Məhkəmə qərarları › İş №e-2(007)-1081/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-1081/2024

08.08.2024 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-1081/2024 08.08.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Cəfərova Ləman Faiq qızının katibliyi, İddiaçı Heydər Əliyev adına X4 nümayəndəsi Məmmədov Rövşən Rafiq oğlunun iştirakı ilə, İddiaçı Heydər Əliyev adına X4 Cavabdeh qarşı “tikilinin qanunsuz hesab edilməsi və sökülməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi: İddia tələbi və onun əsaslandırıldığı hallar: İddiaçı Heydər Əliyev adına X6 Cavabdeh qarşı “tikilinin qanunsuz hesab edilməsi və sökülməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1ndə NEZ-ə məxsus neft məhsulları nəql olunan boru kəmərlərindən təqribən 20-25 metr aralı məsafədə Cavabdeh tərəfindən xəttə paralel 6 metr uzunluğunda və xəttə perpendikulyar 20 metr uzunluğunda dəmir lövhələrdən ibarət tikilmiş hasarın və həmin hasarın içərisində xətdən 30-35 metr aralı məsafədə 16 metr uzunluğunda, 9 metr enində və 9 mişar hündürlüyündə tikilmiş tikilinin özbaşına (qanunsuz) tikili hesab edilməsi və həmin tikililərin sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, SOCAR-ın Təhlükəsizlik İdarəsi tərəfindən Heydər Əliyev adına X5 (NEZ) ünvanlanmış məktubda göstərilmişdir ki, xx.xx.2023-cü il tarixdə ünvan 1ndə NEZ-ə məxsus neft məhsulları nəql olunan boru kəmərlərindən təqribən 20-25 metr aralı məsafədə Cavabdeh tərəfindən xəttə paralel 6 metr uzunluğunda və xəttə perpendikulyar 20 metr uzunluğunda dəmir lövhələrdən istifadə etməklə hasar tikintisi işlərinin aparılması, eləcə də həmin hasarın içərisində xətdən 30-35 metr aralı məsafədə 16 metr uzunluğunda, 9 metr enində və 9 mişar hündürlüyündə yeni ev tikintisi işlərinin aparılması faktı aşkar edilmişdir. Tikintini aparan Cavabdeh aparılan tikinti işlərinin mühafizə zonasına düşdüyü üçün qanunazidd olduğu bildirilmiş və əlavə işlərin aparılmaması üçün yazılı xəbərdarlıq təqdim olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin 24 yanvar 2003-cü il tarixli, 844 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Nizamnaməsinə əsasən, NEZ Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin strukturuna daxil olan hüquqi şəxs statuslu müəssisə kimi fəaliyyət göstərir. İddiaçıya məxsus neft boru kəmərinin mühafizə zonasında yerləşən torpaq sahəsi faktiki olaraq cavabdeh tərəfindən zəbt edilmişdir ki, bu da həmin kəmərə qulluq edilməsinə, onun istismar edilməsinə maneçilik yaratmaqla yanaşı insanların həyatı üçün də təhlükə yaradır. Zavodun fəaliyyətinin təmin edilməsi üçün müxtəlif istehsalat və sahələrdə ayrı-ayrı texnoloji əməliyyatlar həyata keçirildiyindən, həmin istehsalat və sahələrin bir-birindən xeyli aralı məsafədə yerləşdiyini nəzərə alaraq, aralarında boru kəmərləri çəkilmişdir. Həmçinin hazır məhsulların anbarlara yığılması üçün boru kəmərləri çəkilmişdir. Bu neft boru kəmərləri qanunvericiliyə əsasən, magistral boru kəmərləri hesab olunur. Normativ sənədlərə əsasən, boru kəmərinin təyinatı, diametri və kəmərdə olan təzyiqə görə boru kəmərləri ətrafında mühafizə zonası müəyyən olunmuşdur. Mühafizə zonalarının müəyyən edilməsi bir neçə amillə bağlıdır. İlk olaraq, boru kəmərləri və neft məhsulları anbarları dövlət əhəmiyyətli obyektlər hesab edilir. Bu obyektlərdə hər hansı bir qəza nəticəsində yanğın və partlayış baş verdiyi halda ətrafda olan şəxslər üçün böyük təhlükə yarada bilər. Digər tərəfdən, bu obyektlərin mühafizəsinin effektli təşkilinə həmin ərazidə inşa edilmiş tikililər maneçilik törədir. Bütün bunları nəzərə alaraq, mühafizə zonasının mövcudluğu olduqca zəruridir. Tərəflərin izahatları: Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi və əlavə olaraq bildirdi ki, ekspertiza rəyi ilə razıdır, ekspert rəyi ilə tikilinin mühafizə zolağına düşdüyü məlum olmuşdur. Nazirlər Kabinetinin 2004-cü il, 67 nömrəli Qərarının 4.1-ci bəndinə əsasən mühafizə zolağı müəyyən edilmişdir, həmin mühafizə zolağında tikinti işlərinin aparılması qadağan edilmişdir. 6.1-ci bənddə qaydalar göstərilir ki, mühafizə zonasında tikinti aparıldığı təqdirdə Energetika Nazirliyinin və X1 üzrə Agentliyin icazəsi alınmalıdır, icazə alınan zaman isə Heydər Əliyev adına X4 rəyi nəzərə alınmalıdır. Qarşı tərəflə aralarında barışıq yoxdur, mübahisəli ərazidə son dəfə gedib baxanda hər hansı bir artım edilməmiş, hər hansı dəyişiklik olmamışdır. Burada söhbət yeni tikilidən gedir, cavabdeh torpağı zəbt etmiş və orada tikili tikmişdir. Cavabdeh yazılı xəbərdarlığı imzalamış və polis tərəfindən akt da tərtib edilmişdir. Eyni zamanda zavodun komissiya üzvləri mübahisəli yerdə olmuş, akt tərtib edilmiş və 11 yanvar 2024-cü ildə tərtib edilən aktdan da müəyyən olunmuşdur ki, Cavabdeh tərəfindən tikilən 16 metr uzunluğunda, 3,5 metr enində yarımçıq tikili faktı aşkar edilmişdir. Həmin ərazidən Dş-300 mm neft boru kəmərinə paralel Dş-500 mm neft boru kəmərləri keçir. Qanunvericiliyin tələbinə görə şəxs özünə məxsus olmayan sahədə tikinti işləri apara bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 180-ci maddəsinə uyğun olaraq tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi sürətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya daşınmaz əmlak özbaşına tikili sayılır. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 111.1-ci və 111.2-ci maddələrinə əsasən Azərbaycan Respublikasında “torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılır. Məhkəmə iclaslarının vaxtı və yeri haqqında xəbərdar edilmiş Cavabdeh məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərini nəzərə alaraq, cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşin mübahisəsiz halları: Hazırkı işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarından görünür ki, Heydər Əliyev adına Bakı X4 mühafizəsi üzrə Polis İdarəsinin bölük komandiri, Polis serjantlarının iştirakı ilə xx.xx.2023-cü il tarixli akt tərtib edilərək xx.xx.2023-cü il tarixdə 49 saylı postun ərazisində saat 11:00-da ünvan 1ndə NEZ-ə məxsus neft məhsulları nəql olunan boru kəmərlərindən təqribən 20-25 metr aralı məsafədə özünü Cavabdeh kimi təqdim edən şəxs tərəfindən xəttə paralel 6 metr uzunluğunda və xəttə perpendikulyar 20 metr uzunluğunda dəmir lövhələrdən istifadə etməklə hasar tikinti işlərinin aparılması, eləcə də həmin hasarın içərisində xətdən 30-35 metr aralı məsafədə köhnədən olan 1 otaq tam (yaşayış evi) 1 otaq natamam olan tikilinin qarşısında 16 metr uzunluğunda, 9 metr enində və 9 mişar hündürlüyündə yeni ev tikintisi işlərinin aparılması tərəflərindən aşkarlanmışdır. Tikinti sahibi Cavabdeh aparılan tikinti işlərinin mühafizə ərazisinə düşdüyü üçün qanunazidd olduğu bildirilmiş və əlavə işlərinin parılmaması üçün yazılı xəbərdarlıq təqdim olunaraq görülən işlər dayandırılmışdır. Həmçinin "xxxx" MMC-nin əmri ilə yaradılmış komissiya tərəfindən NEZ-ə məxsus neft məhsulu nəql olunan Dş-300 mm neft boru kəmərinin “Mühafizə zonası”nın 40 metrliyində tikinti işləri aparılan ünvan 1 ünvanına baxış keçirilmiş və baxış zamanı həmin ərazidən Dş-300 mm neft boru kəmərinə paralel Dş-500 mm neft boru kəmərləri keçməsi məlum olmuşdur. Bu barədə "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli akt tərtib edilmişdir. Mübahisəli məsələlərin araşdırılması məqsədilə iş üzrə məhkəmə mühəndis-texniki ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2- 10/3178 nömrəli ekspertiza rəyinin nəticə hissəsi ilə iddiaçının nümayəndəsi tərəfindən təqdim edilmiş ünvanında yerləşən cavabdehin istifadəsində olan metal hasarın “Heydər Əliyev adına X6”nun istismarında olan neft kəmərindən 26.0 metr, daş hasarın 38.5 metr, evin isə 42.5 metr aralı məsafədə yerləşdiyi nəzərə alınarsa, həmin metal hasarın, daş hasarın və fərdi yaşayış evinin Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyi tərəfindən hazırlanmış və xx.xx.2023-cü ildə Ədliyyə Nazirliyində 2951 nömrəsi ilə qeydiyyata alınmış “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları” ilə müəyyən edilmiş 50 metrlik mühafizə zolağının daxilinə düşdüyü müəyyən edilmişdir. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edib, iddiaçının nümayəndəsinin izahatını dinləyib araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyası: 13.İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29.İ və 29.İİ. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 152.1. Mülkiyyət hüququ- subyektin ona mənsub əmlaka (əşyaya) özistədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və yaondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsi: 5.2. Mülkiyyət hüququnun subyektləri - dövlət mülkiyyətində olan torpaq sahələri üzərində- Azərbaycan dövləti, bələdiyyə mülkiyyətində olan torpaq sahələri üzərindəbələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaq sahələri üzərində- Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləridir. 22.2. Əhalinin təhlükəsizliyinin təmin olunması, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı obyektlərin istismarına lazımi şərait yaradılması üçün onların ətrafında xüsusi (qoruyucu, sanitariya və s.) hüquqi rejimli mühafizə zonaları yaradılır. Həmin maddənin 5-ci bəndinə əsasən sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqların istifadəsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir, xüsusi hüquqi rejimli zonalarının müəyyənləşdirilməsi qaydaları isə müvafiq normativ aktlarla tənzimlənir. 46.1. Dövlət mülkiyyətində olan torpaqlara dövlət hakimiyyət orqanlarının yerləşdiyi torpaqlar; dövlət obyektlərinin- dağ-mədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar; yay və qış otlaqlarının, mal-qara düşərgələrinin və köç yollarının torpaqları; meşə fondu torpaqları (dövlət kənd təsərrüfatı müəssisələrinin meşələri də daxil olmaqla); Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin su fondu torpaqları; Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu 20-50 metrlik zolağının altında olan torpaqlar; təbiəti mühafizə, təbii-qoruq, sağlamlaşdırma, turizm və rekreasiya, tarixmədəniyyət təyinatlı torpaqlar, habelə üzərində təsərrüfat fəaliyyəti qadağan edilmiş qanunla qorunan digər ərazilərin torpaqları; dövlət elmi-tədqiqat və tədris müəssisələrinin, onların təcrübə bazalarının, maşın-sınaq stansiyalarının, dövlət sort-sınaq xidmətinin, toxumçuluq və damazlıq təsərrüfatlarının torpaqları; dövlət müəssisə, idarə və təşkilatlarının daimi istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş torpaqlar; dövlət ehtiyat fondu torpaqları daxildir. 46.2. Göstərilən torpaqlar dövlətin müstəsna mülkiyyətindədir, həmin torpaqlar bu məcəllədə və digər normativ hüquqi aktlarda müəyyən olunmuş qaydada istifadəyə və icarəyə verilə bilər. 84.1 və 84.3. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir.

111. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: 28.4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. “İstismar olunan ixrac neft boru kəmərlərinin “Mühafizə Zonası”nın müəyyənləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 noyabr 2004-cü il tarixli 167 saylı qərarı: 4.1. İxrac neft boru kəmərlərinin (İNBK-nın) istismarı üçün şərait yaratmaq və onların döşəndiyi şəraitdən asılı olaraq zədələnmə ehtimalının qarşısının alınmasını təmin etmək məqsədilə aşağıdakı mühafizə zonaları müəyyənləşdirilir: İNBK-nın marşrutu boyunca - boru kəməri oxunun hər tərəfindən 50 metrlik məsafədən keçən torpaq sahəsi şərti xətlərlə məhdudlaşdırılır; kənd təsərrüfatı təyinatlı torpaqlarda mühafizə zonası boru kəməri oxunun hər tərəfindən 25 metrlik məsafədən keçən şərti xətlərlə məhdudlaşdırılır; çoxxətli İNBK xətləri (marşrutları) boyunca - kənar boru kəmərlərinin oxlarından hər tərəfdən 50 metrlik məsafədən keçən torpaq sahəsi şərti xətlərlə məhdudlaşdırılır; kənd təsərrüfatı təyinatlı torpaqlarda mühafizə zonası kənar boru kəmərlərinin oxlarından hər tərəfdən 25 metrlik məsafədən keçən şərti xətlərlə məhdudlaşdırılır. 6.1. “Mühafizə Zonası”nda Energetika Nazirliyinin və X1 Dövlət Agentliyinin (istismarçı təşkilatın rəyini almaqla) icazəsi olmadan bina və qurğuların tikintisi üzrə işlərin edilməsi qadağandır. İnsan hüquqları üzrə Avropa Məhkəməsinin “Jidov və başqaları Rusiya Federasiyasına” qarşı iş üzrə 16 oktyabr 2018-ci il tarixli qərarında Jidovun şikayəti üzrə Məhkəmə qeyd etmişdir ki, “...ev həmin məqsədlər üçün ayrılmayan torpaq sahəsində inşa olunmuş, bunun üçün müvafiq icazə əldə edilməmiş və tikinti işləri tikinti və şəhərsalma qaydaları və normalarının kobud pozuntusu ilə aparılmışdır. Məhkəmə razılaşmışdır ki, hakimiyyət orqanları bu hallardan xəbərdar olmuşlar, ictimai təhlükəsizlik və sağlamlıq üçün təhlükə yaradan bu cür vəziyyətin qalmasına imkan yaratmışlar. Lakin hakimiyyət orqanlarının belə vəziyyətə dözümlülüyü ərizəçi Jidov tərəfindən ona qarşı hər hansı iddia qaldırılmayacağı kimi qiymətləndirilə bilməzdi. Birincisi, onun inşa etdiyi ev Mülki Məcəllənin 222-ci maddəsinin tələbləri baxımından məqsədəuyğun hesab oluna bilməzdi. İkincisi, bu cür iddia qaldırılması üçün müddət məhdudlaşdırılmamışdır. Odur ki, ərizəçi Jidov onun əmlak hüquqlarına müdaxilədən əziyyət çəkməmişdir. Beləliklə, onun hər hansı hüquqları pozulmamışdır”. Avropa Məhkəməsi həmin qərarda Kosenkonun şikayəti üzrə göstərmişdir ki,“...ərizəçi anlamalı idi ki, torpaq sahəsi neft kəmərlərinin yaxınlığında yerləşir. Bundan başqa, ərizəçi, heç bir vaxt Baş plandan çıxarışla tanış ola bilmədiyini qeyd etməmişdir. Həmçinin, o, boru kəmərlərini qoruyan torpaq təpəsinin mövcudluğundan xəbərdar olmaya bilməzdi. Belə ki, torpaq təpəsi onun əldə etdiyi torpaq sahəsinin yaxınlığında idi və ərizəçi heç olmazsa bunun nə olduğu barədə maraqlanmalı idi və kooperativin sədri və ya yerli hakimiyyət orqanlarından bu haqda məlumat almalı idi. Ona görə də, sarayın və yardımçı sahələrin özbaşına tikinti olmaları əsası ilə sökülməsi barədə qərar ərizəçinin üzərinə tənasübsüz öhdəlik qoymurdu. Bundan belə nəticə çıxır ki, onun hüquqları pozulmamışdır”. Məhkəmə işin hallarına qiymət verərək qeyd edir ki, iddia tələblərinin qanuni əsasını Mülki Məcəllənin 157.2-ci və 180-ci maddələri təşkil edir. Həmin Məcəllənin 180-ci maddəsinin tələblərinə görə tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Qeyd olunan tələblərin əsaslı olub-olmadığının yoxlanılması üçün aşağıdakı hallar araşdırılmalıdır: 1) iddia tələbində göstərilən tikilinin özbaşına tikinti olub-olmadığı, 2) iddiaçının Mülki Məcəllənin 180.4-cü maddəsində göstərilən şəxslərə aid olub-olmadığı. Belə ki, Qanunverici özbaşına tikililərə dair hüquqi tənzimləmə qaydalarını təsbit edərək onun üzərində mülkiyyət hüququnun yaranması şərtlərini müəyyənləşdirmişdir. Bunlara tikinti aparılan torpaq sahəsinin tikən şəxsin mülkiyyətində olması, tikilinin saxlanılmasının digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmaması və ətrafdakıların həyat və sağlamlığı üçün təhlükə yaratmamasıdır. Bu şərtlərdən birinin mövcud olmaması məhkəmələr tərəfindən özbaşına tikili üzərində mülkiyyət hüququnun tanınmasını istisna edir. Göstərilən şərtlər mövcud olarsa, məhkəmə özbaşına tikili üzərində mülkiyyət hüququnu tanıya bilər və belə tanıma Mülki Məcəllənin 139-1.1.4-cü maddəsinə uyğun olaraq, daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas təşkil edir. Özbaşına tikinti hesab edilən daşınmaz əmlaklar yalnız məhkəmənin qərarı əsasında sökülə bilər və bu iddiaları müvafiq icra hakimiyyəti orqanları və ya maraqlı tərəf irəli sürə bilər. Həmçinin maddədə göstərilən “maraqlı tərəf” dedikdə, özbaşına tikintinin aparılması nəticəsində qanunla qorunan maraqları və hüquqları pozulmuş şəxslər başa düşülür. Yuxarıda qeyd olunan materiallar və işin halları ilə, mübahisə predmeti olan tikili, dövlətə məxsus və iddiaçının qanuni istifadəsində olan, sənaye təyinatlı torpaq sahəsində inşa edilmiş özbaşına tikilidir. Həmin torpaq sahəsinin üzərindəki daş hasarın və fərdi yaşayış evinin neft kəmərlərinin 50,0 metrlik mühafizə zonasına düşdüyü müəyyən edilir. Beləliklə işin hallarına müvafiq qanun normalarını tətbiq edərkən belə nəticəyə gəlir ki, hazırki halda özbaşına tikintinin aparılması nəticəsində iddiaçının qanunla qorunan maraqları pozulur, bununla da iddia tələblərinə əsasən cavabdehin əmlak və mənzil hüquqlarına müdaxilə üçün qanuni əsasın mövcudluğu aşkardır, həmçinin bu müdaxilə “ictimai maraqlara” cavab verir. Bundan başqa, Avropa Məhkəməsinin “Əhmədova Azərbaycana qarşı” qərarının da məzmunundan göründüyü kimi, Avropa Məhkəməsi ərizəçinin yaşadığı tikilinin milli qanunvericiliyə əsasən özbaşına tikili olması baxımından onun sökülməsinə dair qərarın qəbulunda İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinin pozuntusunu müəyyən etməmişdir. Avropa Məhkəməsi qərarında Konvensiyanın 8-ci maddəsi baxımından qiymətləndirmə apararkən işə baxan məhkəmələrin iddianın təmin edilməsinin qarşıya qoyulan məqsədə münasibətdə mütənasibliyinin qiymətləndirilməsi istiqamətində zəruri araşdırmanın aparılmadığını göstərmişdir. Qərarda qeyd edilmişdir ki, mütənasiblik aidiyyəti orqanların geri almaq istədiyi torpağın hansı məqsədlə istifadə ediləcəyi ilə ayrılmaz şəkildə bağlıdır. Nə iddiaçı milli məhkəmələrdə qaldırdığı iddiasında, nə də hökumət öz təqdimatlarında torpağın təcili olaraq neft əməliyyatları və ya hər hansı digər işlənmə məqsədləri üçün lazım olduğunu iddia etməmişdirlər. Digər tərəfdən, alternativ mənzilin ərizəçi üçün əlçatan olduğunu hesab etmək üçün prosedurun olması da müəyyən edilməmişdir. Hökumət sosial sığınacaqda müvəqqəti qalmağın alternativ yaşayış imkanlarının araşdırılıması üçün hər hansı prosedur olmadığı halda hazırkı şəraitdə mütənasiblik tələbini ödəyən həll yolu kimi qəbul edilə biləcəyini bildirməmişdir. Belə şəraitdə ərizəçiyə müdaxilənin mütənasibliyinə, yəni şəxsi şəraiti nəzərə alınmaqla onun sözügedən evdən çıxarılmasına adekvat baxış əldə etməyə imkan verən prosedur təmin edilməmişdir. Buna görə də Məhkəmə, köçürülmə qərarı belə bir yoxlama olmadan icra olunduğu halda Konvensiyanın 8-ci maddəsinin pozulacağını hesab etmişdir. Göründüyü kimi, Avropa Məhkəməsi istinad edilən qərarında özbaşına tikiliyə mülkiyyət kimi yanaşmayaraq, iş üzrə Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin pozuntusunu müəyyən etməmiş və mövcud şəraitdə neft-qaz əməliyyatları üçün ayrılmış torpaq sahələrində yaşayış sahəsi kimi istifadə olunan özbaşına tikililərin kompensasiya ödənilmədən sökülməsi və həmin sahələrdə yaşayan şəxslərin köçürülməsinə dair iddiaların təmin edilməsini istisna etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 103.1-ci maddəsinə görə ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə həmçinin hazırda mübahisəli torpaq sahəsində sökülməsi qət edilən hasarların yaşayış evi olmadığını nəzərə alaraq hesab edir ki, belə olan halda cavabdehin qətnamə icra edildiyi zaman yaşayış sahələrinə ehtiyacı olan aztəminatlı əhali kateqoriyasına aid olub-olmamasını və digər bu kimi halların araşdırılmasına ehtiyac yoxdur. Məhkəmə iddia tələbinin qismən təmin olması ilə bağlı bildirir ki, mübahisəli tikilinin və hasarların NEZ-ə məxsus neft kəmərindən yerləşdiyi məsafə iddia tələbi və ekspert rəyində fərqli olduğu üçün iddia tələbi həmin hissələrdə qismən təmin edilməli, tikili və hasarların yerləşdiyi məsafə ekspert rəyində qeyd olunan məsafə nəzərə alınmalıdır. Göstərilənlərə əsasən məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq, toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməli, ünvan 1ndə Heydər Əliyev adına X4 istismarında olan neft kəmərindən 26.0 metr aralı məsafədə olan metal hasar, 38.5 metr aralı məsafədə olan daş hasar, 42.5 metr aralı məsafədə olan ev özbaşına tikili hesab edilməli və sökülməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Məhkəmə xərcləri: Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, hazırda iddia tələbi qismən təmin edildiyindən, iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumunun 50 manat hissəsi ona aid edilməli, qalan 50 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməli, ekspertiza xərci olan 50 manat vəsaitin 25 manat hissəsi iddiaçıdan, 25 manat hissəsi cavabdehdən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir.

Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi:

İddia tələbi qismən təmin edilsin. ünvan 1ndə Heydər Əliyev adına X4 istismarında olan neft kəmərindən 26.0 metr aralı məsafədə olan metal hasar, 38.5 metr aralı məsafədə olan daş hasar, 42.5 metr aralı məsafədə olan ev özbaşına tikili hesab edilsin və sökülsün. İddia tələbi qalan hissədə təmin edilməsin. İddiaçı Heydər Əliyev adına X6 tərəfindən məhkəmə xərcləri qismində ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun 50 manat hissəsi iddiaçıya aid edilsin, 50 manat hissəsi Cavabdeh tutulub iddiaçıya ödənilsin. İş üzrə keçirilmiş məhkəmə ekspertizanın tədqiqat dəyəri olan 50 manat vəsaitin 25 manat hissəsi Heydər Əliyev adına X3, 25 manat hissəsi Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE**********0002088501, X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944) ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Həqiqət Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar