Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-946/2024 09.01.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Musayeva Vüsalə Vahid qızı, İddiaçı Cavabdeh qarşı «borcun ödənilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı «borcun ödənilməsi» tələbinə dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 19 dekabr 2022-ci il tarixli, BY002137 nömrəli nisyə satış müqaviləsi üzrə ödənilməmiş 1324 (bir min üç yüz iyirmi dörd) manat məbləğində borcun və 33,24 (otuz üç manat iyirmi dörd qəpik) manat ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı MMC-nin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı MMC iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 19 dekabr 2022-ci il tarixli, BY002137 nömrəli nisyə satış müqaviləsi və ona əlavələrə əsasən, satıcı İddiaçı MMC tərəfindən alıcı Cavabdeh dəyəri 2499 manat olan “X1 GPS + Cellular 49 mm Titanium” markalı malların satılması, cavabdeh tərəfindən ilkin olaraq 500 manatın ödənilməsi, qalan 1999 manatın isə müqaviləyə 1 saylı əlavəyə uyğun olaraq 09 ay müddətinə hissə-hissə ödənilməsi razılaşdırılmışdır. Tərəflər arasında bağlanmış 19 dekabr 2022-ci il tarixli, BY002137 nömrəli müqaviləyə 2 saylı əlavədən görünür ki, alıcı Cavabdeh xx.xx.2022-ci il tarixdə 1 ədəd “X1 GPS + Cellular 49 mm Titanium” markalı malı təhvil-təslim aktına imza etməklə qəbul etmişdir. Lakin cavabdeh müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirməmiş, ilkin ödəniş də daxil olmaqla cəmi 1175 manat məbləğində ödəniş etmiş, 19 dekabr 2022-ci il tarixli, BY002137 nömrəli müqavilə üzrə 29 noyabr 2023-cü il tarixinə 1324 manat məbləğində ödənilməmiş borcu qalmışdır. Cavabdehə qalıq borcun ödənilməsi, əks halda məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq göndərilmiş, lakin cavabdeh yenə də öz üzərinə düşən öhdəlikləri lazımi qaydada yerinə yetirməyərək, borcunu ödəməmişdir. Tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli nisyə satış müqaviləsinin 2.1.4-cü maddəsinə əsasən, “Alıcı” bu müqavilə üzrə ona verilmiş mal(lar)ın dəyərini vaxtında ödəmədikdə (lazımınca ödəmək öhdəliyini ən azı iki dəfə pozduqda), habelə bu müqavilə ilə müəyyən edilmiş hər hansı bir öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə, “Satıcı” bu müqaviləyə xitam verilib-verilməməsindən asılı olmayaraq borcun vaxtından əvvəl qaytarılmasını “Alıcı”dan tələb edə bilər. Məhkəmə tərəfindən cavabdehə iddiaçının tələbinə dair bildiriş göndərilmiş, lakin cavabdeh tərəfindən iddiaçının tələbinə dair münasibət bildirilməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmasını məqsədəuyğun hesab edir. İş materiallarında olan: xx.xx.2022-ci il tarixli (nisyə) alqı-satqı müqaviləsi, həmin müqaviləyə 1 saylı əlavə və ödəniş cədvəlindən görünür ki, İddiaçı MMC ümumi dəyəri 2499 manat təşkil edən “X1 GPS + Cellular 49 mm Titanium” markalı saatı 09 ay müddətinə, hər ay 225 manat (son ay 199 manat) ödəniş etmək şərti ilə Cavabdeh satmışdır. xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, İddiaçı MMC Cavabdeh borcu ödəməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə onu xəbərdar etmişdir. xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh İddiaçı MMC-yə xx.xx.2022-ci il tarixli müqavilə üzrə ümumilikdə ödənilməmiş 1324 manat əsas borcu vardır. xx.xx.2023-cü il tarixli, ********** saylı mədaxil qəbzinin surətindən görünür ki, iddiaçı tərəfindən 33,24 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli BY002137 saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, sonuncu, aldığı “X1 GPS + Cellular 49 mm Titanium” markalı saata görə qiyməti 09 ay müddətinə, hər ay 225 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. Həmin əşya satıcı tərəfindən cavabdehə təhvil verilmişdir. İddiaçı cavabdeh tərəfindən müqavilə üzrə borcunun yarandığını iddia edir və bu məbləği cavabdehdən tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra emədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə belə qənaətə gəlir ki, cavabdeh əşyanı qəbul etmiş, lakin müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi, yəni iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, 19 dekabr 2022-ci il tarixli, BY002137 nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə xx.xx.2023-cü il tarixinə yaranmış 1324 manat əsas borc və 33,24 manat ödənilmiş dövlət rüsumunun əvəzi Cavabdeh İddiaçı MMC-nin xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 284-1, 284-6, və 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 19 dekabr 2022-ci il tarixli, BY002137 nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə xx.xx.2023-cü il tarixinə yaranmış 1324 (min üç yüz iyirmi dörd) manat əsas borc və 33,24 (otuz üç manat iyirmi dörd qəpik) manat ödənilmiş dövlət rüsumunun əvəzi İddiaçı MMC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Vüsalə Musayeva
Məhkəmə qərarları › İş №e-2(006)-946/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-946/2024
09.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver