Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-1098/2024 07.11.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ X6 Tağı oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Lamiyə Natiq qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun silinməsi” tələbinə dair sadələşdirilmiş icraat qaydasında kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(007)-1098/2024 saylı qərardadına əsasən, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun silinməsi” tələbinə dair e-2(007)-1098/2024 saylı sadələşdirilmiş icraat üzrə işin iddia icraatına keçirilməsi qərara alınmışdır. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, İddiaçı (xx.xx.1996, FİN: xxxxxxx, AA*******) xahiş edir ki, **********D0024 işıq kodu üzrə borcu yenidən hesablansın, düzgün yazılmayıb, keçən ay 20 AZN-ə yaxın ödəmişdir. xx.xx.2024-cü il tarixdə, qəbzə baxılsa görünər ki, əvvəlki göstəricini neçə yazıblar, halbuki göstərici dəqiq yazılmalıydı və onlar aylıq 16-20 manata yaxın işlədir. Rica edir ki, borcu 758 manatdan 20 manata ya da ondan da aşağı salınsın, çünki onlar 20 manat və bəlkə də ondan da aşağı məbləğdə istifadə etmişlər. Özü də həmişə evdə olurlar, lakin keçən ay (dekabr) gələn olmadı, işıq əməkdaşı gəlməsə də borc gəldi və onlar ödədilər. Əvvəlki ayın göstəricisinə baxılsa görünər ki, formal göstərici qoymuşdular ki onun əsasında ödəniş etmişlər, göstərici keçən ay olmasaydı borc yaranmazdı və onlar da ödəməzdi. Göstərici oldu gəlib baxmadan çek vermədən borc da yarandı, keçən ay onlar da ödəmişlər. Xahiş edir ki, 758 manat borcun göstəricisi barədə qəbz ona təqdim edilsin ki, bilsin ki, keçən ay nəyə əsasən ona 758 borc yazılıb. Bu özbaşınalıqdır. Üstəlik Azərİşıq ona cavab vermir, bu da özü ədalətsizliyin baris nümunəsidir. Başqa şəxsin (**********D0023) istifadə etdiyi işığın borcunu ona yazıblar. xx.xx.2024-cü il tarixdə göndəriblər, bu görülməmiş hərəkətdir. Halbuki, xx.xx.2023 tarixdə Energetik Nazirliyinin Enerji X1 Bakı filialı artıq məktubla rəy bildirmişdi ki, onun borcu yoxdur. Göstərilənlərə əsasən, İddiaçı **********D0024 işıq kodu üzrə hesablanmış borcun silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edib, əlavə olaraq izahatlarında göstərmişdir ki, qarşı tərəf səhlənkardır, belə ki onlara qəbzləri və çekləri vaxtında təqdim etməyib, gözlənilmədən 750 manat borcu olduğunu bildirmişlər. Onlara çekləri vaxtında təqdim etməli idilər, cavabdehin onların borcundan xəbəri yoxdur, bununla bağlı işıq idarəsinə gedəndə ona aylıq ödədiyi 10, 15, 18 manatla bağlı sənədləri göstərdilər. O, 4 ay olaraq hər ay 40 manat 160 manat işıq pulu ödəmişdir. Energetika Nazirliyinə bununla bağlı şikayət etmişlər, oradan gəlib sentyabr ayında baxdılar və dedilər ki, “borcunuz yoxdur”, bununla bağlı məktub da verdilər. Bundan 3-4 ay sonra cavabdeh onlara bildirdi ki, “750 manat borcunuz var”. Xətlər heç düzəlməyib, qonşu işığını yandıranda onun evinin işığı sönür, sonra yenidən yanır. Qonşunun yerinə 7 manatı da o ödəmişdir, qonşu heç nə ödəməyib. Komendanta 69 manat pul verib. Hesab edir ki, sayğacdan istifadə edib onların üzərinə atırlar. Onların binasında belə hallar çoxdur. O, qaz olan binaya köçmüşdür, qazdan istifadə etmişdir. Belə baxanda burada işıqdan çox da istifadə etməmişdir, istifadə etsə belə təxminən 25-30 manat olaraq istifadə etmişdir. İş üzrə əhəmiyyət kəsb edən qaimələrin surətini məhkəməyə təqdim etmişdir. 750 manat borc dediklərinə görə evə köçdüyü vaxtdan yaranıb. Lakin o, yanvar ayında köçməmişdir, hələ onda evdə ustalar təzə işləyirdi. Onların yaşadığı binada sayğacdan istifadə edilir. Qonşunun xətti ilə onların xəttinin üstüstə düşməsi dediklərinə görə aradan qaldırılıb. Qonşu orada yaşamır, yarıdan təmir edib, çıxıb gedib. Qapıları çox bitişikdir, yan-yanadır. O, 2023-cü ilin fevral ayında təmir etmirdi, evin yarısını təmir etmişdi, 750 manatlıq borc ilə bağlı çek qonşunun evinə gəlmişdi. O, gəlib görmüşdür ki, qonşuya 750 manat borc olmasına dair çek gəlib. Bu zaman fikirləşmişdir ki, yəqin səhvlik olub, bu ərazidə hansısa mağaza işləyir, çek onlara məxsusdur. Heç qonşu o evdə yaşamır. Energetika Nazirliyindən 2023-cü ilin sentyabr ayında gəlib baxdılar, sayğacları düzəltdilər, borclarının olmadığını bildirdilər. Üstündən 3- 4 ay keçəndən sonra yenidən dedilər ki, “borcunuz var”. Borcu silmirlər. Ona hər ay çek verməyiblər. Cavabdehin nümayəndəsi də gəlib məhkəmə iclasında iştirak etmir, məhkəməyə qarşı hörmətsizlik edir. O, qaz olan binaya köçmüşdür. O, köçən kimi qazı verdilər. Onlarda kombi sistemidir. O, qaimələri məhkəməyə təqdim etmişdir. Onun heç bir borcu yoxdur. Cavabdeh tərəf isə yazdığı borcu nə ilə əsaslandırdığını demir və bununla bağlı mötəbər sübutlarını təqdim etmir. İddia tələbi əsaslıdır və iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məhkəmə baxış iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, səlahiyyətli nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməməmiş, bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - "xxxx" MTK ilə İddiaçı arasında bağlanılmış xx.xx.2022-ci il tarixli, 24 nömrəli Kooperativ mənzil tikintisi haqqında müqavilənin surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal y-m, Kənar dairəvi yol ünvanında inşa edilmiş yaşayış kompleksində giriş 7, mərtəbə 4, ümumi tikinti sahəsi 127.5 kv.m olan 3 otaqdan ibarət 24 saylı mənzil İddiaçı təhvil verilmişdir. - AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı ünvan 2 ünvanında qeydiyyatdadır. - “Jasmin Park” yaşayış kompleksinin komendantı tərəfindən verilmiş qaiməfakturalar və ödəniş qəbzlərinin surətlərindən görünür ki, iddiaçı tərəfindən müxtəlif tarixlərdə işıq sərfiyyatına görə ödənişlər edilmişdir. - Azərbaycan Respublikası Energetika Nazirliyi X3 Agentliyi Bakı Filialının İddiaçı ünvanladığı xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, X7 dairəvi küçəsi ünvanında yerləşən "xxxx" MTK-ya məxsus “Jasmin Park” yaşayış kompleksinin 7 nömrəli yaşayış binasının 24 nömrəli mənzilində elektrik enerjisinə görə yaranmış borcun araşdırılmasına köməklik göstərilməsi barədə X3 Agentliyinə (bundan sonra - Agentlik) daxil olmuş müraciətinə Bakı filialında baxılmışdır. Bununla əlaqədar Agentliyin Bakı filialının müfəttişi tərəfindən xx.xx.2023-cü il tarixində Yasamal RETSİ-nin nümayəndəsinin və onun iştirakı ilə göstərilən ünvana baxış keçirilərək müvafiq akt tərtib edilmişdir. Araşdırma zamanı mənzilin enerji təchizatı müəssisəsində **********D0024 abunə kodu ilə İddiaçı adına qeydiyyatda olduğu, elektrik enerjisi sərfiyyatının hesabatının 7 nömrəli yaşayış binasının zirzəmisində quraşdırılmış dövlət möhürü 2136138, alt qapaq möhürü ******* olan 52417487 nömrəli, Luna markalı, 1 fazlı elektrik sayğacı vasitəsi ilə aparıldığı, sayğacın sxeminin normal olduğu və çıxış xəttində hər hansı kənar qoşulmanın olmadığı müəyyən edilmişdir. Müraciətinizdə qeyd edilən məsələyə münasibət bildirilməsi məqsədilə tərəflərindən aidiyyəti üzrə ünvanlanmış məktuba Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin cavab məktubunda sözügedən ünvanda yerləşən 23 və 24 nömrəli mənzillərin çıxış kabel xətlərinin səhv qoşulduğu, qüsur aradan qaldırılaraq sayğac sxeminin bərpa olunduğu bildirilmişdir. Eyni zamanda elektrik enerjisinə görə əlavə borcunun olmadığı və mənzilinizin normal elektrik enerjisi ilə təmin olunduğu bildirilmişdir. - İddiaçı "xxxx" ASC-yə ünvanladığı xx.xx.2024-cü il tarixli Pretenziyadan görünür ki, o, dərhal ona səhv və əlavə yazılmış 758 manata yaxın borcun silinməsi xahiş etmiş və Energetika Nazirliyinin Enerji Tənzimləmə Agentliyinin Bakı filialının xx.xx.2023-cü il tarixli cavabında onun borcunun olmadığını və **********D0024 abunə kodunun ona aid olduğunu və bu kod üzrə borcun olmamasını bildirmişdir. - İddiaçı tərəfindən cavabdeh "xxxx" ASC-yə məxsus elektron poçt ünvanına göndərilmiş şikayətlərin surətləri məhkəməyə təqdim edilmişdir. - Azərbaycan Respublikası Energetika Nazirliyi X3 Agentliyi Bakı Filialının İddiaçı ünvanladığı xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli məktublardan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, X7 dairəvi küçəsində "xxxx" MTK-ya məxsus “Jasmin Park” yaşayış kompleksinin 7 nömrəli yaşayış binasının 24 nömrəli mənzilində elektrik enerjisinə görə yaranmış borcun araşdırılmasına köməklik göstərilməsi barədə Energetika Nazirliyinə və X3 Agentliyinə (bundan sonra Agentlik) daxil olmuş müraciətlərinə Bakı filialında baxılmışdır. Məlumat üçün bildirirlər ki, onun 3-15-2/1-M-225/4-5/2023 nömrəli, xx.xx.2024-cü il tarixli 3-15-2/1-M-225/5-5/2023 nömrəli, xx.xx.2024-cü il tarixli və 3-15/1- M-111-5/2024 nömrəli, xx.xx.2024-cü il tarixli eyni məzmunlu müraciətləri araşdırılmış və bu barədə 3-15-2-1/2-M-111-5-199/2024 nömrəli, xx.xx.2024-cü il tarixli məktubla cavab verilmişdir. Bir daha nəzərinə çatdırırlar ki, bununla əlaqədar Agentliyin Bakı filialının müfəttişləri tərəfindən xx.xx.2024-cü il tarixində Yasamal RETSİ-nin nümayəndəsinin və onun iştirakı ilə göstərilən ünvana baxış keçirilərək müvafiq akt tərtib edilmişdir. Müraciətlə əlaqədar tərəflərindən verilmiş sorğuya "xxxx" ASC-nin Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) təqdim etdiyi cavab məktubunda yaşayış kompleksinin 7 nömrəli yaşayış binasının 23 nömrəli (qonşusu) mənzili ilə 24 nömrəli mənzilini qidalandıran elektrik veriliş xətlərinin əvvəldən çarpaz qoşulduğu və bir müddətdən sonra hesablaşma elektrik sayğaclarının yerləri dəyişdirilərək düzgün qoşulduğu bildirilmişdir. Eyni zamanda, "xxxx" ASC-nin informasiya məlumat bazasında **********D0024 abonent hesabında elektrik enerjisinə görə borcunun olmadığı və mənzilin normal elektrik enerjisi ilə təmin olunduğu qeyd edilmişdir. Araşdırma zamanı mənzilin enerji təchizatı müəssisəsində **********D0024 abonent kodu ilə İddiaçı adına qeydiyyatda olduğu, elektrik enerjisi sərfiyyatının hesabatının 7 nömrəli yaşayış binasının zirzəmisində quraşdırılmış dövlət möhürü 2136138, alt qapaq möhürü 2148824, göstəricisi 00875,182 olan 52417487 nömrəli, Luna markalı, 1 fazlı elektrik sayğacı vasitəsi ilə aparıldığı, sayğacın sxeminin normal olduğu və çıxış xəttində hər hansı kənar qoşulmanın olmadığı müəyyən edilmişdir. Müraciətində qeyd edilən məsələyə münasibət bildirilməsi məqsədilə tərəflərindən "xxxx" ASC-nin Yasamal RETSİ-yə ünvanlanmış məktuba cavab olaraq, yaşayış kompleksinin 7 nömrəli yaşayış binasının 23 nömrəli mənzili ilə 24 nömrəli mənzilinin sayğaclarının çarpaz qoşulduğu, bu səbəbdən də 24-cü mənzilin sərf etdiyi elektrik enerjisi sərfiyyatının 23-cü mənzilin abonent hesabına əlavə edildiyi bildirilmişdir. Həmçinin, 23-cü mənzilin sahibi X2 xx.xx.2023-cü il tarixdə Yasamal RETSİ-yə etdiyi müraciətində, (MTK-nın xx.xx.2023-cü il tarixli, 536 saylı arayış) ona məxsus 23 saylı mənzilin təmirsiz olduğu üçün yaşayış olmadığı və elektrik enerjisi sərfiyyatına görə sərf olunan 739,77 manat borcun 24-cü mənzilə aid olduğu qeyd edilmişdir. Yasamal RETSİ, 23 saylı mənzil sahibinin müraciətini nəzərə alaraq, xidməti məlumata əsasən xx.xx.2024-cü il tarixdə 739,77 manat məbləğində borcu 24-cü mənzilin abonent hesabına debitor borc kimi əlavə etmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq, abonent hesabında yaranmış borcla əlaqədar enerjitəchizatı müəssisəsinə qarşı iddia tələbi ilə məhkəməyə müraciət etmək hüququ vardır. - Məhkəmənin təkrar sorğusu əsasında "xxxx" ASC tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli məktubdan və ona əlavə edilmiş abunə kodları üzrə istehlak edilmiş elektrik enerjisi sərfiyyatını əks etdirən abunə haqqında məlumat vərəqəsindən görünür ki, abunəçi İddiaçı məxsus **********D0024 nömrəli abonent kodu üzrə borc 749,55 manat təşkil edir. O cümlədən, "xxxx" MTK-ya məxsus **********D0023 nömrəli abonent kodu üzrə borc 0 manat təşkil edir. - Məhkəmənin qərardadı əsasında təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının xx.xx.2024-cü il tarixli, 9/4208 nömrəli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, “Abonent haqqında məlumatlar” dan göründüyü kimi 2023-cü ildən 2024-cü il tarixədək olan dövr ərzində İddiaçı mülkiyyətində olan Bakı şəhəri Yasamal rayonu, X7 dairəvi küçəsində "xxxx" MTK-ya məxsus “Jasmin Park” yaşayış kompleksinin 7 nömrəli yaşayış binası 24 ünvanında yerləşən fərdi yaşayış evində quraşdırılmış elekrtik sayğacı (abonent kodu-1**********D0024) üzrə istifadə edilmiş elektrik sərfiyyatı 2023-cü il üzrə 219 kvt və 2024-cü il üzrə 71 kvt olmuşdur. Həmin məlumatlar abonentin saldo cədvəli məlumatlarında (c.i.v 70-71) öz əksini tapır. Qeyd edilir ki, iş materiallarında abonentin saldo cədvəlindəki məlumatlara əsasən İddiaçı elektrik sərfiyyatı 2023-cü il üzrə 219 kvt və 2024-cü il üzrə 71 kvt müəyyən olunur. Həmin rəqəm 2023-cü il və 2024-cü il tarixlərdə İddiaçı məxsus Bakı şəhəri, Yasamal rayonu, X7 dairəvi küçəsində "xxxx" MTK-ya məxsus “Jasmin Park” yaşayış kompleksinin 7 nömrəli yaşayış binası 24 ünvanında yerləşən yaşayış evinin (abonent kodu **********D0024) elektrik sərfiyyatına görə yaranmışdır. Həmçinin qeyd olunur ki, iş materiallarında olan abonent saldo cədvəlində olan məlumatların doğruluğuna Məhkəmə tərəfindən qiymət verilməlidir. - Məhkəmənin qərardadı əsasında təyin edilmiş məhkəmə-trasoloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 3/968 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Bakı şəhəri, Yasamal rayonu, X7 dairəvi küçəsində "xxxx" MTK-ya məxsus “Jasmin Park” yaşayış kompleksinin 7 nömrəli yaşayış binası 24 ünvanında yerləşən yaşayış evinə quraşdırılmış elektrik sayğacı üzərində (hal-hazırda və əvvəllər) və xəttində hər hansı kənar müdaxilə nəticəsində yarana bilən zədə, iz və əlavə xətt aşkar edilmədi. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, "xxxx" MTK ilə İddiaçı arasında bağlanılmış xx.xx.2022-ci il tarixli, 24 nömrəli Kooperativ mənzil tikintisi haqqında müqavilənə əsasən, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal y-m, Kənar dairəvi yol ünvanında inşa edilmiş yaşayış kompleksində giriş 7, mərtəbə 4, ümumi tikinti sahəsi 127.5 kv.m olan 3 otaqdan ibarət 24 saylı mənzil İddiaçı təhvil verilmişdir. Abonentə (hazırkı iddiaçıya) **********D0024 nömrəli abonent kodu üzrə borc hesablanmış və iddiaçı sözügedən borcun əsassız hesablanması və silinməsi ilə bağlı aidiyyəti təşkilata, o cümlədən "xxxx" ASC-yə müraciət etmişdir. Lakin, qeyd olunan borc silinmədiyi üçün iddiaçı məhkəməyə iddia tələbi ilə müraciət etməli olmuşdur. Məhkəmə ilk növbədə iddia tələbinə mülki və mülki prosessual qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki prosessual qanunvericiliyə görə sübut hüququ öz daxilində ümumən işə baxan hakim tərəfindən ardıcıl bir neçə prosessual hərəkətlərin edilməsini nəzərdə tutur. Həmin ardıcıllığa uyğun olaraq hakim ilk növbədə nə vaxt sübutun tələb edilməli olduğunu müəyyən etməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsinə uyğun olaraq tələb olunan sübutun kimin tərəfindən təqdim edilməli olduğunu aydınlaşdırmalı, daha sonra sübutetmənin hansı qaydada həyata keçirilməli olduğunu tərəflərə izah etməli və nəhayət, təqdim edilmiş sübutları qiymətləndirməlidir. Məhkəmənin bütün bu prosessual hərəkətləri sözsüz ki, iddianın predmeti və irəli sürülən tələbin xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilməlidir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun: 8-ci maddəsinə əsasən, bazarda hökmran mövqe tutan istehsalçı və ya icraçı (onun nizamnamə fəaliyyətindən, yaxud istehsal imkanlarından kənara çıxdığını sübut etdiyi hallar istisna olmaqla) istehlakçı ilə işlərin icra edilməsi və xidmət göstərilməsi üçün qeyribərabər şərt təklif etmədən müqavilə bağlamağa borcludur. Bu halda o, öz istehsalat, yaxud digər təsərrüfat fəaliyyətini elə təşkil etməlidir ki, əhalinin ehtiyacları lazımi səviyyədə və fasiləsiz təmin edilsin. İcraçının əsassız olaraq, müqavilə bağlamaqdan imtina etməsi nəticəsində o, işlərin yerinə yetirilməsindən və xidmətlərin göstərilməməsindən istehlakçıya dəyən ziyanın əvəzini ödəməyə borcludur. 16-cı maddəsinə əsasən, qanunvericilikdə nəzərdə tutulan hüquqlarla müqayisədə istehlakçının hüquqlarını məhdudlaşdıran müqavilə şərtləri etibarsız sayılır. İstehlakçının hüquqlarını məhdudlaşdıran müqavilə şərtlərinin tətbiqi nəticəsində istehlakçıya zərər dəyibsə, onlar təqsirkar şəxs tərəfindən tam həcmdə ödənilməlidir. İstehsalçı (icraçı, satıcı) istehsalat və ya ticarət fəaliyyətində tutduğu vəzifə üstünlüklərindən istifadə edərək istehlakçıya zərər vurduqda istehlakçı ona vurulmuş zərərin ödənilməsi hüququna malikdir. 26-cı maddəsinə əsasən, İstehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. İstehlakçının tələblərini yerinə yetirməklə yanaşı, məhkəmə həmçinin ona dəymiş mənəvi (qeyri-əmlak) zərərin də ödənilməsini həll edir. İstehlakçılar hüquqlarının pozulması barədə qaldırdıqları iddialara görə dövlət rüsumu verməkdən azad edilirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 fevral 2005-ci il tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın: 1.2-ci bəndinə əsasən bu Qaydalar “Enerji resurslarından istifadə haqqında”, “Elektroenergetika haqqında”, “Energetika haqqında” Azərbaycan Respublikasının qanunlarına və digər qanunvericilik aktlarına əsasən tərtib edilmiş və dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları, elektrik enerjisi istehlakçıları arasındakı qarşılıqlı münasibətləri müəyyənləşdirir. Bu Qaydaların icrası tabeliyindən, mülkiyyət formasından, maliyyə mənbəyindən asılı olmayaraq dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları və elektrik enerjisi istehlakçıları üçün məcburidir; 8.33-cu bəndinə əsasən məişət abonenti tərəfindən elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerjitəchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. İşin faktiki halları ilə müəyyən edilir ki, İddiaçı Bakı şəhəri, Yasamal rayonu, X7 dairəvi küçəsi ünvanında yerləşən "xxxx" MTK-ya məxsus “Jasmin Park” yaşayış kompleksinin 7 nömrəli yaşayış binasının 24 nömrəli mənzilində elektrik enerjisinə görə yaranmış borcun araşdırılması ilə bağlı Azərbaycan Respublikası Energetika Nazirliyi X3 Agentliyi Bakı Filialına müraciətlər ünvanlamış və müraciətlərinə cavab olaraq, bununla əlaqədar Agentliyin Bakı filialının müfəttişləri tərəfindən xx.xx.2024-cü il tarixində Yasamal RETSİ-nin nümayəndəsinin və onun iştirakı ilə göstərilən ünvana baxış keçirilərək müvafiq akt tərtib edilmişdir. Müraciətlə əlaqədar tərəflərindən verilmiş sorğuya "xxxx" ASC-nin Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) təqdim etdiyi cavab məktubunda yaşayış kompleksinin 7 nömrəli yaşayış binasının 23 nömrəli (qonşusu) mənzili ilə 24 nömrəli mənzilini qidalandıran elektrik veriliş xətlərinin əvvəldən çarpaz qoşulduğu və bir müddətdən sonra hesablaşma elektrik sayğaclarının yerləri dəyişdirilərək düzgün qoşulduğu bildirilmişdir. Eyni zamanda, "xxxx" ASC-nin informasiya məlumat bazasında **********D0024 abonent hesabında elektrik enerjisinə görə borcunun olmadığı və mənzilin normal elektrik enerjisi ilə təmin olunduğu qeyd edilmişdir. Araşdırma zamanı mənzilin enerji təchizatı müəssisəsində **********D0024 abonent kodu ilə İddiaçı adına qeydiyyatda olduğu, elektrik enerjisi sərfiyyatının hesabatının 7 nömrəli yaşayış binasının zirzəmisində quraşdırılmış dövlət möhürü 2136138, alt qapaq möhürü 2148824, göstəricisi 00875,182 olan 52417487 nömrəli, Luna markalı, 1 fazlı elektrik sayğacı vasitəsi ilə aparıldığı, sayğacın sxeminin normal olduğu və çıxış xəttində hər hansı kənar qoşulmanın olmadığı müəyyən edilmişdir. Müraciətində qeyd edilən məsələyə münasibət bildirilməsi məqsədilə tərəflərindən "xxxx" ASC-nin Yasamal RETSİ-yə ünvanlanmış məktuba cavab olaraq, yaşayış kompleksinin 7 nömrəli yaşayış binasının 23 nömrəli mənzili ilə 24 nömrəli mənzilinin sayğaclarının çarpaz qoşulduğu, bu səbəbdən də 24-cü mənzilin sərf etdiyi elektrik enerjisi sərfiyyatının 23-cü mənzilin abonent hesabına əlavə edildiyi bildirilmişdir. Həmçinin, 23-cü mənzilin sahibi X2 xx.xx.2023-cü il tarixdə Yasamal RETSİ-yə etdiyi müraciətində, (MTK-nın xx.xx.2023-cü il tarixli, 536 saylı arayış) ona məxsus 23 saylı mənzilin təmirsiz olduğu üçün yaşayış olmadığı və elektrik enerjisi sərfiyyatına görə sərf olunan 739,77 manat borcun 24-cü mənzilə aid olduğu qeyd edilmişdir. Yasamal RETSİ, 23 saylı mənzil sahibinin müraciətini nəzərə alaraq, xidməti məlumata əsasən xx.xx.2024-cü il tarixdə 739,77 manat məbləğində borcu 24-cü mənzilin abonent hesabına debitor borc kimi əlavə etmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq, abonent hesabında yaranmış borcla əlaqədar enerjitəchizatı müəssisəsinə qarşı iddia tələbi ilə məhkəməyə müraciət etmək hüququ ona izah edilmişdir. Məhkəmə araşdırması zamanı, işdə olan sübutlarla isə təsdiq edilmişdir ki, iddiaçı tərəfindən mütəmadi olaraq elektrik enerjisi sərfiyyatına görə ödənişlər edilmiş, məhz ona hesablanmış əsassız borcdan məlumatlı olduqdan sonra isə bu barədə çoxsaylı şikayətlərlə müraciət etmişdir. Müraciət nəticəsində isə müəyyən edilmişdir ki, sözügedən ünvanda yerləşən 23 saylı mənzillə iddiaçının istifadəsində olan 24 saylı mənzilə aid sayğaclar çarpaz qoşulduğundan yerləri dəyişdirilmişdir. Bu yerdə məhkəmə xüsusilə qeyd etməyi zəruri bilir ki, istehlakçının müraciəti əsasında aparılmış araşdırma nəticəsində ona cavab məktubunda sadəcə Yasamal RETSİ, 23 saylı mənzil sahibinin müraciətini nəzərə alaraq, xidməti məlumata əsasən xx.xx.2024-cü il tarixdə 739,77 manat məbləğində borcun 24-cü mənzilin abonent hesabına (hazırkı iddiaçıya məxsus) debitor borc kimi əlavə edildiyi, o cümlədən "xxxx" ASC-nin informasiya məlumat bazasında **********D0024 abonent hesabında elektrik enerjisinə görə borcunun olmadığı bildirilmişdir. Məhkəmənin qərardadı əsasında təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının xx.xx.2024-cü il tarixli, 9/4208 nömrəli ekspert rəyində isə, 2023-cü il və 2024-cü il tarixlərdə İddiaçı məxsus Bakı şəhəri, Yasamal rayonu, X7 dairəvi küçəsində "xxxx" MTK-ya məxsus “Jasmin Park” yaşayış kompleksinin 7 nömrəli yaşayış binası 24 ünvanında yerləşən yaşayış evinin (abonent kodu **********D0024) elektrik sərfiyyatına görə abonent saldo cədvəlində olan məlumatların doğruluğuna məhkəmə tərəfindən qiymət verilməli olduğu qeyd edilmişdir. Məhkəmə abonent saldosu cədvəlində qeyd olunan məlumatlara münasibətdə qeyd edir ki, sözügedən abonent saldosunda hesablanmış 749,55 manat borcun mövcudluğu işin faktiki halları ilə uyğunluq təşkil etmir, belə ki, 2023-2024-cü illər ərzində iddiaçının müraciətlərinə baxılması və "xxxx" ASC-nin informasiya məlumat bazasında **********D0024 abonent hesabında elektrik enerjisinə görə borcunun olmadığı və mənzilin normal elektrik enerjisi ilə təmin olunduğu bildirildiyi halda, məhkəmənin sorğusuna cavab olaraq "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan müddət ərzində 749,55 manat borcun mövcudluğu işin faktiki halları ilə sübuta yetirilmir. Məhkəmə-trasoloji ekspertizasının rəyinə münasibətdə isə qeyd edilməlidir ki, sözügedən sayğaca kənar müdaxilənin olmaması, sayğacda zədə olmaması və bu kimi hallar hazırkı vəziyyətdə iddiaçıya qeyd olunan 749,55 manat borcun hesablanmasını təsdiq edə biləcək mötəbər sübut kimi qəbul edilə bilməz, bu zaman nəzərə alınmalıdır ki, iddiaçının tələbinin əsasını təşkil edən hal, sayğacda olan nasazlıq səbəbindən yaranmış borc deyil, məhz ona borcunun olmaması rəsmi qaydada bildirildiyi, o cümlədən sözügedən mənzilin xətti ilə qonşu 23 saylı mənzilin xətlərinin səhv qoşulması və məhz 23 saylı mənzilin mülkiyyətçisinin ifadəsi əsasında ona Debitor borc hesablanması və həmin borcun silinməsi təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1 və 77.3-cü maddələrinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir, işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Məhkəmə iclasında təqdim və tədqiq olunmuş sübutlarla İddiaçı (abonentin) hər hansı hüquq pozuntusuna yol verdiyi hal müəyyən edilməmişdir, dövlət orqanı olan cavabdeh borcun əsaslı hesablanması təsdiq edən sübutlarını təqdim etməmişdir. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, İddiaçı hazırkı iddiası əsaslıdır, iddiaçı iddiasını əsaslı edən müvafiq sübutlarını məhkəməyə təqdim etmiş, həmin sübutlar məhkəmədə araşdırılmış və qarşılıqlı tədqiq edilmiş işin faktiki halları ilə tam olaraq öz təsdiqini tapmışdır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən **********D0024 saylı abonent kodu üzrə hesablanmış 749,55 manat borc silinməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçıların, 9.1.14-cü maddəsinə əsasən məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə büdcə təşkilatları və bələdiyyələrin dövlət rüsumu ödəməkdən azad olunduqlarını nəzərə alaraq, məhkəmə hesab edir ki, məhkəmə xərcləri dövlət büdcəsinə aid edilməlidir. Bundan başqa, məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən, iş üzrə məhkəmə-mühasibatlıq və məhkəmə trasoloji ekspertizalarının keçirilmələrinə sərf edilmiş 210 manat pul vəsaiti cavabdehdən tutulub, Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən **********D0024 saylı abonent kodu üzrə hesablanmış 749,55 manat borc silinsin. Məhkəmə xərcləri dövlət büdcəsinə aid edilsin. İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq və məhkəmə trasoloji ekspertizaları tədqiqatının dəyəri olan 210 manat pul vəsaiti "xxxx" ASC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, X4, Kod 210005, Müxbir hesab AZ41NABZ********************, S.F.İ.F.T. Bik: CTREAZ22) ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Rauf Əhmədov
Məhkəmə qərarları › İş №e-2(007)-1098/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-1098/2024
07.11.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver