Məhkəmə qərarları › İş №e-2(007)-1048/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-1048/2022

06.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-1048/2022 06.05.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi ilə, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi, İddiaçı nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh, İddiaçı MMC ilə 01.03.2020-ci il və 11.11.2020-ci il tarixli müqavilələrə əsasən, İMEİ kodu **********85192 olan “İPhone 11” markalı telefon və İMEİ kodu **********57245 olan “İPhone 11 Pro Max”, İMEİ kodu **********14584 olan “İPhone 11 Pro Max” markalı 2 ədəd telefon almış və nəticədə 10829 (on min səkkiz yüz iyirmi doqquz) manat borc yaranmışdır. Cavabdeh müqavilələrin şərtlərini pozmuş və nəticədə 01.03.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 2370.6 (iki min üç yüz yetmiş manat, altmış qəpik) manat (18 ay x 131.7 manat + 0 manat ilkin ödəniş) İMEİ kodu **********85192 olan “İPhone 11” markalı telefon üçün ümumilikdə, 341 (üç yüz qırx bir) manat olmaqla ondan, 262.9 (iki yüz altmış iki manat, doxsan qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 78.1 (yetmiş səkkiz manat, on qəpik) manat dəbbə. 11.11.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 9223.2 (doqquz min iki yüz iyirmi üç manat, iyirmi qəpik) manat (18 ay x 502.4 manat + 180 manat ilkin ödəniş) İMEİ kodu **********57245 olan “İPhone 11 Pro Max”, İMEİ kodu **********14584 olan “İPhone 11 Pro Max” markalı 2 ədəd telefon üçün ümumilikdə, 10488 (on min dörd yüz səksən səkkiz) manat olmaqla ondan, 8530.8 (səkkiz min beş yüz otuz manat, səksən qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 1957.2 (min doqquz yüz əlli yeddi manat, iyirmi qəpik) manat dəbbə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 2800.1 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 %-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Ödəniş cədvəlinin 3-cü bəndinə əsasən ödəniş edilən zaman hesablanmış penya aşkarlanırsa, müştərinin ödədiyi məbləğin 50%-nə qədər hissəsi penya ödənilməsnminə yönəldilə bilər. Göstərilənləri nəzərə alaraq, 01.03.2020-ci il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********85192 olan “İphone 11” markalı telefon üçün 262.9 (iki yüz altmış iki manat, doxsan qəpik) manat ödənilməmiş hissə, 78.1 (yetmiş səkkiz manat, on qəpik) manat dəbbə, 11.11.2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********57245 olan “İphone 11 Pro Max”, İMEİ kodu **********14584 olan “İphone 11 Pro Max” markalı 2 ədəd telefon üçün 8530.8 (səkkiz min beş yüz otuz manat, səksən qəpik) manat ödənilməmiş hissə, 1957.2 (min doqquz yüz əlli yeddi manat, iyirmi qəpik) manat dəbbə, ümumilikdə 10829 manat borc və 122.49 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq İddiaçınə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X3 iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh iddia ərizəsinə etirazla məhkəməyə müraciət edərək, etirazında göstərmişdir ki, cavabdeh olaraq o, iddianı qəbul etmir. 2020-ci ilin noyabr ayının ortalarında tanışı X5 ona zəng edərək onunla görüşmək istədiyini bildirmişdir. Görüş zamanı Rasim ondan xahiş etmişdir ki, “Sənin Ukrayna dairəsində Məhəmməd Hadi küçəsində yerləşən “Kontakt Home”-da yaxın tanışın varmı? Əgər imkan varsa, oradan 2 İPhone PRO max telefonu kreditle götür, mən hər ay ödənişləri vaxtı vaxtında ödəməyə söz verirəm”. 25 noyabr 2020-ci il tarixdə o, Rasimin sözünə görə və ona həddindən artıq inandığına görə 2 ədəd yuxarıda qeyd olunan markalı telefonların hər birinin qiyməti 4000 manat olmaqla, 18 aylıq kreditə götürüb Rasimə vermişdir. Telefonun birini Məhəmməd Hadi küçəsində yerləşən “Kontakt Home”-dan, digərini isə Məzahir Rüstəmov küçəsində yerləşən “Kontakt Home”-dan götürüb ona vermişdir. Sonra ona məlum oldu ki, cavabdeh Qarazadə Rasim bir iki gün ərzində telefonları sataraq pulları götürüb. Həmin telefonları kimə satdığını isə ona deməyib. Bildirmək istəyir ki, Rasim hər telefona ayda 1 ədədi 250 manat olmaqla 502 manat ödəməli idi. O, ancaq 25 dekabr 2020-ci il tarixdə krediti ödəmiş, cəmi kredit pulu 9223 manat təşkil etmişdir. Aradan bir neçə ay keçib, nəinki krediti ödəmir, hətta telefon zənglərinə belə cavab vermir. O, artıq başa düşmüşdür ki, Rasimin onun etibarından sui-istifadə edərək ondan kömək istəməsi sadəcə onu aldatmaqdan başqa bir şey olmamışdır. O, hal-hazırda heç bir yerdə işləmir, həmin pulu ödəməyə maddi imkanı yoxdur. Bu səbəbdən də, aralarında yaranan mübahisəyə görə Bakı Şəhəri Xətai RPİ-nin 34-cü Polis Şöbəsinə şikayət etmişdir. Cavabdeh X5 Bakı Şəhəri Xətai RPİ-nin 34-cü Polis Şöbəsinə dəvət olunaraq izahatı alınmış və Xətai Rayon RPİ-nin 34-cü PŞ-nin sahə inspektoru, polis baş leytenantı Tural Həbibullayevə ona borclu olduğunu izahatında etiraf etmişdir. Cavabdeh X5 izahatında barəsində yazılanların doğru olduğunu bildirərək, maddi durumu aşağı olduğundan mobil telefonların kreditini ödəyə bilmədiyini bildirmişdir. Bakı Şəhəri Xətai rayon RPİ-nin 34-cü PŞ-nin sahə inspektoru, polis baş leytenantı Tural Həbibullayev ona bildirmişdir ki, cavabdeh X5 ona borcu olduğunu etiraf edir və bu məsələnin mülki münasibətlər zəminində baş verməsi öz əksini tapır, bu səbəbdən də, “Pul” tələbinə dair məhkəməyə müraciət etməlidir. Buna görə də iddiaçı olaraq o, Cavabdeh 2021-ci ildə cavabdeh X4 qarşı Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinə “pul” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək cavabdehdən 9.223 manat məbləğində pul vəsaiti və 30 manat məbləğində dövlət rüsumu alınaraq iddiaçı olaraq onun xeyrinə tutulması barədə qətnamə qət edilməsini xahiş etmişdir. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsində 12.11.2021-ci il tarixli 2(010)-5203/2021 saylı qətnamə qət edilərək cavabdeh X2 9.223 manat məbləğində pul vəsaiti və 30 manat məbləğində dövlət rüsumu alınaraq iddiaçı Cavabdeh xeyrinə tutulması barədə qətnamə qət edilmişdir. Hal-hazırda işin baxılması icra mərhələsindədir. Bu səbəbdən də iddianı qəbul etmir. İddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmənin əvvəlki iclasında Cavabdeh etirazda göstərdiklərinə uyğun izahat verdi və iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 01.03.2020-ci il tarixli, 20135631 nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsindən görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh sahibliyinə və istifadəsinə İMEİ kodu **********85192 olan “İPhone 11” markalı telefon verilmişdir. Cavabdeh müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə hesablanmış faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürmüşdür. - 01.03.2020-ci il tarixli, 20135631 saylı kredit müqaviləsinin ayrılmaz hissəsi hesab olunan ödəniş cədvəlindən görünür ki, hər ayın 05-dən gec olmayaraq 18 ay müddətinə 131.7 manat ödəniş edilməlidir. - İddiaçı MMC-nin 01.02.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 01.03.2020-ci il tarixli, 20135631 saylı kredit müqaviləsi üzrə 262.9 manat ödənilməmiş hissə, 78.1 manat cərimə, cəmi 341 manat borcu vardır. - İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 11.11.2020-ci il tarixli, 22038013 nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsindən görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh sahibliyinə və istifadəsinə İMEİ kodu **********57245 olan “İPhone 11 Pro Max”, İMEİ kodu **********14584 olan “İPhone 11 Pro Max” markalı 2 ədəd telefon verilmişdir. Cavabdeh müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə hesablanmış faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürmüşdür. - 11.11.2020-ci il tarixli, 22038013 nömrəli kredit müqaviləsinin ayrılmaz hissəsi hesab olunan ödəniş cədvəlindən görünür ki, hər ayın 25-dən gec olmayaraq 18 ay müddətinə 502.40 manat ödəniş edilməlidir. - İddiaçı MMC-nin 01.02.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 11.11.2020-ci il tarixli, 22038013 saylı kredit müqaviləsi üzrə 8530.8 manat ödənilməmiş hissə, 1957.2 manat cərimə, cəmi 10488 manat borcu vardır. - 02.02.2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı MMC məhkəməyə müraciət etmək üçün 122.49 manat dövlət rüsumu ödəmişdir. - İddiaçı MMC-nin 17.06.2021-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, İddiaçı MMC ilə cavabdeh arasında bağlanmış 01.03.2020-ci il və 11.11.2020-ci il tarixli müqavilələrə əsasən, Cavabdeh İMEİ kodu **********85192 olan “İPhone 11” markalı telefon və İMEİ kodu **********57245 olan “İPhone 11 Pro Max”, İMEİ kodu **********14584 olan “İPhone 11 Pro Max” markalı 3 ədəd telefon almışdır. Lakin müqavilələr üzrə öhdəliklərin icrasını gecikdirmiş, yəni ödəniş cədvəlində nəzərdə tutulan vaxt və qaydaya əməl etməmişdir, iddiaçı cavabdehin üzərinə götürdüyü öhdəliyi yerinə yetirməyi, əşyanın tam dəyərini və gecikmə günlərinə müvafiq olaraq hesablanmış penya məbləğini qısa bir zamanda ödəməyini xahiş etmişdir. Əks təqdirdə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, aidiyyatı üzrə dövlət qurumuna müraciət ediləcəyi bildirilmişdir. İşə əlavə edilmiş bildirişlərdən görünür ki, 01.03.2020-ci il və 11.11.2020-ci il tarixində bağlanmış müqavilələrin bütün şərtləri tam şəkildə yerinə yetirilənə qədər borclu müqavilədə göstərilən əşyaları sata, bağışlaya və hər hansı digər formada üçüncü şəxsə verilə bilməz. Yalnız ödənişi tam həcmdə etdikdən sonra, göstərilən müqavilələrin predmetlərinə dair mülki hüquq müştəriyə keçir. Müştəri müqavilələrin şərtlərini pozduğu halda, “ABC” “Mal”-ın geri qaytarılmasını tələb edə bilər və ya əşyanın istifadəsini mümkünsüz edə bilər. Beləliklə, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh arasında 01.03.2020-ci il və 11.11.2020-ci il tarixli müqavilələr bağlanmışdır. Həmin müqavilələrə əsasən, İMEİ kodu **********85192 olan “İPhone 11” markalı telefon və İMEİ kodu **********57245 olan “İPhone 11 Pro Max”, İMEİ kodu **********14584 olan “İPhone 11 Pro Max” markalı 3 ədəd telefon almış və nəticədə 10829 manat borc yaranmışdır. Cavabdeh müqavilələrdə nəzərdə tutulmuş müddətlərdə, müqavilələrin şərtlərinə uyğun olaraq ödənişlərin vaxtlı-vaxtında ödənilməsini öhdəsinə götürmüş, müqavilələrin bağlandığı tarixlərdə də müqavilələrin predmeti olan əşyaları İddiaçı MMC-dən təhvil almışdır. Lakin, cavabdeh müqavilərlə üzərinə düşən öhdəliklərə əməl etməmiş və iddiaçının bununla bağlı xəbərdarlıqlarını yerinə yetirməmişdir. Nəticədə cavabdehin iddiaçıya borcu yaranmışdır. Göründüyü kimi, cavabdeh borc müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448.1-ci maddəsinə əsasən, əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də alıcı-cavabdeh müqavilə üzrə satıcıiddiaçı qarşısında öhdəlik götürdüyündən və alıcı-cavabdeh müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdığından, yaranmış borc məbləğini və digər xərcləri ödəməlidir. Məhkəmə hesab edir ki, 01.03.2020-ci il tarixli 20135631 saylı müqaviləyə əsasən İMEİ kodu **********85192 olan “İPhone 11” markalı telefon üçün 78.1 manat miqdarında cərimə pulu 262.9 manat miqdarında ödənilməmiş hissə məbləğinə münasibətdə tənasübsüz surətdə yüksəkdir və həmin məbləğ azaldılaraq 26 manat saxlanılmalıdır. O cümlədən, 11.11.2020-ci il tarixli 22038013 saylı müqaviləyə əsasən İMEİ kodu **********57245 olan “İPhone 11 Pro Max”, İMEİ kodu **********14584 olan “İPhone 11 Pro Max” markalı 2 ədəd telefon üçün 1957.2 manat miqdarında cərimə pulu 8530.8 manat miqdarında ödənilməmiş hissə məbləğinə münasibətdə tənasübsüz surətdə yüksəkdir və həmin məbləğ azaldılaraq 200 manat saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan ödəniş tapşırığından görünür ki, hazırkı iddia ilə məhkəməyə müraciət edilməsi üçün "xxxx" Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyəti tərəfindən 122.49 manat dövlət rüsumu ödənilmişdir. İddiaçının tələbi məhkəmə tərəfindən qismən təmin edildiyi üçün, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 122.49 manat dövlət rüsumunun 22.49 manatı iddiaçıya, 100 manatı cavabdehə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, 01.03.2020-ci il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********85192 olan “İPhone 11” markalı telefon üçün 262.9 manat ödənilməmiş hissə, 26 manat dəbbə pulu və 11.11.2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********57245 olan “İPhone 11 Pro Max”, İMEİ kodu **********14584 olan “İPhone 11 Pro Max” markalı 2 ədəd telefon üçün 8530.8 manat ödənilməmiş hissə, 200 manat dəbbə pulu, 100 manat dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı Məhdud Məhsuliyyətli Cəmiyyətinə ödənilməli, ödənilmiş dövlət rüsumunun 22.49 manatı iddiaçıya aid edilməli, iddia qalan hissədə təmin edilməməlidir. Qeyd olanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 284-6-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia qismən təmin edilsin. 01.03.2020-ci il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********85192 olan “İPhone 11” markalı telefon üçün 262.9 manat ödənilməmiş hissə, 26 manat dəbbə pulu və 11.11.2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********57245 olan “İPhone 11 Pro Max”, İMEİ kodu **********14584 olan “İPhone 11 Pro Max” markalı 2 ədəd telefon üçün 8530.8 manat ödənilməmiş hissə, 200 manat dəbbə pulu, 100 manat dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı Məhdud Məhsuliyyətli Cəmiyyətinə ödənilsin. Ödənilmiş dövlət rüsumunun 22.49 manatı iddiaçıya aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ülkər Yusifova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar