Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(007)-1149/2025 24.01.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddialar üzrə iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsinin mümkünlüyünə baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İddia tələbi :
1. İddiaçı MMC Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddialar üzrə iddia ərizəsi ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Cavabdeh İddiaçı MMC-nin xeyrinə 889 (səkkiz yüz səksən doqquz) manat məbləğində əsas borc, 89 (səksən doqquz) manat məbləğində cərimə, 30 (otuz) manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 1008 (min səkkiz) manat məbləğində pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar :
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış R0038986 nömrəli, xx.xx.2022-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən satıcı alıcıya 18 ay müddətinə, 1145 manat dəyərində olan əşyanı satmışdır. Cavabdeh aldığı əşyaya görə ilkin ödənişsiz və borclu olduğu qalıq 1145 manat məbləğində pulu ödəniş cədvəlinə əsasən iddiaçıya hissə-hissə ödəməyi öhdəsinə götürsə də, alğı-satqı müqaviləsində nəzərə tutulmuş öhdəlikləri qismən yerinə yetirmiş və 256 manat ödəniş etmişdir. Borcun ödənilməsi ilə əlaqədar olaraq borcluya dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilmişdir. Lakin borc ödənilməmişdir
Tətbiq edilən hüquq :
3. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi :
89.3. Yazılı sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. 284-1. Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-4.1. Məhkəmə kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizənin qəbul olunmasından aşağıdakı hallarda imtina edir: 284-4.1.3. verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmamışdırsa. 284-4.2. Bu Məcəllənin 284-4.1-ci maddəsində nəzərdə tutulmuş hallarda məhkəmə ərizənin daxil olduğu gündən 5 (beş) iş günü müddətində onun qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərardad çıxarır. Məhkəmə bu müddət ərzində ərizəni qəbul etməkdən imtina etməyibsə, o, qəbul edilmiş sayılır. Ərizəni qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilməz. 284-4.3. Ərizənin qəbul edilməsindən imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. 114.1. Ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda qaytarılır : 114.1.2. bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə.
4. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu :
5.1. Ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır: 5.1.2. ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə.
Məhkəmənin mövqeyi :
5. Məhkəmə iddia ərizəsini iş materialları ilə birlikdə araşdıraraq qeyd edir ki, iddia ərizəsi işə sadələşdirilmiş qaydada baxılmasının yolverilməzliyi ilə əlaqədar icraata qəbul edilməkdən imtina edilməlidir.
6. Belə ki, mülki prosessual qanunvericiliyə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Lakin verilmiş tələbi təsdiq edən sənədlər təqdim edilmədikdə kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilmir.
7. Kiçik iddialara dair işlər üzrə iddia ərizəsi iş materialları ilə birlikdə öyrənilərkən müəyyən edilmişdir ki, İddiaçı MMC Cavabdeh qarşı iddiaçı ilə cavabdeh arasında bağlanmış R0038986 nömrəli, xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 889 manat məbləğində əsas borc, 89 manat məbləğində cərimə, 30 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 1008 manat məbləğində pulun cavabdehdən tutulması tələbini irəli sürmüşdür. Lakin İddiaçı MMC-nin Cavabdeh qarşı olan “pul” tələbinin faktiki əsasını təşkil edən “alqı satqı” müqaviləsinin əsli iş materiallarına əlavə edilməmişdir. Halbuki mülki prosessual qanunvericiliyə əsasən yazılı sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilməlidir.
8. Belə olan halda, mülki prosessual qanunvericiliyə əsasən iddiaçının cavabdehə qarşı olan tələbini təsdiq edən sənədlər təqdim edilmədikdə kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilmir.
9. Həmçinin məhkəmə qeyd edir ki, iddiaçı hazırki iddia tələbi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(007)-2888/2024 saylı qərardadı ilə İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddialara dair işlər üzrə iddia ərizəsinin icraata qəbul edilməsindən işə baxılmasının sadələşdirilmiş qaydasının yolverilməzliyinə görə imtina edilməsi qərara alınmışdır. İddiaçı həmin qərarda qeyd edilən nöqsanları aradan qaldırmadan yenidən sadələşdirilmiş icraat qaydasında məhkəməyə müraciət etmişdir.
10. Mülki prossesual qanunvericiliyə əsasən iddia ərizəsi ilə müraciət olunan zaman qanunla müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumu ödənilməli və dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilməlidir. Lakin iddia ərizəsi və ona əlavə edilmiş sənədlər nəzərdən keçirilərkən dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədin təqdim edilmədiyi müəyyən edilmişdir.
11. Belə ki, iddiaçının hazırki iş materiallarına əlavə etdiyi dövlət rüsumuna dair qəbz üzrə ödənilmiş dövlət rüsumu Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)- 2888/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə iddiaçı "xxxx" MMC-yə geri qaytarılmışdır. Həmin qərardad dövlət rüsumunun ərizəçiyə qaytarılmasına dair hissədə icra edilməsi üçün Bakı Şəhəri üzrə Baş Maliyyə İdarəsinə göndərilmişdir. Nəticə :
12. Beləliklə, məhkəmə qeyd edir ki, verilmiş tələbi təsdiq edən sənədlər təqdim edilmədiyindən İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddialara dair işlər üzrə iddia ərizəsi icraata qəbul edilməkdən imtina edilməlidir.
13. Həmçinin, iddiaçıya izah edilsin ki, qərardadın təsviri hissəsində göstərilən çatışmazlıqlar aradan qaldırıldıqdan sonra ümumi əsaslarla məhkəməyə iddia icraatı qaydasında iddia ilə müraciət edə bilər.
14. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-4, 263-264, 267, 268, 395, 396-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Qərara Aldı:
İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddialara dair işlər üzrə iddia ərizəsinin icraata qəbul edilməsindən işə baxılmasının sadələşdirilmiş qaydasının yolverilməzliyinə görə imtina edilsin. İddiaçıya izah olunsun ki, Azərbaycan Respublikası MPM-nin 284-4.3-cü maddəsinə əsasən ərizənin qəbul edilməsindən imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Qərardaddan şikayət verilə bilməz.
Hakim Starə Əliyeva