Məhkəmə qərarları › İş №e-2(007)-1111/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-1111/2024

19.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-1111/2024 19.03.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. İddia tələbi :

1. İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “pul” tələbinə dair (kiçik iddialara dair işlər üzrə icraat qaydasında) iddia ərizəsi ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, İmei kodu **********27615 İphone 11 markalı telefon, 2 ədəd şəffaf vinil, apple 20w usb-c adapter, Aıwa qulaqlıq üçün 1096.92 manat ödənilməmiş hissə, 109.08 manat cərimə pulu; xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, İmei kodu **********29703 Xıaomı Redmı 10 markalı telefon üçün 471.36 manat ödənilməmiş hissə, 47.64 manat cərimə pulu olmaqla, ümumilikdə, 1725 manat borc və ödənilmiş dövlət rüsumu olaraq 37.25 manat məbləğində vəsaitin Cavabdeh alınaraq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar :

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh, "xxxx" MMC ilə xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, İmei kodu **********27615 İphone 11 markalı telefon, 2 ədəd şəffaf vinil,apple 20w usb-c adapter, Aıwa qulaqlıq, İmei kodu **********29703 Xıaomı Redmı 10 markalı telefon almış və nəticədə 1725 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 2535.85 manat (18 ay x 135.17 manat + 102.79 manat ilkin ödəniş) İmei kodu **********27615 İphone 11 markalı telefon, 2 ədəd şəffaf vinil, apple 20w usb-c adapter, Aıwa qulaqlıq üçün ümumilikdə, 1206 (bir min iki yüz altı) manat olmaqla ondan, 1096.92 (bir min doxsan altı manat doxsan iki qəp) manat ödənilməmiş hissə, güzəşt olunaraq 109.08 (yüz doqquz manat səkkiz qəp) manat cərimə; xx.xx.2022ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 572.36 (beş yüz yetmiş iki manat otuz altı qəp) manat (18 ay x 29.52 manat + 41 manat ilkin ödəniş) İmei kodu **********29703 Xıaomı Redmı 10 markalı telefon üçün ümumilikdə, 519 (beş yüz on doqquz) manat olmaqla ondan, 471.36 (dörd yüz yetmiş bir manat otuz altı qəp) manat ödənilməmiş hissə, güzəşt olunaraq 47.64 (qırx yeddi manat altmış dörd qəp) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1539.93 manat təşkil edir. İş materialları :

3. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 10801253 nömrəli müqavilədən görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh sahibliyinə və istifadəsinə İmei kodu **********27615 olan İphone 11 markalı telefon, 2 ədəd şəffaf vinil, apple 20w usb-c adapter, Aıwa qulaqlıq verilmiş və xx.xx.2022-ci il tarixli, 02732259 nömrəli müqavilədən görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh sahibliyinə və istifadəsinə İmei kodu **********29703 Xıaomı Redmı 10 markalı telefon verilmişdir. Cavabdeh müqavilələr üzrə hesablanmış borc məbləğlərini tam və vaxtında ödəməyi öhdəsinə götürmüşdür.

4. xx.xx.2022-ci il tarixli, 10801253 nömrəli müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavədən görünür ki, cavabdeh ilkin ödəniş olaraq 102.79 manat ödəniş etməklə, xx.xx.2022-ci il tarixdən başlayaraq hər ayın 25-dən gec olmayaraq 18 ay müddətində hər ay 135.17 manat olmaqla, cəmi 2535.9 manat ödəniş etməli və xx.xx.2022-ci il tarixli, 02732259 nömrəli müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavədən görünür ki, cavabdeh xx.xx.2022-ci il tarixdən başlayaraq hər ayın 20-dən gec olmayaraq 18 ay müddətində hər ay 29.52 manat olmaqla, cəmi 572.39 manat ödəniş etməlidir.

5. xx.xx.2022-ci il tarixli, 10801253 nömrəli və xx.xx.2022-ci il tarixli, 02732259 nömrəli bildiriş və təhvil-təslim aktlarından görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixli, 10801253 nömrəli və xx.xx.2022-ci il tarixli, 02732259 nömrəli müqavilələr üzrə əşyaları tam, qüsursuz təhvil almışdır.

6. İddiaçı MMC tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışlarından görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixli müqavilə üzrə 1096.92 manat əsas, 109.08 manat cərimə borcu olmaqla, cəmi 1206 manat və xx.xx.2022-ci il tarixli müqavilə üzrə 471.36 manat əsas, 47.64 manat cərimə borcu olmaqla, cəmi 519 manat, ümumilikdə 1725 manat borcu vardır.

7. İşə əlavə olunmuş İddiaçı MMC-nin Cavabdeh ünvanlandığı xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, cavabdeh müqavilələr üzrə öhdəliklərin icrasını gecikdirmiş, yəni “ödəniş cədvəlləri”ndə nəzərdə tutulan vaxt və qaydaya əməl etməmişdir. Cavabdeh tərəfindən xəbərdarlıqdan irəli gələn öhdəliklərin icrası ilə əlaqədar çağırışa 3 (üç) iş günü ərzində riayət olunmadığı təqdirdə, müqavilənin 4.1-ci bəndinə əsasən aidiyyəti üzrə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir.

8. xx.xx.2024-cü il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı MMC tərəfindən məhkəməyə müraciət etmək üçün 37.25 manat dövlət rüsumu ödənilmişdir.

İşin faktiki halları

9. İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixli, 10801253 nömrəli və xx.xx.2022-ci il tarixli, 02732259 nömrəli alqı-satqı müqavilələrinin bağlanması və cavabdehin iddiaçı qarşısında borcunun yaranması işin mübahisəsiz hallarıdır.

10. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır.

11. Məhkəmə iddia ərizəsini iş materialları ilə birlikdə araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək qeyd edir ki, işdə olan sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət edir və iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatlarının alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurəti yoxdur.

Tətbiq edilən hüquq :

12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi :

14.2. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

77. hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir.

107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 222.2. Pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. 284-1. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.3. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-6.1. İşə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir.

13. Azərbaycan Respublikası Mülki Məcəlləsi

600.1. Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 601.1. Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 601.2. Hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. 600.4. Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1. öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.

467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.

Məhkəmənin mövqeyi :

14. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi qismən təmin edilməlidir.

15. Belə ki, iddia ərizəsi iş materialları ilə birlikdə araşdırılarkən müəyyən edilmişdir ki, İddiaçı MMC ilə Cavabdeh arasında nisyə alqı-satqı müqavilələri bağlanmışdır.

16. Mülki qanunvericiliyə əsasən hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun.

16. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli, 10801253 nömrəli müqavilə və müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavədən görünür ki, xx.xx.2022-ci il tarixli müqavilə üzrə ilkin ödəniş 102.79 manat ödəməklə, cavabdeh xx.xx.2022-ci il tarixdən başlayaraq xx.xx.2023-cü il tarixədək hər ay 135.17 manat ödəmək şərti ilə ümumi dəyəri 2535.85 manat, İmei kodu **********27615 İphone 11 markalı telefon, 2 ədəd şəffaf vinil, apple 20w usb-c adapter, AİWA qulaqlıq və xx.xx.2022-ci il tarixli, 02732259 nömrəli müqavilə və müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavədən görünür ki, xx.xx.2022-ci il tarixli müqavilə üzrə ilkin ödəniş 41 manat ödəməklə, cavabdeh xx.xx.2022-ci il tarixdən başlayaraq xx.xx.2024-cü il tarixədək hər ay 29.52 manat ödəmək şərti ilə ümumi dəyəri 572.36 manat olan İmei kodu **********29703 Xıaomı Redmı 10 markalı telefon almışdır.

17. İş materiallarına əlavə edilmiş əşyaların təhvil-təslim aktından görünür ki, iddiaçı alqı-satqı müqavilələri üzrə öz öhdəliyini yerinə yetirərək müqavilədə nəzərdə tutulan əşyaları cavabdehə təhvil vermişdir. Lakin cavabdeh müqavilə ilə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, onun iddiaçının qarşısında icra edilməmiş öhdəlikləri vardır.

18. İddiaçı MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixli, 10801253 nömrəli müqavilə üzrə 1096.92 manat əsas, 109.08 manat cərimə borcu olmaqla, cəmi 1206 manat və xx.xx.2022-ci il tarixli, 02732259 nömrəli müqavilə üzrə 471.36 manat əsas, 47.64 manat cərimə borcu olmaqla, cəmi 519 manat borcu vardır.

19. Mülki qanunvericiliyə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

20. Belə olan halda məhkəmə Cavabdeh bağladığı müqavilələrdən irəli gələn öhdəliklərini icra etməməsi tədqiq olunmuş sübutlarla öz təsdiqini tapdığından iddiaçının ödənilməmiş əsas borca görə xx.xx.2022-ci il tarixli, 10801253 nömrəli müqavilə üzrə 1096.92 manat və xx.xx.2022-ci il tarixli, 02732259 nömrəli müqavilə üzrə 471.36 manat pul vəsaitinin ödənilməsi tələbini əsaslı hesab edir.

21. Müqavilələrin 2.6-cı bəndindən görünür ki, cavabdeh ödəniş cədvəli üzrə ödənişləri vaxtında ödəmədiyi təqdirdə müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində peniya ödəməyi öhdəsinə götürümüşdür.

22. Məhkəmə iddiaçı tərəfindən hesablanan cərimənin cavabdehin borcuna görə tənasübsüz surətdə yüksək hesablanması qənaətinə gələrək qeyd edir ki, iddiaçı tərəfindən hesablanmış cərimə hissəsində iddia qismən təmin edilməlidir.

23. Məhkəmə işin hallarını, o cümlədən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq, xx.xx.2022-ci il tarixli, 10801253 nömrəli müqavilə üzrə 109.08 manat təşkil edən cərimə məbləğinin 10 manat və xx.xx.2022-ci il tarixli, 02732259 nömrəli müqavilə üzrə 47.64 manat təşkil edən cərimə məbləğinin 5 manata qədər azaldılmasını məqsədəmüvafiq hesab edir.

24. İş materialları əsasında müəyyən edilir ki, İddiaçı məhkəməyə müraciət etmək üçün 37.25 manat məbləğində dövlət rüsumu ödəmişdir.

25. Buna görə də məhkəmə qeyd edir ki, iddia qismən təmin edildiyinə görə Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 35.84 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

Nəticə :

26. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək qeyd edir ki, iddia tələbi qismən təmin edilməli xx.xx.2022-ci il tarixli, 10801253 nömrəli müqavilə üzrə 1096.92 manat əsas, 10 manat cərimə borcu və xx.xx.2022-ci il tarixli, 02732259 nömrəli müqavilə üzrə 471.36 manat əsas, 5 manat cərimə borcu olmaqla, cəmi 1583.28 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı MMC-nin hesabına ödənilməlidir.

27. Məhkəmə qeyd edir ki, iddia qismən təmin edildiyindən iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 35.84 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

28. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 284-5, 284-6, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Qət Etdi :

İddia tələbi qismən təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli, 10801253 nömrəli müqavilə üzrə 1096.92 manat əsas, 10 manat cərimə borcu və xx.xx.2022-ci il tarixli, 02732259 nömrəli müqavilə üzrə 471.36 manat əsas, 5 manat cərimə borcu olmaqla, cəmi 1583.28 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-nin hesabına ödənilsin. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 35.84 manat məbləğində pul vəsaiti Cavabdeh İddiaçı MMC-nin xeyrinə tutulsun. İddiaçı MMC-nin iddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Starə Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar