Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-1144/2023 15.11.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qıznın sədrliyi, Kərimli Aygül Əfqan qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakları ilə, İddiaçı "Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “qanunsuz tikilinin sökülüb kənarlaşdırılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “qanunsuz tikilinin sökülüb kənarlaşdırılması” tələbinə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, NZS ərazisindən keçən dəmir yolunun mühafizə zonasında qazma yataq üzərində inşa edilmiş qanunsuz tikili Cavabdeh hesabına sökülərək dəmir yolunun mühafizə zonasından kənarlaşdırılması, 100 (bir yüz) manat məbləğində ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq "xxxx" QSC-nin hesabına ödənilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, "xxxx" QSC-nin (ADY) balansında olan Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, NZS ərazisindən keçən dəmir yolunun mühafizə zonasında qazma yataq üzərində torpaq sahələrinin zəbt edilərək qanunsuz tikinti işlərinin aparılması aşkar edilmişdir. Müəyyən olunmuşdur ki, həmin ərazidə dəmir yolunun mühafizə zonasının eni 24 metr təşkil etdiyi halda Cavabdeh tərəfindən 6 metr məsafədə tikinti işləri aparılmışdır. Dəmir yolu xəttinin qazma yataqda çəkilməsi, həmçinin hazırda bu evin qəzalı vəziyyətdə olması və həmin dəmir yolu xətti ilə neft və neft məhsullarının daşınması təhlükəliliyi daha da artırır, gələcəkdə neqativ halların baş verməsini qaçılmaz edir. ADY-yə daxil olmuş Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin xx.xx.2022-ci il tarixli 11-19/138 nömrəli məktubunda həmin ərazidə yerləşən qəzalı vəziyyətdə olan fərdi yaşayış evinin Cavabdeh məxsus olması qeyd edilmişdir. Bununla bağlı, ADY-nin aidiyyəti işçilərinin iştirakı ilə həmin əraziyə xx.xx.2022ci il tarixində baxış keçirilmiş, qeyd edilən fakt bir daha öz təsdiqini tapmışdır. Bu səbəbdən ADY hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Əlavə olaraq bildirdi ki, daha əvvəl vətəndaşlara kompensasiya verilməsi ilə cəmiyyət humanist yanaşmışdır. Kompensasiya verilən sakinlərlə notarial qaydada müqavilə bağlandı, bəzi vətəndaşlarla razılıq əldə edilmədiyi üçün məhkəməyə müraciət edildi. Cavabdehə kompensasiya ödənilməsi nəzərdə tutulmur. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyib izahat verərək bildirdi ki, onun evinin rəsmi sənədləri yoxdur və dövlət qeydiyyatına alınmamışdır. Bundan bir neçə il əvvəl hazırkı məsələ müzakirə edilmiş və razılaşdırılmışdır ki, vətəndaşlar pis vəziyyətdə qalmasınlar deyə onlara kompensasiya verilməlidir. İndi isə iddiaçı tərəf ona kompensasiya verilməsindən imtina edir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, mülki işin materiallarını araşdırıb, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: - 12 saylı məntəqənin yol ustası V.Cəbrayılov, azad olmayan yol briqadiri A.Qurbanov və yol montyoru N.Məmmədov tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli aktın surətindən görünür ki, YBNZ-Əhmədli mənzili 6 km pk3-də dəmiryolunun sağ tərəfindən təxminən 6 m məsafədə yerləşən qeyri-qanuni yaşayış evi dəmir yolunu mühafizə zonasında yerləşir. Həmin ərazidi dəmir yolunun mühafizə zolağının ölçüsü yolun oxundan hər iki istiqamətdə 24 m təşkil edir; - 4 nömrəli Bakı yol sahəsinin YBNZ-Əhmədli mənzilində hərəkət istiqamətinin sağ tərəfində dəmir yolunun mühafizə zolağında olan yaşayış evinin sxematik təsvirindən görünür ki, həmin ərazidə dəmir yolunun mühafizə zolağının ölçüsü yolun oxundan hər iki istiqamətdə 24 m təşkil edir. Yaşayış evi dəmir yolu xəttindən 6 m kənarda yerləşir; - ünvan 1 ünvanıda yaşayan Şəidi Şəhriyara məxsus fərdi yaşayış evinin texniki vəziyyəti haqqında xx.xx.2019-cu il tarixli aktın surətindən görünür ki, fərdi yaşayış evi 1950-cı illərdə NZS qəsəbəsi ərazisində dəmiryolunun ətrafında, dəmiryolundan 6-7 metr yüksəklikdə yamacda yerləşir. 1 mərtəbəli ev qismən düzbucaqlı formada olub, 40,46 m2 sahədə qonşu evinə bitişik halda inşa edilmişdir. Daxili otaqların hündürlüyü 2.6 metrdir. Evin yükdaşıyan divarlarının qalınlığı 40 sm, arakəsmələrin qalınlığı 20 sm olmaqla, mişarlanmış əhəngdaşı ilə tikinti norma və qaydalarına əməl edilmədən inşa edilmişdir. Tavan və döşəmələr dikt, qapı və pəncərələr ağac materialındandır. Evin damı biryamaclı, çardaq tipli olub, ağac konstruksiyalar üzərində dalğalı azbest-şiferdir. Evə giriş hissəsinin altında yamacda olan metal boru dayaqlan üzərində primitiv düzəldilmiş meydançanın hər an uçma təhlükəsi vardır. Dəmiryolunda qatarların hərəkəti zamanı mütəmadi olaraq əmələ gələn dinamiki titrəyişlərdən uzun müddət təmirsiz istismar olunan mənzilləin divarlarının suvaq qatı ovulub yararsız hala düşmüşdür. Sakinlər tərəfindən mənzildə su, kanalizasiya və işıq xətləri pərakəndə qaydada çəkildiyindən, borulardan sızan su sızmaları və atmosfer suları damı yararsız hala salmışdır. Hamamda və ayaqyolunun divarlarında nəmişlik əlamətləri nəticəsində eni 1-3 mm olan müxtəlif istiqamətli birtərəfli çatlar yaranmışdır. Evin giriş hissəsinin yamacda dəmiryolunun mühafizə zonasında hündürlükləri 6- 7 metr olan metal boru dayaqlar və tirlər üzərindəki meydançada inşa edildiyini, bu meydançanın istismara yararsız vəziyyətini, evin divarlarında yaranmış çatların mövcudluğunu və qatarların hərəkəti zamanı ciddi titrəyişlərə məruz qalmasından meydançanın hər an uçma təhlükəsinin olduğunu nəzərə alaraq, evin texniki vəziyyəti yolverilməz kimi qiymətləndirilir. Evin giriş hissəsinin altında yerləşən metal estakadanın və meydançanın təhlükəsiz istismarı üçün konstruktiv tədbirlərin görülməsi zəruridir; - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli 10/3458 nömrəli ekspert rəyinin məzmunundan görünür ki, mübahisə predmeti olan fərdi yaşayış evi ilə dəmir yolu xətti arasındakı məsafənin 7.4 metr təşkil etdiyini nəzərə alaraq həmin fərdi yaşayış evinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 23 fevral tarixli 33 nömrəli qərarı ilə təsdiq edilmiş “Dəmir yolları üçün və dəmiryolunun sanitariya-mühafizə zonası üçün torpaqayırma normaları”nın 3.5-ci bəndində əsasən "xxxx" Qapalı Səhmdar Cəmiyyəti”nin balansında olan Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, NZS ərazisindən keçən dəmir yolu xəttinin mühafizəsi zonasının hüdudları daxilində yerləşdiyi müəyyən olunmuşdur; - Azərbaycan Respublikası Maloyyə Nazirliyinin xx.xx.2022-ci il tarili MİHO/1.1-2- 2022-7295 saylı məktubunun surətindən görünür ki, Azərbaycan Respublikasının Maliyyə Nazirliyində ünvan 2 ünvanda yerləşən dörd fərdi yaşayış evlərin texniki vəziyyətinə dair Fövqəladə Hallar Nazirliyinin aktından göründüyü kimi, bu tikililər 1960-cı illərdə dəmir yolunun mühafizəsi zonasında özbaşına olmaqla yamacda və bir hissəsi metal boru dayaqlar və tirlər üzərində primitiv qaydada düzəldilmiş meydançada tikinti normaqaydalarına əməl olunmadan inşa edilmiş və fiziki köhnəlmədən, qatarların hərəkətindən yaranan titrəyişlərdən və uzun müddət təmirsiz istismar edildiyindən yararsız hala düşmüşdür. Eyni zamanda, daxil olmuş məktubda fərdi evlərin sakinlərinin maddi yardım müqabilində köçürülməsi haqda qərarın hansı instansiyada qəbul edildiyi barədə məlumat verilməmişdir. Digər tərəfdən, məsələ barədə "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin (QSC) Bakı Şəhər icra Hakimiyyətinə ünvanlanmış 2022-ci il 13 sentyabr tarixli 216489 nömrəli məktubuna əsasən sözügedən evlər dəmir yolunun mühafizə zolağında qazma yataq üzərində qanunsuz olaraq inşa edildiyi üçün onların məhkəmə qaydasında sökülməsi məqsədilə Səhmdar Cəmiyyət tərəfindən hüquqi prosedurlara başlanılmışdır. Ölkə ərazisində dövlət əhəmiyyətli strateji magistral boru kəmərləri və kommunikasiyaların (qaz, neft kəmərləri, dəmir yolu, elektrik verilişi xətləri və s.) mühafizə zonasında yerləşən şəhərsalma və tikintiyə dair normativlər pozulmaqla özbaşına inşa edilmiş kifayət qədər yaşayış evlərinin mövcud olduğunu və sözügedən dörd fərdi evin sakinlərinin maddi yardım verilməklə köçürülməsinin arzuolunmaz presedentə səbəb ola biləcəyini nəzərə alaraq, məsələnin "xxxx" QSC tərəfindən hüquq-məhkəmə müstəvisində həllini dəstəkləyir və gələcəkdə bu qəbildən olan müraciətlərin mövcud qanunvericiliyin tələblərinə uyğun tənzimlənməsini təklif edirlər; - Mədaxil qəbzlərindən görünür ki, iddia ərizəsinin verilməsi üçün Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən xx.xx.2023-cü il tarixdə 100 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə bildirir ki, iddiaçının iddia tələbləri maddi hüquq normaları baxımından əsaslı olmaqla yanaşı, hüquqi şəxs kimi üzərinə qoyulmuş vəzifəni icra etmək baxımından da əsaslıdır, iddiaçı vətəndaşın potensial təhlükə mənbəyi kimi çıxış edən sahədə özbaşına tikili inşa etməsi və orada yaşaması ilə insanların həyatı və sağlamlığı üçün təhlükə törədən faktı və halları bəyan etməklə, nəzəri baxımdan baş verməsi mümkün olan fövqəladə hadisə zamanı cavabdehin və onun ailə üzvlərinin, həmçinin digər vətəndaşların sağlamlığının qorunması üçün qanuna müvafiq surətdə addım atmışdır. Azərbaycan Respublikası Konstitusiyasının: 12-ci maddəsinin İ bəndinin tələbinə görə insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir; 14-cü maddəsinə əsasən təbii ehtiyatlar hər hansı fiziki və ya hüquqi şəxslərin hüquqlarına və mənafelərinə xələl gətirmədən Azərbaycan Respublikasına mənsubdur. 41-ci maddəsinin İİİ bəndinin tələbinə görə, insanların həyatı və sağlamlığı üçün təhlükə törədən faktları və halları gizlədən vəzifəli şəxslər qanun əsasında məsuliyyətə cəlb edilirlər. “Dəmir yolu nəqliyyatı təyinatlı torpaqlardan və dəmir yolunun xüsusi mühafizə zonasına aid torpaqlardan istifadə olunması Qaydaları"nın və "Dəmir yolları üçün və dəmir yolunun sanitaiya-mühafizə zonası üçün torpaqayırma Normaları"nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 fevral 2005-ci il tarixli 33 saylı qərarının: 2-ci bəndinə əsasən təhkim zolağı - dəmir yolunun mühafizə zonasına aid olan və dəmir yol xətlərinin torpaq yatağına bitişən, dəmir yol nəqliyyatının təhlükəsiz fəaliyyət göstərməsi məqsədilə "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə və ya başqa təşkilatlara, müəssisələrə və ya idarələrə verilmiş dəmir yol nəqliyyatı təyinatlı torpaqlardır 21-ci bəndinə əsasən təhkim zolağı hüdudlarında torpaq sahələrindən müvəqqəti istifadə edən hüquqi və fiziki şəxslər tərəfindən bu ərazidə hər hansı əsaslı tikinti işlərinin aparılmasına, həmin ərazidən qumun, gilin, digər tikinti materiallarının və torpağın götürülməsinə, dəmir yol təyinatlı bina və digər tikililərə, həmçinin dəmir yol obyektlərinin zərərli təbii təsirlərdən qorunması məqsədilə əkilmiş ağaclara təhlükə yaradan, hərəkət təhlükəsizliyinə ziyan vuran, dəmir yol xətti boyu görünməni pisləşdirən obyektlərin yerləşdirilməsinə və tikilməsinə yol verilmir. Məhkəmə qeyd edir ki, cavabdehə məxsus fərdi yaşayış evi ilə dəmir yolu xətti arasındakı məsafənin 7.4 metr təşkil edir və fərdi yaşayış evi "xxxx" Qapalı Səhmdar Cəmiyyəti”nin balansında olan Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, NZS ərazisindən keçən dəmir yolu xəttinin mühafizəsi zonasının hüdudları daxilində yerləşdiyi müəyyən olunmuşdur. Hazırkı iddianın təmin edilməsi cavabdehin hüquqlarına və mənafelərinə xələl gətirə bilməz. Belə ki, onun inşa etdiyi tikili özbaşına tikilidir, bunun üçün ayrılmayan torpaq sahəsində, buna lazımi icazələr almadan tikilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır; 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. İş materiallarından göründüyü kimi, mübahisələndirilən tikili özbaşına tikili sayılır və cavabdeh həmin tikililərə mülkiyyət hüququ əldə etməmişdir, onun həmin tikiliyə dair sərəncam vermək və digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normaları və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 129-cu maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Məhkəmə iddiaçının iddia tələbini əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, NZS ərazisindən keçən dəmir yolunun mühafizə zonasında qazma yataq üzərində inşa edilmiş qanunsuz tikili Cavabdeh hesabına sökülərək dəmir yolunun mühafizə zonasından kənarlaşdırılmalıdır. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 119.1 -ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddiaçı tərəfindən ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu Cavabdeh iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. Bundan əlavə, işdə olan xx.xx.2023-cü il tarixli 10/3458 saylı ekspert rəyindən aydın olur ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil etmişdir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən keçirilmiş məhkəmə ekspertizasının dəyəri cavabdehdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, NZS ərazisindən keçən dəmir yolunun mühafizə zonasında qazma yataq üzərində inşa edilmiş qanunsuz tikili Cavabdeh hesabına sökülərək dəmir yolunun mühafizə zonasından kənarlaşdırılsın. İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu Cavabdeh iddiaçının xeyrinə tutulsun. İş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizası tədqiqatının dəyəri olan 50 manat məbləğində pul Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Adı: X3, Kodu: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ**********0000003944, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN: **********, Hesab № AZ34CTRE********************, Büdcə təsnifatının kodu 142595, Büdcə səviyyəsinin kodu 3) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Qumru Əliyeva
Məhkəmə qərarları › İş №e-2(007)-1144/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-1144/2023
15.11.2023 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver