Məhkəmə qərarları › İş №e-2(006)-855/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-855/2025

27.01.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-855/2025 27.01.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Həbibə Novruz qızının sədrliyi, məhkəmə iclasının katibi Xalıqova Məstanə Mətləb qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı borcun silinməsi tələbinə dair iddiası üzrə mülki işə Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçının tələbi: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında abonent kodu **********20021 olan abunəçinin "xxxx" MMC-yə olan 261.03 (iki yüz altmış bir manat, 03 qəpik) manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin iddia ərizəsində qeyd edilən halları: Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, O.Şabanov küçəsində yerləşən 2 saylı binanın 21 saylı mənzili İddiaçı xüsusi mülkiyyəti olub. Bəzi müəyyən səbəblərdən həmin mənzili 2021-ci ildə satmışdır. Mənzilin alqı-satqısı zamanı heç bir kommunal borcu olmayıb. Mənzilin yeni sahibi “ASAN” Kommunal mərkəzinə müraciət edib abonent kodunu (abonent kodu - **********20021) öz adına rəsmiləşdirmək istəyəndə, mərkəzdə ona bildiriblər ki, bu abonent kodunun ləğv edilmiş "xxxx" MMC-yə 261.03 manat borcu var və bu borc ödənilməsə, abonent kodunu onun adına rəsmiləşdirmək mümkün deyil. Aylıq təqdim edilən bildiriş qəbzlərində və ödəniş portallarında qalıq borc haqqında məlumat yoxdur. Odur ki, hazırkı iddia ilə məhkəməyə müraciət edərək məhkəmədən iddianın təmin edilməsi xahiş olunur. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmə ilasında iştirak edən İddiaçı iddia ərizəsini müdafiə edərək iddianın məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi X3 məhkəmə iclasında izahat verərək bildirdi ki, iddiaçının borcu BARMEK MMC-yə aid olan borcdur. Bu borc dondurulmuş borcdur. Borcun dondurulmasına baxmayaraq, ödənilməlidir. Odur ki, iddianın rədd barədə qətnamə çıxarılmasını xahiş etdi. İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar: "xxxx" ASC ilə İddiaçı xx.xx.2024-cü il tarixli müqavilənin surətindən görünür ki, tərəflər arasında Bakı şəhəri, Hövsan qəsəbəsi, O.Şabanov küçəsində yerləşən ev üçün elektrik ererjisinin alqı-satqı müqaviləsi bağlanmışdır. Abunə haqqından sənəddən (abonentin saldosundan) görünür ki, **********20021 saylı abonent İddiaçı 261.03 manat borc yazılmışdır. Bağlanan aktlar qrafasında xx.xx.2011-ci ildə 261.03 manat “Barmek” borcunun olması qeyd edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin 7-ci hissəsinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun: 13-cü maddəsinin 8-ci bəndində qeyd edilmişdir ki, dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır; 17-ci maddəsinin 1-ci bəndində qeyd edilmişdir ki, ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 02 fevral tarixli 18 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın: 7.6-cı bəndinə müvafiq olaraq, enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri - cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. 8.2-ci bəndinə görə, elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. 8.4-cü bəndinə müvafiq olaraq, enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən bu Qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir. 9.1-ci bəndinə əsasən, istehlakçı sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisi sərfi üzrə müqavilə göstəricilərinin və rejimlərin yerinə yetirilməsinə, sərf edilmiş elektrik enerjisi haqqının vaxtında ödənilməsinə və mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə, həmçinin X1 Agentliyinin nümayəndələrinin tələbnamələrinin vaxtında icra olunmasına görə məsuliyyət daşıyır. 9.10-cu bəndinə görə, istehlakçı sərf etdiyi elektrik enerjisinin haqqının vaxtında, müəyyən edilmiş tarif qiymətinə uyğun tam həcmdə ödənilməsini təmin etməlidir Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Məhkəmənin mövqeyi: Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, O.Şabanov küçəsində yerləşən 2 saylı binanın 21 saylı mənzilinə dair İddiaçı verilmiş abunə koduna "xxxx" MMC-nin fəaliyyəti dövründə 261,03 manat məbləğində borc hesablanmışdır. Abunə haqqında sənəddən, eyni zamanda, cavabdehin nümayəndəsinin məhkəmə iclasında verdiyi izahatdan müəyyən edilir ki, həmin borc ödənişi tələb olunmayan borclar qrafasına daxil edilmiş, yəni dondurulmuşdur. Bu borcun ödənilməsi isə yalnız abunə koduna ad dəyişikliyi edilən zaman və ya borcun olmamasına dair arayış verilərkən tələb olunur. Hazırda iddiaçı, adına olan abunə kodunda dondurulmuş borcun qalmasının hüquqlarının pozulması hesab edərək, əsassız yazılmış borcun silinməsini; cavabdeh tərəf isə borcun dondurulmasına baxmayaraq, ödənilməli olduğunu bildirərək, iddianın təmin edilməməsini məhkəmədən xahiş edirlər. Məhkəmə hesab edir ki, sərfiyyat borcu olduğu iddia edilən 261,03 manat məbləğində borcun xx.xx.2011-ci ildə tələb olunmayan borclar siyahısına daxil edilərək dondurulmasına baxmayaraq, abunə kodunun addan-ada keçirilməsi və ya borcun olmaması barədə arayışın verilməsi zamanı tələb edilməsi əsassızdır. Dondurulmuş və tələb edilməyən borclar siyahısına daxil edilmiş həmin borcun mövcudluğu iddiaçının hüquqlarını pozduğundan məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, "xxxx" MMC tərəfindən yazılmış 261,03 manat məbləğində borc (dondurulmuş) **********20021 nömrəli abunə hesabından silinməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. "xxxx" MMC tərəfindən yazılmış 261,03 (iki yüz altmış bir manat, üç qəpik) manat məbləğində borc (dondurulmuş) **********20021 nömrəli abunə hesabından silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, tərəflərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Həbibə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar