Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-83/2023 13.03.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim – İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi – Tağıyev Adil Elçin oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi – Vəkil, Cavabdehin nümayəndəsi – X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı «pul» tələbinə dair mülki işə Nəsimi rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən əmlaka dəymiş zərərə görə 3450 manat məbləğində sığorta ödənişinin, gecikdirilmiş hər günə (xx.xx.2022-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək-45 gün) hesablanmış 155.25 manat (3450 X 0.1%=3.45; 45 X 3.45=155.25) dəbbə pulunun, vəkilin göstərdiyi hüquqi yardıma görə 400 manat xidmət haqqının, etibarnamənin təsdiqi üçün 17.25 manat rüsumun və 61 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2021-ci il tarixində cavabdehdə sığortalı olan “NİSSAN MAXİMA” minik markalı avtomobil yol nəqliyyat hadisəsi törətmiş və nəticədə iddiaçının mülkiyyətində olan “VOLKSWAGEN TOUAREG R-LİNE” (buraxılış ili-2012) minik markalı **-UA-*** dövlət qeydiyyat nişanlı avtomobilə maddi ziyan dəymişdir. Cavabdeh tərəfindən “VOLKSWAGEN TOUAREG R-LİNE” (buraxılış ili-2012) minik markalı **-UA-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi zərər 760 manat müəyyən edilmişdir. xx.xx.2022-ci il tarixli Qüsur Aktına əsasən, “VOLKSWAGEN TOUAREG R-LİNE” (buraxılış ili-2012) minik markalı **-UA-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi ziyan 3450 manat məbləğində müəyyən edilmişdir. Cavabdehə xx.xx.2022-ci il tarixində pretenziya qaydasında müraciət edilərək, mübahisənin məhkəməyədək həll edilməsi təklif edilsə də, cavabdehdən bununla bağlı heç bir hərəkət aparılmamışdır. Cavabdeh məhkəməyə iddia ərizəsinə etiraz təqdim edərək, etirazını onunla əsaslandırmışdır ki, xx.xx.2021-ci il, saat 08:50-də Bakı şəhərində yol nəqliyyat hadisəsi baş vermişdir. Hadisə zamanı Şirkətdə “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” müqaviləsi ilə sığortalanmış, X1 tərəfindən idarə olunan “NİSSAN MAXİMA MİNİK” markalı, 10PM410 d.q.n.-lı avtomobillə İddiaçı tərəfindən idarə olunan “VOLKSWAGEN TOUAREG R-LİNE MİNİK" markalı, 90UA999 d.q.n.-lı avtomobil toqquşmuş, nəticədə sonuncuya maddi ziyan dəymişdir. Baş vermiş sığorta hadisəsi ilə əlaqədar dərhal Şirkətin qəza komissarı hadisə yerinə gəlmiş, hadisəni qeydə almışdır. Sığorta hadisəsi ilə əlaqədar zərərçəkənə məxsus avtomobilə dəymiş zərərin qiymətləndirilməsi üçün lazımi tədbirlər görülmüş və qanunvericiliklə müəyyən edilmiş müddət ötürülmədən "xxxx" markalı, 90UA999 d.q.n.-lı avtomobilə dəymiş zərər Şirkətin göndərişi əsasında avtomobilə baxış keçirmiş “X9” tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli qüsur aktına əsasən 760 manat məbləğində müəyyən edilmişdir. Baş vermiş yol nəqliyyat hadisəsi ilə əlaqədar Bakı şəhər DYPİ tərəfindən Şirkətə təqdim olunmuş sənədlərdən məlum olmuşdur ki, hadisə zamanı hər iki avtomobilin sürücüləri təqsirli hesab edilmiş və Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsinə əsasən inzibati cərimə edilmişlər. Yol nəqliyyat hadisəsində hər iki tərəf təqsirli hesab edildiyindən, qanunvericiliyə uyğun olaraq zərərçəkənə dəymiş zərərin yarısı ödənilir. Buna görə də iş üzrə zərərçəkənə dəymiş zərərin yarısı, yəni 380 manat ödənilməsi müəyyənləşdirilmişdir. Həmçinin, iddiaçı məsələ ilə əlaqədar Azərbaycan Respublikasının Mərkəzi Bankına ərizə ilə müraciət etmiş, ərizə Mərkəzi Bank tərəfindən cavablandırılması üçün aidiyyəti üzrə Şirkətə yönləndirilmişdir. Vətəndaşın ərizəsinə verilmiş cavab məktubunda avtomobilə dəymiş zərərin qiymətləndirilməsi üçün “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 16.2-ci maddəsinə uyğun olaraq qarşılıqlı razılıq əsasında seçiləcək müstəqil eskpertlərin siyahısı təqdim olunmuş, lakin vətəndaş ekspertlərin heç birini seçməmiş, səbəbi barədə Şirkətə hər hansı məlumat verməmişdir. Zərərçəkən ona məxsus nəqliyyat vasitəsinə dəyən zərərin müəyyənləşdirilməsi məqsədilə, bilavasitə öz təşəbbüsü ilə fərdi sahibkar Qasımov Əhməd Paşa oğluna müraciət etmiş və həmin şəxsin tərtib etdiyi xx.xx.2022-ci il tarixli qüsur aktına əsasən sözügedən nəqliyyat vasitəsinə guya 3450 manat zərər dəymişdir. İddiaçının bu davranışı “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 16.2-ci maddəsinin kobud şəkildə pozulması faktıdır. Belə ki, istinad olunan maddəyə görə, sığortaçı sığorta hadisəsi nəticəsində dəymiş zərərin məbləğini bilavasitə özü və ya “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbini nəzərə almaqla təyin etdiyi sığorta sahəsində yardımçı fəaliyyət göstərən müvafiq şəxs vasitəsilə müəyyən edir. Zərərin sığortaçı tərəfindən müəyyən edilmiş həcmi barədə tərəflər arasında razılıq əldə edilmədikdə, zərərin miqdarının qiymətləndirilməsi “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbi nəzərə alınmaqla tərəflərin qarşılıqlı razılığı ilə təyin olunan qiymətləndirmə fəaliyyəti ilə məşğul olan müstəqil ekspert tərəfindən aparılır. Lakin zərərçəkən Şirkəti, yaxud onun səlahiyyətli nümayəndəsini məlumatlandırmadan nəqliyyat vasitəsinə dəyən zərərin müəyyənləşdirilməsinə təşəbbüs göstərmişdir. Qanunun istinad olunan maddəsinin tələbinə görə, zərərin miqdarının qiymətləndirilməsi qiymətləndirmə fəaliyyəti ilə məşğul olan müstəqil ekspert tərəfindən aparılır. Bu fəaliyyətlə Azərbaycan Respublikası Mərkəzi Bankının reyestrinə daxil olan, sığorta sahəsində yardımçı fəaliyyət göstərən ekspert qurumları və va fiziki şəxs olan ekspertlər məşğul ola bilər. Qasımov Əhməd Paşa oğlu sığorta sahəsində yardımçı fəaliyyət göstərən müstəqil ekspert deyildir və Azərbaycan Respublikası Mərkəzi Bankının reyestrinə daxil deyildir. Bu səbəbdən avtomobilə dəymiş zərəri həmin şəxsin qiymətləndirməyə ixtiyarı yoxdur, qiymətləndirilmiş olsa belə iş üzrə əhəmiyyət kəsb edə bilməz. Sığorta hadisəsi xx.xx.2021-ci il tarixində baş verməsinə baxmayaraq Qasımov Əhməd Paşa oğlu tərəfindən qüsur aktı xx.xx.2022-ci ildə tərtib olunmuşdur. Bir avtomobilə dəymiş zərərin hadisədən bir ay sonra rəsmi reyestrə daxil olmayan bir qurum tərəfindən qiymətləndirilməsi, əlavə olaraq iş üzrə tərtib olunmuş qüsur aktı ilə müəyyən edilmiş qiymətdən dəfələrlə artıq olması həmin məbləğin reallığını da ciddi şübhə altına alır. Bu səbəbdən, işə baxılması zamanı fərdi sahibkar Qasımov Əhməd Paşa oğlu tərəfindən tərtib olunmuş qüsur aktı məhkəmə tərəfindən mötəbər sübut qismində nəzərdən keçirilə bilməz. İş üzrə İddiaçı tərəfindən verilmiş iddia tələbinin qismən, yəni tələbin 760 manat hissəsində təmin edilməsi, qalan hissədə isə rədd edilməsi, məhkəməyə müraciətlə əlaqədar çəkilən xərclərin isə iddiaçıya aid edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Vəkil iddia ərizəsinin məzmununa uyğun olaraq izahat verərək, iddianı müdafiə etdi və tələbin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X7 iddia ərizəsinə etiraz edərək, iddia ərizəsinə etirazın məzmununa uyğun izahat verdi və iddia tələbinin rədd olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında ekspert X5 ifadəsində bildirdi ki, ehtiyat hissələrinin qiymətləndirilməsi orta bazar qiyməti və mərkəzə toplanmış məlumatlar əsasında həyata keçirilir. Yeni ehtiyyat hissələri üzrə 3% və 4% aşınma üzrə qiymətləndirmə tətbiq edilir. Qiymətləndirmə həyata keçirilərkən dəymiş ziyan qiymətləndirmə predmetinə aid deyil. Ekspert rəyindəki qeyd edilən 3% texniki səhvdir. Məhkəmə iclasında ekspert X8 ifadəsində bildirdi ki, ekspert rəyini tətbiq edərkən X3 rəyindən məlumatı var idi. Əmtəəşünaslıq ekspertizası həyata keçirilərkən iş materiallarında olan servisin tərtib etdiyi qüsur aktından istifadə edir. Zədələnmiş hissə rəyin predmetinə aid edilmir. Qiymətləndirmə həyata keçirilərkən dəymiş ziyan qiymətləndirmə predmetinə aid deyil. Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş: xx.xx.2021-ci il tarixli TP seriyalı ******* saylı və ******* saylı İnzibati tənbeh vermə haqqında qərarlardan görünür ki, xx.xx.2021-ci il, saat 08:50-də X1 tərəfindən idarə olunan “NİSSAN MAXİMA MİNİK” markalı, 10PM410 dövlət qeydiyyat nişanlı avtomaşınla iddiaçı tərəfindən idarə olunan “VOLKSWAGEN TOUAREG R-LİNE MİNİK" markalı, 90UA999 dövlət qeydiyyat nişanlı avtomaşının Bakı şəhəri, Binəqədi rayonu, Eldar Babayev küçəsində toqquşması nəticəsində yol nəqliyyat hadisəsi baş vermiş və nəticədə hər iki sürücü təqsirli bilinərək İXM-nin 327.1-ci maddəsinə əsasən 40 manat cərimə edilmişlər. Qasımov Əhməd Paşa oğlu tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli Qüsur aktından görünür ki, iddiaçıya məxsus “VOLKSWAGEN TOUAREG R-LİNE” minik markalı **-UA-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyan 3450 manat təşkil etmişdir. X9 tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli Qüsur aktından görünür ki, iddiaçıya məxsus “VOLKSWAGEN TOUAREG R-LİNE” minik markalı **-UA-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyan 760 manat təşkil etmişdir. Cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli Dəymiş zərərin hesablanmasına dair aktdan görünür ki, iddiaçıya məxsus “VOLKSWAGEN TOUAREG R- LİNE” minik markalı **-UA-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyan 760 manat təşkil etmişdir. İşdə olan iddiaçı tərəfindən Vəkil adına verilmiş xx.xx.2022-ci il tarixli etibarnamədən görünür ki, etibarnamənin təsdiqi üçün 17.25 manat haqq tutulmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 9/3779 saylı rəyi ilə, nəzəri hesablama yolu ilə “Qasımov Əhməd Paşa oğlu” tərəfindən tərtib edilmiş, xx.xx.2022-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2012-ci il buraxılışlı 'Volkswagen Touareg R-Line" markalı, **-UA-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 2029,0 manat müəyyən edilmişdir. Ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 9/8413 saylı rəyi ilə, nəzəri hesablama yolu ilə, Qasımov Əhməd Paşa oğlu tərəfindən tərtib edilmiş, xx.xx.2022-ci il tarixli qüsur aktındakı melumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2012-ci il buraxılışlı “Volkswagen Touareg R-Line" markalı, **-UA-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 2206,0 manat müəyyən edilmişdir. Ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Həmin Məcəllənin 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 922.2-ci maddəsinə əsasən sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunlarında, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir. Həmin Məcəllənin 926.1-ci maddəsinə əsasən sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 52.1-ci maddəsinə əsasən avtonəqliyyat vasitəsinin Azərbaycan Respublikasının ərazisində istifadəsi nəticəsində zərərçəkən üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına dəymiş zərərin əvəzinin ödənilməsi üzrə mülki məsuliyyətin yaranması faktı sığorta hadisəsi hesab olunur. Həmin Qanunun 56.1.2-ci maddəsinə əsasən üçüncü şəxsə dəyə bilən zərərə görə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasına dair standart və sərhəd sığorta müqavilələri üzrə sığorta məbləğləri - üçüncü şəxslərin əmlakına dəyən zərər üzrə 5000 manat müəyyən edilir. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, xx.xx.2021-ci il, saat 08:50-də X1 tərəfindən idarə olunan “NİSSAN MAXİMA MİNİK” markalı, 10PM410 dövlət qeydiyyat nişanlı avtomaşınla iddiaçı tərəfindən idarə olunan “VOLKSWAGEN TOUAREG R-LİNE MİNİK" markalı, 90UA999 dövlət qeydiyyat nişanlı avtomaşının Bakı şəhəri, Binəqədi rayonu, Eldar Babayev küçəsində toqquşması nəticəsində yol nəqliyyat hadisəsi baş vermiş, hər iki sürücü təqsirli bilinərək İXM-nin 327.1-ci maddəsinə əsasən 40 manat cərimə edilmişlər və nəticədə iddiaçıya maddi ziyan dəymişdir. Məhkəmə qeyd edir ki, tərəflər sığorta hadisəsinin baş verdiyini mübahisələndirmir. Tərəflərin arasındakı mübahisə yalnız sığorta ödənişinin məbləği barədədir. Mübahisənin mahiyyətini avtomobilin təmir xərcinə dair fikir ayrılığı təşkil edir. Belə ki, cavabdeh bu qiymətin 760 manat, iddiaçı isə 3450 manat təşkil etdiyini bildirir. Ona görə də mübahisənin düzgün həll edilməsi üçün sığorta hadisəsinin baş verməsi nəticəsində avtomobilə dəymiş zərərin aradan qaldırılması üçün tələb olunan xərcin nə qədər təşkil etdiyinin müəyyən edilməsi üçün məhkəmə tərəfindən ekspertiza təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023cü il tarixli 9/8413 saylı rəyi ilə, iddiaçıya məxsus avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 2206,0 manat müəyyən edilmişdir. Məhkəmə, Məhkəmə Ekspertizası Mərkəzinin ekspert rəyi ilə razılaşaraq qeyd edir ki, ekspert rəyinin məzmunundan və ekspertiza tədqiqatının aparıldığı sənədlərdən görünür ki, ekspertin gəldiyi nəticə, ona ekspertiza tədqiqatının aparılması üçün mənbəyi bəlli məlumatlar tədqiq olunmaqla əldə olunmuş və kifayət qədər əsaslandırılmışdır. Qeyd edilənləri nəzərə alan məhkəmə hesab edir ki, yuxarıda tədqiq edilən məhkəmə ekspertiza mərkəzinin ekspert rəyi ilə müəyyən edilən hallar və gəlinən nəticə, inandırıcı sübut kimi qəbul edilməli və düzgün nəticə kimi qiymətləndirilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, sığorta hadisəsi nəticəsində dəymiş zərərin əvəzini təşkil edən 2206 manat sığorta ödənişi iddiaçının xeyrinə tutulmaqla iddia göstərilən hissədə qismən təmin edilməlidir. Məhkəmə iddia tələbinin dəbbə pulunun tutulması hissəsinə münasibətdə aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 903.1-903.6-cı maddələrinə əsasən, sığorta haqqı risklərin qəbul edilməsi və ya bölüşdürülməsi müqabilində sığorta müqaviləsində nəzərdə tutulan qaydada sığortalının sığortaçıya ödəməli olduğu pul məbləğidir. Sığorta haqqının miqdarı və ya onun hesablanması və ödənilməsi qaydası könüllü sığortada sığorta müqaviləsi ilə, icbari sığortada isə icbari sığorta qanunları ilə müəyyən edilir. "İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununda başqa hal nəzərdə tutulmamışdırsa, sığorta müqaviləsində sığorta haqqının hissəhissə ödənilməsi razılaşdırıla bilər. Müqavilədə başqa cür nəzərdə tutulmamışdırsa, sığorta müqaviləsi sığorta haqqının ilk hissəsinin və ya tam ödənilməsindən sonra qüvvəyə minir. Sığorta haqqı və ya onun hissəsi vaxtında ödənilmədikdə sığortaçı onun ödənilməsi üçün bu Məcəllənin 903.6-cı maddəsinin tələbini nəzərə alaraq yazılı surətdə 15 günədək müddət müəyyən edə bilər. Hər bir halda sığorta haqqı və ya onun razılaşdırılmış ilk hissəsi sığorta müqaviləsi bağlandığı gündən 1 aydan gec olmayaraq ödənilməlidir. Həmin Məcəllənin 934.1 və 934.2-ci maddələrinə əsasən, həmin Məcəllənin 933.1-ci maddəsində nəzərdə tutulan sənədlərdən sonuncusunun (bu Məcəllənin 933.3-cü maddəsi nəzərə alınmaqla) sığortaçıya daxil olduğu tarixdən 7 iş günündən gec olmayaraq sığortaçı sığorta ödənişini verməli, yaxud sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş təqdim etməlidir. Sığortaçı sığorta ödənişini icbari sığorta qanunları və ya sığorta müqaviləsi ilə müəyyən olunmuş müddətdə ödəmədikdə, hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödəyir. Qanunvericilik sığortaçıdan sığorta ödənişini sənədlər ona təqdim edildiyi və (və ya) alındığı tarixdən 7 iş günündən gec olmayaraq ödəmədikdə, hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödəməyi tələb edir. İşdən görünür ki, cavabdeh tərəfindən dəymiş ziyan xx.xx.2022-ci il tarixli qüsur aktı ilə müəyyən edilmiş və iddiaçı dəbbə pulunun hesablanması müddətini xx.xx.2022-ci il tarixdən hesablamışdır. xx.xx.2022-ci il tarixdən iddiaçının iddia ərizəsinin məhkəməyə daxil olduğu xx.xx.2022-ci il tarixədək olan dövr üzrə 45 günə görə dəbbə pulu məbləği 2206 manat x 45 gün x 0,1% = 99,27 manat təşkil edir. Buna görə də məhkəmə hesab edir ki, cavabdehdən 99,27 manat məbləğdə dəbbə pulu tutularaq iddiaçıya ödənilməklə iddia həmin hissədə qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, iddiaçı tərəfindən vəkilin göstərdiyi yardıma görə “Yusif Allahverdiyev və Partnyorları” Vəkil Bürosunun hesabına 400 manat ödəniş etmişdir. Məhkəmə hesab edir ki, vəkilin göstərdiyi yardıma görə ödənilmiş 400 manat cavabdehdən iddiaçının xeyrinə tutulmasını işin hallarına uyğun olmaqla, ağlabatandır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin; 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1 -ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehdən əmlaka dəymiş zərərə görə 2206 manat məbləğində sığorta ödənişi, gecikdirilmiş hər günə görə 99,27 manat dəbbə pulu, vəkilin göstərdiyi yardıma görə 400 manat xidmət haqqı, etibarnamənin təsdiqi üçün 17.25 manat rüsum və 61 manat dövlət rüsumu tutularaq iddiaçıya ödənilməli, iddia qalan hissədə rədd edilməlidir. Eyni zamanda iş üzrə təyin edilmiş ekspertiza tədqiqatlarının dəyəri 150 manat məbləğində ekspertiza xərclərinin 75 manat məbləği cavabdehdən, qalan 75 manat məbləği isə iddiaçıdan tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən əmlaka dəymiş zərərə görə 2206 manat məbləğində sığorta ödənişi, gecikdirilmiş hər günə görə 99,27 manat dəbbə pulu, vəkilin göstərdiyi yardıma görə 400 manat xidmət haqqı, etibarnamənin təsdiqi üçün 17.25 manat rüsum və 61 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə rədd edilsin. İş üzrə təyin edilmiş ekspertiza tədqiqatlarının dəyəri 150 manat məbləğində ekspertiza xərclərinin 75 manat məbləği Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən, qalan 75 manat məbləği isə İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM VÖEN **********, X2, Kod 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ**********000000 3944 SWİFT BİK CTREAZ 22.AZ34CTRE******************** saylı hesabına köçürülsün. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Anar İbadzadə
Məhkəmə qərarları › İş №e-2(006)-83/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-83/2023
13.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver