Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-957/2025 13.01.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Əfsanə Elbrus qızı, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “alqı-satqı müqaviləsi üzrə yaranmış borcun ödənilməsi” tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, APPLE MACBOOK AİR 13 kompüter üçün 2255 (iki min iki yüz əlli beş) manat ödənilməmiş hissə, 225 (iki yüz iyirmi beş) manat cərimə; xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, APPLE 2 ADAPTER, İmei kod **********86255 İPHONE 11 markalı telefoünçün 325.09 (üç yüz iyirmi beş manat doqquz qəpik) manat ödənilməmiş hissə, 32.91 (otuz iki manat doxsan bir qəpik) manat cərimə, ümumilikdə 2838 manat borc, 48.38 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2024-cü il, xx.xx.2023-cü il tarixli müqavilələrə əsasən APPLE MACBOOK AİR 13 kompüter, APPLE 2 ADAPTER, İmei kod **********86255 İPHONE 11 markalı telefon almış və nəticədə 2838 (iki min səkkiz yüz iyirmi səkkiz) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2024-cü il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 2950 (iki min doqquz yüz əlli) manat (12 ay x 205 manat + 490 manat ilkin ödəniş) olan APPLE MACBOOK AİR 13 kompüter üçün ümumilikdə, 2480 (iki min dörd yüz səksən ) manat olmaqla ondan, 2255 (iki min iki yüz əlli beş) manat ödənilməmiş hissə, güzəşt olunaraq 225 (iki yüz iyirmi beş) manat cərimə; xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 2417.91 (iki min dörd yüz on yeddi manat doxsan bir qəpik) manat (18 ay x 131.04 manat + 59.19 manat ilkin ödəniş) olan APPLE 2 ADAPTER, İmei kod **********86255 İPHONE 11 markalı telefon üçün ümumilikdə, 358 (üç yüz əlli səkkiz) manat olmaqla ondan, 325.09 (üç yüz iyirmi beş manat doqquz qəpik) manat ödənilməmiş hissə, güzəşt olunaraq 32.91 (otuz iki manat doxsan bir qəpik) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 2787.82 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2024-cü il, xx.xx.2023-cü il tarixli müqavilənin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdiyimiz xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsəkdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Məhkəmə ərizəyə dair mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş və mülki-prosessual qanunvericiliyin tələblərinə əsasən cavabdehə bu barədə rəsmi qaydada bildiriş göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Müvafiq bildiriş cavabdehə göndərilsə də, o, iddiaya qarşı əsaslandırılmış etirazını məhkəməyə təqdim etməmişdir. MPM-nin 284-5.2-ci maddəsinin tələblərinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Əsaslandırıcı hissə: İddia qismən təmin edilməlidir. İşin məhkəmə tərəfindən müəyyən edilən hallarından görünür ki, tərəflər arasında hissə-hissə ödəmə şərti ilə, malın alqı-satqısı müqaviləsinin bağlanmasından irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Müqavilə isə öhdəliyin əmələ gəlmə əsaslarından biridir. İş materiallarında olan: İddiaçı ilə Cavabdeh arasında xx.xx.2024-cü il tarixdə ümumilikdə dəyəri 2950 manat olan APPLE MACBOOK AİR 13 kompüter və xx.xx.2023-cü il tarixdə ümumilikdə dəyəri 2417.91 manat olan APPLE 2 ADAPTER, İmei kod **********86255 İPHONE 11 markalı telefon alqı-satqısına dair müqavilələr bağlanılmışdır. Tərəflər arasında bağlanmış müqaviləyə əsasən “Ödəniş cədvəli” üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-dək həcmində “Müştəri” mübahisəsiz olaraq penya ödəyir. İddiaçının cərimə borcu üzrə tələb etdiyi məbləğ 225 manat və 32.91 manat təşkil edir. Təhvil-təslim aktlarına APPLE MACBOOK AİR 13 kompüter və APPLE 2 ADAPTER, İmei kod **********86255 İPHONE 11 markalı telefon tam qüsursuz halda təhvil verilmişdirlər. xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh borcunu ödəmədiyi təqdirdə aidiyyəti üzrə dövlət qurumuna müraciət ediləcəyi barədə xəbərdar edilmişdir. Ödəniş qəbzindən (№**********) görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 48.38 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə yuxarıda qeyd edilən malın alqı-satqısına dair müqaviləsinə əsasən satıcı (iddiaçı) müqavilə predmetini alıcıya (cavabdehə) verməyi, cavabdeh isə müqavilədə müəyyən edilən ödəmə cədvəli üzrə malın qiymətini ödəməyi öz öhdəsinə götürmüşdür. Satıcı malı alıcıya vermək vəzifəsini icra etsə də, alıcı həmin malı ödəmək üzrə vəzifəsini icra etməmiş və 05 noyabr 2024-cü il tarixli maliyyə və ödəniş cədvəlinə əsasən onun tərəf olduğu xx.xx.2024-cü il tarixli müqaviləsinə əsasən 2255 manat əsas, 225 manat cərimə, xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən, 325.09 manat əsas, 32.91 manat cərimə olmaqla ümumilikdə 2838 manat borcu yaranmışdır. İddia tələbi ilə əlaqədar məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Mülki Məcəllənin (bundan sonra - MM) 567, 568.1 və 597.1-ci maddələrinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə, alıcı isə əşyanı alqı-satqı müqaviləsində nəzərdə tutulmuş qiymətlə ödəməyə borcludur. MM-nin 601.1 və 600.4-cü maddələrinə görə əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Cavabdeh müəyyən olunmuş qrafik əsasında ödənişləri vaxtında həyata keçirməməklə, MM-nin 425.1-ci maddəsinin tələblərini pozaraq, müqavilə üzrə öhdəliyini lazımınca icra etməmişdir. Yəni vicdanlılığın tələb etdiyi tərzdə - şərtləşdirilmiş vaxtda lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməyərək, öhdəliyi vaxtında icra etməmişdir (MM, maddə 442). Halbuki tərəflər müəyyən nəticələrə nail olmaq üçün öhdəlik hüquq münasibətlərinə daxil olurlar və öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (MM, maddə 385.1). Beləliklə, qeyd edilən müqavilə üzrə iddiaçı cavabdehdən əşyanın ödənilməsini tələb etmək üzrə subyektiv hüquqa malikdir. Cavabdeh isə müqavilə üzrə üzərinə düşən öhdəliyi icra etməməklə, iddiaçının bu hüququnu pozmuşdur. Belə ki, alqı-satqı müqaviləsi müəyyən qiymət müqabilində əmlakın əvəzli özgəninkiləşdirilməsini nəzərdə tutur və satıcı tərəfindən əmlakın verilməsi, alıcı tərəfindən qarşılıqlı olaraq müqavilə qiymətinin ödənilməsini şərtləndirir. Cavabdeh öz müqavilə öhdəliyini icra etmədiyindən, MPM-nin 4.1-ci maddəsinə əsasən iddiaçının, qanunla qorunan hüququnun və marağının təmin edilməsi üçün məhkəmə müdafiəsindən istifadə etmək hüququ yaranmışdır. MM-nin 462.1, 462.3 və 467-ci maddələrinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə hesab edir ki, iddiaçı dəbbə pulunun ödənilməsini tələb etmək hüququna malikdir və əsas borc və dəbbə pulunun nisbəti nəzərə alınmaqla xx.xx.2024-cü il tarixlərində bağlanmış müqavilə üzrə 50 manat, xx.xx.2023-cü il tarixlərində bağlanmış müqavilə üzrə 10 manat məbləğində dəbbə pulunun tutulması daha ağlabatan və ədalətlidir. Beləliklə məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh tərəf olduğu xx.xx.2024-cü il tarixli müqaviləsinə əsasən yaranmış əsas borc üzrə 2255 manat, cərimə borcu üzrə 50 manat, xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən yaranmış əsas borc üzrə 325.09 manat, cərimə borcu üzrə 10 manat, ümumilikdə 2640,09 (iki min altı yüz qırx manat, doqquz qəpik) manat borc və 48,38 manat ödənilmiş dövlət rüsumu məbləğində pul tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. MPM-nin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Nəticə hissəsi: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220 və 284-5.3-cü maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2024-cü il tarixli müqaviləsinə əsasən yaranmış əsas borc üzrə 2255 manat, cərimə borcu üzrə 50 manat, xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən yaranmış əsas borc üzrə 325.09 manat, cərimə borcu üzrə 10 manat, ümumilikdə 2640,09 (iki min altı yüz qırx manat, doqquz qəpik) manat borc və 48,38 manat ödənilmiş dövlət rüsumu məbləğində pul Cavabdeh tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №e-2(006)-957/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-957/2025
13.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver