilsin. Qarşılıqlı iddia tələbi üzrə ödənilmiş dövlət rüsumunun qalan hissəsi qarşılıqlı iddia üzrə iddiaçının özünə aid edilsin. Qarşılıqlı iddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №e-2(006)-780/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-780/2025
25.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver