Məhkəmə qərarları › İş №e-2(007)-1106/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №e-2(007)-1106/2025

17.01.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(007)-1106/2025 17.01.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi ilə, İddiaçı “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” PHŞ-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsinin mümkünlüyünə baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İddia tələbi :

1. İddiaçı “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” PHŞ Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Cavabdeh su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə yaranmış 1315.78 manat borcun (abonent kodu: **********000) və 33.16 manat dövlət rüsumunun tutularaq ”İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

Tətbiq edilən hüquq :

2. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi :

153.2.1. hakim ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. 284-1. Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-4.1. Məhkəmə kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizənin qəbul olunmasından aşağıdakı hallarda imtina edir: 284-4.1.1. məhkəmə kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizənin qəbul olunmasından bu Məcəllənin 153.2-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilmişdirsə imtina edir. 284-4.2. Bu Məcəllənin 284-4.1-ci maddəsində nəzərdə tutulmuş hallarda məhkəmə ərizənin daxil olduğu gündən 5 (beş) iş günü müddətində onun qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərardad çıxarır. Məhkəmə bu müddət ərzində ərizəni qəbul etməkdən imtina etməyibsə, o, qəbul edilmiş sayılır. Ərizəni qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilməz. 114.1. Ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda qaytarılır : 114.1.2. bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə.

3. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu : 5.1. Ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır: 5.1.2. ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə.

Məhkəmənin mövqeyi :

4. Məhkəmə iddia ərizəsini iş materialları ilə birlikdə araşdıraraq qeyd edir ki, iddia ərizəsi iddianın yolverilməzliyinə görə icraata qəbul edilməkdən imtina edilməlidir.

5. Belə ki, mülki prosessual qanunvericiliyə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini icraata qəbul etməkdən imtina edir.

6. İşin məhkəmə tərəfindən araşdırılan halları ilə müəyyən edilmişdir ki, Cavabdeh iddiaçı "İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti" PHŞ hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməmişdən əvvəl ölmüşdür.

7. Belə ki, "Azemis" Elektron Məhkəmə informasiya sistemindən əldə edilən sorğu məlumatına əsasən müəyyən olunmuşdur ki, Cavabdeh xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. İddiaçı isə hazırki iddia tələbi ilə məhkəməyə xx.xx.2025-ci il tarixdə müraciət etmişdir.

8. Məhkəmə qeyd edir ki, ölmüş şəxsə qarşı məhkəmədə iddia qaldırılması yolverilməzdir və belə işə məhkəmədə baxıla bilməz. Çünki iddia tələbi yönəldiyi şəxs (cavabdeh) sağ olmalıdır ki, həmin tələblə bağlı məhkəmədə cavabdeh qismində iştirak edə bilsin.

9. Azərbaycan Respublikası MPM-nin 49.1-ci maddəsində nəzərdə tutulmuş mülkiprosessual fəaliyyət qabiliyyəti də yalnız sağ olan şəxsə mənsubdur. MPM-nin 50.1-ci maddəsinə görə, prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Fiziki və hüquqi şəxslər, vəzifəli şəxslər, dövlət orqanları və başqa orqanlar iddiaçı və ya cavabdeh qismində çıxış edə bilərlər. MPM-nin 50.3-cü maddəsinə görə də iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Qanunun mənasından da göründüyü kimi, prosesdə yalnız sağ olan iddiaçı və cavabdeh tərəf ola bilər.

10. Ona görə də, ölmüş şəxsə qarşı iddia irəli sürülməsi, eyni zamanda məhkəmə tərəfindən həmin şəxsin tərəf kimi qəbul edilməsi prosessual baxımdan qeyri-mümkündür.

11. Mülki prosessual qanunvericiliyə ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırılmasına mane olur.

Nəticə :

12. Belə olan halda, məhkəmə qeyd edir ki, iddiaçı “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” PHŞ-nin Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddiası üzrə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina olunmalıdır.

13. Həmçinin məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən ödənilmiş 34.06 manat məbləğində dövlət rüsumu (“İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” PHŞ, VÖEN:**********, qəbz nömrəsi:**********; tarix: xx.xx.2024, saat: 17:43:41) dövlət büdcəsindən iddiaçıya qaytarılmalıdır.

14. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35, 152, 263-264, 268, 269, 395, 396-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Qərara Aldı:

İddiaçı “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” PHŞ-nin Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddiası üzrə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilsin. İddiaçıya izah edilsin ki, ərizəni qəbul etməkdən imtina edilməsi iddiaçıya həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Ödənilmiş 34.06 manat məbləğində dövlət rüsumu (“İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” PHŞ, VÖEN:**********, qəbz nömrəsi:**********; tarix: xx.xx.2024, saat: 17:43:41) dövlət büdcəsindən iddiaçıya qaytarılsın. Qərardadın icrası dövlət rüsumunun qaytarılması hissəsində Bakı Şəhəri üzrə Baş Maliyyə İdarəsinə həvalə edilsin. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə informasiya sistemi”ndə yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə şikayət verilə bilər.

Hakim Starə Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar