Məhkəmə qərarları › İş №e-2(007)-1040/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-1040/2024

13.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-1040/2024 13.03.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. İddia tələbi :

1. İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “pul” tələbinə dair (kiçik iddialara dair işlər üzrə icraat qaydasında) iddia ərizəsi ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, İmei kod STR62QD639R İpad Pro 11 markalı planşet üçün, 861.2 manat ödənilməmiş hissə, 86.8 manat cərimə, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, İmei kod SL0D95NHQNF İpad Pro 11 markalı planşet üçün 1192 manat ödənilməmiş hissə, 119 manat cərimə, xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, 2 ədəd Apple Watch 8 qol saatı üçün, 1607.4 manat ödənilməmiş hissə, 160.6 manat cərimə, ümumilikdə 4027 manat borc və 60.27 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar :

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh, "xxxx" MMC ilə xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il tarixli müqavilələrə əsasən, İmei kod STR62QD639R İpad Pro 11 markalı planşet, İmei kod SL0D95NHQNF İpad Pro 11 markalı planşet, 2 ədəd Apple Watch 8 qol saatı üçün 4027 (dörd min iyirmi yeddi) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 2119.2 manat (12 ay x 143.6 manat + 396 manat ilkin ödəniş) olan İmei kod STR62QD639R İpad Pro 11 markalı planşet üçün ümumilikdə, 948 (doqquz yüz qırx səkkiz) manat olmaqla ondan, 861.2 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 86.8 manat cərimə; xx.xx.2022-ci il, tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 2476 manat (12 ay x 173 manat + 400 manat ilkin ödəniş) olan İmei kod SL0D95NHQNF İpad Pro 11 markalı planşet üçün ümumilikdə, 1311 manat olmaqla ondan, 1192 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 119 manat cərimə; xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 2889.2 manat (12 ay x 178.6 manat + 746 manat ilkin ödəniş) olan 2 ədəd Apple Watch 8 qol saatı üçün ümumilikdə, 1768 manat olmaqla ondan, 1607.4 (bir min altı yüz yeddi manat qırx qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 160.6 manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 3823.8 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödənilir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsəkdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir.

İş materialları :

3. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 02122347 nömrəli müqavilədən görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh sahibliyinə və istifadəsinə İmei kod STR62QD639R İpad Pro 11 – İnch (3 Th Gen) Wifi 128 GB- space gray planşet verilmiş, xx.xx.2022-ci il tarixli, 03732772 nömrəli müqavilədən görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh sahibliyinə və istifadəsinə İmei kod SL0D95NHQNF İpad Pro 11-İnch markalı planşet verilmiş və xx.xx.2022-ci il tarixli, 13862998 nömrəli müqavilədən görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh sahibliyinə və istifadəsinə, 2 ədəd Apple Watch 8 qol saatı verilmişdir. Cavabdeh müqavilələr üzrə hesablanmış borc məbləğlərini tam və vaxtında ödəməyi öhdəsinə götürmüşdür.

4. xx.xx.2022-ci il tarixli, 02122347 nömrəli müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavədən görünür ki, cavabdeh ilkin ödəniş olaraq 396 manat ödəniş etməklə, xx.xx.2022ci il tarixdən başlayaraq hər ayın 18-dən gec olmayaraq 12 ay müddətində hər ay 143.6 manat olmaqla, cəmi 2119.2 manat ödəniş etməli, xx.xx.2022-ci il tarixli, 03732772 nömrəli müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavədən görünür ki, cavabdeh ilkin ödəniş olaraq 400 manat ödəniş etməklə, xx.xx.2022-ci il tarixdən başlayaraq hər ayın 25-dən gec olmayaraq 12 ay müddətində hər ay 173 manat olmaqla, cəmi 2476 manat ödəniş etməli və xx.xx.2022-ci il tarixli, 13862998 nömrəli müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavədən görünür ki, cavabdeh ilkin ödəniş olaraq 746 manat ödəniş etməklə, xx.xx.2023cü il tarixdən başlayaraq hər ayın 12-dən gec olmayaraq 12 ay müddətində hər ay 178.6 manat olmaqla, cəmi 2889.2 manat ödəniş etməlidir.

5. xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli bildiriş və təhviltəslim aktlarından görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli müqavilələr üzrə əşyaları tam, qüsursuz təhvil almışdır.

6. İddiaçı MMC tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixli müqavilə üzrə 861.2 manat əsas, 86.8 manat cərimə borcu olmaqla, cəmi 948 manat; xx.xx.2022-ci il tarixli müqavilə üzrə 1192 manat əsas, 119 manat cərimə borcu olmaqla, cəmi 1311 manat və xx.xx.2022-ci il tarixli müqavilə üzrə 1607.4 manat əsas, 160.6 manat cərimə olmaqla, cəmi 1768 manat borcu vardır.

7. İşə əlavə olunmuş İddiaçı MMC-nin Cavabdeh ünvanlandığı xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, cavabdeh müqavilələr üzrə öhdəliklərin icrasını gecikdirmiş, yəni “ödəniş cədvəlləri”ndə nəzərdə tutulan vaxt və qaydaya əməl etməmişdir. Cavabdeh tərəfindən xəbərdarlıqdan irəli gələn öhdəliklərin icrası ilə əlaqədar çağırışa 3 (üç) iş günü ərzində riayət olunmadığı təqdirdə, müqavilənin 4.1-ci bəndinə əsasən aidiyyəti üzrə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir.

8. xx.xx.2024-cü il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı MMC tərəfindən məhkəməyə müraciət etmək üçün 60.27 manat dövlət rüsumu ödənilmişdir.

İşin faktiki halları

9. İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinin bağlanması və cavabdehin iddiaçı qarşısında borcunun yaranması işin mübahisəsiz hallarıdır.

10. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır.

11. Məhkəmə iddia ərizəsini iş materialları ilə birlikdə araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək qeyd edir ki, işdə olan sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət edir və iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatlarının alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurəti yoxdur.

Tətbiq edilən hüquq :

12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi :

14.2. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

77. hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir.

107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 222.2. Pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. 284-1. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.3. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-6.1. İşə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir.

13. Azərbaycan Respublikası Mülki Məcəlləsi

600.1. Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 601.1. Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 601.2. Hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. 600.4. Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1. öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.

467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.

Məhkəmənin mövqeyi :

14. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi qismən təmin edilməlidir.

15. Belə ki, iddia ərizəsi iş materialları ilə birlikdə araşdırılarkən müəyyən edilmişdir ki, İddiaçı MMC ilə Cavabdeh arasında nisyə alqı-satqı müqavilələri bağlanmışdır.

16. Mülki qanunvericiliyə əsasən hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun.

16. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli müqavilə və müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavədən görünür ki, xx.xx.2022-ci il tarixli müqavilə üzrə ilkin ödəniş 396 manat ödəməklə, cavabdeh xx.xx.2022-ci il tarixdən başlayaraq xx.xx.2023-cü il tarixədək hər ay 143.6 manat ödəmək şərti ilə ümumi dəyəri 2119.2 manat, İmei kod STR62QD639R İpad Pro 11 – İnch (3 Th Gen) Wifi 128 GB- space gray planşet, xx.xx.2022-ci il tarixli müqavilə və müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavədən görünür ki, xx.xx.2022-ci il tarixli müqavilə üzrə ilkin 400 manat ödəniş etməklə, cavabdeh xx.xx.2022-ci il tarixdən başlayaraq xx.xx.2023-cü il tarixədək 173 manat ödəmək şərti ilə ümumi dəyəri 2476 manat, İmei kod SL0D95NHQNF İpad Pro 11 markalı planşet verilmiş və xx.xx.2022-ci il tarixli müqavilə və müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavədən görünür ki, xx.xx.2022-ci il tarixli müqavilə üzrə ilkin 746 manat ödəniş etməklə cavabdeh xx.xx.2023-cü il tarixdən başlayaraq xx.xx.2024-cü il tarixədək hər ay 178.6 manat ödəmək şərti ilə ümumi dəyəri 2889.2 manat olan 2 ədəd Apple Watch 8 Qol saatı almışdır.

17. İş materiallarına əlavə edilmiş əşyaların təhvil-təslim aktlarından görünür ki, iddiaçı alqı-satqı müqavilələri üzrə öz öhdəliyini yerinə yetirərək müqavilədə nəzərdə tutulan əşyaları cavabdehə təhvil vermişdir. Lakin cavabdeh müqavilə ilə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, onun iddiaçının qarşısında icra edilməmiş öhdəlikləri vardır.

18. İddiaçı MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixli müqavilə üzrə 861 manat əsas, 86.8 manat cərimə borcu olmaqla, cəmi 948 manat; xx.xx.2022-ci il tarixli müqavilə üzrə 1192 manat əsas, 119 manat cərimə borcu olmaqla, cəmi 1311 manat və xx.xx.2022-ci il tarixli müqavilə üzrə 1607.4 manat əsas, 160.6 manat cərimə olmaqla, cəmi 1768 manat vardır.

19. Mülki qanunvericiliyə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

20. Belə olan halda məhkəmə Cavabdeh bağladığı müqavilələrdən irəli gələn öhdəliklərini icra etməməsi tədqiq olunmuş sübutlarla öz təsdiqini tapdığından iddiaçının xx.xx.2022-ci il tarixli müqavilə üzrə 861.2 manat; xx.xx.2022-ci il tarixli müqavilə üzrə 1192 manat və xx.xx.2022-ci il tarixli müqavilə üzrə 1607.4 manat ödənilməmiş əsas borca görə ümumi 3660.6 manat məbləğində pul vəsaitinin ödənilməsi tələbini əsaslı hesab edir.

21. Müqavilələrin 2.6-cı bəndindən görünür ki, cavabdeh ödəniş cədvəli üzrə ödənişləri vaxtında ödəmədiyi təqdirdə müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində peniya ödəməyi öhdəsinə götürümüşdür.

22. Məhkəmə iddiaçı tərəfindən hesablanan cərimənin cavabdehin borcuna görə tənasübsüz surətdə yüksək hesablanması qənaətinə gələrək qeyd edir ki, iddiaçı tərəfindən hesablanmış cərimə hissəsində iddia qismən təmin edilməlidir.

23. Məhkəmə işin hallarını, o cümlədən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq, xx.xx.2022-ci il tarixli müqavilə üzrə 86.8 manat təşkil edən cərimə məbləğinin 10 manat, xx.xx.2022-ci il tarixli müqavilə üzrə 119 manat təşkil edən cərimə məbləğinin 20 manat və xx.xx.2022-ci il tarixli müqavilə üzrə 160 manat təşkil edən cərimə məbləğinin 30 manata qədər azaldılmasını məqsədəmüvafiq hesab edir.

24. İş materialları əsasında müəyyən edilir ki, İddiaçı məhkəməyə müraciət etmək üçün 60.27 manat məbləğində dövlət rüsumu ödəmişdir.

25. Buna görə də məhkəmə qeyd edir ki, iddia qismən təmin edildiyinə görə Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 57.21 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

Nəticə :

26. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək qeyd edir ki, iddia tələbi qismən təmin edilməli və xx.xx.2022-ci il tarixli müqavilə üzrə 861.2 manat əsas, 10 manat cərimə borcu; xx.xx.2022-ci il tarixli müqavilə üzrə 1192 manat əsas, 20 manat cərimə borcu və xx.xx.2022-ci il tarixli müqavilə üzrə 1607.4 manat əsas, 30 manat cərimə borcu olmaqla, cəmi 3720,6 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı MMC-nin hesabına ödənilməlidir.

27. Məhkəmə qeyd edir ki, iddia təmin edildiyindən iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 57.21 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

28. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 284-5, 284-6, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Qət Etdi :

İddia tələbi qismən təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli müqavilə üzrə 861.2 manat əsas, 10 manat cərimə; xx.xx.2022-ci il tarixli müqavilə üzrə 1192 manat əsas, 20 manat cərimə və xx.xx.2022-ci il tarixli müqavilə üzrə 1607.4 manat əsas, 30 manat cərimə olmaqla, cəmi 3720,6 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 57.21 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-nin hesabına ödənilsin. İddiaçı MMC-nin iddiası qalan hissədə təmin edilməsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Starə Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar