Məhkəmə qərarları › İş №e-2(006)-83/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-83/2024

19.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-83/2024 19.09.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim - İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi - Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, İddiaçı nümayəndəsi (vəkili) - Vəkil, Cavabdeh Ləğv prosesində olan Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin nümayəndəsi - X2 iştirakları ilə, İddiaçı cavabdeh LPO Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı “dəymiş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" Dövlət Sığorta Şirkəti ASC-yə qarşı “dəymiş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC-dən yaşayış sahəsinə dəymiş zərərə görə ödənilməli olan 15000 (on beş min) manat sığorta ödənişi və dövlət rüsumu üçün ödənilmiş 135 manat məbləğin tutularaq iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Qazax rayonu Çaylı kəndində yaşayır. Hazırda yaşadığı yaşayış sahəsini 1982-ci il tarixdə inşa etmiş və həmin mənzildə yaşamağa başlamışdır. Qazax rayonu XDS icraiyyə komitəsi tərəfindən verilmiş 07 saylı 13 mart 1989-cu il tarixli qərarına əsasən iddiaçıya qeydiyyat vəsiqəsi verilmişdir. O, uzun müddət həmin mənzildə yaşamışdır. 2015-ci ildən hər il mütəmadi olaraq iddiaçıya məxsus yaşayış sahəsini "xxxx" ASC-də icbari sığorta etdirmişdir. Hər il sığorta ödənişlərini ödəmişdir. 13 fevral 2022-ci il tarixdə Qazax rayonu ərazisində baş vermiş zəlzələ nəticəsində iddiaçının yaşayış sahəsinə ciddi zərər dəymiş, evin divarlarında çatlar əmələ gəlmiş və ev dağılmışdır. Artıq ev yaşanmaz haldadır. İddiaçı ailə üzvləri ilə birlikdə başqa yaşayış sahəsində yaşamaq məcburiyyətindədir. Evdə baş vermiş dağıntılarla əlaqədar o, xx.xx.2022-ci il tarixdə Qazax Rayon İcra hakimiyyətinə müraciət etmişdir. Oradan gələn komissiya iddiaçının evinə baxış keçirmiş və evin yaşanmaz halda olduğunu təsbit etmişdir. Bundan sonra o, Azərsığorta ASC-ni Qazax rayon filialına müraciət etmişdir. Oradan iddiaçıya heç bir sığorta ödənişinin olunmayacağına dair rəsmi məktub göndərilmişdir. İddiaçı 7 il yaşayış sahəsi sığorta etdirmişdir və bu illər ərzində sığorta hadisəsi baş vermədiyi üçün iddiaçıya sığorta ödənişi edilməmişdir. Ancaq indi sığorta hadisəsi olduğu halda cavabdeh iddiaçıya sığorta ödənişi etməkdən imtina edir. İddiaçının evi tamamilə yaşanmaz haldadır və bu baxımdan iddiaçıya dəymiş zərərə görə tam həcmdə sığorta ödənişi edilməlidir. Bu baxımdan məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Sonradan – xx.xx.2023-cü il tarixdə iddiaçının nümayəndəsi və vəkil məhkəməyə ərizə ilə müraciət edərək, cavabde "xxxx" Dövlət Sığorta Şirkəti ASC-nin əsl cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti ilə əvəz edilməsini xahiş etmişdir. İddiaçı nümayəndəsi (vəkili) Vəkil iddia ərizəsini müdafiə edərək, məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh Ləğv prosesində olan Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin nümayəndəsi X3 iddia ərizəsinə etiraz edərək, bildirmişdir ki, iddiaçı şirkətə müraciət edərək, icbari qaydada sığorta etdirdiyi 1982-ci ildə inşa edilmiş Qazax rayonu, Çaylı kəndində yerləşən iddiaçıya məxsus evə zəlzələ nəticəsində zərər dəydiyi üçün sığorta ödənişi tələb etmişdir. Şirkət qanunvericiliklə müəyyən edilmiş baş vermiş hadisəni araşdırmaq hüququndan istifadə etmiş və araşdırma nəticəsində məlum olmuşdur ki, Şirkətin iddiaçı qarşısında heç bir öhdəliyi yoxdur. Belə ki, iddiaçı qeyd etdiyi tarixdə həqiqətən də xx.xx.2022-ci il tarixdə Qazax rayonu ərazisində zəlzələ baş versə də bu dağıdıcı gücə malik olmamışdır. Respublika Seysmoloji Xidmət Mərkəzinin məlumat portalına əsasən, xx.xx.2022-ci il tarixdə yerli vaxtla saat 22:25-də episentri Gürcüstan olan zəlzələ baş vermişdir. Bu zəlzələ Azərbaycanın sərhəd rayonlarında 4-3 bala qədər hiss olunmuşdur. Beynəlxalq şkalasına əsasən qeyd olunan gücdə baş verən zəlzələlər “minortəkan” adlanır və dağıdıcı gücə malik deyildir. Respublika Seysmoloji Xidmət Mərkəzinin məlumatına əsasən 4 bal gücündə zəlzələ bina daxilindəki adamların çoxunun, çöldəkilərin isə bəzilərinin tərəfindən hiss olunur. Baş vermiş zələzələnin iddiaçının iddia etdiyi kimi böyük dağıntılara səbəb olması mümkün deyildir. Hətta 5 bal gücündə zəlzələ belə iddia edilən dağıntılara səbəb olmur. Qazax Rayon İcra Hakimiyyətindən şirkətə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubda da bildirilir ki, iddiaçıya məxsus evdə olan zədələr zəlzələ nəticəsində deyil uzunmüddətli istismar və baxımsızlıqdan meydana gəlmişdir. İddiaçının sığorta ödənişi verilməsi ilə bağlı müraciətinə şirkətin Qazax rayon filialı tərəfindən verilən cavab məktubunda da etirazda göstərilən hallar qeyd edilmiş və sığorta ödənişinin veriməsindən imtina edilmişdir. Qeyd edilənləri nəzərə alaraq o, məhkəmədən iddia ərizəsinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. İş materiallarında olan Azərbaycan Sovet Sosialist Respublikası tərəfindən verilmiş 1025 inventar nömrəli Qeydiyyat vəsiqəsindən görünür ki, Qazax rayonu Çaylı kənd küçəsində yerləşən fərdi yaşayış evi İddiaçı adına qeydə alınmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, Qazax RİHBA-da Memarlıq və tikinti şöbəsinin müdiri, Qazax RİHBA-da Memarlıq və tikinti şöbəsinin müdir müavini, Çaylı bələdiyyəsinin sədri, Çaylı kənd sakini İddiaçı tərəfindən imzalanmış aktdan görünür ki, İddiaçı yaşadığı Çaylı kəndində yerləşən evinə baxış keçirilmiş, baxış zamanı ümumi sahəsi 117 kv.m, 2 otaq, 1 dəhliz, 1 mətbəx və açıq eyvandan ibarət olan fərdi yaşayış evinin divarlarında, dəhlizin tavan hissəsində, divarla birləşmə yerlərində, yaşayış otaqlarının hər ikisində divarlarda keçici çatlar yarandığı, deformasiya nəticəsində aralanma müşahidə olunmuşdur. Həqiqətən də fərdi yaşayış evində çatların və aralanmaların genişlənərək qəzalı vəziyyətə gəlməsinə xx.xx.2022-ci il tarixdə saat 22:30 radələrində baş vermiş zəlzələnin Qazax rayonu ərazisinə təsiri nəticəsində olduğu, evin divarlarında əvvəldən olmuş çatların genişlənərək keçici çatlar yaratdığını müəyyən etmişlər. Yaşayış evi sığortalanmışdır. İş materiallarında olan RDS********** nömrəli Daşınmaz Əmlakın İcbari Sığorta Şəhadətnaməsindən görünür ki, İddiaçı məxsus Qazax rayonu, Çaylı kəndində yerləşən mənzil sığorta olunmuşdur. Sığorta məbləği 15000 manat, azadolma məbləği 150 manat, sığorta haqqı 30 manat müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli Aktdan görünür ki, xx.xx.2022-ci il tarixdə gecə saat 22:30-da baş verən zəlzələ nəticəsində İddiaçı məxsus evin divarlarında çatlama və uçma əmələ gəlmişdir. Həmin evdə yaşamaq ailənin həyatı üçün təhlükə doğurur. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin Qazax filialı tərəfindən İddiaçı ünvanlanmış məktubdan görünür ki, xx.xx.2022-ci il tarixdə Qazax rayonu ərazisində baş verən zəlzələnin gücünün dağıdıcı təsirə malik olmadığından ona hər hansı sığorta ödənişinin verilməsinin mümkün olmadığı müəyyən edilmişdir. İş materiallarında olan Respublika Seysmoloji Xidmət Mərkəzi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, xx.xx.2022-ci il tarixində yerli vaxtla 22:25-də Gürcüstan ərazisində, Qazax stansiyasından 111 km şimal-qərbdə, maqnitudası M-5.9 h=10 olan zəlzələ qeydə alınmışdır. Zəlzələ Azərbaycanın sərhəd rayonlarında 4-3 bala qədər hiss olunmuşdur. Həmçinin Qazax- Ağstafa rayonlarında 4-3 bala qədər hiss olunmuşdur. Fevral ayında qeyd edilmiş zəlzələdən başqa Qazax rayonu ərazisində hiss olunan zəlzələ qeydə alınmamışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 10/4761 nömrəli ekspert rəyindən görünür ki, Qazax rayonu, Çaylı kəndində yaşayış evinə xx.xx.2022-ci il tarixdə baş vermiş zəlzələdən ziyan çəkmiş evlər kimi qeydiyyata alındığını nəzərə alaraq, İddiaçı məxsus yaşayış evində yaranmış qüsurların zəlzələ nəticəsində yaranmağa xarakterik olduğu müəyyən edilmişdir. Ekspertiza xərclərinə dair bildirişdən görünür ki, tikinti-texniki obyektlərin tədqiqi üzrə aparılmış tədqiqatın dəyəri 100 manat müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 3-16-16/2-10/9558 nömrəli ekspert rəyindən görünür ki, İddiaçı məxsus Qazax rayonu, Çaylı qəsəbəsində yerləşən fərdi yaşayış evin üzrə yerinə yetirilməli yenidənqurma və tikinti-təmir işlərinin dəyəri bazar qiymətlərinə uyğun olaraq 14596 manat dəyərində müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, iddiaçı iddia ərizəsinə məhkəmədə baxılması üçün 135 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 922.1-ci maddəsinə əsasən sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Həmin Məcəllənin 922.2-ci maddəsinə əsasən sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunlarında, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir. Həmin Məcəllənin 922.3-cü maddəsinə əsasən sığorta hadisəsi baş vermə ehtimalına və (və ya) təsadüfilik əlamətlərinə malik olmalıdır. Həmin Məcəllənin 923.1-ci maddəsinə əsasən sığorta hadisəsinin baş verməsi barədə sığortalı və ya sığorta olunan şəxs, yaxud faydalanan şəxs hadisədən xəbər tutduqdan dərhal sonra və ya mümkün olan ən qısa müddət ərzində sığortaçıya və ya onun nümayəndəsinə, eyni zamanda həmin hadisə barədə məlumatlandırılmalı olan səlahiyyətli dövlət orqanlarına hər hansı vasitə ilə xəbər verməlidir. Həmin Məcəllənin 923.2-ci maddəsinə əsasən sığorta hadisəsinin baş verməsi barədə sığortaçıya məlumat vermiş sığortalı və ya sığorta olunan şəxs, həmçinin faydalanan şəxs bu Məcəllənin 923.1-ci maddəsində nəzərdə tutulmuş səlahiyyətli dövlət orqanlarına həmin hadisə barədə xəbər verməmişdirsə sığortaçı qeyd olunan orqanları bu hadisə barədə dərhal məlumatlandırmalıdır. Həmin Məcəllənin 923.3-cü maddəsinə əsasən sığortalı və ya sığorta olunan tərəfindən sığortaçının sığorta hadisəsinin baş verməsi barədə məlumatlandırmasından asılı olmayaraq sığortaçıya bu barədə məlumatlandırılmış səlahiyyətli dövlət orqanı xəbər verməlidir. 925.1. Sığorta hadisəsi nəticəsində dəymiş zərərin miqdarını sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin, yaxud onların nümayəndəsinin təqdim etdiyi sığorta tələbi əsasında mümkün olan ən qısa müddət ərzində sığortaçı müəyyən edir. 926.1. Sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. 926.2. Sığortaçı sığorta ödənişini sığorta məbləği həddində həyata keçirir. 926.3. Sığorta ödənişinin miqdarının müəyyən edilməsi və ödənilməsi qaydası icbari sığortada icbari sığorta qanunları ilə, könüllü sığortada sığorta müqaviləsi ilə müəyyən edilir. İcbari Sığortalar Haqqında Azərbaycan Respublikası Qanununun 36.1-ci maddəsinə əsasən daşınmaz əmlakın aşağıdakı hallar nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı digər formada itkisi sığorta hadisəsi hesab olunur: Həmin Qanunun 36.1-ci maddəsinə əsasən daşınmaz əmlakın təbii fəlakətlər zəlzələ, vulkan, fırtına, qasırğa, tufan, dolu, sel, daşqın, leysan, yer sürüşməsi nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı digər formada itkisi sığorta hadisəsi hesab olunur. Həmin Qanunun 39.3-cü maddəsinə əsasən yaşayış evləri və mənzillərin icbari sığortası üzrə sığorta məbləğləri və şərtsiz azadolma məbləğləri aşağıdakı kimi müəyyən edilir: 39.3.1. Bakı şəhərində yerləşən daşınmaz əmlak üzrə sığorta məbləği 25.000 manat, azadolma məbləği 250 manat; 39.3.2. Gəncə, Sumqayıt və Naxçıvan şəhərlərində yerləşən daşınmaz əmlak üzrə sığorta məbləği 20.000 manat, azadolma məbləği 200 manat; 39.3.3. digər yaşayış məntəqələrində yerləşən daşınmaz əmlak üzrə sığorta məbləği 15.000 manat, azadolma məbləği 150 manat. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Qazax rayonu Çaylı kəndində yaşayır. Hazırda yaşadığı yaşayış sahəsini 1982-ci il tarixdə inşa etmiş və həmin mənzildə yaşamağa başlamışdır. Qazax rayonu XDS icraiyyə komitəsi tərəfindən verilmiş 07 saylı 13 mart 1989-cu il tarixli qərarına əsasən iddiaçıya qeydiyyat vəsiqəsi verilmişdir. O, uzun müddət həmin mənzildə yaşamışdır. 2015-ci ildən hər il mütəmadi olaraq iddiaçıya məxsus yaşayış sahəsini "xxxx" ASC-də icbari sığorta etdirmişdir. Hər il sığorta ödənişlərini ödəmişdir. 13 fevral 2022-ci il tarixdə Qazax rayonu ərazisində baş vermiş zəlzələ nəticəsində iddiaçının yaşayış sahəsinə ciddi zərər dəymiş, evin divarlarında çatlar əmələ gəlmiş və ev dağılmışdır. Artıq ev yaşanmaz haldadır. İddiaçı ailə üzvləri ilə birlikdə başqa yaşayış sahəsində yaşamaq məcburiyyətindədir. Evdə baş vermiş dağıntılarla əlaqədar o, xx.xx.2022-ci il tarixdə Qazax Rayon İcra hakimiyyətinə müraciət etmişdir. Oradan gələn komissiya iddiaçının evinə baxış keçirmiş və evin yaşanmaz halda olduğunu təsbit etmişdir. Bundan sonra o, Azərsığorta ASC-ni Qazax rayon filialına müraciət etmişdir. Oradan iddiaçıya heç bir sığorta ödənişinin olunmayacağına dair rəsmi məktub göndərilmişdir. İddiaçı 7 il yaşayış sahəsi sığorta etdirmişdir və bu illər ərzində sığorta hadisəsi baş vermədiyi üçün iddiaçıya sığorta ödənişi edilməmişdir. Ancaq indi sığorta hadisəsi olduğu halda cavabdeh iddiaçıya sığorta ödənişi etməkdən imtina edir. İddiaçı iddia edir ki, evi tamamilə yaşanmaz haldadır və bu baxımdan ona dəymiş zərərə görə tam həcmdə sığorta ödənişi edilməlidir. Bu baxımdan məhkəməyə müraciət etmişdir. xx.xx.2023-cü il tarixində iddiaçı məhkəməyə ərizə təqdim edərək, cavabdehin əsl cavabdehlə əvəz edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, cavabdehin nümayəndəsi ərizəyə etiraz etməmiş və iddiaçının ərizəsi təmin edilərək cavabdeh "xxxx" Dövlət Sığorta Şirkəti əsil cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti ilə əvəz edilmişdir. Məhkəmə tərəflərin izahatlarına, iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İlk növbədə məhkəmə qeyd edir ki, iddiaçı iddia tələbində tamamilə haqlıdır. Belə ki, iş materiallarında olan sənədlərdən (sığorta şəhadətnaməsi, aktlar və s.) və Qanunun tələbindən də görünür ki, zəlzələ sığorta hadisəsidir. Cavabdeh iddiaçıya ünvanladığı cavab məktubunda xx.xx.2022-ci il tarixdə baş vermiş zəlzələnin dağıdıcı qüvvəyə malik olmadığını bildirsə də iddia tərəfindən təqdim edilmiş fotoşəkillər və işin daha da obyektiv araşdırılması üçün məhkəmə tərəfindən təyin edilmiş ekspertiza bunun tamamilə əksini sübut edir. Belə ki, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 10/4761 nömrəli ekspert rəyinə əsasən Qazax rayonu, Çaylı kəndində yaşayış evinə xx.xx.2022-ci il tarixdə baş vermiş zəlzələdən ziyan çəkmiş evlər kimi qeydiyyata alındığını nəzərə alaraq, İddiaçı məxsus yaşayış evində yaranmış qüsurların zəlzələ nəticəsində yaranmağa xarakterik olduğu müəyyən edilmişdir. Həmçinin evə dəymiş ziyanın müəyyən edilməsi məqsədilə də məhkəmə tərəfindən əlavə ekspertiza təyin edilmiş və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 3-16- 16/2-10/9558 nömrəli ekspert rəyinə əsasən İddiaçı məxsus Qazax rayonu, Çaylı qəsəbəsində yerləşən fərdi yaşayış evin üzrə yerinə yetirilməli yenidənqurma və tikintitəmir işlərinin dəyəri bazar qiymətlərinə uyğun olaraq 14596 manat dəyərində müəyyən edilmişdir. Ekspert rəyləri nəzərdən keçirilərkən müəyyən olunur ki, rəylərin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud deyildir, cavabdeh bununla bağlı sübutlar təqdim etməmişdir. Məhkəmə izah edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Şərh olunanların məcmusuna əsaslanmaqla məhkəmə hesab edir ki, iddiaçıya ödəniləcək pulun 14446 manat həcmində müəyyənləşdirilməsi ədalətlidir. Belə ki, məhkəmə ekspert rəyini əsas tutaraq dəymiş ziyanın məbləğini 14596 manat olaraq qəbul edir. Lakin iş materiallarında olan RDS********** nömrəli Daşınmaz Əmlakın İcbari Sığorta Şəhadətnaməsinə əsasən İddiaçı məxsus Qazax rayonu, Çaylı kəndində yerləşən mənzilin sığorta məbləği 15000 manat, azadolma məbləği 150 manat müəyyən edilmişdir. Ona görə də məhkəmə hesab edir ki, 14596-150=14446 manat sığorta ödənişi, həmçinin iddia tələbi qismən təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 135 manat dövlət rüsumunun 67.50 manat hissəsi cavabdeh LPO Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən tutularaq İddiaçı ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi qismən təmin edildiyindən iş üzrə ekspertiza xərclərini təşkil edən 200 manat məbləğində pulun 100 manat hissəsi İddiaçı, 100 manat hissəsi cavabdeh LPO Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən tutularaq, büdcə təsnifatının kodu-142595, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS), X1, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına köçürülməlidir. Bundan başqa, MPM-in 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Həmçinin, məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh Ləğv prosesində olan Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən 14446 (on dörd min dörd yüz qırx altı) manat sığorta ödənişi (dəymiş ziyana görə) və 67.50 (altmış yeddi manat, əlli qəpik) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. İş üzrə ekspertiza xərclərini təşkil edən 200 (iki yüz) manat məbləğində pulun 100 (bir yüz) manat hissəsi İddiaçı, 100 (bir yüz) manat hissəsi cavabdeh Ləğv prosesində olan Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən tutularaq, büdcə təsnifatının kodu-142595, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS), X1, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemi vasitəsilə) Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Hakim Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar