Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-115/2024 15.02.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi, İddiaçı1, X2 hüququ varisi İddiaçı2 iştirakları ilə, İddiaçılar İddiaçı1 və X2 hüququ varisi İddiaçı2 cavabdehlər X3 hüququ varisi Cavabdeh4, Cavabdeh2, Cavabdeh1, Cavabdeh3, Cavabdeh5 və Bakı şəhəri 23 saylı Notariat Ofisinə qarşı “vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi və miras payının müəyyən edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və X2 hüququ varisi İddiaçı2 cavabdehlər X3 hüququ varisi Cavabdeh4, Cavabdeh2, Cavabdeh1, Cavabdeh3, Cavabdeh5 və Bakı şəhəri 23 saylı Notariat Ofisinə qarşı “vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi və miras payının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri 23 saylı notariat kontorunun xüsusi notariusu tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli, 2V-1-245 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsini, miras əmlakı olan "xxxx" ASC-nin Bakı şəhərində yerləşən 8335/0439 nömrəli filialındaki 6478 nömrəli hesabda olan əmanətin və onun faizinin faktiki qəbul edilməsini və miras əmlakdan 1/7 hissədə miras paylarının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddiaçılar iddia tələbini onunla əsaslandırmışlar ki, ünvan 1 ünvanında yerləşən ev xx.xx.1979-cu il tarixli № 170311 saylı order əsasında atasına X8 verilmişdir. Göstərilən orderdə onların və digər ailə üzvlərinin adı qeyd edilmişdir. Sözügedən evdə onlar hamısı (digər bacı, qardaşları, ataları və anaları) uzun müddət qeydiyyatda olmuşlar və həmin mənzildən istifadə etmişlər. X1 xx.xx.2006-cı il tarixində vəfat etmişdir. Atası vəfat edəndən sonra qalmış miras əmlakla bağlı ailələrində hər hansı söz-söhbət olmamışdır və mirasla bağlı ailə üzvləri notariusa müraciət etməmişlər. Atası rəhmətə gedəndən sonra da qeyd olunan mənzildən ailə üzvləri hər biri istifadə etmişdir, analarının qayğısına qalaraq qeyd olunan ünvanda mütəmadi olaraq uzun müddət yaşamışlar və onlara məxsus olan əşyaları saxlamışlar. X7 xx.xx.2019-cu il tarixində vəfat etmişdir və anası vəfat edəndən sonra bacı və qardaşlar aralarında ortada qalan mirasla bağlı mübahisələr yaranmağa başlamışdır. Qeyd olunan mübahisənin həll edilməsi üçün Bakı Şəhəri 23 saylı Notariat Ofisinə müraciət edilmişdir. Bakı Şəhəri 23 saylı Notariat Ofisinin xüsusi notariusu mübahisəni notariat hərəkətləri ilə həll edilməsi mümkün olmadığını qeyd edərək, məhkəməyə müraciət edilməsini tövsiyə etmişdir. Mübahisənin həll edilməsi ilə bağlı mərhum qardaşı X11 onları cavabdeh qismində qoyaraq mirasın qəbul faktının müəyyən edilməsi və miras əmlakdan vərəsəlik paylarının müəyyən edilməsi tələbi ilə Nizami Rayon Məhkəməsinə müraciət etmişdir. Qeyd olunan mülki iş üzrə bacıları Cavabdeh5 məhkəməyə mübahisə predmeti barədə müstəqil tələb irəli sürən üçüncü şəxs qismində müraciət edərək, xx.xx.2018-ci il tarixli ev vəsiyyətnaməsinin etibarsız hesab olunması, atasından qalmış miras əmlakın onun tərəfindən qəbul olunması və miras əmlakdan tam şəkildə payının müəyyən olunması barədə tələb irəli sürmüşdür. Qeyd olunan mülki işə Nizami Rayon Məhkəməsində baxılmış və xx.xx.2021-ci il tarixli № 2(007)-86/2021 saylı qətnamə qəbul olunmuşdur. Qətnamə ilə qeyd olunan mənzildən 1/7 hissə olmaqla paylar müəyyən olunmuşdur. Göstərilən qətnamədən Cavabdeh5 apellyasiya şikayəti vermişdir, Bakı Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini qüvvədə saxlamışdır. Daha sonra Cavabdeh5 apellyasiya məhkəməsinin qətnaməsindən kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi cavabdeh 23 saylı notariat ofisinin digər bacı və qardaşlarına verdiyi miras qalan atasının adına bank depozitində pulun qəbul edilməsi ilə bağlı xx.xx.2012-ci il tarixli 2V–1–245 saylı vərəsəlik şəhadətnaməsini əsas götürərək şikayəti qismən təmin etmişdir. Ali Məhkəmə xx.xx.2023-cü il tarixli 2(102)-976/2023 saylı qərarında bildirmişdir ki, Cavabdeh5 və digər bacı, qardaşları 23 saylı notariat ofisinə müraciət edərək atasından qalan depozit hesabına miras əmlakı qəbul etmiş və bununla da mirası qismən qəbul etməklə tamamilə qəbul etmiş hesab olunaraq təqdim olunmuş vərəsəlik şəhadətnaməsinə əsasən də mənzildən 1/5 hissə olmaqla pay müəyyən edilməsi ilə bağlı hüquqi mövqeyini bildirmişdir və mülki işə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılmışdır. Qeyd edir ki, atasının adına olan depozit pulun qəbul edilməsi ilə bağlı xx.xx.2012-ci il tarixli 2V–1–245 saylı vərəsəlik şəhadətnaməsinin mövcud olmasını yuxarıda qeyd olunan məhkəmə mübahisəsi zamanı onlara məlum olmuşdur. Həm birinci instansiya, həm də apellyasiya məhkəməsində mübahisə hüquq və mənafelərinə uyğun həll edilmişdir, deyə sözügedən vərəsəlik şəhadətnaməsinin mübahisələndirilməsi üçün əsas yaranmamışdır. Ali Məhkəmə vərəsəlik şəhadətnaməsini əsas götürərək onları miras əmlakdan payçı qismində qəbul edilməməsi ilə bağlı hüquqi mövqeyini bildirmişdir və işə yenidən baxılması üçün Baki Apellyasiya Məhkəməsinə göndərmişdir. Qeyd edir ki, yuxarıda qeyd olunan mülki işlə bağlı yekun məhkəmə qərarı qəbul edilməmişdir və araşdırma Baki Apellyasiya Məhkəməsində davam etməkdədir. Cavabdeh 23 saylı notariat ofisinin digər cavabdehlərə təqdim etdiyi xx.xx.2012-ci il tarixli, 2V–1–245 saylı vərəsəlik şəhadətnaməsi qanunun göstərişlərinə əməl edilmədən verilmişdir. Belə ki, 23 saylı notariat ofisinin xüsusi notariusu vərəsəlik şəhədətnaməsinin verilməsi ilə bağlı “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli 167 nömrəli Qərarın və Notariat haqqında qanun maddələrini kobud surətdə pozmuşdur. Qeyd edir ki, “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli 167 nömrəli Qərarının 103-cü hissəsinə əsasən notarius mirasda məcburi pay hüququ olan şəxslərin dairəsini də yoxlamalıdır. Bundan əlavə olaraq sözü gedən qərarın 104-cü hissəsinə əsasən isə notarius vəsiyyət üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə miras qoyanın ölümü faktını, vəsiyyətnamənin olub-olmadığını, vərəsəliyin açıldığı vaxtı və yeri, barəsində şəhadətnamə verilən miras əmlakın tərkibini və olduğu yeri müvafiq sübutlar tələb etmək yolu ilə yoxlayır, mirasda məcburi paya hüququ olan şəxslər olub-olmadığını aydınlaşdırır, habelə vəsiyyətnamənin ləğv edilib-edilmədiyini onu təsdiq etmiş notariat ofisində yoxlayır. AR Notariat haqqında qanunun 55-ci maddəsinə əsasən, açılmış miras haqqında vərəsələrdən məlumat alan notarius bu barədə yaşayış və ya iş yeri ona məlum olan vərəsələrə xəbər verməlidir. Notarius həmçinin kütləvi elan verilməsi və ya mətbuatda məlumat dərc edilməsi yolu ilə vərəsələri çağıra bilər. Notariat orqanı mirasın açıldığı yerdə olmayan vərəsələrin axtarılması üçün tədbirlər görür. Göründüyü kimi AR Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatla və AR Notariat haqqında qanunun maddələri ilə vərəsəlik şəhadətnaməsinin verilməsi ilə bağlı işlər üzrə məcburi pay hüququ olan şəxslərin dairəsinin yoxlanılması, axtarılması və bu istiqamətdə digər tədbirlərin görülməsi ilə bağlı notariusun üzərinə öhdəlik qoyulmuşdur. Lakin cavabdeh 23 saylı notariat ofisi qanunla nəzərdə tutulan və yuxarıda qeyd olunan hərəkətləri etməmişdir. Qeyd edir ki, 23 saylı notariat ofisi ailə üzvləri tərəfindən vərəsəlik şəhadətnaməsinin verilməsi ilə bağlı müraciətləri barədə onlara heç bir formada məlumat verməmişdir, məcburi pay hüququ olan şəxslərin dairəsini də yoxlamamışdır və digər vərəsələrin axtarılması üçün tədbirlər görməmişdir. Beləliklə onların məlumatı olmadan xx.xx.2012-ci il tarixli 2V–1–245 saylı vərəsəlik şəhadətnaməsini digər cavabdehlərə təqdim edərək onların vərəsəlik hüquqlarını kobud surətdə pozmuşdur. Əlavə olaraq qeyd edir ki, ataları X14 xx.xx.2006-cı il tarixində vəfat etdiyi halda 23 saylı notariat ofisi tərəfindən vərəsəlik şəhadətnaməsi xx.xx.2012-ci il tarixində, yəni üstündən 6 ilə yaxın bir müddət keçəndən sonra verilmişdir. Halbuki, Mülki Məcəllənin 1246-cı maddəsinə əsasən miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Hesab edir ki, notarius Mülki Məcəllənin 1246-cı maddəsinə əsaslanaraq vərəsəlik şəhadətnaməsinin verilməsində imtina etməli idi və məhkəməyə müraciət edilməsi ilə bağlı cavabdehlərə məlumat verməli idi. Notarius isə əsasız və qanunsuz olaraq mirasın açılmasından 6 il keçməyinə baxmayaraq mirasın qəbul edilməsi ilə bağlı şəhadətnamə vermişdir. Məhkəməyə bildirir ki, ataları X14 xx.xx.2006-cı il tarixində vəfat edəndən sonra, miras qalan Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, ev 42, 30 saylı mənzildən hər bir ailə üzvləri mübahisəsiz faktiki olaraq istifadə və sahiblik etmişlər. Qeyd olunan mirasla bağlı mübahisənin olmamağı və faktiki olaraq hər bir ailə üzvü tərəfindən faktiki qəbul edilməsi atasının vəfat edəndən sonra notariusa evlə bağlı müraciət edilməməsi ilə təsdiq olunur. Qeyd edir ki, atasından qalan mirasın bir hissəsini (qeyd olunan mənzilin) faktiki qəbul etmələri, digər tərəfdən ataları tərəfindən bank depozitinə qoyulan pulun faktiki qəbul edilməsini əhatə və təsdiq edir. Məhkəmə iclasında iştirak edən İddiaçı1 iddia tələbini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçı X2 hüququ varisi İddiaçı2 iddia tələbini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmənin əvvəlki iclasında iştirak edən Cavabdeh2 iddia tələbini qəbul etdiyini bildirərək, təmin edilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak edən Cavabdeh5 iddia tələbini qəbul etdiyini bildirərək, təmin edilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak edən Cavabdeh1 iddia tələbini qəbul etdiyini bildirərək, təmin edilməsinə etiraz etmədiyini bildirmişdir. Cavabdehlərə məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə (əlavə olaraq, elektron məhkəmə sistemi vasitəsilə istifadəsində olan əlaqə nömrəsinə sms vasitəsilə məlumat verilməsinə) baxmayaraq, məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçıların izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Bakı şəhəri 23 saylı Notariat Ofisi tərəfindən təsdiq edilmiş 24 avqust 2012-ci il tarixli qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin surətindən görünür ki, 07 dekabr 2006-cı il tarixdə vəfat etmiş X4 vərəsələri arvadı X19, oğlanları-X15, X11, qızları- Cavabdeh1, Cavabdeh2 və Cavabdeh5, onların hər biri miras əmlakdan irs almalıdırlar. Miras əmlak "xxxx" ASC-nin Bakı şəhərində yerləşən 8335/0439 nömrəli filialındaki 6478 nömrəli hesabda olan əmanət və onun faizidir. - 1 saylı Bakı “Asan xidmət” Mərkəzində Notariat Ofisi tərəfindən təsdiq edilmiş 13 yanvar 2021-ci il tarixli qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin surətindən görünür ki, 22 iyun 2020-ci il tarixdə vəfat etmiş X2 vərəsəsi İddiaçı2dur və miras əmlakdan tam hissədə pay almalıdır. Miras əmlak buraxılış ili 2001-ci il olan, “Opel Astra. Minik markalı, ** RD *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsindən ibarətdir. - AZ-İİ seriyalı 089120 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.2020-ci il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2020-ci il tarixdə 02 nömrəsi ilə qeyd edilmişdir. - AZ-İ seriyalı 219335 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X14 xx.xx.2006-cı il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2006-cı il tarixdə 952 nömrəsi ilə qeyd edilmişdir. - AZ-İİ seriyalı 024023 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X19 xx.xx.2019-cu il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2019-cu il tarixdə 917 nömrəsi ilə qeyd edilmişdir. - A3 seriyalı, ******* nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı1 xx.xx.1969-cu ildə Bakı şəhərində anadan olmuşdur. Ata qrafasında X14, ana qrafasında X19 qeyd edilmişdir. - A3 seriyalı, 292599 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.1962-ci ildə Şamaxı rayonunun Bəklə kəndində anadan olmuşdur. Ata qrafasında X14, ana qrafasında X19 qeyd edilmişdir. - İ-ИЕ seriyalı, 187744 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X14 ilə X22 04 fevral 1961-ci il tarixdə Azərbaycan Sovet Sosialist Respublikasının Şamaxı Rayon Mərəzə kənd Sovetində nikahlarını bağlamışlar. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 03 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvad Soltanəliyeva soyadını qəbul etmişdir. - 170311 nömrəli orderin surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən 2-ci blok, 6-cı mərtəbədə, 5 otaqlı, 76,18 m2 olan mənzil X8 verilmişdir. Həmin mənzildə X14, X19, X9, Cavabdeh1, X15, X11, İddiaçı1, X12, Cavabdeh2, X10 qeydiyyatda olmuşlar. - İİ-ЖГ seriyalı, 499982 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı2 ilə X9 21 avqust 1982-ci il tarixdə Azərbaycan Respublikası Şamaxı Rayon Nabur kənd Sovetində nikahlarını bağlamışlar. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 16 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvad Soltanəliyeva soyadında qalmışdır. - Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-976/2023 syalı, xx.xx.2023-cü il tarixli qərarının surətindən görünür ki, “bunlarla bərabər, məhkəmə kollegiyası qeyd edir ki, cavabdehlər İddiaçı1 və Laləzar Soltanəliyeva (hüquqi varisi) Dövlət Soltanəliyevdən miras qalan əmlakı qəbul etməsə də, Əsmər Soltanəliyevadan miras qalmış əmlakın qəbul olunması və vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı mülki qanunvericiliklə müəyyən edilmiş müddətdə notariusa müraciət etmişdir”. - 2V-1-245 reyestr nömrəli vərəsəlik işindən görünür ki, 558 nömrəi xx.xx.2012-ci il tarixli arayışdan görünür ki, X14 vəfat etdiyi günədək ünvan 1 ünvanında X19, X15, X11, Cavabdeh1, X12 və Cavabdeh2 qeydiyyatda olmaqla yaşayıblar. - xx.xx.2023-cü il mədaxil qəbzindən görünür ki, İddiaçı1 məhkəməyə müraciət edərkən 100 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, X14 07 dekabr 2006-cı il tarixdə vəfat etmişdir. Atalarının ölümündən sonra vərəsələr 10 avqust 2012-ci il tarixdə Bakı şəhəri 23 saylı Notariat Ofisinə müraciət etmişlər. Miras qoyanın arvadı X19, oğlanları X15, X11, qızları Cavabdeh1, Cavabdeh2 və Cavabdeh5 onun vərəsələri kim tanınmışlar və onlara Bakı şəhəri 23 saylı Notariat Ofisi tərəfindən təsdiq edilmiş 24 avqust 2012-ci il tarixli qanun üzrə vərəsəlik haqqında şəhadətnamə verilmişdir. Miras əmlak "xxxx" ASC-nin Bakı şəhərində yerləşən 8335/0439 nömrəli filialındaki 6478 nömrəli hesabda olan əmanət və onun faizidir. Notarius vərəsələrin dairəsini müəyyən edərək X16, X5, Cavabdeh2, Cavabdeh1, X13, X6 X4 vərəsələri hesab etmiş və vərəsəlik haqqında şəhadətnamə vermişdir. İddiaçı1 və X9 qanun üzrə vərəsə kimi tanınmadan vərəsəlikdən kənarda qalmışlar. Hazırda iddiaçılar İddiaçı1 və X2 hüququ varisi İddiaçı2 Bakı şəhəri 23 saylı notariat kontorunun xüsusi notariusu tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli, 2V-1-245 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsini, miras əmlak olan "xxxx" ASC-nin Bakı şəhərində yerləşən 8335/0439 nömrəli filialındaki 6478 nömrəli hesabda olan əmanətin və onun faizinin faktiki qəbul edilməsini və miras əmlakdan 1/7 hissədə miras paylarının müəyyən edilməsini xahiş edirlər. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində nəzərdə tutulmuş və mülki qanunvericiliklə hüquqi tənzimlənmiş vərəsəlik hüququ ölmüş şəxsə (vəsiyyət edənə) məxsus əmlakın başqa şəxslərə (vərəsələrə) keçməsinə dövlət təminatı verir. Bu hüquq özündə vəsiyyət edənin öz əmlakına dair sərəncam vermək hüququnu, vərəsələrin isə bu əmlakı əldə etmək hüququnu birləşdirir. Yuxarıda sadalanan iki hüququ özündə birləşdirən vərəsəlik hüququ əsasında mülkiyyətçinin ona məxsus əmlaka dair sərəncam vermək imkanı Konstitusiyanın 29-cu maddəsinin İİİ hissəsindən irəli gəlir və bu vəsiyyət etmək azadlığının əsasını təşkil edir Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1159.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). “Notariat haqqında” Qanunun: 55-ci maddəsinə əsasən açılmış miras haqqında vərəsələrdən məlumat alan notarius bu barədə yaşayış və ya iş yeri ona məlum olan vərəsələrə xəbər verməlidir. 59-cu maddəsinin tələbinə əsasən, notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə miras qoyanın ölüm faktını, mirasın açıldığı yeri və vaxtı, şəhadətnamə verilməsi barədə ərizə ilə müraciət edən şəxslərin qanun üzrə vərəsəliyə çağrılmaları üçün əsasların olmasını, miras əmlakın tərkibini və olduğu yeri yoxlamalıdır. Qanun üzrə vərəsələr vərəsəliyə çağırılmaq üçün əsasların olmasını təsdiq edən sənədləri təqdim etmək imkanından məhrum olduqda mirası qəbul etmiş və miras qoyanla qohumluq, nikah və ya digər münasibətlərə aid sübutları təqdim etmiş bütün digər vərəsələrin yazılı razılığı ilə vərəsəlik hüququ haqqında şəhadətnaməyə daxil edilə bilərlər. Məhkəmə iddia tələbinin Bakı şəhəri 23 saylı Notariat Kontorunun xüsusi notariusu tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli, 2V-1-245 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi hissəsinə münasibətdə qeyd edir ki, iddia tələbi bu hissədə təmin edilməlidir. İşin hallarından müəyyən olunur ki, cavabdehlər atalarının ölümündən sonra xx.xx.2012-ci il tarixdə miras əmlakın qəbul edilməsi ilə bağlı Bakı şəhəri 23 saylı Notariat Ofisinə müraciət etmişlər və onlar ataları X4 qanun üzrə vərəsələri kimi tanınaraq vərəsəlik haqqında şəhadətnamə almışlar. Vərəsələrin dairəsi müəyyən edilən zaman notarius tərəfindən vərəsələrin dairəsi düzgün müəyyən edilməmiş və digər vərəsələr nəzərə alınmamışlar. Belə ki, notarius vərəsələrin dairəsini müəyyən edərkən yalnız notariat işinə əlavə olunmuş 3 saylı Xüsusi Təyinatlı MKTB-nin 142 saylı MKİS-in xx.xx.2012-ci il tarixli, 558 nömrəli arayışını əsas götürərək arayışda qeyd olunan adamları, yəni X16, X5, Cavabdeh2, Cavabdeh1, X13, X6 X4 vərəsələri kimi tanımışdır. Digər vərəsələr İddiaçı1 və X9 qanun üzrə vərəsə kimi tanınmadan vərəsəlikdən kənarda qalmışlar. Halbuki, notarius tərəfindən qanun üzrə vərəsəlik haqqında şəhadətnamə verilən zaman vərəsəliyə çağırılanların dairəsi dəqiq müəyyən edilməli idi, lakin bu notarius tərəfindən araşdırılmamış və vərəsələrin dairəsi düzgün müəyyən edilməmişdir. Bu səbəbdən notarius tərəfindən sadəcə ərizə ilə müraciət edənlər və yuxarıda qeyd olunan arayışda adları olanlar 24 avqust 2012-ci il tarixli qanun üzrə vərəsəlik haqqında şəhadətnamədə vərəsələr kimi qeyd edilmişlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair 26 dekabr 2023-cü il tarixli qərarında “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 1-ci bəndindən irəli gələrək vurğulayır ki, notariuslar tərəfindən vərəsəliklə bağlı notarial hərəkətlər həyata keçirilərkən şəxslərə müvafiq hərəkətlərlə bağlı onların hüquq və vəzifələri izah edilməli, bu hüquqların həyata keçirilməsi və qanuni mənafelərinin qorunması üçün köməklik göstərilməli, o cümlədən yerində olmayan vərəsələrin məlumatlandırılması üçün bütün mümkün vasitələrdən istifadə olunmalıdır qeyd olunmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən oldu ki, iddiaçılar Mülki Məcəllənin 1256-cı maddəsinin tələbinə əsasən 3 ay ərzində miras əmlakdan imtina etməmişlər. Odur ki, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, qanunvericiliyin tələbinə əsasən 23 saylı Notariat Ofisi tərəfindən verilmiş 24 avqust 2012-ci il tarixli qanun üzrə vərəsəlik haqqında şəhadətnamə etibarsız hesab edilməli, vərəsələrin dairəsi yenidən müəyyən edilərək yeni vərəsəlik haqqında şəhadətnamə verilməlidir və vərəsələr öz payına uyğun bankdan miras əmlakı götürməlidirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair 26 dekabr 2023-cü il tarixli qərarında qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməlidir təsbit olunub. Məhkəmə iddia tələbinin miras əmlak olan "xxxx" ASC-nin Bakı şəhərində yerləşən 8335/0439 nömrəli filialındaki 6478 nömrəli hesabda olan əmanətin və onun faizinin faktiki qəbul edilməsi və miras əmlakdan 1/7 hissədə miras paylarının müəyyən edilməsi hissəsinə münasibətdə qeyd edir ki, 26 dekabr 2023-cü il tarixli Plenum Qərarına əsasən mirasın faktiki qəbul edilməsi ılə bağlı məsələ öz həllini tapdığından məhkəmə iddia tələbinin həmin hissəsinə əlavə qiymət verməyə zərurət görmür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1274-cü maddəsinə əsasən miras onu qəbul edən vərəsələrin razılaşması üzrə onlardan hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291 və 1321.1-ci maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair 26 iyul 2021-ci il tarixli qərarına əsasən qarşılıqlı razılıq əsasında mirasın bölgüsü ümumi qayda olmaqla vərəsələr arasında birgə sazişə uyğun notariat və ya məhkəmənin iştirakı olmadan miras əmlakın bölüşdürülməsidir. Miras əmlakın bölgüsü barədə vərəsələr arasında mübahisə olmadığı təqdirdə qarşılıqlı razılaşma əsasında miras bölgüsü həyata keçirilir. Miras əmlakın məhkəmənin iştirakı ilə iddia icraatı qaydası əsasında bölünməsindən o halda istifadə olunur ki, miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olsun. Yəni miras əmlakın bölüşdürülməsi barədə vərəsələr arasında razılıq olmadığı hallarda, bölgü məhkəmə qaydasında aparılır. Bu qayda mülki qanunvericilikdə birbaşa nəzərdə tutulmuşdur. Göründüyü kimi tərəflər arasında mirasın bölüşdürülməsi ilə bağlı mübahisə yoxdur. Belə ki, tərəflər məhkəmə iclasında da miras əmlakın aralarında bərabər şəkildə bölüşdürülməsinə razı olduqlarını bildirmişlər. Belə olan halda məhkəmə hesab edir ki, miras əmlakın bölgüsü barədə vərəsələr arasında mübahisə olmadığından Plenum Qərarında da qeyd olunduğu kimi vərəsələrin dairəsinin müəyyən edilməsi və paylarının müəyyən edilməsi notarius tərəfindən həyata keçirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi qismən təmin edildiyindən və iddiaçılar tələb etmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilməlidir. 217.4-cü maddəsinə əsasən maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən ətmin edilməli, Bakı şəhəri 23 saylı Notariat Kontorunun xüsusi notariusu tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli, 2V-1-245 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilməli, iddia qalan hissədə təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Bakı şəhəri 23 saylı Notariat Kontorunun xüsusi notariusu tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli, 2V-1-245 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilsin. İddia qalan hissədə təmin edilməsin. Məhkəmə xərcləri iddiaçılara aid edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ülkər Yusifova
Məhkəmə qərarları › İş №e-2(007)-115/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-115/2024
15.02.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver