Məhkəmə qərarları › İş №e-2(007)-104/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №e-2(007)-104/2025

27.10.2025 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(007)-104/2025 27.10.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi, İddiaçı2, İddiaçılar İddiaçı1 və İddiaçı2 vəkili və nümayəndəsi Vəkil1, Cavabdeh, onun vəkili və nümayəndəsi Vəkil3, Cavabdeh vəkili Vəkil2 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə Cavabdeh qarşı “torpaq sahəsinin boşaldılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, Tələb:

1. İddiaçılar İddiaçı1 və İddiaçı2 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə Cavabdeh qarşı “torpaq sahəsinin boşaldılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı1nə ayrılmış Bakı şəhəri, Nizami rayonu, O.Vəliyev küçəsi 2360-cı məhəllədə yerləşən zəbt etdiyi torpaq sahəsindən çıxarılması, torpaq sahəsinin boşaldılması və torpaq sahəsində onun tərəfindən inşa edilmiş qanunsuz tikililərin sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Cavabdeh vəkili və nümayəndəsi Vəkil3 vəsatət verərək bildirmişdir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə Cavabdeh qarşı “torpaq sahəsinin boşaldılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı1nə ayrılmış Bakı şəhəri, Nizami rayonu, O.Vəliyev küçəsi 2360-cı məhəllədə yerləşən zəbt etdiyi torpaq sahəsindən çıxarılması, torpaq sahəsinin boşaldılması və torpaq sahəsində onun tərəfindən inşa edilmiş qanunsuz tikililərin sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qeyd etmək istəyir ki, Bakı şəhəri, Nizami rayonu, O.Vəliyev küçəsi, 2360-cı məhəllədə yerləşən torpaq sahəsinin qanunsuz zəbt edilməsi, həmin sahənin boşaldılması və qanunsuz tikililərin sökülməsi tələbi ilə İddiaçı1 və İddiaçı2 tərəfindən Cavabdeh qarşı qaldırılmış iddia üzrə baxılan mülki iş, mahiyyəti və tərəflərin hüquqi statusu baxımından kommersiya mübahisəsi xarakteri daşıyır. Belə ki, işin hər iki əsas tərəfi – həm iddiaçılar (İddiaçı1 və İddiaçı2), həm də Cavabdeh fiziki və hüquqi şəxs qismində sahibkarlıq fəaliyyəti ilə məşğuldurlar və mübahisənin predmeti də sahibkarlıq fəaliyyəti çərçivəsində istifadə olunan torpaq sahəsi ilə bağlıdır. Mülki Prosessual Məcəlləsinin tələbinə əsasən, hüquqi və fiziki şəxslərin sahibkarlıq fəaliyyəti ilə bağlı yaranan əmlak mübahisələri kommersiya mübahisələri hesab olunur və belə mübahisələrə kommersiya məhkəmələri baxır. Əgər mübahisə sahibkarlıq subyektləri arasında yaranmışdırsa və bu mübahisə onların sahibkarlıq fəaliyyəti ilə birbaşa və ya dolayı bağlıdırsa, bu halda işə kommersiya məhkəməsində baxılmalıdır. İddiaçı tərəf olan İddiaçı1 hüquqi şəxs kimi kommersiya fəaliyyəti ilə məşğul olan elmi-istehsalat müəssisəsidir. Digər İddiaçı2 isə fiziki şəxs qismində sahibkarlıq fəaliyyəti ilə məşğul olur və torpaq sahəsindən istifadə də onun bu fəaliyyətinin bir hissəsidir. Cavabdeh da fiziki şəxs kimi sahibkarlıq fəaliyyəti ilə məşğul olur və mübahisəyə səbəb olan torpaq sahəsindən faktiki istifadəni həmin fəaliyyət çərçivəsində həyata keçirir. Mübahisənin predmeti olan torpaq sahəsi və orada inşa olunmuş tikililər tərəflərin təsərrüfat fəaliyyətinin (kommersiya təyinatlı istifadənin) bir hissəsi olmaqla, bu işin kommersiya xarakterli olduğunu açıq şəkildə nümayiş etdirir. Yuxarıda sadalanan hüquqi və faktiki əsaslara istinadən: 2(007)-104/2025 saylı mülki işin Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 24.1 və 24.2-ci maddələrinin tələblərinə uyğun olaraq, hər iki sahibkarlıq subyektlərinin Bakı şəhər qeydiyyatı olmasını nəzərə alaraq işi aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinin baxışına verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

3. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-104/2025 saylı, 13 avqust 2025-ci il tarixli qərardadı ilə Cavabdeh vəkili və nümayəndəsi Vəkil3 mülki işin baxılması üçün aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməsi barədə vəsatəti təmin edilməmişdir.

4. Azərbaycan Respublikasının Ali Məhkəməsinin 2(102)-3065/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 13 avqust 2025-ci il tarixli e-2(007)-104/2025 nömrəli qərardadı ləğv olunmuş, işin məhkəmə aidiyyəti üzrə göndərilməsinə dair cavabdehin vəsatətinə yenidən baxılması üçün iş Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə göndərilmişdir.

İşdə iştirak edən tərəflərin izahatı:

5. Məhkəmə iclasında iştirak edən İddiaçı2 iddia tələbini müdafiə edib, bildirdi ki, cavabdehin verdiyi vəsatət əsassızdır. Hazırki mübahisəyə ümumi məhkəmədə baxılmalıdır.

6. Məhkəmə iclasında iştirak edən iddiaçılar İddiaçı1 və İddiaçı2 vəkili və nümayəndəsi Vəkil1 iddia tələbini müdafiə edib, bildirdi ki, cavabdehin verdiyi vəsatət əsassızdır. Hazırki mübahisəyə ümumi məhkəmədə baxılmalıdır. Burada kommersiyaya aid mübahisə yoxdur.

7. Məhkəmə iclasında iştirak edən Cavabdeh və onun vəkili və nümayəndəsi Vəkil3 vəsatəti müdafiə edib hazırki mübahisənin kommersiya mübahisəsi olduğunu bildirdi və mülki işin aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməsini xahiş etdi.

8. Məhkəmə iclasında iştirak edən Cavabdeh vəkili Vəkil2 vəsatəti müdafiə edib hazırki mübahisənin kommersiya məhkəməsində baxılmalı olduğunu bildirdi və mülki işin aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməsini xahiş etdi.

Tətbiq edilən hüquq:

9. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin:

24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. 32.3-cü maddəsinə əsasən hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər.

10. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli Qərarının:

3-cü bəndinə əsasən məhkəmələr nəzərə almalıdır ki, iddia ərizəsinin məhkəmə aidiyyəti üzrə (ümumi və ya kommersiya məhkəməsi üzrə) düzgün verilməməsi əsası, ərazi aidiyyətindən fərqli olaraq iddia ərizəsinin geri qaytarılması üçün əsas ola bilməz. Belə ki, MPM-in 152.1.3-cü maddəsinə əsasən əgər iş məhz ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 32.4-cü maddəsinə əsasən aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Qeyd olunan prosessual hüquq normalarının tələblərinə uyğun olaraq məhkəmələrə izah edilir ki, iddia ərizəsinin məhkəmə aidiyyəti üzrə düzgün verilməməsi zamanı iddia ərizəsinin geri qaytarılması deyil, onun məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə qərardad qəbul edilməlidir. Bununla yanaşı nəzərə alınmalıdır ki, MPM-in 32.7-ci maddəsi ilə bir məhkəmədən digərinə göndərilmiş işin onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməli olması ilə bağlı müddəa, məhkəmənin həmin işin aidiyyəti üzrə göndərilməsinə dair qərardadla razılaşmayaraq, işin göndərən məhkəməyə geri qaytarılmasını qadağan edən norma kimi qəbul edilməlidir. Yəni, bu norma heç də aidiyyəti üzrə göndərilmiş işin onu qəbul edən məhkəmə tərəfindən iddia ərizəsinin MPMin 149, 150-ci maddələrinin tələblərinə cavab verməməsi əsası ilə MPM-in 152-ci maddəsinə istinad etməklə tərəfə geri qaytarılmasının qarşısını almır. Həmin Qərarın 11-ci bəndinə əsasən MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır.

Məhkəmənin mövqeyi:

11. Məhkəmə iclasında “Elektron məhkəmə” informasiya sistemindən çıxarılmış çıxarışdan görünür ki, İddiaçı2 “mehmanxanalar və oxşar yerlər tərəfindən xidmətlərin göstərilməsi” fəaliyyəti göstərmək üçün ********** VÖEN-i vardır. Həmçinin İddiaçı2 İddiaçı1ndə baş direktordur. İddiaçı1 isə hüquqi şəxsdir. Cavabdeh “avtomobillərin korroziya əleyhinə emal və sair texniki xidmətləri” fəaliyyəti göstərmək üçün ********** VÖEN-i vardır. Məhkəmə hesab edir ki, hər iki tərəfin VÖEN-i olduğundan mübahisəyə məhkəmə aidiyyəti üzrə kommersiya məhkəməsində baxılmalıdır. Həmçinin tərəflər arasındakı mübahisə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlıdır. Belə ki, boşaldılması tələb olunan tortaq sahəsində “avto yuma” tikilmişdir və cavabdeh həmin “avto yuma”dan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq istifadə edir.

12. Beləliklə, məhkəmə tərəflərin izahatını dinləyib, vəsatəti, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, vəsatət təmin edilməli, hazırki mülki iş baxılması üçün məhkəmə aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir.

13. Beləliklə, məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış mübahisə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduğundan hazırki tələbə ümumi məhkəmədə yox aidiyyəti üzrə kommersiya məhkəməsində baxılmalıdır.

14. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 24, 26, 32, 34, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

Vəsatət təmin edilsin. İddiaçı1 və İddiaçı2 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə Cavabdeh qarşı “torpaq sahəsinin boşaldılması” tələbinə dair iddia ərizəsi üzrə e-2(007)-1047/2025 nömrəli mülki iş aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilsin. Qərardad tərəflərə təqdim olunduqdan 10 gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər.

Sədrlik edən: Ülkər Yusifova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar