Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-981/2025 30.01.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi ilə, İddiaçı Azərbaycan Respublikasının Müdafiə Nazirliyi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı "vurulmuş maddi ziyan və mənəvi zərərin ödənilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: 1.İddiaçı Azərbaycan Respublikasının Müdafiə Nazirliyi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı "vurulmuş maddi ziyan və mənəvi zərərin ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 2.Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1986-cı il tarixdə Göygöl rayonunda doğulmuşdur. İddiaçı 2004-cü ilin avqust ayında Heydər Əliyev adına Ali Hərbi Məktəbinə qəbul olunmuş, 2008-ci ilin iyul ayında bu Məktəbi leytenant hərbi rütbəsinə yiyələnməklə bitirmişdir. Bundan sonra Silahlı Qüvvələrin Təlim-Tədris Mərkəzində 1 il ərzində zabit ixtisas kursu keçmiş və 2009-cu ilin iyul ayında Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinə tağım komandiri vəzifəsinə təyinat almışdır. 2016-cı ilin avqust ayında Müdafiə Nazirliyinin Tərtər rayonu ərazisində yerləşən N nömrəli hərbi hissəsinin 2-ci taborunun 4cü bölüyünün komandiri vəzifəsinə, həmin ilin dekabr ayında isə eyni hərbi hissənin 4-cü taborunun 12-ci bölüyünün komandiri vəzifəsinə təyin edilmişdir. Hazırda xidmətini Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində mayor hərbi rütbəsində davam etdirir. 07 may 2017-ci il tarixdə Azərbaycan Respublikasının Baş Prokurorluğu, Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidməti birgə bəyanatla çıxış etmişdir. Bəyanatda göstərilmişdir ki, “Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyat və xüsusi xidmət orqanları tərəfindən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Tərtər rayonu istiqamətində yerləşən bölmələrinə və yaşayış məntəqələrimizə qarşı genişmiqyaslı təxribat fəaliyyətinin həyata keçirilməsinin planlaşdırıldığı barədə əldə edilmiş məlumat əsasında aparılmış tədbirlər nəticəsində müəyyən olunub ki, xalqına, vətəninə və dövlətinə xəyanət yolunu tutan iradəsizəif, vətəndaşlıq ruhunu və vətəninə bağlılığını itirmiş bir qrup hərbi qulluqçular və digər mülki şəxslər Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə zidd olaraq düşmən kəşfiyyatçıları ilə məxfi əməkdaşlığa cəlb edilərək müxtəlif vaxtlarda maddi maraqları naminə hərbi sirr təşkil edən məlumatları əldə etməklə düşmən tərəfinə ötürüblər”. Sonradan mətbuatda və sosial şəbəkələrdə çoxsaylı hərbi qulluqçuların və onların ailə üzvlərinin şərti olaraq “Tərtər işi” adlandırılan və yuxarıda qeyd edilən bəyanatda nəzərdə tutulmuş cinayət işlərinin gedişində ağır işgəncələrə, qeyri-insani rəftara, qanunsuz və əsassız dindirmələrə və digər qanunsuz əməllərə məruz qalması ilə bağlı şikayətləri yayılmağa başlamış, müxtəlif hüquq-mühafizə orqanlarına və dövlət qurumlarına ərizələr ünvanlanmış, ictimai etirazlar təşkil olunmuşdur. 18 dekabr 2021-ci il tarixdə Azərbaycan Respublikasının Baş Prokurorluğu, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizlik Nazirliyi birgə məlumatla çıxış etmişdir. Həmin məlumatda bildirilmişdir ki, Müdafiə Nazirliyinin Tərtər, Ağdam, Beyləqan rayonları istiqamətində yerləşən hərbi hissələrində yol verilmiş qanunazidd əməllərlə bağlı icraat təzələnmişdir. Bununla da şərti olaraq “Tərtər işi” adlandırılan hadisələrin yenidən araşdırılmasına başlanılmışdır. Aparılmış istintaq hərəkətləri nəticəsində çoxsaylı hərbi qulluqçular, o cümlədən hazırkı iş üzrə iddiaçı zərərçəkmiş şəxs qismində tanınmış, cinayət işləri baxılması üçün aidiyyəti üzrə Bakı Hərbi Məhkəməsinə göndərilmişdir. Bakı Hərbi Məhkəməsinin 1-1(093)-7/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmü ilə müəyyən edilmişdir ki, X1 xx.xx.2016-ci il tarixdən etibarən Müdafiə Nazirliyinin İ Ordu Birləşməsinin tərkibində olan Tərtər rayonunun ərazisində yerləşən 057 nömrəli əlahiddə kəşfiyyat taborunun xüsusi təyinatlı kəşfiyyat bölüyünün kəşfiyyat qrupunun komandiri vəzifəsində leytenant hərbi rütbəsində həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi vəzifəli şəxs olaraq İ Ordu Birləşməsinin tabeliyində olmuş hərbi hissələrdə düşmənlə əməkdaşlıq etmələrinə şübhə olan hərbi qulluqçuların müəyyənləşdirilərək əvvəlcədən müəyyən edilmiş yerlərdə onlara müxtəlif işgəncələr verməklə, eləcə də həmin şəxslərə qarşı qeyri-insani, ləyaqəti alçaldan hərəkətlər edib həqiqətə uyğun olmayan etirafedici ifadələr almaq yolu ilə gələcəkdə cinayət məsuliyyətinə cəlb edilmələrini təmin etməklə özlərini yuxarı komandanlıq qarşısında qarşıya qoyulan tapşırıqları bacarıqla yerinə yetirən və vəzifələrinin öhdəsindən layiqincə gələ bilən zabit və vəzifəli şəxs kimi göstərmək, həmçinin cinayət törətmiş şəxsləri ifşa etmək və etirafa gətirmək bacarığına malik olmaqla, dövlətin təhlükəsizliyi əleyhinə törədilmiş ağır və xüsusilə ağır cinayət hadisələrinin açılmasında, yəni cinayət törətmiş şəxslərin müəyyən edilməsində xüsusi xidmətlərinin olması görüntüsünü yaratmaq və buna görə nüfuz qazanmaq, gələcəkdə vəzifədə irəli çəkilmək və mükafatlandırılmağa nail olmaq məqsədi ilə yaradılmış mütəşəkkil dəstəyə yuxarı komandanlıq tərəfindən cəlb olunaraq N saylı hərbi hissənin əlbəyaxa döyüş üzrə təlimatçısı, gizir X6, kəşfiyyat müşahidə bölüyünün vizual müşahidə tağım komandirinin müavini, gizir X2, taborun kəşfiyyat bölüyünün baş çavuşu, gizir X9 və qeyriləri ilə mütəşəkkil dəstədə birləşib xx.xx.2017-ci il tarixdən xx.xx.2017-ci il tarixədək olan müddət ərzində mütəşəkkil dəstənin ümumi cinayətkar niyyətinə və əvvəlcədən əldə olunan razılaşmaya əsasən, dəstə tərkibindəki ona həvalə olunmuş funksional vəzifə bölgüsünə uyğun olaraq Müdafiə Nazirliyinin İ Ordu Birləşməsinin tabeliyində olan müxtəlif hərbi hissələrin düşmənlə məxfi əməkdaşlıqda şübhəli bilinən hərbi qulluqçularının cinayət məsuliyyətinə cəlb edilmələri üçün özü və daxil olduğu dəstənin digər üzvləri tərəfindən N saylı hərbi hissənin Tərtər rayonu, Şıxarx qəsəbəsində yerləşən inzibati binalarında, N saylı hərbi hissənin Yevlax rayonu, Aran qəsəbəsində yerləşən köhnə inzibati binalarında, Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsinin Bakı və Bərdə Qarnizonlarının hauptvaxtlarında, həmçinin Ağcabədi rayonunun Sarıcalı kəndində yerləşən N nömrəli hərbi hissəsində (hospital) və Bakı şəhəri Nəsimi rayonu Ceyhun Səlimov küçəsi 3 ünvanında yerləşən Silahlı Qüvvələrin Baş klinik hospitalında həyata keçirilən qanunsuz sorğu-sual və saxlanılma proseslərinə mütəşəkkil dəstəyə rəhbərlik edən şəxs tərəfindən cəlb edilərək Azərbaycan Respublikasının qanunvericiliyinin, o cümlədən Cinayət Prosessual Məcəlləsinin, habelə Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.2014-cü il tarixli, 26 №-li qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidməti araşdırmaların və cinayət əlamətləri olan hadisələr üzrə təhqiqatın aparılması Qaydaları”nın, xx.xx.2014-cü il tarixli, 72 №-li qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Silahlı Qüvvələrində hüquqi iş üzrə Təlimat”ın və digər rəhbəredici sənədlərin tələblərinə əsasən, yuxarı komandanlıq tərəfindən ilkin təhqiqat aparmaqla bağlı ona həvalə olunmuş prosessual şəxs kimi Cinayət Prosessual Məcəlləsinin 86-cı maddəsinin tələbinə görə təhqiqatçı olaraq təhqiqat aparmaqla cinayət təqibi həyata keçirmək və ya cinayət törətməkdə şübhəli hesab etdikləri şəxsləri çağırıb törədilməsi ehtimal olunan cinayət hadisələri ilə bağlı sorğu-sual etmək kimi faktiki vəzifələrini icra edərkən heç bir halda onlara qarşı fiziki və pisixi zor tətbiq etmək səlahiyyətlərinin olmamasına baxmayaraq, yuxarı komandanlıq qarşısında nüfuz qazanmaq, özünü xidməti vəzifələrini layiqli şəkildə icra edən hərbi qulluqçu kimi göstərmək və gələcəkdə vəzifədə irəli çəkilmək kimi məqsədlərə nail olmaq üçün mütəşəkkil dəstə tərkibində silah tətbiq olunmaqla ağır nəticələrə səbəb olan təkrarən qulluq səlahiyyətini aşmış, düşmən hərbi qulluqçuları ilə əlaqələrinin olmasını etiraf etdirmək, eləcə də şübhəli bilindiyi əmələ görə cəzalandırmaq məqsədilə Müdafiə Nazirliyinin İ Ordu Birləşməsinin tabeliyində olan müxtəlif hərbi hissələrin bir qrup hərbi qulluqçularının xx.xx.2017-ci il tarixdən xx.xx.2017-ci il tarixədək mütəşəkkil dəstə tərəfindən əvvəlcədən planlaşdırılmış qaydada Müdafiə Nazirliyinin N və N nömrəli hərbi hissələrinin qeyd edilən ərazilərdə yerləşən inzibati binalarındakı otaqlarda, Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsinin Bakı və Bərdə Qarnizonlarının hauptvaxtlarında, həmçinin Ağcabədi rayonunun Sarıcalı kəndində yerləşən N nömrəli hərbi hissəsində (hospital) və Bakı şəhəri Nəsimi rayonu Ceyhun Səlimov küçəsi 3 ünvanında yerləşən Silahlı Qüvvələrin Baş klinik hospitalında onların mütəşəkkil dəstə tərkibində törədilməklə həyatı və sağlamlıqları üçün təhlükəli olan zor tətbiq edərək silah və silah qismində istifadə edilən əşyalardan istifadə edib həmin müddət ərzində normal yaşamaları üçün tələb olunan qidadan və digər zəruri şəraitdən məhrum etməklə qanunsuz saxlayaraq, eyni zamanda iradələrini qıraraq onlara müxtəlif bədən xəsarətləri yetirməklə, zərərçəkmiş şəxslərin və onların yaxın qohumlarının cəmiyyətdə mövcud nüfuzunu reallığı əks etdirməyən məlumatların yayılması formasında aşkarcasına alçaltmaqla, əlnəmşüd“ əməkdaşlıq edən hərbi qulluqçu” kimi “vətən xaini” adı ilə “ləkələməklə”, bu ada görə onların uzun müddət cəmiyyətdən təcrid, həmçinin qanunsuz və əsassız vəzifələrindən azad olunmalarına, əsassız cinayət məsuliyyətinə cəlb edilmələrinə, eyni zamanda sağlamlıqlarında uzun müddət davam edən fərdi psixi pozuntuların yaranmasına və bu kimi digər ağır nəticələrə səbəb olan ikidən artıq şəxsi adam oğurluğu ilə bağlı olmayan təkrarən qanunsuz azadlıqdan məhrum etmiş, mütəşəkkil dəstə tərkibində törədilməklə yuxarı komandanlıq tərəfindən ilkin təhqiqat aparmaqla bağlı ona həvalə olunmuş faktiki xidməti vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar dövlət orqanının vəzifəli şəxsi qismində çıxış edən şəxs kimi dəstəyə rəhbərlik edən şəxsin təhriki və göstərişi ilə qanunsuz sorğusual prosesinə cəlb edilmiş hərbi qulluqçulara bədənlərinin müxtəlif nahiyyələrinə xüsusi əşya və ya vasitələrdən istifadə edib qəddar, qeyri-insani, ləyaqəti alçaldan rəftara məruz qoymaqla həyat və sağlamlıqları üçün təhlükəli olan zor tətbiq edib sağlamlığa az ağır və ağır zərər vuran xəsarətlər yetirib təkrarən işgəncə vermiş, mütəşəkkil dəstə tərkibində qəsdən şəxsin sağlamlığına insan həyatı üçün təhlükəli olan zərər vurmaqla ağır xəsarət yetirməsi ehtiyatsızlıqdan onun ölümünə səbəb olmuşdur. Adları qeyd edilən və qeyrivəzifəli şəxslərin əməlləri nəticəsində zərərçəkmiş şəxslərdən biri də hazırkı iş üzrə iddiaçı olmuşdur. Belə ki, 10 may 2017-ci il tarixdə axşam saatlarında dəstənin digər üzvləri tərəfindən fiziki və psixi zor tətbiq edilərək işgəncə verilməklə sorğu-sual edilməsi üçün N nömrəli hərbi hissənin Yevlax rayonu Aran qəsəbəsində yerləşən inzibati binasına həmin hərbi hissənin Yevlax rayonu Aran qəsəbəsində yerləşən inzibati binasına yerləşdirilmiş, N nömrəli hərbi hissənin 4-ci taborunun bölük komandiri vəzifəsində, kapitan hərbi rütbəsində xidmətdə olan İddiaçı barəsində düşmənlə əməkdaşlıq şübhəsi faktı ilə bağlı təhqiqatı qanunvericilikdə qadağan olunmayan qaydada aparmalı olduğu halda mütəşəkkil dəstəyə rəhbərlik edən şəxslərin verdiyi tapşırıqlara uyğun olaraq digər dəstə üzvləri xx.xx.2017-ci il tarixdən xx.xx.2017-ci il tarixədək N nömrəli hərbi hissənin Yevlax rayonu Aran qəsəbəsində yerləşən inzibati binasında, xx.xx.2017-ci il tarixdən xx.xx.2017-ci il tarixədək Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsinin Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsində yerləşən Bakı qarnizonu hauptvaxtında İddiaçı düşmən hərbi qulluqçuları və ya xüsusi xidmət orqanları ilə əlaqələrinin olması ilə bağlı etirafedici ifadələr almaqdan ötrü qəddar, qeyri-insani, ləyaqəti alçaldan rəftar və hərəkətlər, yəni günün müxtəlif saatlarında, müəyyən fasilələr verilməklə, davamlı şəkildə, qeyd edilən yerdə, əllərini arxadan, habelə ətrafda baş verənləri görməməsi üçün əski parçasını gözünün üstünə salıb lentlə bağlamaqla sərbəst hərəkət etməsini məhdudlaşdıraraq bədəninin müxtəlif nahiyələrinə yumruq, sillə və təpiklə dəstə üzvləri çoxsaylı zərbələr vurmuş, digər ağır formada fiziki və psixizor tətbiq etməklə işgəncə vermiş, əvvəlcədən müəyyən olunmuş cinayətkar məqsədə nail ola bilmədikdə, qanunsuz əməllərini davam etdirərək dəstənin məqsədlərinə xidmət edən həqiqətə uyğun olmayan əlavə məlumatlar almaq, daha çox “vətən xaini” ifşa etmək, habelə törətdiyi əməllərə görə ondan qisas alınmasından ötrü mütəşəkkil dəstənin cinayətkar məqsədlərinə nail olmaq məqsədilə xx.xx.2017-ci il tarixdən xx.xx.2017-ci il tarixədək N nömrəli hərbi hissənin Yevlax rayonu Aran qəsəbəsində yerləşən inzibati binasında vəzifəli şəxs kimi dəstə üzvləri ilə birlikdə xidməti silahlardan istifadə edərək mütəşəkkil dəstə tərkibində silah tətbiq olunmaqla İddiaçı hüquqlarının kobud şəkildə pozulmasında ifadə olunan ağır nəticələrə səbəb olan təkrarən qulluq səlahiyyətini aşaraq qida, su və digər təbii ehtiyacların ödənilməsini məhdudlaşdırıb ac, susuz saxlayıb, habelə gündüz saatlarında günün qızmar vaxtında günəş şüaları altında sıra meydanında əsassız olaraq sıra hazırlığı keçib fiziki hərəkətlər etməsini tələb edib, yemək saatlarında qəsdən vaxtı məhdudlaşdıraraq psixi təzyiq göstərməklə, o cümlədən mütəmadi olaraq etiraf etmədiyi halda saxlandığı yerdən çıxa bilməyəcəyini bildirməklə və şəxsiyyətinin ifrat dərəcədə alçaldılmasında əks olunan psixi iztirablar verilməklə, ümumilikdə 10 may 2017ci il tarixdən 21 iyun 2017-ci il tarixədək, cəmi 42 gün müddətində mütəşəkkil dəstə tərəfindən törədilməklə iradəsinə zidd olaraq əlləri və gözləri bağlı vəziyyətdə dəstə üzvləri ilə birlikdə xidməti silahdan və silah kimi istifadə edilən əşyalardan istifadə edilməklə kobud şəkildə konstitusion hüquqlarının pozulmasında ifadə olunan, yəni İddiaçı və onun yaxın qohumlarının cəmiyyət arasında mövcud nüfuzunu reallığı əks etdirməyən məlumatların yayılması formasında aşkarcasına alçaltmaqla sonuncunu əlnəmşüd“ əməkdaşlıq edən hərbi qulluqçu” kimi “vətən xaini” adı ilə “ləkələməklə” ordu sıralarından qanunsuz və əsassız təxris olunmasından irəli gələn ağır nəticələrə səbəb ikidən artıq şəxsi adam oğurluğu ilə bağlı olmayan təkrarən qanunsuz azadlıqdan məhrum etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2024-cü il tarixli qərarı ilə təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin 341-ci maddəsi ilə verilmiş ittihama xitam verilmiş, təqsirləndirilən şəxslərin hər birinin cəzası 3 ay müddətinə azadldılmışdır. Bakı Hərbi Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü digər hissələrdə dəyişdirilmədən saxlanılmışdır. İddiaçı ona qarşı cinayət əməlləri törədildikdən sonra ali hərbi təhsil almış, uzun illər hərbi xidmətdə olmuş bir zabit kimi xidmətini davam etdirmək istəsə də, ona bu imkan verilməmiş, 2017-ci ilin iyul ayında “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə (öz arzusu ilə) əsasən ehtiyata buraxılmışdır. Halbuki, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 15-ci maddəsinin tələblərinə görə, həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatmayan hərbi qulluqçuların vaxtından əvvəl ehtiyata buraxılması hərbi qulluqçunun öz arzusu ilə yalnız zabit heyəti vəzifələrində xidmət təqvim hesabı ilə azı 10 il xidmət etmiş kadr zabitlərə mümkündür. İddiaçının isə zabit heyəti vəzifəsində xidməti 2008-ci ilin iyul ayında etibarən başlanmış və 2017-ci ilin iyul ayında, yəni ehtiyata buraxılarkən zabit heyəti vəzifələrində xidmətinin 9 ili tamam olmuşdur. Başqa sözlə, iddiaçının 2017-ci ilin iyul ayında ehtiyata buraxılması hərbi qanunvericiliyin tələblərinə zidd olmuşdur. Digər tərəfdən Bakı Hərbi Məhkəməsinin preyudisial xarakter daşıyan və yuxarıda istinad edilən xx.xx.2024-cü il tarixli hökmündə də zərərçəkmiş şəxslərin, o cümlədən iddiaçının öz iradəsinə zidd olaraq vəzifəsindən azad edilməsi öz təsdiqini tapmışdır. Təsadüfi deyil ki, iddiaçı şərti olaraq “Tərtər işi” adlandırılan iş üzrə icraat təzələndikdən və araşdırmalara başlandıqdan sonra 2022-ci ilin iyun ayında zabit olaraq hərbi xidmətə bərpa edilmişdir. Beləliklə, iddiaçıya sonuncu həqiqi hərbi xidmətdə olarkən hərbi qulluqçu və prosessual şəxs kimi Cinayət-Prosessual Məcəlləsinin 86-cı maddəsinin tələbinə görə təhqiqat aparmaqla cinayət təqibi həyata keçirmək və ya cinayət törətməkdə şübhəli bildikləri şəxsləri çağırıb törədilməsi ehtimal olunan cinayət hadisələri ilə bağlı sorğu-sual etmək kimi faktiki vəzifələrini icra edən vəzifəli şəxslər tərəfindən ona qarşı təqsirli olaraq hüquqazidd hərəkətləri nəticəsində birbaşa mənəvi zərər, eyni zamanda maddi ziyan vurulmuşdur. İddiaçı ona vurulmuş maddi ziyana görə kompensasiyanı belə əsaslandırır: O, qanunsuz və əsassız əməllərə məruz qaldığı zaman, yəni 2017-ci ilin may ayında Müdafiə Nazirliyinin N nömrəli hərbi hissənin 4-cü taborunun 12-ci bölüyünün komandiri vəzifəsində, kapitan hərbi rütbəsində xidmət edirdi. İddiaçı 2017-ci ilin iyul ayında ehtiyata buraxıldıqdan sonra 2022-ci ilin iyun ayında Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində xidmətə bərpa olunmuş, mayor rütbəsinə yiyələnmişdir. Beləliklə, ona dəymiş maddi ziyan 2017-ci ilin iyul ayından etibarən 2022-ci ilin iyun ayına qədər olan 5 illik (60 aylıq) dövrü əhatə edir. Kapital Bank ASC-nin 8-ci mikrorayon filialından verilmiş iddiaçıya məxsus olmuş əmək haqqı kartı üzrə çıxarışdan görünür ki, iddiaçının 2017-ci ildə hərbi xidmətdə olarkən aylıq gəliri 1030 (bir min otuz) manat təşkil etmişdir. Beləliklə, iddiaçı 60 ay ərzində zabit qismində əsassız və qanunsuz olaraq xidmət edə bilməməklə 61.800 (altmış bir min səkkiz yüz) manat (60x1030=61.800) qazancından (əldən çıxmış fayda) məhrum olmuşdur. İddiaçı işgəncələrə, qeyri-insani rəftara məruz qalması nəticəsində mənəvi zərər çəkmiş, özü və ailəsi stress, sarsıntı keçirmişdir. İddiaçı ehtiyata buraxılandan sonra yaşadığı rayon sakinləri, qonşuları onu “Vətən xaini” hesab edərək ona nifrətlə baxmış, buna görə bir müddət evdən çıxa bilməmişdir. Hərbi xidmət zamanı hərbi qulluqçuların gözü qarşısında “Vətən xaini” adlandırılaraq döyüldüyündən bu onda ciddi və bərpaolunmaz mənəvi sarsıntı yaratmış, iztirab çəkməsinə səbəb olmuşdur. Onun dövlətə xəyanət adı altında qanunsuz əməllərə məruz qalması təkcə onun özündə deyil, ailə üzvlərində də iztirablar yaşatmışdır. Ailəsinin günlərlə ondan xəbəri olmamış, yaşadığı rayonda qonşular və qohumlar arasında onunla bağlı söz-söhbətlər yayılmış, bütün bunlar ona və ailə üzvlərinə mənəvi iztirab, qeyri-müəyyənlik, narahatlıq hissləri yaşatmışdır. Odur ki, iddiaçıya vurulmuş mənəvi zərərin əvəzi ödənilməlidir. İddiaçı ona vurulmuş mənəvi zərəri 300.000 (üç yüz min) manat məbləğində qiymətləndirir. Azərbaycan Respublikası Baş Prokurorluğunun yaydığı rəsmi məlumatlardan da görünür ki, 2017-ci ilin may-iyun ayları ərzində Ağdam, Tərtər, Beyləqan və digər rayonlar ərazisində həm 1-ci, həm də 2-ci Ordu korpuslarının tərkibinə daxil olan müxtəlif hərbi hissələrdən N nəfər hərbi qulluqçu (zabit, gizir, müddətdən artıq və müddətli hərbi xidmət hərbi qulluqçuları) qanunsuz olaraq azadlıqdan məhrum edilmiş, işgəncəyə və qeyri-insani rəftara məruz qalmışlar ki, onlardan da 11 nəfəri bu qanunsuz proses zamanı həyatlarını itirmişdir. Başqa sözlə, cinayət əməlləri Müdafiə Nazirliyinin tabeçiliyində olan 1-ci Ordu korpusunda (051 saylı hərbi hissə) yüzlərlə hərbi qulluqçunu əhatə etmişdir, cinayət əməlləri qısa müddət ərzində deyil, ən azı 2 ay ərzində davamlı şəkildə həyata keçirilmişdir. Bu səbəblərdən də təqsirləndirilən şəxslərin belə böyük miqyasda və uzun müddət ərzində həyata keçirdiyi qanunazidd əməllər nəticəsində vurulmuş zərərin əvəzinin tutulması yuxarıda istinad edilən Mülki Məcəllənin 1100-cü maddəsinin tələbləri əsasında həyata keçirilməlidir. Həmin tələblərdən göründüyü kimi, dövlət orqanlarının və bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində fizikişəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası ödəməlidir. İddiaçıya qarşı qanunazidd hərəkətlərin törədilməsi nəticəsində zərərin vurulması, zərərlə qanunsuz hərəkətlər arasında səbəbli əlaqənin mövcudluğu və zərər vuran şəxsin təqsirliliyi Bakı Hərbi Məhkəməsinin istinad edilən hökmü ilə təsdiq olunur. Beləliklə, Bakı Hərbi Məhkəməsinin 1-1(093)-7/2023 saylı, xx.xx.2024-cü il tarixli hökmü ilə iddiaçıya qarşı qanunsuz hərəkətlərə yol verməklə ziyan vurmuş vəzifəli şəxslərin əməllərinə hüquqi qiymət verildiyindən və həmin hökm Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının müvafiq qərarı qəbul edildikdən sonra qüvvəyə mindiyindən hazırkı iddiaya baxılarkən preyudisial əhəmiyyətə malik olan akt kimi çıxış edir. İddiaçıya qarşı qanunsuz hərəkətlər Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin vəzifəli şəxsləri tərəfindən törədilsə də, hazırkı iddia üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi cavabdehlik daşımır. Belə olan halda zərərin əvəzi dövlət büdcəsi hesabına cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyindən tutulmalıdır. Yuxarıda qeyd olunanlara əsasən İddiaçı 24.360 manat məbləğində maddi ziyan, vurulmuş mənəvi zərərə görə isə 300.000 manat olmaqla, cəmi 324.360 manat məbləğində kompensasiyanın dövlət büdcəsi hesabına cavabdehdən tutularaq iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməsi xahiş edilmişdir. 3.Cavabdehin nümayəndəsi X8 iddia ərizəsinə etiraz təqdim edərək, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. 4.Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsindən aydın olur ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılmasını və qeyri-insani hərəkətlərə məruz qalmasını əsas götürərək ona vurulmuş maddi ziyanın əvəzi olaraq 24.360 manat, mənəvi ziyanın əvəzi olaraq 300.000 manat, ümumilikdə 324.360 manat məbləğində pulun cavabdeh Maliyyə Nazirliyindən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarından göründüyü kimi İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz olaraq azadlığının məhdudlaşdırılmasının, qeyri-insani rəftara məruz qalmasının hüquqi əsası kimi Bakı Hərbi məhkəməsinin 1-1(093)-7/2024 saylı, xx.xx.2024-cü il tarxili hökmünü əsas gətirib, maddi və mənəvi ziyanın ödənilməsi tələbi ilə çıxış edərək, Azərbaycan Respublikasının Maliyyə Nazirliyini cavabdeh qismində müəyyən etmiş və iddia tələbini ərizəsində qeyd etdiyi kimi hüquq pozuntusunu törədən Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə deyil, Maliyyə Nazirliyinə yönəltmişdir. Hesab edilir ki, həmin iddia tələbi rədd edilməlidir. İddiaçıya münasibətdə Maliyyə Nazirliyi heç bir delik törətmədiyi və iddiaçıya Nazirlik tərəfindən heç bir maddi ziyan vurulmadığı halda, iddiaçının kompensasiya tələbini cavabdeh qismində Maliyyə Nazirliyinə yönəltməsinin heç bir hüquqi əsası yoxdur. İddiaçının tələbi onun barəsində müvafiq hərəkətlərə yol verən orqana yönəlməli və iddia tələbinə həmin orqana münasibətdə baxılmalıdır. İş materialları əsasında sübut olunur ki, Maliyyə Nazirliyi tərəfindən iddiaçıya qarşı onun hüquq və azadlıqlarını pozan, habelə mənəvi zərərə məruz qalmasına gətirib çıxaran heç bir qanunsuz hərəkətə və ya hərəkətsizliyə yol verilməmişdir, onunla mənəvi zərər arasında səbəbli əlaqə mövcud deyildir. Buna görə də iddia mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq cavabdeh Maliyyə Nazirliyinə münasibətdə təmin edilə bilməz. İddiaçı maddi və mənəvi zərərə məruz qaldığını bildirsə də, bu zərərin məhz Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən vurulması ilə bağlı heç bir sübut göstərməmişdir. İddia ərizəsindən görünür ki, iddiaçı hüquq pozuntusunun Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən törədildiyini bildirsə də, əsaslı səbəb göstərmədən ona dəymiş mənəvi zərərin Maliyyə Nazirliyi tərəfindən ödənilməsini tələb edir. İddia ərizəsində qeyd edilmiş tələb şişirdilmiş və abusrd olmaqla yanaşı beynəlxalq məhkəmələrin analoji işlər üzrə qəbul etdiyi qərarlarla ziddiyyət təşkil edir. a) Məhkəmə icraatı iştirakçılarının izahatları: 5.Əvvəlki məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək tələbin təmin edilməsini xahiş etmiş, əlavə suallara cavab olaraq, iddiaçı barəsində cinayət işi açılmasa da, onun qanunsuz sorğu-suala, işgəncəyə məruz qaldığını və bunun 40 gün müddətində davam etdiyini, maddi ziyana gəlincə isə iddiaçının hərbi qulluqçu olduğunu, məlum hadisələrlə əlaqədar isə ehtiyata buraxıldığını, işdən öz ərizəsi ilə çıxsa da, həmin ərizənin könüllü surətdə yazılmadığını bildirmişdir. 6.Hazırki məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, iddiaçının nümayəndəsi və vəkili məhkəməyə ərizə ünvanlayaraq, məhkəmə baxış iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmiş, cavabdeh və üçüncü şəxsin nümayəndəsi isə gəlməmələrinin səbəbləri barədə məhkəməyə hər hansı bir məlumat verməmişlər. Məhkəmə işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. 7.Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Əsaslandırıcı hissə: a) Məhkəmə tərəfindən müəyyən edilən hallar: 8.Beləliklə, məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Bakı Hərbi Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1-1(093)-7/2024 saylı Hökmünə əsasən zərərçəkmiş şəxs qismində tanınmış, Həmin Hökmlə iddiaçıya 10 may 2017-ci il tarixdən 21 iyun 2017-ci il tarixədək, cəmi 42 gün müddətində işgəncə verilməsi faktı öz təsdiqini tapmışdır. Daha sonra Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1-1(103)-38/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarına əsasən, Bakı Hərbi Məhkəməsinin 1-1(093)-7/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmü cəza hissəsində dəyişdirilmiş, hökm digər hissələrdə dəyişdirilmədən saxlanılmışdır. Hazırda iddiaçı ona vurulmuş maddi və mənəvi zərərin ödənilməsini tələb edir. b) Mülki işin materialları: 9.İş materiallarında olan Bakı Hərbi Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1-1(093)- 7/2024 saylı Hökmünə əsasən İddiaçı zərərçəkmiş şəxs qismində tanınmışdır. 10.Sözügedən Hökmün təsviri-əsaslandırıcı hissəsindən görünür ki, ...İddiaçı barəsində düşmənlə əməkdaşlıq şübhəsi faktı ilə bağlı təhqiqatı qanunvericilikdə qadağan olunmayan qaydada aparmalı olduğu halda mütəşəkkil dəstəyə rəhbərlik edən şəxslərin verdiyi tapşırıqlara uyğun olaraq digər dəstə üzvləri xx.xx.2017-ci il tarixdən xx.xx.2017-ci il tarixədək N nömrəli hərbi hissənin Yevlax rayonu Aran qəsəbəsində yerləşən inzibati binasında, xx.xx.2017-ci il tarixdən xx.xx.2017-ci il tarixədək Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsinin Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsində yerləşən Bakı qarnizonu hauptvaxtında İddiaçı düşmən hərbi qulluqçuları və ya xüsusi xidmət orqanları ilə əlaqələrinin olması ilə bağlı etirafedici ifadələr almaqdan ötrü qəddar, qeyri-insani, ləyaqəti alçaldan rəftar və hərəkətlər, yəni günün müxtəlif saatlarında, müəyyən fasilələr verilməklə, davamlı şəkildə, qeyd edilən yerdə, əllərini arxadan, habelə ətrafda baş verənləri görməməsi üçün əski parçasını gözünün üstünə salıb lentlə bağlamaqla sərbəst hərəkət etməsini məhdudlaşdıraraq bədəninin müxtəlif nahiyələrinə yumruq, sillə və təpiklə dəstə üzvləri çoxsaylı zərbələr vurmuş, digər ağır formada fiziki və psixi zor tətbiq etməklə işgəncə vermiş, əvvəlcədən müəyyən olunmuş cinayətkar məqsədə nail ola bilmədikdə, qanunsuz əməllərini davam etdirərək dəstənin məqsədlərinə xidmət edən həqiqətə uyğun olmayan əlavə məlumatlar almaq, daha çox “vətən xaini” ifşa etmək, habelə törətdiyi əməllərə görə ondan qisas alınmasından ötrü mütəşəkkil dəstənin cinayətkar məqsədlərinə nail olmaq məqsədilə xx.xx.2017-ci il tarixdən xx.xx.2017-ci il tarixədək N nömrəli hərbi hissənin Yevlax rayonu Aran qəsəbəsində yerləşən inzibati binasında vəzifəli şəxs kimi dəstə üzvləri ilə birlikdə xidməti silahlardan istifadə edərək mütəşəkkil dəstə tərkibində silah tətbiq olunmaqla İddiaçı hüquqlarının kobud şəkildə pozulmasında ifadə olunan ağır nəticələrə səbəb olan təkrarən qulluq səlahiyyətini aşaraq qida, su və digər təbii ehtiyacların ödənilməsini məhdudlaşdırıb ac, susuz saxlayıb, habelə gündüz saatlarında günün qızmar vaxtında günəş şüaları altında sıra meydanında əsassız olaraq sıra hazırlığı keçib fiziki hərəkətlər etməsini tələb edib, yemek saatlarında qəsdən vaxtı məhdudlaşdıraraq psixi təzyiq göstərməklə, o cümlədən mütəmadi olaraq etiraf etmədiyi halda saxlandığı yerdən çıxa bilməyəcəyini bildirməklə və şəxsiyyətinin ifrat dərəcədə alçaldılmasında əks olunan psixi iztirablar verilməklə, ümumilikdə 10 may 2017-ci il tarixdən 21 iyun 2017-ci il tarixədək, cəmi 42 gün müddətində mütəşəkkil dəstə tərəfindən törədilməklə iradəsinə zidd olaraq əlləri və gözləri bağlı vəziyyətdə dəstə üzvləri ilə birlikdə xidməti silahdan və silah kimi istifadə edilən əşyalardan istifadə edilməklə kobud şəkildə konstitusion hüquqlarının pozulmasında ifadə olunan, yəni İddiaçı və onun yaxın qohumlarının cəmiyyət arasında mövcud nüfuzunu reallığı əks etdirməyən məlumatların yayılması formasında aşkarcasına alçaltmaqla sonuncunu “düşmənlə əməkdaşlıq edən hərbi qulluqçu” kimi “vətən xaini” adı ilə “ləkələməklə” ordu sıralarından qanunsuz və əsassız təxris olunmasından irəli gələn ağır nəticələrə səbəb ikidən artıq şəxsi adam oğurluğu ilə bağlı olmayan təkrarən qanunsuz azadlıqdan məhrum etmişdir. 11.İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1- 1(103)-38/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarına əsasən, Bakı Hərbi Məhkəməsinin 1- 1(093)-7/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmü cəza hissəsində dəyişdirilmiş, hökm digər hissələrdə dəyişdirilmədən saxlanılmışdır. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: 12.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 13.Həmin Məcəllənin 1096, 1097.1-ci maddələrinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 14.Həmin Məcəllənin 1100-cü maddəsinə əsasən dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və onların vəzifəli şəxslərinin vurduqları zərər üçün məsuliyyət Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. 15.Göstərilənlərlə yanaşı, məhkəmə hesab edir ki, hüquqi cəhətdən dəyərləndirilməli olan məsələlərdən biri də kompensasiyanın nədən ibarət olmasıdır. Məhkəmə belə qənaətdədir ki, zərərin kompensasiya edilməsi nəinki onunla bağlı maddi ziyanları - gəlirin və əldə edilə biləcək faydanın itirilməsi, həmçinin ayrı-ayrı şəxslərə vurulmuş qeyri-maddi zərəri də əhatə edir. Qeyri-maddi zərər dedikdə, bir qayda olaraq doğma və yaxınlarının itirilməsi, ağrı və əzablar, şəxsiyyətə və ya şəxsi həyata qəsdlə əlaqədar hisslərə toxunulma başa düşülür. 16.İlk növbədə iddiaçıya vurulmuş maddi ziyanla bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı ona 24.360 manat ziyanın vurulduğunu bildirsə də, iddiasını əsaslandıracaq yetəri qədər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Belə ki, iddiaçı iddia tələbində 2017-ci ilin iyul ayından ehtiyata buraxıldığını, sonradan 2022-ci ildə yenidən hərbi hissədə xidmətə bərpa olunduğunu, həmin vaxt ərzində aylıq gəlirindən məhrum olduğunu iddia etsə də, məhkəmə iclasında iddiaçı tərəfin verdiyi izahat əsasında müəyyən edilmişdir ki, iddiaçı öz ərizəsi ilə ehtiyata buraxılmışdır. Həmin ərizənin ona məcburi şəkildə yazdırdıldığını iddia etsə də, bununla bağlı da mötəbər sübutlarını məhkəməyə təqdim etməmiş və məhkəmə tərəfindən də həmin hallar aşkar edilməmişdir. Buna görə də məhkəmə hesab edir ki, İddiaçı əmək mübahisəsi üzrə müvafiq məhkəməyə müraciət etdikdən sonra və həmin hüquq öz təsdiqini tapdığından sonra maddi ziyan tələbini irəli sürə bilər. Bu səbəbdən iddia tələbi maddi ziyanın əvəzinin ödənilməsi hissəsində təmin oluna bilməz. 17.Belə ki, Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 18.Həmin normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. 19.Məhkəmə qeyd edir ki, qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. 20.«Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər.(§68) 21.Eyni zamanda «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir.(§93) 22.Yuxarıda qeyd olunanlara baxmayaraq, məhkəmə hesab edir ki, iddiaçıya işgəncə verilməsi və bunun nəticəsində ona mənəvi zərər vurulması işin mübahisəsiz halıdır. Məhkəmə iddiaçıya vurulmuş mənəvi zərərlə bağlı aşağıdakıları qeyd edir. 23.«Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. 24.«Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarında göstərilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. 25.İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «mənəvi ziyanla» bağlı təcrübəsi göstərir ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri – inamsızlıq, narahatlıq, məyusluq hisslərini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Məsələn, Avropa Məhkəməsi «Koinq Almaniyaya qarşı» işdə ərizəçiyə «mənəvi narahatlıq yetirilməsinə», «Artiko İtaliyaya qarşı» işdə «tənhalıq və kimsəsizlik hisslərinə», «Younq, Cames və X3rşı» işdə «alçaldıcı və təhqiredici hərəkətlərə» görə mənəvi zərər ödənilməsi qərarına gəlmişdir. 26.Avropa Məhkəməsinin «Ədalətli kompensasiya tələbləri barədə Praktiki Qaydaları»nın 13-cü bəndinə əsasən, mənəvi zərərə aid Məhkəmənin təyin etdiyi kompensasiya qeyrimaddi zərərə, məsələn, əqli və ya fiziki əziyyətə görə maliyyə kompensasiyasının təmin olunmasına yönəlib. 27.Hazırki iş üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin vəzifəli şəxslərinin təqsirli hərəkətləri nəticəsində iddiaçının qanunsuz hərəkətlərə məruz qalması işin sübuta yetirilmiş halıdır. Bununla bağlı Bakı Hərbi Məhkəməsinin 1-1(093)-7/2024 nömrəli xx.xx.2024-cü il tarixli hökmünə əsasən, "Tərtər işi" kimi tanınan cinayət işi üzrə İddiaçı zərərçəkmiş şəxs qismində tanınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1-1(103)-38/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarına əsasən, Bakı Hərbi Məhkəməsinin hökmü cəza hissəsində dəyişdirilmiş, digər hissələrdə dəyişdirilmədən saxlanılmışdır. Beləliklə, məhkəmə hesab edir ki, hazırkı işdə zərərçəkənin, yəni İddiaçı işgəncəyə məruz qalmasının dövlət orqanının - Müdafiə Nazirliyinin vəzifəli şəxslərinin qanunsuz hərəkəti nəticəsində baş verməsi, həmin hərəkətlə mənəvi zərər arasında səbəbli əlaqənin olması sübuta yetirilmişdir. İşgəncələrə və təzyiqə məruz qalmasının iddiaçı üçün mənəvi məhrumiyyətlərlə nəticələnməsi labüddür. Çünki işdə belə zərərin vurulmasını istisna edən halları məhkəmə müəyyən etməmişdir. 28.Məhkəmə, iddiaçının ona dəymiş mənəvi zərərə görə 300.000 manat tələb etməsi dəlilinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin vahid məhkəmə təcrübəsini müəyyən edən xx.xx.2023-cü il tarixli 2(102)-388/2023 nömrəli qərarında göstərilmişdir ki, mənəvi təzminatın məbləğinə təsir edən elementlərdən biri də zərərçəkənin iqtisadi vəziyyətidir. Çünki qane olma səviyyəsi hamıda eyni deyil. Təqsirli tərəfin maddi vəziyyəti də mənəvi zərərin müəyyən edilməsində əhəmiyyətli faktorlardan biridir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsində də mənəvi zərərin məbləği məsələsi həll edilərkən ölkələrin sosial-iqtisadi durumu, insanların yaşayış səviyyəsi nəzərə alınır. Həmçinin, mənəvi zərər bilavasitə zərərvuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə, mənfi psixoloji reaksiyaya səbəb olduğu üçün, hadisədən uzun müddət keçdikdən sonra mənəvi zərərin təsirinin azalması da labüddür. 29.Məhkəmə hesab edir ki, hazırkı işin spesifik halları baxımından, habelə iddiaçının işgəncəyə məruz qaldığı 42 gün müddətinə mütənasib olaraq keçirdiyi mənəvi iztirabın və sarsıntının, psixoloji stressin və əzab-əziyyətin qarşılığı olaraq mənəvi zərərin məbləği 21.000 manat (42günx500manat=21.000) məbləğdə müəyyənləşdirilməlidir. Belə ki, mənəvi zərərin məbləği ilə bağlı iddia ərizəsində qeyd edilən məbləğ çox olmaqla real qiymətləndirilmir. 30.Məhkəmə iddiaçıya ödənilməli mənəvi ziyanın həcmini müəyyən edərkən, bütün diqqətəlayiq məqamları nəzərə alır. Məhkəmə vurğulayır ki, azadlıq hər insan üçün ən dəyərli nemət olmaqla, onu heç bir maddi nemətlə əvəz etmək mümkün deyil. İddiaçının qanunsuz olaraq bir gün də olsa azadlığı məhdudlaşdırılmaqla qəddar, qeyri-insani, ləyaqəti alçaldan rəftar və hərəkətlərə məruz qalmasının ona həqiqətən də inamsızlıq, narahatlıq, məyusluq hissləri, stress, əzab və əziyyətlər yetirməsi işin mübahisəsiz halıdır. Lakin məhkəmə işin sair diqqətəlayiq hallarını nəzərə almaqla hesab edir ki, iddiaçının məruz qaldığı rəftara görə ona 21.000 manat məbləğində kompensasiyanın müəyyən edilməsi qanuni olmaqla yanaşı, ağlabatan və ədalətlidir. 31.Beləliklə, məhkəmə toplanmış və tədqiq olunan sübutlara məcmu halda, tam, hərtərəfli, obyektiv və qərəzsiz hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyi vasitəsilə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına İddiaçı xeyrinə 21.000 (iyirmi bir min) manat məbləğində mənəvi zərərin əvəzi ödənilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir 32.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 33.Həmin Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 34.Eyni Məcəllənin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 35.Həmçinin, MPM-nin 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 36.Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyi vasitəsilə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına İddiaçı xeyrinə 21.000 (iyirmi bir min) manat məbləğində mənəvi zərərin əvəzi ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №e-2(006)-981/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-981/2025
30.01.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver