Məhkəmə qərarları › İş №e-2(007)-1064/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-1064/2025

29.05.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-1064/2025 29.05.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MMC-yə qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “maddi və mənəvi ziyanın ödənilməsi, yol xərcinin ödənilməsinin cavabdehin üzərinə qoyulması” tələbi) Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Kərimli Aygül Əfqan qızının katibliyi ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi, yol xərcinin ödənilməsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. İddia tələbi:

1. İddiaçı Cavabdeh MMC-yə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi, yol xərcinin ödənilməsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, maddi ziyan olaraq cavabdehdən 2093 (iki min doxsan üç) manat, mənəvi ziyan olaraq 8000 (səkkiz min) manat, toplam 10093 (on min doxsan üç) manat tutulub ona ödənlməsini, 2025-ci ildə xaricdə müalicəyə getməyə onu müşayiət edən şəxslə birgə 2 nəfərlik yol xərcinin ödənilməsi cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar:

2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, torpaqlarına təcavüz olunan ilk gündən AMEA-nın aspiranturasında təhsilini, elmi işini atıb, 2 körpə uşaqlı ailəsini Allahın ümidinə qoyub, Qarabağ ərazisindəki müharibəyə gedib, 1-ci dərəcəli Qarabağ müharibəsinin əlilidir. Səhiyyə Nazirliyi xaricdə müalicəsini məsləhət bilir. Rabitə xidmətindən yararlanmaq üçün Cavabdeh MMC-dən aldıqları nömrələrə görə Bakcell özbaşına xidmətlərlə hesabındakı bütün vəsaiti bir gündə silib. 31 iyulda ********** nömrəsindən 36 manat, ********** nömrəsindən 23 manat, ********** nömrəsindən 17,3 manat, toplam 76 manat silinib, ********** nömrəsini içindəki 17 manat balansla birgə ləğv edib. Ona toplam 100 manata yaxın maddi ziyan dəyib. Bu konkret şəbəkə cinayəti olsa da, nə hüquq mühafizə orqanları, nə də uyğun dövlət qurumları istehlakçı hüquqlarının kobud pozuntusuna qiymət verir. Bakcell özbaşınalığını xx.xx.2024 tarixli zorakı müqavilə şərti diqtə etməklə sürdürür. Guya Bakcellin birtərəfli xidmət tarifi diqtə etmək hüququ var və xidmətdən imtina da qadağandır. Bakcell agentlərinin onlayn cavabları və qəbzlər əlavə olunur. Nömrələr ikitərəfli bağlı olduğu halda hansı xidmətdən istifadədən söhbət gedə bilər? Zorakı müqavilə şərtini, xidmət göstərilməsini, daha düzü, göstərilməməsini qanun qadağan edir. Cavabdehin qanuna zidd hərəkətindən həm maddi ziyan, həm də mənəvi zərər çəkib. Belə ki, 4 nömrədən toplam 93 manat pulun hamısı silinib və cavabdeh əlaqədar dövlət qurumlarına bu balans yeyintisini, nömrənin başqasının adına olması və etibarsız danışılması ilə izah edib. Halbuki, bu başqası başqa deyil, doğma oğludur və telefon ümumi istifadədə olan rabitə vasitəsi olduğundan ondan etibarnamə ilə istifadə edilməli olmasını iddia etmək mənəviyyatsızlığı ortaya qoyur. Eyni zamanda nömrələr ikitərəfli bağlı olduğundan və ümumiyyətlə şəbəkədə olmadığından ondan istifadə etmək də mümkünsüzdür. Amma Bakcellin dələduz əməkdaşları bağlı nömrəni istədikləri kimi saxta xidmətə qoşub mənimsəyiblər, bundan daha çox maddi-mənəvi ziyan çəkib. Bu ilin yayında Soçi şəhərində müalicədə olanda balansında olan zorakı xidmətdən yararlanıb rouminqə qoşulardı və xx.xx.2024-cü ildə Soçi-Bakı reysinə gecikmədiyi halda, reysə buraxılmamağa görə, 2000 manat ziyana düşməzdilər. Onlar rabitəsiz və hüquqi yardımsız olduqlarından məcbur olub, Soçi-Moskva-Bakı reysinə 1616 manat xərcləyiblər, batan biletləri ilə birgə 2000 manatdan çox maddi ziyana, ölçüyəgəlməz mənəvi ziyana düşüblər. Bakcell isə həmin vaxt istifadələrində olan nömrələrdən 90 manatdan çox pulu silib, onları xəyali xidmətə qoşub. Bu maddi ziyan Bakcellin özbaşınalığından dəyib (işin gedişində sənədlər əlavə oluna bilər). "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" Qanunun 14-cü maddəsinin 1-ci bəndinə görə, qanunvericilik aktlarında nəzərdə tutulmuş hallardan başqa istehlakçının hüququna üstünlük verilməsinə, birbaşa və ya dolayısı ilə hər hansı şəkildə məhdudlaşdırılmasına yol verilmir. Sosial müdafiəyə ehtiyacı olan vətəndaşların ayrı-ayrı qruplarına ticarət və digər xidmət növləri sahəsində Azərbaycan Respublikasınən qanunvericilik aktlarında nəzərdə tutulmuş qaydada güzəştlər və üstünlüklər verilə bilər. Qanunun 14.2-ci maddədə yazılıb ki, istehlakçını ona lazım olmayan çeşiddə mal almağa və ya xidmət göstərilməsinə məcbur etmək qadağan edilir. Qanunun 14.6-cı maddədə təsbit olunub ki, ticarət və digər xidmət növləri müəssisələrində istehlakçının hüquqları pozularsa, satıcı (icraçı) və bu müəssisənin işçiləri qanunvericiliklə müəyyən olunmuş qaydada məsuliyyət daşıyırlar. Qanunun 16-cı maddəsi istehlakçının hüquqlarını məhdudlaşdıran müqavilə şərtlərinin etibarsızlığı barədədir: "Qanunvericilikdə nəzərdə tutulan hüquqlarla müqayisədə istehlakçının hüquqlarını məhdudlaşdıran müqavilə şərtləri etibarsız sayılır. İstehlakçının hüquqlarını məhdudlaşdıran müqavilə şərtlərinin tətbiqi nəticəsində istehlakçıya zərər dəyibsə, onlar təqsirkar şəxs tərəfindən tam həcmdə ödənilməlidir. İstehsalçı (satıcı, icraçı) istehsalat və ya ticarət fəaliyyətində tutduğu vəzifə üstünlüklərindən istifadə edərək istehlakçıya zərər vurduqda istehlakçı ona vurulmuş zərərin ödənilməsi hüququna malikdir. Cavabdeh xidmət qurumu Bakcell qanuna zidd olaraq şərt diktə edir, istifadə etmədikləri ikitərəfli bağlı nömrələri özbaşına, lazım olmayan xidmətə qoşub, onlara ziyan vurur. Bu özbaşınalıqdan elə mənəvi sarsıntı, iztirab keçirir ki, artıq intihar həddindədir. Belə zorakı xidmət olar? Bakcelldən üstünlüyündən sui-istifadə edərək vurduğu zərərin əvəzini ödəməyi tələb edəndə isə heç bir hüququnun olmadığı, zorla xidmət göstərilməsi adı ilə zərər vurmasının onun müstəsna hüququ olduğu bildirilib (əlavə olunur). Hətta məhkəməyə müraciət etmək hüquqlarına da məhkəmələrə kənardan sifariş verərək qadağa qoydurub. Halbuki "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" Qanunun 26-cı maddəsinə görə, istehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. İstehlakçının tələblərini yerinə yetirməklə yanaşı, məhkəmə həmçinin ona dəymiş mənəvi (qeyri-əmlak) zərərin də ödənilməsini həll edir.

Cavabdehin etirazı və ona dəlilləri:

3. Cavabdeh etirazla məhkəməyə müraciət edərək qeyd etmişdir ki, iddiaçı xx.xx.2024-cü il tarixində onun adına rəsmiləşdirilmiş ********** nömrəsinin balansından 36 manat, ********** nömrəsinin balansından 17,30 manat və oğlunun adına rəsmiləşdirilmiş ********** və ********** nömrələrinin balansından müvafiq olaraq 23 manat və 17 manatın cavabdeh tərəfindən əsassız olaraq silindiyini, ümumilikdə 93 manat vəsaitin sözügedən nömrələrin balansından silindiyini, həmin vaxt Soçi-Moskva-Bakı reysinə gecikdiyini və balansında vəsait qalmadığından gecikməsi ilə əlaqədar müvafiq şəxslərlə əlaqə saxlaya bilmədiyini və nəticədə 2000 manatdan artıq əlavə nəqliyyat xərci çəkdiyini iddia edir. Belə ki, iddiaçı cavabdehin ona 2093 manat maddi və 8000 manat mənəvi zərər vurduğunu iddia edir. Aşağıda qeyd edilən faktiki və hüquqi xüsusatlara əsasən hesab edirlər ki, iddia tələbi tamamilə əsassız olmaqla təmin edilməməlidir. İlk öncə qeyd edilməlidir ki, iddiaçının balansından vəsait silindiyini iddia etdiyi ********** və ********** mobil nömrələri iddiaçının oğlu X1 adına rəsmiləşdirildiyindən iddiaçının sözügedən nömrələrlə əlaqədar tələb irəli sürmək hüququ yoxdur. İddiaçının adına rəsmiləşdirilmiş ********** nömrəsi ilə bağlı isə qeyd edilməlidir ki, 31 iyul tarixində cavabdehin şəbəkəsində texniki problem baş verdiyindən texniki xəta nəticəsində ********** nömrəsinin balansından 36 manat deyil, 32,98 qəpik vəsait silinib. Daha sonra iddiaçı bununla bağlı əməkdaşlarına məlumat verib və əvvəlcə 3 manat vəsait, daha sonra isə 29,98 manat vəsait iddiaçının hesabına geri qaytarılıb (bununla bağlı təsdiqedici yazışmalar əlavə edilir). İddiaçının adına rəsmiləşdirilmiş digər nömrə - ********** ilə bağlı isə qeyd edirlər ki, eyni tarixdə (xx.xx.2024) 16,99 manat texniki xəta nəticəsində nömrə balansından silinib. İddiaçının cavabdehə bu barədə məlumat verdikdən sonra cavabdeh tərəfindən müvafiq araşdırmalar aparılıb və xx.xx.2024-cü il tarixində həmin məbləğ (16,99 manat) cavabdeh tərəfindən balansa bərpa edilib. Belə ki, hər iki mobil nömrə balansı üzrə texniki xəta nəticəsində silinmiş vəsait cavabdeh tərəfindən tam həcmdə balansa bərpa edildiyindən iddiaçının maddi zərərlə bağlı iddiası əsassızdır. Mənəvi zərərlə bağlı isə qeyd edilməlidir ki, sözügedən məbləğ texniki xəta nəticəsində iddiaçıya məxsus nömrələrin balansından silinib və araşdırılaraq balansa bərpa olunub. Odur ki, sözügedən halla bağlı iddiaçıya mənəvi zərər dəyməsi ağlabatan deyil. Yuxarıda da qeyd edildiyi kimi sözügedən silinmə sistemdə baş verən texniki xəta nəticəsində baş verib. Belə ki, mənəvi zərərlə bağlı tərkib əlamətlərinin mövcudluğu iddiaçı tərəfindən sübut olunmayıb. Yəni, iddiaçının maddi zərərlə bağlı tələbi ilə yanaşı mənəvi zərərlə bağlı tələbi də tamamilə əsassızdır. Qeyd edilənlərə əsasən mülki iş üzrə iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materialları:

4. Məhkəməyə iddiaçı tərəfindən Cavabdeh MMC-nin “onlayın konsultasiya” xidməti ilə aparılmış söhbətin nüsxələri təqdim edilmişdir.

5. Məhkəməyə Cavabdeh MMC tərəfindən iddiaçı ilə cəmiyyətin əməkdaşlarının söhbətinin nüsxələri təqdim edilmişdir.

Tərəflərin izahatları:

6. Tərəflərə məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün saymışdır.

Məhkəmə baxışının hədləri:

9. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin:

14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

77. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

Tətbiq edilən hüquq:

10. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin:

14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 54.1. İddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun.

107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

11. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

12. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun: 13-cü maddəsinin 8-ci bəndinin tələbinə əsasən dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır. 14-cü maddəsinin:

1. Bütün vətəndaşlar ticarət və başqa xidmət növləri sahəsində tələbatlarının ödənilməsində bərabər hüquqa malikdirlər. Qanunvericilik aktlarında nəzərdə tutulmuş hallardan başqa, istehlakçıların hüquqlarına üstünlük verilməsinə, birbaşa və ya dolayısı ilə hər hansı şəkildə məhdudlaşdırılmasına yol verilmir. Sosial müdafiəyə ehtiyacı olan vətəndaşların ayrı-ayrı qruplarına ticarət və digər xidmət növləri sahəsində Azərbaycan Respublikasının qanunvericilik aktları ilə müəyyən edilmiş qaydada güzəştlər və üstünlüklər verilə bilər.

2. İstehlakçı satıcının (icraçının) iş rejimini nəzərə almaqla, özü üçün əlverişli olan vaxtda sərbəst mal və xidmət seçmək hüququna malikdir. İstehlakçıya sərbəst mal və xidmət seçməkdə hər cür köməklik göstərmək satıcının (icraçının) borcudur. İstehlakçını keyfiyyətsiz və ya ona lazım olmayan çeşidli mal almağa və xidmət göstərilməsinə məcbur etmək qadağan edilir.

3. Satıcı (icraçı) istehlakçıya öz müəssisəsinin adı, mənsubiyyəti və iş rejimi barədə düzgün və başa düşülən məlumat verməlidir.

6. Ticarət və digər xidmət növləri müəssisələrində istehlakçının hüquqları pozularsa, satıcı (icraçı) və bu müəssisələrin işçiləri qanunvericiliklə müəyyən olunmuş qaydada məsuliyyət daşıyırlar. 17-ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır.

İşin faktiki halı:

13. Belə ki, işin məhkəmə tərəfindən araşdırılan halları ilə müəyyən edilmişdir ki, iddiaçı tələbində xx.xx.2024-cü il tarixində ********** nömrəsinin balansından 36 manat, ********** nömrəsinin balansından 17,30 manat, ********** nömrəsinin balansından 23 manat və ********** nömrəsinin balansından 17 manatın cavabdeh tərəfindən əsassız olaraq silindiyini, ümumilikdə 93 manat vəsaitin sözügedən nömrələrin balansından silindiyini, həmin vaxt Soçi-Moskva-Bakı reysinə gecikdiyini və balansında vəsait qalmadığından gecikməsi ilə əlaqədar müvafiq şəxslərlə əlaqə saxlaya bilmədiyini və nəticədə 2000 manatdan artıq əlavə nəqliyyat xərci çəkdiyini iddia edir. Belə ki, iddiaçı cavabdehin ona 2093 manat maddi və 8000 manat mənəvi zərər vurduğunu iddia edir.

Məhkəmənin mövqeyi:

14. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi təmin edilməməlidir.

15. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının balansından vəsait silindiyini iddia etdiyi ********** və ********** mobil nömrələri iddiaçının deyil, cavabdehin verdiyi məlumata əsasən onun oğlu X1 adına rəsmiləşdirilmişdir.

16. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarında göstərmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır.

17. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir.

18. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.

19. Bundan başqa, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “N.Əbilovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 09 fevral 2006-cı il tarixli qərarının və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 22 dekabr 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 13 iyun 2008-ci il tarixli qərarında göstərmişdir ki, konstitusiya hüququnun doktrinası hüquqi müəyyənlik prinsipini Azərbaycan Respublikası Konstitusiyasının Preambulasında öz əksini tapan qanunun aliliyinin əsas elementlərindən biri kimi tanıyır. Hüquqi müəyyənlik prinsipi isə digər tələblərlə yanaşı ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır.

20. Qeyd olunanlara əsasən məhkəmə İddiaçı iddia tələbinin “********** nömrəsinin balansından 23 manat və ********** nömrəsinin balansından 17 manatın silinməsi nəticəsində dəymiş maddi ziyanın ödənilməsi” hissəsinə münasibətdə belə qənaətə gəlir ki, iddia tələb hüququ olmayan şəxs tərəfindən verilmişdir.

21. Belə ki, subyektiv hüquq şəxsiyyətin azadlığını, bu və ya digər davranışının mümkünlüyünü, sərbəstlik və təşəbbüskarlıq göstərmək imkanını hüquqi cəhətdən təmin edir. Nəticə etibarı qeyd edilən nömrələr onun oğlunun adına rəsmiləşdirildiyindən onun həmin hissədə hər hansı tələb hüququ yoxdur və o, göstərilən iddia tələbi ilə bağlı tərəf kimi çıxış edə bilməz.

22. Məhkəmə iddia tələbinin “********** nömrəsinin balansından 36 manat, ********** nömrəsinin balansından 17,30 manatın silinməsi nəticəsində dəymiş ziyanın ödənilməsi” hissəsinə münasibətdə qeyd edir ki, 31 iyul 2024-cü il tarixində cavabdehin şəbəkəsində texniki problem baş verdiyindən texniki xəta nəticəsində ********** nömrəsinin balansından 32,98 qəpik vəsait silinib. Daha sonra iddiaçı bununla bağlı əməkdaşlarına məlumat verib və əvvəlcə 3 manat vəsait, daha sonra isə 29,98 manat vəsait iddiaçının hesabına geri qaytarılıb. İddiaçının adına rəsmiləşdirilmiş ********** nömrəsndən eyni tarixdə 16,99 manat texniki xəta nəticəsində nömrə balansından silinib. İddiaçının cavabdehə bu barədə məlumat verdikdən sonra cavabdeh tərəfindən müvafiq araşdırmalar aparılıb və xx.xx.2024-cü il tarixində həmin məbləğ cavabdeh tərəfindən balansa bərpa edilib. Belə ki, hər iki mobil nömrə balansı üzrə texniki xəta nəticəsində silinmiş vəsait cavabdeh tərəfindən tam həcmdə balansa bərpa edildiyindən iddiaçının maddi zərərlə bağlı iddiası əsassız hesab olunur.

23. Bundan başqa, iddiaçı həmçinin rabitə xidmətindən istifadə edə bilmədiyinə görə Soçi-Moskva-Bakı reyslərinə və istifadə olunmayan bilətlərə ümumilikdə 2000 manat xərc çəkdiyini və nəticədə ona 2000 manat ziyan dəydiyini qeyd edərək, cavabdeh tərəfindən 2000 manat maddi ziyanın ödənilməsini və 2025-ci ildə xaricdə müalicəyə getməyə onu müşayiət edən şəxslə birgə 2 nəfərlik yol xərcinin ödənilməsi cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

24. Məhkəmə qeyd edir ki, qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri isə bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır.

25. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

26. Həmin məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.

27. Göründüyü kimi, qətnamə çıxarıldıqda hakim mülki iş üzrə toplanmış, həmin iş üzrə əhəmiyyət kəsb edən, məhkəmə iclasında tədqiq olunmuş sübutları qiymətləndirməlidir. Bunun üçün işin konkret halları və həmin halları təsdiq və ya inkar edən, işin düzgün həlli üçün əhəmiyyətə malik olan sübutlar müəyyən olunmalıdır. İş üçün əhəmiyyəti olan hallar dedikdə isə hər bir tərəfin öz tələblərinin və ya etirazlarının əsası kimi istinad etdiyi və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla təsdiq və ya rədd olunan hallar başa düşülür. Qanunvericilik mülki işə baxılmasını və çıxarılan qətnaməni tələblə, həmin tələbi müəyyən edən hallarla və bu halları təsdiq edən sübutlarla məhdudlaşdırır. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

28. Lakin iddiaçı həmin tələblərlə bağlı biletlərə xərclənən pul, səyahət tarixləri və s. barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Bu səbəbdən iddiaçıya göstərilən məbləğdə maddi ziyanın vurulması öz təsdiqini tapmır. Bundan başqa, həmin tələblərlə texniki xəta nəticəsində iddiaçıya məxsus ********** nömrəsinin balansından 32,98 manat və ********** nömrəsndən 16,99 manat pulun silinməsi ilə onun uçuşlara gecikməsi, səyahətini reallaşdıra bilməməsi arasında səbəbli əlaqə müəyyən ediməmişdir. Bu səbəbdən məhkəmə iddianı həmin hissələrdə əsassız hesab edir.

29. Məhkəmə iddia tələbinin “8000 manat mənəvi ziyanın ödənilməsi” hissəsinə münasibətdə aşağıdakıları qeyd edir.

30. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsinin “Mülki Məcəlləin 21 və 23cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli qərarında qeyd olunmuşdur ki, mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır.

31. Həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 saylı Qərarının 8-ci bəndində qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun.

32. Göründüyü kimi, zərərin əvəzini ödəmək öhdəliyinin qoyulması üçün əsas şərtlərdən biri, həmin zərərin fiziki və ya hüquqi şəxslər tərəfindən mülki hüquq pozuntusu törədilməsi nəticəsində əmələ gəlməsidir.

33. Belə ki, fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməsi üçün mülki hüquq məsuliyyətinin 4 zəruri şərti mövcud olmalıdır. Birincisi-törədilmiş əməlin hüquqazidd olmalıdır; ikincisi-törədilmiş əməl nəticəsində başqa şəxsə birbaşa zərər yetirilməlidir; üçüncüsü-mülki hüquq pozuntusu ilə zərər arasında səbəbli əlaqə mövcud olmalıdır; dördüncüsü isə-hüquqpozan şəxsin təqsiri olmalıdır.

34. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur.

35. Belə ki, iddiaçı mənəvi ziyanın ödənilməsi barədə iddia qaldırsa da, onun fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə maddi və mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsirini sübut edən heç bir əsaslı və mötəbər sübut təqdim edə bilməmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, iddia tələbi “8000 manat məbləğində mənəvi zərərin ödənilməsi” hissəsində təmin edilməməlidir.

Nəticə:

36. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək qeyd edir ki, İddiaçı Cavabdeh MMC-yə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi, yol xərcinin ödənilməsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməməlidir.

37. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunduqlarını və iddianın təmin edilməməsini nəzərə alaraq, məhkəmə hesab edir ki, məhkəmə xərcləri dövlət büdcəsinə aid edilməlidir.

38. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ:

İddiaçı Cavabdeh MMC-yə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi, yol xərcinin ödənilməsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərcləri dövlət büdcəsinə aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Qumru Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar