Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-955/2023 14.02.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Abidova Günay Çingiz qızı, İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «pul» tələbinə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh1 arasında xx.xx.2022-ci il tarixdə bağlanmış VİP 18571 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən, iddiaçı cavabdehə satış qiyməti 645 ABŞ dolları olan (ümumi məbləğ 645 ABŞ dolları) “Samsung A53 – 128 gb” markalı 1 (bir) ədəd mobil telefonu ödəniş qrafikinə əsasən nisyə satmışdır. Cavabdeh2 ilə xx.xx.2022-ci il tarixdə bağlanmış VİP 18571 saylı nisyə alqı-satqı müqaviləsinə xx.xx.2022-ci il tarixdə zamin durmuşdur. Cavabdeh ilə iddiaçı arasında həmin müqavilə bağlandıqdan sonra cavabdeh ilkin olaraq 105 ABŞ dolları ödəmişdir. Ödəmə qrafiki üzrə ödəməli olan pul məbləğini ödəməmiş və bununla da müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Həmin müqavilənin 3.5-ci bəndinə əsasən “alıcı” ödəniş gecikdirildiyi məcmu borcun 1%-i həcmində “satıcı”nın xeyrinə faiz ödəyir. Göstərilənlərə əsasən Cavabdeh1 ilə xx.xx.2022-ci il tarixdə bağlanmış VİP 18571 saylı nisyə alqı-satqı müqaviləsi və Cavabdeh2 ilə xx.xx.2022-ci il tarixdə bağlanmış VİP 18571 saylı zaminlik müqaviləsi üzrə ödənilməmiş 540 ABŞ dolları əsas (qalıq) borcun və ödənişin gecikdirildiyi hər gün üçün məcmu borcun 1 (bir) %-i həcmində 135 ABŞ dolları cərimə, cəmi 675 ABŞ dolları və 32 manat ödənilmiş dövlət rüsumu pulun İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iddia ərizəsinə dair mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - Mülki Prosessual Məcəllənin) 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfindən Mülki-Prosessual qanunvericiliyə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilsə də, cavabdeh iddiaya qarşı əsaslandırılmış etirazını məhkəməyə göndərməmişdir. Mülki Prosessual Məcəllənin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Mülki Prosessual Məcəllənin 284-5.2-ci maddəsinin tələblərinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli VİP18571 saylı nisyə alqı-satqı müqaviləsindən və müqaviləyə əlavə edilən ödəniş cədvəlindən görünür ki, İddiaçı MMC tərəfindən 645 ABŞ dolları dəyərində olan 1 (bir) ədəd “Samsung A53 – 128 gb” markalı mobil telefonu 105 ABŞ dolları ilkin ödəniş edilməklə Cavabdeh1 satılmış, Cavabdeh1 isə alınmış əşyanın əvəzində bu müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini hissə-hissə 12 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan İddiaçı MMC tərəfindən təqdim edilən xx.xx.2022-ci il tarixli məhsulun təhvil-təslim aktından görünür ki, İMEİ kodu **********84454, qiyməti 1098 AZN olan, “Samsung A53 – 128 gb” markalı 1 (bir) ədəd mobil telefonu İddiaçı MMC Cavabdeh1 təhvil vermişdir. İş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli VİP18571 saylı zaminlik müqaviləsindən görünür ki, zamin “Borclu” zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə “Satıcı”nın ilk tələbi ilə zaminliklə təmin edilmiş öhdəliyi 5 (beş) gün ərzində tamamilə icra etməli, zaminliklə təmin edilmiş öhdəlik üzrə əsas borc, faizlər, dəbbə pulu, borc tutulması üzrə məhkəmə xərcləri və “Borclu”nun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində “Satıcı”ya dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla “Satıcı” qarşısında “Borclu” ilə eyni həcmdə birgə məsuliyyət daşımalıdır. İş materiallarında olan İddiaçı MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli xx/xx-18839 nömrəli maliyyə arayışından görünür ki, Cavabdeh1 ilə xx.xx.2022-ci il tarixdə bağlanmış VİP 18571 saylı nisyə alqı-satqı müqaviləsi və Cavabdeh2 ilə xx.xx.2022-ci il tarixdə bağlanmış VİP 18571 saylı zaminlik müqaviləsi üzrə ödənilməmiş 540 ABŞ dolları məbləğində əsas (qalıq) borcun və ödənişin gecikdirildiyi hər gün üçün, məcmu borcun 1 (bir) %-i həcmində 135 ABŞ dolları cərimə, cəmi 675 ABŞ dolları borcu vardır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli xx/xx-18839 nömrəli son xəbərdalıqdan görünür ki, Cavabdeh1 xx.xx.2022-ci il tarixli VİP18571 saylı nisyə alqı-satqı müqaviləsi üzrə borcun ödənilməsi barədə İddiaçı MMC tərəfindən xəbərdar edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli xx/xx-18839 nömrəli son xəbərdalıqdan görünür ki, Cavabdeh2 xx.xx.2022-ci il tarixli VİP18571 saylı nisyə alqı-satqı müqaviləsi üzrə borcun ödənilməsi barədə İddiaçı MMC tərəfindən xəbərdar edilmişdir. İş materiallarında olan İddiaçı MMC tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, ərizənin verilməsinə görə 33.60 (otuz üç manat, altmış qəpik) manat rüsum ödənilmiş, 32 manat hissəsi köçürülmüşdür. Beləliklə, məhkəmə müəyyən etdi ki, İddiaçı MMC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən İddiaçı MMC tərəfindən 1 (bir) ədəd “Samsung A53 – 128 gb” markalı mobil telefon 105 ABŞ dolları ilkin ödəniş edildikdən sonra Cavabdeh1 satılmış, Cavabdeh1 isə alınmış əşyanın əvəzində bu müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini hissə-hissə 12 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı MMC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, VİP18571 saylı zaminlik müqaviləsinə əsasən sonuncu Cavabdeh1 xx.xx.2022-ci il tarixdə bağlanmış VİP 18571 saylı nisyə alqı-satqı müqaviləsi üzrə öhdəliklərinin icrasına zamin durmuşdur. Lakin Cavabdeh1 tərəfindən müqavilə üzrə öhdəliklər icra edilməmiş və nəticədə onun xx.xx.2022-ci il tarixli müqavilə üzrə 540 (beş yüz qırx) ABŞ dolları əsas borc, ödənişin gecikdirildiyi hər gün üçün məcmu borcun 1%-i həcmində 135 (bir yüz otuz beş) ABŞ dolları cərimə, cəmi 675 (altı yüz yetmiş beş) ABŞ dolları borcu yaranmışdır. Məhkəmə hesab edir ki, İddiaçı MMC-nin tələbi Cavabdeh1 münasibətdə əsas borc hissəsində təmin edilməli, cərimə borcuna gəldikdə isə qismən təmin edilməli, zamin Cavabdeh2 münasibətdə isə təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra - Mülki Məcəllənin) 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə iddia tələbinin cərimənin ödənilməsi hissəsi ilə əlaqədar qeyd edir ki, 135 ABŞ dolları cərimənin miqdarı tənasübsüz sürətdə yüksək kimi qiymətləndirilməli və həmin məbləğ 54 ABŞ dolları məbləğinədək azaldılmalıdır. Mülki Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Mülki Məcəllənin 601.2-ci maddəsində göstərilmişdir ki, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Belə ki, Mülki Məcəllənin 600.2-ci maddəsinə əsasən əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Mülki Məcəllənin 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Mülki Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Mülki Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Öhdəliklərin icrasının təmin edilməsinin əsas üsullarından biri kimi zaminlik çıxış edir. Mülki Məcəllənin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1, 470.2 və 471-ci maddələrinin şərh edilməsinə dair” 2012-ci il 4 sentyabr tarixli Qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 470.2-ci maddəsinin “gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi” müddəası zaminin əvvəlcədən razılaşdırılmış əsas borca dair gələcəkdə yaranacaq öhdəliyə zamin durması kimi başa düşülür. Mülki Məcəllənin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Beləliklə, Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda göstərilən Qərarına və Mülki Məcəllənin 472.1-ci maddəsinə əsaslanaraq belə nəticəyə gəlmək olar ki, zamin zaminlik müqaviləsi bağlandığı andan öz üzərinə öhdəlik götürmüş olur, lakin bu öhdəlik üzrə zaminin məsuliyyəti borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə yaranır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Qərarına görə Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1, 470.2 və 471-ci maddələrinin şərh edilməsinə dair” 2012-ci il 4 sentyabr tarixli Qərarında qeyd etmişdir ki, zaminlik müqaviləsi məhz əsas öhdəliyin icrasını təmin edən üsullardan biri olduğundan belə müqavilədə zaminliklə təmin edilən əsas öhdəliyin müəyyən olunması və ya müəyyən edilə bilməsi mümkün olmalıdır. Buna müvafiq olaraq zaminlik müqaviləsində aşağıdakılar göstərilməlidir:
1. hansı əsas müqaviləyə dair zaminlik yaranır (müqavilənin tərəfləri, tarixi və nömrəsi göstərilməklə);
2. əsas öhdəliyin (borclunun kreditor qarşısında öhdəliyinin) həddi barədə göstəriş. Zaminliklə təmin edilmiş öhdəliyin konkret məbləğinin müqavilədə göstərilməsi mühüm şərtlərdən biridir və zaminin qanuni maraqlarını qorumaq məqsədi daşıyır. Zaminin razılığı alınmadan bağlanmış kredit müqavilələrində nəzərdə tutulmuş öhdəliyin konkret həcmi kredit xətti müqaviləsi ilə müəyyən edilmiş ümumi məbləğ və müddət həddində olmalıdır. Kredit xətti müqaviləsində faiz dərəcəsi göstərilmədikdə bağlanmış kredit müqavilələrində faiz dərəcəsi barədə zaminin razılığı alınmalıdır. Belə razılığın olmaması zaminin məsuliyyətinin artması kimi qiymətləndirilməlidir. Zaminin məsuliyyətinin artması və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olma faktının müəyyən edilməsi zamanı tərəflərin qanuni maraqlarının nəzərə alınması zəruridir. Məhkəmələr nəzərə almalıdırlar ki, qeyd edilən normanın məqsədi zaminliyin xitamı üçün əsassız üstünlük imkanının yaradılması deyil, əsas öhdəliyin əlverişsiz dəyişikliklərindən zaminə hüquqi müdafiə imkanının yaradılmasıdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, İddiaçı MMC ilə cavabdeh-borclu Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli VİP 18571 saylı nisyə alqı-satqı müqaviləsində tərəflər razılaşdırmışlar ki, borclu aldığı “Samsung A53-128gb” markalı 1 (bir) ədəd mobil telefona görə ödəniş qrafikinə əsasən müəyyən edilmiş pulu 12 ay müddətində, yəni xx.xx.2023-cü il tarixinə qədər qaytarmalıdır. Lakin İddiaçı MMC ilə digər cavabdeh-zamin Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli VİP 18571 saylı zaminlik müqaviləsində zaminliklə təmin edilmiş öhdəliyin predmeti və həmin predmetin konkret məbləği, müddəti müqavilədə göstərilməmişdir. Həmçinin zaminlik müqaviləsində zamin Cavabdeh2 hansı müddətə bağlanmış nisyə alqısatqı müqaviləsinə zamin durması, zaminin nisyə alqı-satqı müqaviləsi və həmin müqavilənin predmeti olan əşyanın hissə-hissə alqı-satqısını təsdiq edən ödəniş cədvəli ilə tanış edilməsinə dair hər hansı bir qeydin olması müəyyən edilmir. Bu hal zaminin hüquqlarının pozulması hesab edilir. Belə olan halda məhkəmə hesab edir ki, xx.xx.2022-ci il tarixli VİP 18571 saylı zaminlik müqaviləsi qanunla müəyyən edilmiş qaydada bağlanmadığından, İddiaçı MMC-nin cavabdehzamin Cavabdeh2 münasibətdə iddiası təmin edilməməlidir. Beləliklə, məhkəmə mülki qanunvericiliyin yuxarıda qeyd edilən normalarını nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh1 xx.xx.2022-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 540 (beş yüz qırx) ABŞ dolları əsas borc və 54 (əlli dörd) ABŞ dolları cərimə borcu olmaqla, cəmi 594 (beş yüz doxsan dörd) ABŞ dolları tutularaq (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə) İddiaçı MMC-yə verilməli, iddia qalan hissədə təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə bağlı məhkəmə belə qənaətə gəlir ki, iddia qismən təmin edildiyindən, iş üzrə ödənilmiş 32 (otuz iki) manat dövlət rüsumunun 28 (iyirmi səkkiz) manat hissəsi Cavabdeh1 alınaraq İddiaçı MMC-yə ödənilsin, qalan 4 (dörd) manat hissəsi isə İddiaçı MMC-yə aid edilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia qismən təmin edilsin. Cavabdeh1 xx.xx.2022-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 540 (beş yüz qırx) ABŞ dolları əsas borc və 54 (əlli dörd) ABŞ dolları cərimə borcu olmaqla, cəmi 594 (beş yüz doxsan dörd) ABŞ dolları tutularaq (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə) İddiaçı MMC-yə verilsin. Ödənilmiş 32 (otuz iki) manat dövlət rüsumunun 28 (iyirmi səkkiz) manat hissəsi Cavabdeh1 alınaraq İddiaçı MMC-yə ödənilsin, qalan 4 (dörd) manat hissəsi isə İddiaçı MMC-yə aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Günay Abidova