Məhkəmə qərarları › İş №e-2(007)-109/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-109/2025

01.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-109/2025 01.05.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MMC-yə qarşı iddia tələbinə dair mülki iş üzrə Açar sözlər: (dəymiş zərərin ödənilməsi tələbi) X1 Tağı oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyeva Leyla Mirfazil qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “dəymiş zərərin ödənilməsi" tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. İddia tələbi: İddiaçı Cavabdeh MMC-yə qarşı “dəymiş zərərin ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyət arasında bağlanmış müqaviləyə əsasən dəymiş zərərin əvəzi olaraq 50.000 manat ödənilməmiş məbləğin və tərəfindən ödənilmiş 240 manat məbləğində dövlət rüsumunun tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddianın əsaslandırıldığı hallar: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onunla “VESTA CONSTRUCTİON" Məhdud Məsuliyyətli Cəmiyyət arasında xx.xx.2017-ci il tarixində 0075 nömrəli müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən mənzilin dəyəri üçün nəzərdə tutulmuş ödənişi (113000 manat) tam şəkildə ödəmişdir. Sözügedən müqavilənin 2.2.2-ci bəndinə əsasən çoxmərtəbəli yaşayış kompleksinin müqavilə bağlandığı andan etibarən 15 ay müddətinə təhvil verilməlidir. Həmin müqavilənin 2.2.2-ci bəndini nəzərə almış olsa, mənzil ona xx.xx.2018-ci il tarixində təhvil verilməli idi. Lakin müqavilə öhdəliyi icraçı tərəfindən icra edilməmişdir. Daha sonra, icraçıya ödədiyi 113000 manat məbləğində vəsait ona xx.xx.2020-ci il tarixindən başlayaraq, 2023-cü İlin dekabr ayına kimi hissə-hissə ödənildi, lakin öhdəlik götürdükləri kimi, həmin vəsaiti bu günkü tarixədək dəymiş zərərinin əvəzini ödəməmişdir. Şifahi danışıqlara baxmayaraq həmin məbləği ödəməkdən boyun qaçırmışlar. Vəkili tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 1240/24 saylı vəkil sorğusundan göründüyü kimi, ”VESTA CONSTRUCTİON” Məhdud Məsuliyyətli Cəmiyyətə onun tərəfindən edilmiş ödənişlərin (kassa mədaxil orderi və.s.) həmin müqaviləyə xilam verilməsi barədə arayış, əgər sözügedən müqavilə üzrə etdiyi ödənişlər geri qaytarılmışdırsa, hənıin məbləğlərin və dəymiş zərərin ödənilməsi üzrə ödənişlər barədə sənədlərin təsdiq edilmiş surətlərinin göndərilməsi qeyd olunmuşdur. İş materialları: 790777 saylı kassa mədaxil orderindən görünür ki, İddiaçı tərəfindən xx.xx.2017-ci il tarixdə Cavabdeh MMC-nin hesabına 113000 manat məbləğində pul ödənilmişdir. xx.xx.2017-ci il tarixli, MA-20 saylı maliyyə arayışından görünür ki, Cavabdeh MMC ilə İddiaçı arasında bağlanılmış 0075 nömrəli, xx.xx.2017-ci il tarixli “nağd alış” müqaviləsinin predmeti üçün mövcud 113000 manat borc xx.xx.2017-ci il tarixdə tam ödənilmişdir. 0075 saylı, xx.xx.2017-ci il tarixli müqavilənin surətindən görünür ki, Cavabdeh MMC ilə İddiaçı arasında bağlanılmış müqaviləyə əsasən Bakı şəhəri, Şirin Mirzəyev küçəsindəki, yaşayış kompleksində yerləşən A.11.4 saylı yaşayış mənzili 113000 manata İddiaçı satılmışdır. İş materiallarına əlavə edilmiş kassa məxaric orderlərinin surətindən və ödəniş cədvəlindən görünür ki, İddiaçı tərəfindən ödənilmiş pul məbləği ona xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixədək Cavabdeh MMC tərəfindən hissə-hissə olmaqla geri ödənilmişdir. xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, iddiaçı cavabdehə gecikdirilmiş vaxt üçün dəymiş zərərin əvəzinin ödənilməsi barədə məktub ünvanlamışdır. xx.xx.2024-cü il tarixli qəbzin surətindən görünür ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən 240 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin 9/6970 saylı, xx.xx.2024-cü il tarixli məhkəməmühasibatlıq ekspertizasının rəyindən görünür ki, əsas borc 50000 manat olaraq hesablamaqla, zərərin məbləğini Azərbaycan Respublikası Mərkəzi Bankın bank uçot dərəcəsi nəzərə alınmaqla 21812.15 manat, Mülki Məcəllənin 445.7-ci maddəsi nəzərə alınmaqla 14062.5 manat kimi hesablamışdır. Məhkəmənin qərardadı ilə yenidən təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizası üzrə Məhkəmə Ekspertizası Mərkəzinin 9/10098 saylı, xx.xx.2025-ci il tarixli rəyindən görünür ki, əsas borc 113000 manat olmaqla, Azərbaycan Respublikası Mərkəzi Bankın bank uçot faiz dərəcələrinə əsasən, müqavilədə qeyd olunan öhdəliyin son icra tarixidindən xx.xx.2018-ci il tarixdən etibarən iddia ərizəsi ilə məhkəməyə müraciət edildiyi xx.xx.2024-cü il tarixədək hesablanan faiz 26723.54 manat məbləğində, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən, müqavilədə qeyd olunan öhdəliyin son icra tarixindən xx.xx.2018-ci il tarixdən etibarən iddia ərizəsi ilə məhkəməyə müraciət edildiyi xx.xx.2024-cü il tarixədək hesablanan faiz 17265.97 manat müəyyən edilmişdir. İşdə iştirak edən şəxslər: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 iddia tələbini müdafiə edərək iddia ərizəsinin dəlillərinə uyğun izahat verdi, ekspert rəyi ilə razı olduqlarını bildirdi və iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclaslarında nümayəndəsinin iştirakını təmin etməmiş, və bunun üzürlü səbəbi barədə məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə əsasən cavabdeh tərəfin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi: 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir;

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 443.2. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. 445.7. Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. 448.1.Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər; Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsi, 29-cu maddəsinin İ, İİ və İİİ hissələri baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair xx.xx.2025-ci il tarixli Qərarında qeyd edilmişdir ki, əmlakın bir şəxsə aid pulla qiymətləndirilə bilən bütün haqq (subyektiv hüquq) və öhdəliklərin məcmusu olduğu nəzərə alınarsa şəxsin əmlakında onun iradəsindən kənar istənilən azalma zərəri ifadə edir. Faktiki (real) zərər əmlakın dəyərində birbaşa pulla ölçülə bilən azalmada ifadə olunmaqla əmlak aktivinin faktiki azalması, passivinin isə artması şəklində təzahür olunur. Əldən çıxmış fayda isə əmlakın aktivinin (əmlak haqlarının dəyərinin) artması imkanının, həmçinin passivlərinin (öhdəliklərin dəyərinin) azalması imkanının aradan qalxması şəklində baş verir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” 2009-cu il 9 iyul və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il 24 dekabr tarixli Qərarlarında qeyd olunmuşdur ki, kreditorun kredit müqaviləsi üzrə öhdəliklərin icrasını gecikdirməsi nəticəsində müqavilə əsasında ödənilməli olan vəsaitin (əsas borcun tam və ya müvafiq hissəsinin, hesablanmış faizlərin) yenidən istifadə oluna bilməməsi ilə bağlı dəymiş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ Mülki Məcəllənin 21.2, 443.1 və 443.2-ci maddələrinin tələblərindən irəli gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 103.2. Ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır.

İşin faktiki halı: Məhkəmə iclasında müəyyən olundu ki, Cavabdeh MMC ilə İddiaçı arasında 0075 saylı, xx.xx.2017-ci il tarixli müqavilə bağlanmış, həmin müqaviləyə əsasən Bakı şəhəri, Şirin Mirzəyev küçəsindəki, yaşayış kompleksində yerləşən A.11.4 saylı yaşayış mənzili 113000 manata İddiaçı satılmış, bağlanılmış 0075 nömrəli, xx.xx.2017-ci il tarixli “nağd alış” müqaviləsinin predmeti üçün mövcud 113000 manat borc İddiaçı tərəfindən xx.xx.2017-ci il tarixdə tam ödənilmişdir. Lakin mənzil müqavilədə nəzərdə tutulan müddətdə təhvil verilməmişdir. Beləliklə, ödənilmiş 113000 pul məbləği ona xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixədək Cavabdeh MMC tərəfindən hissə-hissə olmaqla geri ödənilmişdir. İddiaçı xx.xx.2024-cü il tarixdə cavabdehə məktub ilə, gecikdirilmiş vaxt üçün dəymiş zərərin əvəzinin ödənilməsi barədə müraciət etmişdir.

Məhkəmənin mövqeyi: Məhkəmə mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, tərəflər arasında bağlanılmış müqaviləyə əsasən iddiaçı öz üzərinə götürdüyü öhdəlikləri icra etmiş, lakin cavabdeh öz üzərinə düşən öhdəlikləri lazımınca icra etmədiyindən aralarındakı razılaşma pozulmuş, cavabdeh iddiaçı tərəfindən müqavilə üzrə ödənilmiş pul vəsaitini hissə-hissə olmaqla ona geri qaytarmışdır. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də tərəflər müqavilə üzrə bir-biri qarşısında öhdəlik götürdüyündən və onlar öz risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdıqlarından, yaranmış borc məbləğini və digər xərcləri ödəməlidirlər. Məhkəmə yuxarıda sadalanan qanunvericilik normalarını rəhbər tutaraq qeyd edir ki, cavabdeh ödəməli olduğu pul məbləğinin ödənilməsini gecikdirdiyindən, iddiaçının ona dəymiş zərəri tələb etmək hüququ mövcuddur və bu hüquq qanunla qorunur. Belə ki, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış xx.xx.2017-ci il tarixli müqavilənin 2.2.2-ci bəndinə əsasən, cavabdeh müqavilə predmetini iddiaçıya 15 ay müddətinə təhvil verməyi öhdəsinə götürmüşdür. Yəni öhdəliyin son icra tarixi xx.xx.2018-ci il tarixi olmuşdur. Lakin cavabdeh öz üzərinə götürdüyü öhdəliyi icra etmədiyindən xx.xx.2020-ci ildən başlayaraq xx.xx.2022-ci ilədək müqavilə əsasında ona ödənilmiş 113000 pul vəsaitini hissə-hissə iddiaçıya qaytarmışdır. Məhkəmə işin hallarını, 9/10098 saylı, xx.xx.2025-ci il tarixli ekspert rəyini nəzərə alaraq, hesab edir ki, tərəflər arasında bağlanılmış müqavilə üzrə əsas məbləğ 113000 olmaqla, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən, müqavilədə qeyd olunan öhdəliyin son icra tarixindən xx.xx.2018-ci il tarixdən etibarən iddia ərizəsi ilə məhkəməyə müraciət edildiyi xx.xx.2024-cü il tarixədək hesablanan faiz 17265.97 manat müəyyən edilməli, iddia tələbi dəymiş zərərin əvəzi qismində 50000 manatın cavabdehdən tutulması hissəsində qismən təmin edilməlidir.

Məhkəmə xərcləri: Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən, iddiaçı tərəfindən ödənilmiş 240 manat dövlət rüsumunun 100 manat hissəsi cavabdehdən iddiaçının xeyrinə tutulmalı, 140 manat hissəsi isə iddiaçının özünə aid edilməlidir.

Nəticə: Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2017-ci il tarixli, 0075 saylı müqavilə üzrə öhdəliyin son icra tarixindən - xx.xx.2018-ci il tarixdən xx.xx.2024-cü il tarixədək gecikdirilmiş vaxt üçün 17265.97 manat məbləğində pul vəsaiti və 100 manat dövlət rüsumunun əvəzi Cavabdeh MMC-dən tutularaq İddiaçı ödənilməli, məhkəmə xərclərinə aid olan ödənilmiş dövlət rüsumunun 140 manatı iddiaçıya aid edilməli, iddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi:

İddia qismən təmin edilsin. xx.xx.2017-ci il tarixli, 0075 saylı müqavilə üzrə öhdəliyin son icra tarixindən xx.xx.2018-ci il tarixdən xx.xx.2024-cü il tarixədək gecikdirilmiş vaxt üçün 17265.97 manat məbləğində pul vəsaiti və 100 manat dövlət rüsumunun əvəzi Cavabdeh MMC-dən tutularaq İddiaçı ödənilsin. Məhkəmə xərclərinə aid olan ödənilmiş dövlət rüsumunun 140 manatı iddiaçıya aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Sədrlik edən: Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar